“Qarabağ”ın idman direktoru öz ölkəsində Azərbaycandan danışdı

“Qarabağ”ın idman direktoru öz ölkəsində Azərbaycandan danışdı

"Qarabağ”ın idman direktoru Con van Loen UEFA Avropa Liqasının play-off mərhələsi çərçivəsində keçirilən oyunlardan danışıb. Ölkəsinin mətbuatına açıqlama verən hollandiyalı mütəxəssis Bakı ilə bağlı təəssüratlarını da bölüşüb.
O bildirib ki, Azərbaycanda futbol Avropadakı kimi insanlar arasında məşhurdur: ""Qarabağ” xüsusi klubdur. Komanda oyunlarını Bakıda keçirir. Çünki Ağdam təmsilçisi öz şəhərindən 300 km uzaqdadır. Buna səbəb Ağdamın 1993-cü ildən etibarən işğal altında olmasıdır. "Qarabağ”ın Bakıda "Tvente” ilə keçirdiyi oyunu 25 min tamaşaçı 90 dəqiqə boyunca izlədi. Burada da Avropa futbol klublarının da azarkeşi yetərincədir”.
Həmçinin van Loen Bakının inkişaf etməsini də vurğulayıb: "Bakını ikinci Dubay adlandırırlar. Bura meqapolisdir, çoxlu qədim tikililər var. Şəhər EURO-2020-də çoxlu qonaq qəbul etməyə hazırlaşır. Bundan başqa, digər əlamətdar hadisə odur ki, 2015-ci il Avropa Oyunları burada keçiriləcək. Bakı həqiqətən gözəl şəhərdir”.
Qeyd edək ki, Bakıda keçirilən "Qarabağ” - "Tvente” görüşündə hesab açılmamışdı - 0:0. Hollandiyadakı matç isə 1:1 hesablı heç-heçə ilə yekunlaşmış və təmsilçimiz qrup mərhələsinə vəsiqə qazanmışdı.