Klublar Komitəsinin növbəti iclasında nələr müzakirə olundu?

Klublar Komitəsinin növbəti iclasında nələr müzakirə olundu?


Fevralın 3-də "Hilton” hotelində AFFA Klublar Komitəsinin növbəti iclası keçirilib. İclasda "İnter”, "Simurq” və "Sumqayıt”ı klub prezidentləri - Georgi Nikolov, Anar Bəkirov və Kamran Quliyev, "Xəzər Lənkəran”, "Neftçi”, AZAL, "Qəbələ” və "Bakı”nı vitse-prezidentlər - Tuyqun Nadirov, Elnur Məmmədov, Fikrət Hüseynov, Fariz Nəcəfov və Yaşar Seyidov, "Qarabağ”ı isə baş menecer Asif Əsgərov təmsil edib. Toplantıda Klublar Komitəsinin dəvəti əsasında AFFA-nın baş katibi Elxan Məmmədov, Oyunçuların Statusu və Transferi Komitəsinin rəhbəri Rəmiş Malıyev, həmçinin Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov iştirak ediblər.
2 saatdan artıq davam edən iclas başa çatdıqdan sonra ardından komitə sədri Tuyqun Nadirov brifinq keçirib. O bildirib ki, toplantıda Klublar Komitəsinin loqotipi təsdiqlənib, nizamnamədə bəzi dəyişikliklər edilib. Eyni zamanda, Elxan Məmmədovla müəyyən məsələlər ətrafında birgə müzakirələr aparılıb, irəli sürdükləri təkliflərlə bağlı onun mövqeyi öyrənilib. R. Malıyevlə yeniyetmə və gənc futbolçularla klub arasında bağlanan müqavilələr barədə söhbət aparılıb.
Tuyqun Nadirov Elçin Məmmədovla klubların martda başa çatacaq lisenziyalaşdırmasına dair fikir mübadiləsi apardığını qeyd edib: "Bilirsiniz, bu gün biz iclasımızın gündəliyinə aktual məsələləri daxil edirik. Elə məsələlər var ki, yeni mövsümdən tətbiq olunacaq. Elələri də var ki, indidən həlli lazımdır. Lisenziyalaşma prosesi martda başa çatır. Bununla bağlı böyük problemlər var. Ona görə də gərək Lisenziyalaşma Qrupunun rəhbəri klublarla birbaşa ünsiyyətdə olsun, öz fikir və iradlarını çatdırsın. Buna görə də onlara klubların dəvətini qəbul etdikləri üçün təşəkkürümüzü bildiririk”.
İclasda legioner limiti ətrafında da geniş müzakirələr aparılıb. Bu məsələ ilə bağlı müxtəlif təkliflər irəli sürülüb. Tuyqun Nadirovun sözlərinə görə, bəzi klubları hazırkı limit qane edir, bəziləri isə limitin sadələşməyini istəyirlər. Bu səbəbdən, klub rəhbərləri öz məşqçiləri ilə məsləhətləşəcəklər. "Həm də biz AFFA-dan növbəti iclas üçün statistik məlumat istəyirik ki, görək vəziyyət nə yerdədir. Qərarı ölçüb-biçib verməliyik. Hər il legioner limitini dəyişdirmək də müsbət hal deyil. Əksinə, ziyanlıdır”, - deyə komitə sədri əlavə edib.
Eyni zamanda klubların oyunlarının analizini aparan "İnstat” şirkəti ilə bağlı məsələ də müzakirə mövzusu olub. Komitə qərara alıb ki, klublar şirkətlə ayrı-ayrılıqda, pərakəndə görüşüb-danışmaqdansa, bu məsələnin düzgün nizamlanması üçün birbaşa rəhbərliklərini dəvət edərək, ünsiyyətdə olsunlar və məlumatlar klublara ucuz və keyfiyyətli şəkildə təqdim edilsin.
23 yaşınadək futbolçuların maaşlarının həcminə dair məsələlər də diqqət mərkəzində olub. T. Nadirovun fikrincə, söhbət futbolçuların əmək haqlarının aşağı salınmasından və ya artırılmasından getmir: "Bəzi futbolçular var ki, layiq olduqlarından aşağı pul alırlar. Məqsədimiz odur ki, Klublar Komitəsi olaraq birləşib yerli futbolçuların xaricə getməsinə təkan verək. Küsdürmək vasitəsilə yox. Klub ya futbolçunu əsas heyətə cəlb etməklə, ya da transfer etməklə ondan yararlanır. Bunlardan başqa yolu yoxdur. Biz də düzgün şəkildə bundan yararlanmalıyıq. Elə komandalar var ki, əvəzedici heyətindəki futbolçuları oynamağa yer tapa bilmir: Ya legionerlər o yeri "zəbt” ediblər, ya da başqa səbəblər var. Klub rəsmilərindən biri hər bir komandanın "18-liy”ində heyətində 2 yetirməsinin olmasını təklif etdi. Özü də bunun məcburi şəkildə tətbiqini istədi. Yəni, belə bir qayda klubun öz yetirmələrinə yol açır ki, oynasınlar, ustalıqlarını artırsınlar. Növbəti iclaslardan birinə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də dəvət olunacaq. Bizi maraqlandıran bəzi məsələlər var. Lazım gəlsə, Ramin müəllimin məsləhətləri dinləniləcək. Uzun müddətdir yerli çempionatın təşkili ilə məşğul olduqlarından, onların təcrübəsinə ehtiyacımız var”.
Topazın nümayəndələri isə iclasda iştirak edə bilməyiblər. Buna "Azəridmanservis”in baş direktoru Azər Məhərrəmov və "Azinteltek”in rəhbəri Ahmet Sezerin hazırda Türkiyədə olması səbəb olub. Tuyqun Nadirovun sözlərinə görə, hər iki şəxslə əlaqə saxlanılıb: "Onlar bildirdilər ki, müzakirələrdə iştirak etməyə, klublarla sıx əlaqədə olmağa tam hazırdırlar. Onsuz da canlı yayımla bağlı məsələlər yeni mövsümdən tətbiq olunacaq. Hələ vaxtımız var”.
Komitə sədri daha aktual məsələləri AFFA İcraiyyə Komitəsinin növbəti iclasınadək müzakirəyə çıxarılacağını vurğulayıb: "Həmin vaxtadək daha bir iclasımız olacaq. Bu gün qəbul olunan qərarlardan bəziləri həmin iclasa çıxarılacaq. Nizamnamədə dəyişikliklər və digər məsələləri nəzərdə tuturam. Bəzi məsələləri isə klublar öz məşqçiləri, idarə heyətləri ilə məsləhətləşərək növbəti iclasda səsverməyə çıxaracaqlar. Məsələlər çoxdur, onları açıqlayıb müzakirə etmək düzgün deyil. Çünki yekun qərarlar qəbul edildikdən sonra açıqlama verəcək. Burada açıqlasaq, sabah onu başqa formada qabardacaqlar ki, filan məsələyə ziddir. Müəyyən məsələlər var ki, klubların marağından irəli gəlir, onlara baxılmalıdır”.


Rahib Sahiboğlu