Fransalı futbolçu, 37 yaşlı Tyeri Anri idman karyerasını başa çatdırmaq üzrədir. O, 2015-ci ildən Britaniyanın "Sky Sports” televiziya kanalında aparıcı kimi çalışacaq. "Mən xoşbəxtəm, idmanda son dərəcə əla yolum olub, çox sayda sevindirici xatirələrim var. İndi isə mənim həyatımda yeni yol başlayır, bu da maraqlıdır.
Mən ən yaxşı klublarda oynamışam. İndi isə özümü televiziyada sınamaq istəyirəm”, - deyə Anri bildirib. Qeyd edək ki, o, Avropa və dünya çempionu, Çempionlar Liqasının və Fransa, İngiltərə, İspaniya çempionatlarının qalibidir. Anri, Konfederasiya Kubokunu da qazanıb. Anri "Yuventus”, "Monako”, "Arsenal”, "Barselona” kimi klublarda hücumçu və yarımmüdafiəçi kimi oynayıb, hazırda isə ABŞ-ın "Nyu-York Red Bullz” klubunda çıxış edir.