Fasilədən istifadə edən Topaz Premyer Liqasının klubları Antalyada təlim-məşq toplanışlarını davam etdirirlər. Klublarımız hazırlıqla yanaşı, yoldaşlıq oyunlarında da qüvvələrini sınayırlar.
"İnter” klubu bu həftə ikinci yoxlama görüşünə çıxıb. "Bankçılar” Almaniya təmsilçisi "Energi” klubu ilə münasibətlərinə aydınlıq gətiriblər. Qarşılaşmada komandalar hərəyə bir dəfə fərqlənərək heç-heçəyə imza atıblar. Xatırladaq ki, "İnter” ilk yoxlama görüşündə Türkiyə təmsilçisi "İnegölspor”la üz-üzə gəlmiş və 4:1 hesablı qələbə qazanmışdı.
"İnter”dən fərqli olaraq, "Simurq” ilk yoxlama matçına çıxıb. Zaqatala klubu Qazaxıstan təmsilçisi "Şaxtyor”la üz-üzə gəlib. Qarşılaşmada George Çixradzenin yetirmələri 3:1 hesabı ilə qalib gəliblər.
Antalyada təlim-məşq toplanışını davam etdirən "Neftçi” klubu da ilk yoxlama matçını keçirib. Bakı təmsilçisi Səudiyyə Ərəbistanı "Hajer” klubu ilə münasibətinə aydınlıq gətirib. Görüş "ağ-qaralar” üçün uğurlu alınıb. Arif Əsədovun yetirmələri rəqiblərini 3:1 hesabı ilə məğlub ediblər. "Neftçi”nin qollarını Samir Məsimovla komandada ilk oyununa çıxan Rauf Əliyev vurub. "Xəzər Lənkəran”dan Bakı klubuna transfer olunan hücumçu debütünü 2 qolla qeyd edib. Qeyd edək ki, "Neftçi” Antalyada yanvarın 17-də "Fulad”la, 20-də "Guiju Rehne” ilə, 21-də "Volın”la, 2 gün sonra isə Moskva "Dinamo”su ilə görüşəcək.

"Xəzər Lənkəran” klubu da növbəti yoxlama görüşünü keçirib. Cənub klubu III Bundesliqa təmsilçisi "Kemnitser”lə qüvvəsini sınayıb. "İC Santai” hotelinin stadionda keçirilən və Türkiyə Futbol Federasiyasının hakimləri tərəfindən idarə edilən matç "ağ-yaşıllar”ın məğlubiyyəti ilə başa çatıb. Hər hissədə 1 qol vuran "Kemnitser” 2:0 hesabı ilə qalib gəlib. Qeyd edək ki, "Xəzər Lənkəran” Antalya toplanışı çərçivəsində ilk yoxlama görüşünü "Tekirdağspor”a qarşı keçirmiş və qarşılaşma 2:2 hesabı ilə başa çatmışdı.
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən "Qəbələ” klubu da məğlub olub. İlk görüşdə Hollandiyanın PSV klubunun ikinci komandası (0:0) ilə qarşılaşan "qırmızı-qaralar” 2-ci yoxlama matçında Türkiyənin Superliqa təmsilçisi ilə üz-üzə gəliblər. Roman Qriqorçukun yetirmələri "Əskişəhərspor”la qarşılaşıblar. "Qəbələ” yenə qalib gələ bilməyib. Matç 3:1 hesabı ilə Türkiyə klubunun xeyrinə başa çatıb.
Yoxlama görüşü
13 yanvar
"İnter” (Azərbaycan) - "Energi” (Almaniya) - 1:1
Qol: Nizami Hacıyev, 4.
Qırmızı vərəqə: Laşa Salukvadze, 17.
"Simurq” (Azərbaycan) - "Şaxtyor” (Qazaxıstan) - 3:1
Qollar: Elnur Abdullayev, 25. Marko Stanoyeviç, 27. Draqan Çeran, 37.
14 yanvar
"Neftçi” (Azərbaycan) - "Hajer” (Səudiyyə Ərəbistanı) - 3:1
Qollar: Samir Məsimov, 3, Rauf Əliyev, 50; 63 - Abdulhadi Aldosari, 60.
"Xəzər Lənkəran” (Azərbaycan) - "Kemnitser” - 0:2
"Qəbələ” (Azərbaycan) - "Əskişəhərspor” (Türkiyə) - 1:3
Qollar: Markus Markinyoş, 87 - Bayramoğlu, 10, Feyzi, 45+2, Aydın, 76.