"Bankçılar” isə növbəti qələbə qazandılar
Topaz Premyer Liqasındakı fasilədən istifadə edən klublarımız Antalyada hazırlıqlarını davam etdirirlər. Klublarımız təlim-məşq toplanışı yanaşı, yoldaşlıq oyunları da keçirirlər.
Toplanışa hamıdan tez başlayan "İnter” hazırlıq çərçivəsində 4-cü yoxlama matçına çıxıb. "Bankçılar” Türkiyə Superliqasında avrokuboklara vəsiqə qazanmağa namizəd "Kasımpaşa” ilə qarşılaşıblar. "İnter” Kaxaber Sxadadzenin həmyerlisi Şota Arveladzenin çalışdırdığı İstanbul klubunu 3:1 hesabı ilə məğlub edib. Qeyd edək ki, "İnter” Antalyada keçirdiyi ilk 3 yoxlama görüşündə məğlubiyyət üzü görməyib. "İnegölspor”u (Türkiyə) 4:1 və "Kayrat”ı (Qazaxıstan) 3:1 hesabı ilə məğlub edən Bakı klubu "Enerji” (Almaniya) ilə qollu heç-heçə (1:1) etmişdi.
"Qarabağ” 2015-ci ildə ilk yoxlama oyununu keçirib. Ağdam klubu Xorvatiya təmsilçisi "RNK Split”lə üz-üzə gəlib. "Piapilyon” hotelinə məxsus futbol meydançasında reallaşan matçda Qurban Qurbanovun yetirmələri məğlub olublar - 1:3. "Qarabağ” növbəti oyununu yanvarın 21-də İsveçrə "Sürix”inə qarşı keçirəcək.
"Neftçi” növbəti yoxlama görüşünə çıxıb. Paytaxt klubu yerli "Kayseri Ərciyəsspor”la münasibətlərinə aydınlıq gətirib. Qarşılaşmada qalib müəyyənləşməyib. Matç 0:0 hesablı heç-heçə ilə başa çatıb. "Neftçi” əslində İran komandası "Fulad”la qarşılaşmalı idi. Lakin sonradan rəqib dəyişib və təmsilçimiz Superliqa komandası ilə qarşılaşmağı üstün tutub. Məlumat üçün bildirək ki, "Kayseri Ərciyəsspor” Türkiyə Superliqasında 16 turdan sonra 15-ci pillədə qərarlaşıb. Qeyd edək ki, "Neftçi” Antalyadakı ilk yoxlama görüşündə Səudiyyə Ərəbistanı təmsilçisi "Hajer”lə qarşılaşmış və 3:1 hesablı qələbə qazanmışdı.
Antalyada təlim-məşq toplanışını davam etdirən "Xəzər Lənkəran” 3-cü yoxlama görüşündə qüvvəsini sınayıb. "Ağ-yaşıllar” Elbrus Məmmədovun rəhbərliyi altında Ukraynanın "Metallurq” klubu ilə qarşılaşıb. "Xəzər Lənkəran”ın Zaporojye təmsilçisi ilə görüşü "Gloriya” hotelinin meydançasında təşkil olunub. Matçda cənublular 1:2 hesabı ilə məğlub olublar. Oyunun 30-cu dəqiqəsində Sadio Tounkara ilə hesabı açıb. Fasiləyə öndə yollanan "Xəzər Lənkəran” ikinci hissənin sonlarında qapısından 2 qol buraxıb. Beləliklə, Elbrus Məmmədovun rəhbərlik etdiyi komanda Antalyada 2-ci məğlubiyyəti ilə üzləşib. Qeyd edək ki, ilk yoxlama oyununda "Təkirdağspor”la 2:2 hesablı heç-heçə edən "Xəzər Lənkəran” ikinci matçında Almaniya III Bundesliqa təmsilçisi "Kemnitser”ə uduzub - 0:2. "Metallurq” isə hazırda Ukrayna Premyer Liqasının turnir cədvəlində 12 xalla 11-ci yerdə qərarlaşır.
"Qəbələ” eyni gündə iki yoxlama görüşündə qüvvəsini sınayıb. Bu klub ilk olaraq Türkiyə təmsilçisi "Adanaspor”la qarşılaşıb.
"Qırmızı-qaralar” "Rəvan”ın keçmiş çalışdırıcısı Güvənc Kurtarın yenicə baş məşqçi təyin olunduğu I liqa klubunu 3:2 hesabı ilə məğlub edib.
"Qəbələ”nin həmin gün üz-üzə gəldiyi ikinci rəqib isə "Vorskla” olub. Təmsilmiz ukraynalılarla matçda da meydandan qalib ayrılıb - 1:2. Qeyd edək ki, "Qəbələ” Antalyada buna qədər iki yoxlama görüşü keçirib. İlk oyunda PSV-nin (Hollandiya) ikinci komandası ilə qolsuz heç-heçə edən Roman Qriqorçukun yetirmələri daha sonra Superliqa təmsilçisi "Əskişəhərspor”a (Türkiyə) məğlub olmuşdu - 1:3.
"Simurq” hazırlıq çərçivəsində üçüncü yoxlama matçını keçirib. Zaqatala klubu Qazaxıstan "İrtış”ı ilə üz-üzə gəlib. Bələk bölgəsinin "İC Santai” idman mərkəzində təşkil olunan qarşılaşmada Georgi Çixradzenin yetirmələri meydanı yenə məğlub tərk edib. Matç 0:3 hesabı ilə "İrtış”ın qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, "Simurq” Türkiyədə ilk yoxlama görüşündə Qazaxıstan "Şaxtyor”una 3:1 hesabı ilə qalib gəlib, Almaniyanın "Duysburq” klubuna məğlub olub (1:4).
Topaz Premyer Liqasının 3-cü və 4-cü dövrəsinə ölkəmizdə hazırlaşan "Sumqayıt” təlim-məşq toplanışı çərçivəsində 2-ci yoxlama oyununu keçirib. İlk yoxlama matçında "Bakı” ilə qarşılaşan (5:1) Aqil Məmmədovun komandası bu dəfə "Kapital Bank Arena”da AZAL-la üz-üzə gəlib. Qarşılaşmada hesab açılmayıb - 0:0.
Yoxlama oyunları
17 yanvar
"İnter” (Azərbaycan) - "Kasımpaşa” (Türkiyə) - 3:1
Qollar: Junior Nildo, 10; Məhəmməd Mirzəbəyov, 28, Mikel Alvaro, 80.
"Qəbələ” (Azərbaycan) - "Vorskla” (Ukrayna) - 2:1
Qollar: Ruslan Fonin, 47, Cavid Hüseynov, 86 - Siçkaruk, 40.
"Neftçi” (Azərbaycan) - "Kayseri Ərciyəsspor” (Türkiyə) - 0:0
"Qarabağ” (Azərbaycan) - "RNK Split” (Xorvatiya) - 1:3
Qol: Namiq Ələsgərov, 70.
"Xəzər Lənkəran” (Azərbaycan) - "Metallurq” (Ukrayna) - 1:2
Qollar: Sadio Tounkara, 30 - Vitali Qavriş, 85, Sergey Rudika, 89.
"Qəbələ” (Azərbaycan) - "Adanaspor” (Türkiyə) - 3:2
Qollar: Bəhlul Mustafazadə, 35; Markinyoş, 65 - pen; Ekiqo Ehiosun, 83 - Cem, 26, Hakan, 72.
18 yanvar
"Simurq” (Azərbaycan) - "İrtış” (Qazaxıstan) - 0:3