Azərbaycan millisi Robert Prosineçkinin rəhbərliyi altında ilk matçını Rumıniyaya qarşı keçirə bilər. Rumıniya Futbol Federasiyası bununla bağlı AFFA-ya rəsmi müraciət edib.
Amma assosiasiya hələlik rumınların təklifini müsbət cavablandırmayıb. Məsələ burasındadır ki, rumınlar millimizlə fevralın əvvəlində oynamaq niyyətindədilər. Onların bu istəyi isə Robert Prosineçkinin planları ilə üst-üstə düşmür. Çünki xorvatiyalı çalışdırıcının rəhbərliyi altında millimiz fevralın 21-dən 26-dək Antalyada təlim-məşq toplanışı keçəcək. Yoxlama matçı da məhz həmin tarixlər arasında keçirilməlidir. Hazırda qarşı tərəflə bu istiqamətdə danışıqlar davam edir. Əgər rumınlar fevralın sonunda oynamağa razılaşsalar, millimiz ilk görüşünü məhz onlara qarşı keçirəcək.
Qeyd edək ki, Azərbaycan yığması EURO-2016-nın seçmə mərhələsi çərçivəsində iyunun 12-də Norveçlə keçirəcəyi oyundan öncə də yoxlama görüşündə qüvvəsini sınayacaq. Əldə etdiyimiz məlumata görə, həmin görüşdəki rəqibimiz Böyük Britaniya ölkələrindən birinin yığma komandası olacaq.