Bakı ilk Avropa Oyunlarının vətəni olacaq

Bakı ilk Avropa Oyunlarının vətəni olacaq


Ölkəmizdə idman və Olimpiya Hərəkatı geniş vüsət alıb və Azərbaycan artıq dünyada idman ölkəsi kimi tanınır. Əhalinin sağlamlığı, gənclərin asudə vaxtlarını səmərəli keçirməsi, onların fiziki və mənəvi sağlamlığının təmin edilməsi məqsədilə ölkəmizdə lazımi şərait yaradılıb. Paytaxtda və regionlarda tikilib istifadəyə verilən müasir tipli Olimpiya idman kompleksləri, idman zalları və stadionlar hər bir Azərbaycan vətəndaşının sağlamlığına xidmət edir. Ölkəmizin güclü idman potensialına və maddi-texniki bazaya malik olması, təmsilçilərimizin dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında misilsiz qələbələri Azərbaycanı idman yarışlarının mərkəzinə çevirmişdir.
2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsi (AOK) Baş Assambleyasının Romada təşkil edilən iclasında tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarına ev sahibliyi etmək hüququ ölkəmizə verilib. Bu böyük tarixi hadisə Azərbaycan idmanının qələbəsidir.
Məlumat üçün bildirək ki, hazırda Avropa Olimpiya Komitəsinin təşəbbüsü və dəstəyi ilə müxtəlif səviyyəli qitə oyunlarının təşkili artıq ənənə halını alıb. Maraqlıdır ki, 1984-cü ildən təşkil edilən Avropanın "cırtdan” dövlətlərinin oyunlarında 8 kiçik dövlət (San Marino, Monako, Kipr, Andorra, Malta, Lüksemburq, İslandiya, Lixtenşteyn) iştirak edir. Bu oyunlar beynəlxalq idman federasiyalarının və Olimpiya Xartiyasının normaları və qaydaları əsasında iki ildən bir keçirilir. Avropanın "cırtdan” dövlətlərinin oyunlarının proqramında atletika, üzgüçülük, atıcılıq, cüdo, böyük tennis, stolüstü tennis, basketbol, voleybol, skvoş, velosiped idmanı və çimərlik voleybolu yer alır. Qeyd edək ki, 2011-ci ildə Lixtenşteyndə təşkil edilən sayca 14-cü oyunlarda 10 idman növü üzrə 110 dəst medal oynanılıb. Növbəti oyunlar bu il təşkil ediləcək.
Qitə oyunlarından danışarkən Panamerika, Panafrika və Asiya Oyunlarının adını çəkməmək mümkün deyil. Bu oyunlar Beynəlxalq Olimpiya Komitəsinin (BOK) dəstəyi ilə keçirilir və miqyasına, əhatə dairəsinə görə bütün dünyada məşhurdur. Panafrika Oyunları ilk dəfə 1965-ci ildə Konqonun paytaxtı Brazvildə təşkil edilib. I Panafrika Oyunlarında dünyanın 30 ölkəsindən 2500 idmançı qüvvəsini sınayıb. Qeyd edək ki, dörd ildən bir keçirilən Panafrika Oyunlarında idmançılar yay Olimpiya oyunlarının proqramına daxil olan idman növləri üzrə yarışırlar. Axırıncı oyunlar 2011-ci ildə Mozambik Respublikasının Maputu şəhərində təşkil edilib.
Panamerika Oyunları isə 1951-ci ildən etibarən Olimpiya dövrünə uyğun olaraq dörd ildən bir keçirilir. Yarışlar Olimpiya proqramına müvafiq aparılır və burada Amerika qitəsinin 42 dövləti iştirak edir. Maraqlıdır ki, I və XI Panamerika Oyunlarından başqa, qalan oyunlarda ABŞ yığması həmişə qaliblər siyahısına liderlik edib. Axırıncı oyunlar 2011-ci ildə Meksikanın Qvadalaxara şəhərində təşkil edilib. Növbəti Panamerika Oyunlarının 2015-ci ildə Kanadanın Toronto şəhərində keçirilməsi planlaşdırılır.
Panasiya Oyunları da BOK-un nəzarəti altında 1951-ci ildən keçirilir. İndiyə qədər 16 Panasiya Oyunları təşkil edilib. Çinin Quançjou şəhərində təşkil edilən oyunlarda Asiya qitəsinin 45 dövləti iştirak edib. Panasiya Oyunlarında Olimpiya idman növlərindən başqa, uşu, boulinq, karate, bilyard, skvoş, softbol və digər idman növləri də nümayiş etdirilib.
Qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci ildə Bakıda keçiriləcək. Bu vaxta qədər yarışların keçirilməsi üçün müvafiq tədbirlərin və hazırlıqların görülməsi planlaşdırılıb. "Olimpiya dünyası" qəzeti olaraq, bu sayımızdan başlayaraq Avropa Olimpiya Komitəsinin (AOK) təşkilatçılığı və dəstəyi altında keçirilən idman tədbirləri, digər qitə oyunları, keçirilmə proqramı, açılış və bağlanış mərasimləri və bu oyunlarla bağlı maraqlı məqamlarla çoxsaylı oxucularımızı tanış edəcəyik.


Avropa Olimpiya Komitəsi
necə yaranıb?

Avropa Olimpiya Komitələri Assosiasiyası (AOKA) 1959-cu ildə Fransada yaranıb. Assosiasiyanın üzvləri Culio Onesti (İtaliya), Raul Mollet (Belçika) və Raymond Kafner (İsveçrə) 1965-ci ildə Avropa Olimpiya komitələri arasındakı əlaqələrin dəyişdirilərək yeni formatını yaratmaq təklifi ilə çıxış ediblər. 1967-ci ildə AOKA-nın Tehranda keçirilən iclasında Milli Olimpiya Komitələri Assambleyası təsis edilib. 1968-ci ildə isə təşkilatın prezidenti seçilib. Avropa Milli Olimpiya Komitələri Assosiasiyasının ilk prezidenti Kount Cin de Beamont olub. Beynəlxalq idman təşkilatının ilk Nizamnaməsi 1975-ci ildə Lissabonda qəbul edilib və AOKA-nın adı dəyişdirilərək Avropa Milli Olimpiya Komitələri Assosiasiyası (AMOKA) adlandırılıb.
AMOKA-nın 1980-cı ildə keçirilən Baş məclisində Franko Karraro prezident seçilib. 1989-cu ildə isə təşkilatın rəhbəri vəzifəsinə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) indiki prezidenti Jak Roqq (Belçika) layiq görülüb. Mario Peskante (İtaliya) isə baş katib təsdiq olunub.
1991-ci ildən sonra 15 Milli Olimpiya Komitəsi bu təşkilata üzv olub. Avropa idman təşkilatının adı 1995-ci ildə ikinci dəfə dəyişdirilərək Avropa Olimpiya Komitəsi adlandırılıb. Hazırda bu təşkilatın 48 üzvü var.
AOK-un iqamətgahı Lozannada, Beynəlxalq Olimpiya Komitəsinin yanında yerləşir. Təşkilatın inzibati binası isə Romada, İtaliya Olimpiya Komitəsinin binasının yaxınlığındadır.



AOK-un məqsəd və vəzifələri

Olimpiya Xartiyasının prinsiplərini rəhbər tutan Avropa Olimpiya Komitəsi öz məqsəd və vəzifələrini Beynəlxalq Olimpiya Komitəsi, Milli Olimpiya Komitələri Assosiasiyası (MOKA) və digər qitə Olimpiya komitələri ilə sıx əməkdaşlıq şəraitində həyata keçirir. Bundan başqa, AOK Avropa İdman Konvensiyası, Avropa Birliyi Forumu və Avropa Şurası ilə əlaqələrini daim genişləndirir.
Avropa Olimpiya Komitəsinmn əsas mətbu orqanı iki aydan bir çıxan "Sport Europe" jurnalıdır.

Avropa Olimpiya Komitəsinin əsas məqsədi aşağıdakılardır:

Olimpiya ideallarının Avropada yayılması və təbliğ olunması;
Olimpiya Hərəkatının inkişafına dəstək və yardımın göstərilməsi;
Ümumi marağa xidmət edən elmi tədqiqatlar, təhsil və qabaqcıl təcrübənin mübadiləsi sahəsində Avropa milli Olimpiya komitələri arasında sıx əməkdaşlığın yaradılması.
Avropa Olimpiya Komitəsi idman və Olimpiya Hərəkatı sahəsində müxtəlif problem məsələlərin, o cümlədən qadın və idman, dopinqə qarşı mübarizə, idmanın hüquqi aspektləri və sair kimi məsələlərin həlli ilə bağlı geniş planda işlər aparır.
Azərbaycan və Avropa
Olimpiya Komitəsi
Azərbaycanla Avropa Olimpiya Komitəsi arasında münasibətlər 90-cı illərin sonlarında yaranmağa başlayıb. Qeyd edək ki, Azərbaycan Milli Olimpiya Komitəsi 1992-ci ildən AOK-un üzvüdür. Tərəflər arasında əsas əməkdaşlıq əlaqələri 1997-ci idən mövcuddur. Həmin ildən etibarən Azərbaycan Milli Olimpiya Komitəsinin səlahiyyətli nümayəndələri Avropa Olimpiya Komitəsinin bütün baş məclislərində, həmçinin seminarlarda iştirak edirlər.
1998-ci il noyabrın 13-14-də Rusiyanın Sankt-Peterburq şəhərində Avropa Olimpiya Komitəsinin XXVII Baş Məclisi keçirilib. Məclisdə 48 ölkədən Milli Olimpiya Komitəsinin nümayəndələri və Beynəlxalq Olimpiya Komitəsinin 25 üzvü iştirak edib. Azərbaycanı bu məclisdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və baş katibi Ağacan Abiyev təmsil ediblər.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və baş katibi Ağacan Abiyev, müvafiq olaraq, AOK-un "Olimpiya oyunlarına hazırlıq", "Texniki əməkdaşlıq" komissiyalarına üzv seçiliblər. AOK-un "Texniki əməkdaşlıq" komissiyasının əsas vəzifələri Olimpiya həmrəyliyi çərçivəsində istedadlı idmançıların aşkara çıxarılması, onların normal məşq etmələri üçün imkanların yaradılması, məşqçilərin hazırlanması və təkmilləşdirilməsi, beynəlxalq federasiyalarla əlaqələr, gənclərin Avropa Olimpiya günlərində iştirakı ilə bağlı texniki məsələlərin həlli üçün sənədlər, tövsiyələrin hazırlanmasından ibarətdir.
"Olimpiya oyunlarına hazırlıq" komissiyasının əsas vəzifələri aşağıdakıları özündə birləşdirir:
- Olimpiya oyunlarına hazırlıq və onun təşkilinə aid olan bütün məsələlər (akkreditasiya, daşıma və ya nəqliyyat), Olimpiya şəhərciyi, maliyyə məsələləri şef-demissionların seminarlarını təşkil etmək və s;
- Olimpiya oyunlarının keçirilməsinə namizəd şəhərlərin imkanlarının qiymətləndirilməsi və əlaqələndirilməsi komissiyalarının işinin təşkili;
- Olimpiya oyunlarında iştirakla bağlı bütün məsələlərdə beynəlxalq federasiyalarla əlaqələrin yaradılması;
- Olimpiya proqramının hazırlanması.

AOK nümayəndələrinin ölkəmizə səfəri

Bir çox sahələrdə olduğu kimi, idmanda da beynəlxalq səviyyədə yüksək əlaqələr qurmaq, əməkdaşlıq yaratmaq mühüm əhəmiyyət daşıyır. Bu sahədə beynəlxalq əlaqələrin düzgün qurulması nəinki ölkədə idmanın kütləviləşməsinə şərait yaradır, həmçinin ölkənin dünyada nüfuzunun artmasına səbəb olur. 1997-ci ildə İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra ölkədə idmanın və Olimpiya Hərəkatının inkişafı istiqamətində görülən işlərlə yanaşı, yüksək səviyyəli beynəlxalq əlaqələrin qurulması da MOK-un fəaliyyətində ön plana keçməyə başlayıb. Həmin ilin noyabrında Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Avropa Olimpiya Komitəsinin (AOK) Stokholmda təşkil edilən 26-cı Assambleyasında iştirak edib. 48 ölkənin nümayəndəsinin iştirak etdiyi bu toplantıda AOK rəhbərliyi və İcraiyyə Komitəsinin yeni üzvlərinin seçilməsi məsələsinə baxılıb. Stokholma səfər zamanı Avropa Olimpiya Komitəsinin o vaxtkı prezidenti Jak Roqqun Azərbaycan nümayəndə heyəti ilə görüşündə tərəflər arasında əməkdaşlıq məsələləri ətraflı müzakirə edilib. Stokholmda həm də Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samarançla ilk görüşü olub. Görüşdə Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyəti, həyata keçirdiyi beynəlxalq əlaqələr və gələcək planlar müzakirə edilib. Beləliklə, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin Stokholma səfəri ilə MOK-un beynəlxalq əlaqələrinin uğurlu əsası qoyulub.
2000-ci il oktyabrın 20-də Avropa Olimpiya Komitəsinin prezidenti Jak Roqq və baş katibi Mario Peskante Bakıya səfər ediblər. Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev avropalı qonaqları qəbul edib. Səmimi keçən görüşdə Azərbaycan və Avropa Olimpiya komitələri arasında hərtərəfli əməkdaşlıq barədə müzakirələr aparılıb.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) keçirilən görüşdə Jak Roqqa fəxri doktor adı verilib. AOK-un prezidenti baş katib Mario Peskante ilə birlikdə Azərbaycana gəlişlərinin səbəbini ölkədə idmanın və Olimpiya Hərəkatının vəziyyətini yaxından öyrənmək, Azərbaycan MOK və AOK arasında əlaqə və əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə əlaqələndirib. Qonaqlar oktyabrın 21-də Bakı Olimpiya İdman Kompleksinin açılış mərasimində iştirak ediblər.

Sevindirici haldır ki, Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin 2001-ci ildə ilk iclası aprelin 6-da Bakıda MOK-un inzibati binasında keçirilib. Bakıda keçirilmiş bu toplantıda 59 yaşlı doktor Jak Roqqun Beynəlxalq Olimpiya Komitəsinin prezidentliyinə namizəd irəli sürülməsi haqqında qərar qəbul olunub. Jak Roqqdan başqa Olimpiya Hərəkatında tanınan daha 5 nəfərin qatıldığı seçki marafonu 3 aydan bir qədər çox davam edərək BOK-un Moskvada keçirilmiş sessiyasında başa çatdı. Jak Roqq Beynəlxalq Olimpiya Komitəsinin prezidenti seçildi. Beləliklə, Bakıda irəli sürülmüş namizəd BOK-un 8-ci prezidenti oldu. Hələ 1997-ci ilin sonunda Stokholmda Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti ilə görüşü zamanı Bakıya 1994-cü ildəki ilk gəlişini, respublika Prezidenti Heydər Əliyevlə görüşünü xatırlamışdır. Cənab İlham Əliyev onu 1997-2000-ci illər üçün MOK-un planları ilə tanış edəndə isə heyrətini gizlətməmişdir. Üç ilə bu qədər iş ... Üç il tez keçdi. Azərbaycanda Olimpiya Hərəkatı böyük vüsət aldı. İdmançılarımız Sidneydə yüksək nəticələr göstərdilər. 2000-ci ildə artıq planların həqiqətə çevrildiyinin şahidi oldu. Bakıda Olimpiya Kompleksinin açılışında iştirak etdi. Avropa Olimpiya Komitəsinin mötəbər tədbirlərinin Bakıda keçirilməsinə qərar verdi və MOK-un yeni istifadəyə verilmiş iqamətgahında, qeyd etdiyimiz kimi, AOK İcraiyyə Komitəsinin iclasını keçirdi. Jak Roqq bu iclasın keçirildiyi günlərdə Azərbaycan Milli Olimpiya Komitəsinin işinin başqa olimpiya komitələri üçün örnək ola biləcəyini bəyan etdi.
Jak Roqqun Bakıya növbəti səfəri 2008-ci ildə olub. Bu zaman o artıq Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti vəzifəsini icra edirdi. Bu səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Jak Roqqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə BOK-un prezidenti Azərbaycanda bütün sahələrdə gedən dinamik inkişafdan məmnun qaldığını bildirib və idman sahəsində görülən işləri, Olimpiya Hərəkatının geniş vüsət aldığını xüsusi vurğulayıb. Jak Roqq Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdikdən sonra Heydər Əliyev Fondu, H.Əliyev adına İdman Konsert Kompleksi, "Musado" Taekvondo Mərkəzi və Otüstü Hokkey Kompleksi ilə tanış olub. Sonra Jak Roqq MOK-un inzibati binasında mətbuat konfransı keçirib.
2010-cu ildə Avropa Olimpiya Komitəsinin Prezidenti Patrik Hikkey və Avropa Şurasına üzv ölkələrin idman nazirləri paytaxtımıza səfər ediblər. Qeyd edək ki, bu, 2006-cı ildən Avropa Olimpiya Komitəsinin prezidenti olan Patrik Hikkeyin Azərbaycana 3-cü səfəri idi. Xatırladaq ki, Beynəlxalq qurum rəhbərinin 2001, 2007-ci illərdə də ölkəmizdə rəsmi səfərdə olub. O, səfər çərçivəsində Milli Olimpiya Komitəsinin rəsmi nümayəndələri, eyni zamanda, Gənclər və İdman Nazirliyinin rəhbərliyi ilə görüşlər keçirib.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev AOK-un prezidenti Patrik Hikeyi qəbul edib. Qonaq ölkə Prezidenti ilə görüşdə Azərbaycanda idmana, Olimpiya Hərəkatına və bədən tərbiyəsinin inkişafına, maddi-texniki bazanın möhkəmləndirilməsinə dövlət səviyyəsində göstərilən yüksək qayğıdan məmnun qaldığını bildirib. Azərbaycana səfəri çərçivəsində Patrik Hikkey ölkəmizdə inşa olunan Masallı Olimpiya İdman Kompleksinin açılış mərasimində də iştirak edib. AOK rəsmisinə böyük etimad göstərilərək ona Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının fəxri doktoru adı verilib.
2010-cu il sentyabrın 21-də Milli Olimpiya Komitəsinin inzibati binasında Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkey və Milli Olimpiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadənin iştirakı ilə mətbuat konfransı keçirilib. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkey Azərbaycanda olmağından böyük məmnunluq hissi keçirdiyini qeyd edib. "Yenidən Azərbaycanda olmağımdan böyük məmnuniyyət hissi duyuram və şadam ki, yenidən sizinlə görüşürəm. Azərbaycana olan münasibətim Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevlə neçə illər ərzində yaranmış dostluq münasibətimdən irəli gəlir. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə də 20 ildir ki, dostluq edirəm. Bundan əvvəl, 2007-ci ildə Azərbaycanda olmuşam və Masallı Olimpiya İdman Kompleksinin açılışında iştirak etmişəm. Ümumiyyətlə, ilk dəfə on il bundan əvvəl Azərbaycana səfər etmişəm. Ötən müddət ərzində ölkənizdə çox müsbət dəyişikliklər baş verib. 2007-ci ildə Bakıda olarkən Çingiz Hüseynzadə dənizkənarı parkda həyata keçiriləcək layihələr barədə məlumat vermişdi. Dənizkənarı parkda olarkən görülmüş işlər, müsbət dəyişikliklər məni məmnun etdi. Qeyd edim ki, budəfəki səfərim çərçivəsində mən Beynəlxalq Olimpiya Komitəsini, eyni zamanda, AOK-un prezidenti kimi bu qurumu təmsil edirəm. Ötən illər ərzində Azərbaycan idmançıları böyük nailiyyətlər əldə ediblər. Sinqapur Olimpiadasında Azərbaycan idmançılarının uğurunu xüsusilə qeyd etmək istərdim. Olimpiadada respublika idmançılarının 8 medal əldə etməsi böyük nailiyyətdir", - deyə o bildirib.
Həmin vaxtdan 15 il ötür. Bu gün fərəh hissi ilə demək olar ki, Azərbaycan idman ölkəsi kimi beynəlxalq aləmdə böyük nüfuza malikdir. Ölkəmizdə idmana və Olimpiya Hərəkatına dövlət səviyyəsində göstərilən diqqət və qayğı sayəsində bu sahələr inkişaf edir. Paytaxtımız dünya idman yarışlarının mərkəzinə çevrilib, təmsilçilərimiz ən mötəbər yarışlarda möhtəşəm uğurlar qazanırlar. Respublikamızda idmanın və Olimpiya Hərəkatının inkişafını Azərbaycana müxtəlif vaxtlarda işgüzar səfərlər edən beynəlxalq idman təşkilatlarının rəhbərləri və nümayəndələri də yüksək qiymətləndiriblər. İdmanın yüksək inkişafı üçün Azərbaycan beynəlxalq qurumlarla əlaqələrin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.
(ardı var)
M.Fərzəliyev
S.Hakıyeva