Dünya çempionu 540 min avro cərimə ödəməlidir

Dünya çempionu 540 min avro cərimə ödəməlidir


Sürəti, texnikası və rəqibdən top almaq bacarığı ilə tanınan, futbol üzrə Almaniya millisinin və Dortmundun "Borussiya” komandasının yarımmüdafiəçisi Marko Roysun karyerasında 2014-cü il, eyni zamanda, uğursuz il kimi yadda qalacaq. Belə ki, futbolçu zədəsi olduğundan dünya çempionatının bir neçə oyununu buraxmaq məcburiyyətində qalmışdı. Bu dəfə isə Roys avtomobilini sürücülük vəsiqəsi olmadan idarə etdiyinə görə 540 min avro cərimə ödəməlidir. "Bu, mənim laqeydliyim üzündən baş verib, - deyə yarımmüdafiəçi Almaniyanın "Bild” qəzetinə bildirib.
Almaniyanın "Süddeutsche.de” portalı xəbər verir ki, Dortmund şəhərinin baş prokuroru Henner Kruse "Bild” qəzetinə verdiyi açıqlamada Marko Roysa qarşı iddiaları təsdiqləyib. Prokurorun sözlərinə görə, futbolçunun 2011-ci ilin sentyabrından bu ilin martınadək avtomobilini sürücülük vəsiqəsi olmadan idarə etdiyi ehtimal olunur. Buna görə də, o, məhkəmənin qərarına əsasən 540 min avro məbləğində cərimə ödəməli olacaq.
Qəzetin verdiyi məlumata görə, Almaniya millisinin futbolçusu sürücülük vəsiqəsi almaq üçün bu günədək imtahanda iştirak etməyib. Futbolçu bu barədə deyib: "Çox təəssüf edirəm ki, indiyə kimi bunu etmək fikrində olmamışam. Səbəblər haqqında danışmaq istəməzdim”.
M.Roysun avtomobilini sürücülük vəsiqəsi olmadan idarə etməsi bu ilin martında məlum olub. Bundesliqanın oyunçusunun avtomobili idarə etdiyi zaman sürət həddini bir neçə dəfə aşdığı da aşkarlanıb. "Mən bütün bunlardan nəticə çıxaracağam və belə hallara bir daha yol verməyəcəyəm”, - deyə futbolçu peşmanlığını bildirib.