Bakı ilk Avropa Oyunlarının vətəni olacaq

Bakı ilk Avropa Oyunlarının vətəni olacaq



II məqalə

BOK-un və AOK-un himayəsi altında keçirilən idman
tədbirləri və Avropa
yeniyetmələrinin Olimpiya festivalları

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) himayəsi və Avropa Olimpiya Komitəsinin (AOK) təşkilatçılığı ilə Olimpiya oyunları arasındakı dövr ərzində müxtəlif çoxsaylı beynəlxalq idman tədbirləri keçirilir. Bu yarışlar arasında Avropa yeniyetmələrinin Olimpiya festivalları xüsusi yer tutur. Yeniyetmələrin belə yarışlarda iştirakı onların böyük idmanda təcrübələrinin artmasına, gələcəkdə Olimpiya oyunlarında çıxış etmələrinə əlverişli zəmin yaradır. Bu festivallarda müxtəlif ölkələrdən minlərlə yeniyetmə idmançı öz həmyaşıdları ilə yaxından tanış olur, fikir mübadiləsi apararaq, öz dünyagörüşünü zənginləşdirir, potensial güc və bacarıqlarını sağlam və ədalətli idman mübarizəsi şəraitində həyata keçirir. Maraqlı faktdır ki, dünyagorüşü yenicə formalaşmağa başlayan 13-17 yaşlı yeniyetmələr üçün belə beynəlxalq tədbirlər yalnız onların fiziki cəhətdən sağlamlıqları üçün deyil, həm də mənəvi cəhətdən kamilləşmələri üçün əvəzsiz rol oynayır. İdmanın kütləviləşməsi və Olimpiya Hərəkatının təbliği üçün əvəzsiz vasitə olan, BOK və AOK-un himayəsi altında keçirilən belə beynəlxalq yarışlarda Azərbaycan atletləri də uğurla çıxış edirlər.
Avropa Yeniyetmələrinin Olimpiya Günləri 1991-ci ildən keçirilir. Avropa Yeniyetmələrinin həm yay (1991-Brüssel, Belçika; 1993-Valkensvad, Hollandiya; 1995 - Bazz; 1997- Lissabon, Portuqaliya, 1999 - Esbyorq, Danimarka, 2001- Mursiya, İspaniya, 2003- Paris, Fransa, 2005 -Valkensvad, Hollandiya , 2007 - Belqrad, 2009-Tampere, Finlandiya, 2011-Trabzon, Türkiyə), həm də qış (1993 - Aosta, 1995 - Andorra; 1997 - Sandsval; 1999 - Poprad-Tartu, 2001- Byokatti, 2003- Bled, 2005 -Montey, 2007-Caka, 2009 -Yuxarı Sileriya, 2011 -Liberets) Olimpiya festivalı iki ildən bir keçirilir. Bu tədbirdə Avropanın 48 ölkəsindən yeniyetmə idmançılar öz qüvvələrini sınayırlar.



Azərbaycanın yeniyetmə
idmançıları Olimpiya
festivallarında
Yeniyetmələrin fiziki və mənəvi cəhətdən sağlam böyüməsi üçün onların idmana cəlb olunması mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə dünyada bir sıra idman tədbirləri həyata keçirilir. Bunlardan biri də Avropa Olimpiya Komitəsinin təşkilatçılığı ilə iki ildən bir keçirilən Avropa Yeniyetmələrinin Olimpiya Festivalıdır (AYOF). Festivalın təşkilində məqsəd Olimpiya Hərəkatının daha da genişləndirilməsi və yeniyetmələrin idmana kütləvi surətdə cəlb edilməsidir.
Avropa Yeniyetmələrinin 1991-ci ildən təşkil olunan Olimpiya Festivalında Azərbaycanın yeniyetmə idmançıları 1993-cü ildən iştirak edirlər. Hollandiyanın Valkensvard şəhərində təşkil olunan yarışda 43 ölkənin idmançısı 10 idman növündə mübarizə aparıb. Həmin festivalda təmsilçilərimiz atletika və cüdo yarışlarında uğurla çıxış ediblər. Cüdoçularımız Turan Səfərov (60 kq) qızıl, İlham Məmmədov (46 kq) gümüş medal qazanıb. Atletimiz Elvira Cabbarova (100 metr məsafəyə qaçış) yarışların ikincisi olub. Yeniyetmələrdən ibarət komandamız ümumi hesabda 17-ci yeri tutub. 1999-cu ildə Danimarkanın Esbyorq şəhərində keçirilən Yeniyetmələrin V Avropa Olimpiya Festivalında 11 idman növü üzrə 48 ölkənin idmançısı qüvvəsini sınayıb. Yeniyetmə cüdoçularımız Tural Abbasov (50 kq), Kifayət Qasımova (52 kq) Turan Musayev (73 kq) və Nurəddin Səlimov (81 kq) festivalın bürünc medalını qazanıblar. Azərbaycanın yeniyetmələrdən ibarət yığması bu festivalda ümumi hesabda 34-cü yerlə kifayətlənib.
Yeniyetmələrin Mursiyada (İspaniya, 2001) təşkil olunan növbəti yarışında 48 ölkənin yeniyetmə atletləri 11 idman növü üzrə qalib adı uğrunda mübarizə aparıblar. Cüdoçularımızdan Rza Əliyev (55 kq), Rəşad Quliyev (60 kq) gümüş, Xəyal Qəhrəmanov (50 kq), Samir Sərkərov (81 kq) isə bürünc medalla layiq görülüblər. Yığmamız ümumi hesabda 30-cu yerdə qərarlaşıb. 2003-cü ildə Fransanın paytaxtı Parisdə (48 ölkə,10 idman növü ) keçirilən VII festivalda təmsilçilərimiz Nicat Şıxəlizadə (50 kq), Anar Əliyev (81 kq) gümüş, Elşən Kərimov (60 kq), Seymur Rzayev (66 kq) və Teymur Əlixanov (73 kq) isə bürünc medala sahib çıxıblar.
VIII festivalda (İtaliya, Liqnano, 2005, 48 ölkə, 11 idman növü) cüdoçularımız Zaur Bağırlı (55 kq) və Teymur Bağırlı (55 kq) qızıl, Samir Dadaşzadə (50 kq) və Asəf Əliyevin (73 kq) bürünc medal qazaması medal əldə edən ölkələrin komandaları sırasında komandamızı ümumi hesabda 19-cu pilləyə qaldırıb.
2007-ci ilin iyul ayında Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən Avropa Yeniyetmələrinin IX Olimpiya Festivalında idmançılarımız atletika, cüdo, velosiped idmanı, tennis, üzgüçülük, stolüstü tennis növlərində təmsil olunublar. Yeniyetmələrimiz bu festivalda uğurla çıxış edərək 7 qızıl (4-ü cüdo, 3-ü atletika) medal qazanıblar. Cüdoçularımızdan Vüqar Şirinli (50 kq), Elsevər Bağırzadə (55 kq), Sərxan Əhmədov (60 kq) və Şahin Qərəmanov (90 kq) fəxri kürsünün birinci pilləsində qərarlaşıblar. Sərxan Əhmədov bu festivalda yarışın ən yaxşı atleti adına layiq görülüb.


Belqrad festivalında keçirilən atletika yarışlarında Ramil Quliyev 100 və 200 metr məsafələrə qaçışda, Ənvər Zeynalzadə isə üçtəkanla tullanma yarışlarında qızıl medal qazanıb. Yığma komandamız 37 dövlət arasında 6-cı olub. Festivalın qızıl medalçısı Ramil Quliyev Pekin-2008 Yay Olimpiya Oyunlarında da iştirak edib.
Yeniyetmələrin X Olimpiya Festivalı 2009-cu ilin iyul ayında Finlandiyanın Tampere şəhərində təşkil olunub. Festivalda Avropanın 49 ölkəsindən yeniyetmə idmançılar 9 idman növü üzrə 109 dəst medal uğrunda mübarizə aparıblar. Azərbaycan komandası festivalda uğurla çıxış edərək, 2 qızıl, 1 gümüş, 1 bürünc medala sahib çıxıb. Cüdoçularımızdan Kamran Bağırov (50 kq), Cəlil Cəlilov (66 kq) qızıl, Şəfəq Muradzadə (52 kq) gümüş, Mahir Cəfərli (60 kq) isə bürünc medala layiq görülüb.
Maraqlıdır ki, Yeniyetmələrin X Olimpiya Festivalında ümumilikdə 37 ölkə medal əldə edib. Ümumi hesabda ölkəmiz 4 medalla 49 ölkə arasında 19-cu pillədə yer alıb. Cüdo üzrə komandamızın üzvləri ümumi hesabda 2 qızıl, 1 gümüş və 1 bürünc medalla II yerdə qərarlaşıb.
Rusiya komandası 18 qızıl, 10 gümüş, 8 bürünc medalla birinci, Almaniya 10 qızıl, 8 gümüş, 7 bürünc medalla ikinci, İngiltərə atletləri isə 10 qızıl, 6 gümüş, 9 bürünc medalla üçüncü olublar. Maraqlıdır ki, ev sahibi Finlandiya 21-ci pillədə qərarlaşıb. İslandiya, Lüksemburq, Norveçvə s. kimi ölkələr medalçılar sırasına düşə bilməyib.
Avropa Yeniyetmələrinin XI Olimpiya Festivalı 2011-ci ildə iyul ayının 24-29-da Türkiyənin Trabzon şəhərində keçirilib. Bu festivalda dünyanın 49 ölkəsindən 4 minə yaxın 13-18 yaşlı idmançı atletika, basketbol, velosiped, gimnastika, həndbol, cüdo, tennis, voleybol və üzgüçülük üzrə yarışlarda iştirak edib. Bu festivalda idmançılarımız altı idman növü üzrə (cüdo, atletika, idman gimnastikası, velosiped, üzgüçülük, tennis) yarışlarda öz qüvvələrini sınayıblar.


Trabzon Olimpiya festivalında ölkəmizi atletika üzrə yarışlarda 10 (7 oğlan, 3 qız), cüdoda 12 (6 oğlan, 6 qız), idman gimnastikasında 2 (hər ikisi oğlan), velosiped yarışlarında 3 (hər üçü oğlan), üzgüçülükdə 4 (3 oğlan, 1 qız) və tennisdə 4 (2 oğlan və 2 qız) idmançı təmsil edib. İdman gimnastikası və cüdo üzrə yarışların idarə edilməsində iki hakimimiz də iştirak edib.
Avropa Yeniyetmələrinin XI Olimpiya Festivalında Azərbaycan yığma komandası 3 medala (1 qızıl, 2 gümüş) sahib çıxıb. Cüdoçumuz Firudun Dadaşov (73 kq) rəqiblərindən fərqlənərək qızıl, digər cüdoçularımız Hüseyn Rəhimli (66 kq) və Cəlil Şükürov (90 kq) isə gümüş medallara layiq görülüblər.
Müqayisə üçün bildirək ki, Azərbaycanın yeniyetmə idmançıları bu günədək keçirilmiş Avropa Yenyetmələrinin 9 Olimpiya Festivalından 8-ində iştirak edib və ümumilikdə 37 medal (13 qızıl, 9 gümüş 15 bürünc) qazanıblar. İndiyədək bu idman oyunlarında əldə olunmuş 37 medaldan 31-i cüdoçuların (10 qızıl, 8 gümüş, 13 bürünc), 6-sı isə atletlərin (3 qızıl, 1 gümüş, 2 bürünc) payına düşür.

Qitə Oyunları
Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitəsi Olimpiya Festivallarından başqa, digər idman tədbirləri də təşkil edir. Qitə oyunları da belə idman tədbirlərindən biridir.
Avropada qitə oyunlarının keçirilməsi ideyası ilk dəfə 1981-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Baden-Badendə təşkil edilən konqresində irəli sürülüb. Həmin konqresdən cəmi üç il sonra, 1985-ci ildə Avropanın cırtdan ölkələrinin ilk Oyunları həyata vəsiqə alıb.
Avropa Olimpiya Komitəsinin təşəbbüsü ilə təşkil edilən ilk oyunlarda yalnız San-Marino və Lüksemburq ölkələri iştirak edib. Avropanın cırtdan ölkələrinin Oyunları beynəlxalq idman federasiyalarının (BİF) və Olimpiya Xartiyasının norma və qaydalarına əsasən aparılır və yarışların aparılmasına Avropa Olimpiya Komitəsi (AOK) nəzarət edir.
Hazırda bu oyunlarda Avropanın səkkiz cırtdan dövləti iştirak edir (San-Marino, Lüksemburq, Monako, Kipr, Andorra, Malta, İslandiya, Lixtenşteyn). Avropanın cırtdan dövlətlərinin Oyunları iki ildən bir keçirilir (1985 -San-Marino; 1987 - Monako; 1989 - Kipr; 1991 - Andorra; 1993 -Malta; 1995 -Lüksemburq; 1997 - İslandiya; 1999 -Lixtenşteyn, 2001 -San-Marino, 2003 - Malta, 2005 - Andorra, 2007- Monako, 2009 - Kipr, 2011 -Lixtenşteyn). 2009-cu il iyunun 1-dən etibarən bu qrupa Çernoqoriya da daxil edilib. Farer adaları isə BOK tərəfindən tanındıqdan sonra Avropanın cırtdan ölkələrinin Oyunlarında iştirak etmək hüququ qazanacaq.
Yarışların proqramında 6 fərdi - atletika, üzgüçülük, atıcılıq, cüdo, böyük tennis, stolüstü tennis və 2 komanda - voleybol və basketbol idman növləri nümayiş etdirilir. 2011-ci ildə təşkil edilən Oyunların proqramına komanda idman növlərindən olan skvoş da daxil ediliib. Lixtenşteyndə təşkil edilən Avropanın cırtdan dövlətlərinin XIV Oyunlarında 10 idman növü - velosiped, voleybol, cüdo, yüngül atletika, stolüstü tennis, üzgüçülük, çimərlik voleybolu, skvoş, atıcılıq və tennis üzrə 110 dəst medal oynanılıb.
Avropa Olimpiya Komitəsi bu sahədə öz fəaliyyətini yalnız Avropa qitəsi ilə məhdudlaşdırmır. AOK-un 1994-cü ildə Ərəb İdman Konfederasiyası ilə bağladığı müqaviləyə əsasən 20 ərəb ölkəsinin milli Olimpiya komitələri və 34 Ərəb İdman Federasiyaları da bu layihədə iştirak edir. Müqavilənin şərtlərinə görə tərəflər bir-biri ilə Olimpiya Hərəkatı, gənclər və idman, idman və tibb, texniki sahələrlə əməkdaşlıq, təcrübə mübadiləsi aparırlar. Proqram bu gün də uğurla həyata keçirilir.
Azərbaycanda idmanın və Olimpiya Hərəkatının geniş vüsət alması, ölkəmizin güclü idman potensialına və maddi-texniki bazaya malik olması, istedadlı və bacarıqlı idman mütəxəssislərinin yetişməsi, idmanın və Olimpiya Hərəkatının kütləviləşməsi Azərbaycanın güclü idman dövləti olmasından xəbəb verir. Möhtəşəm və yüksək səviyyəli beynəlxalq idman tədbirlərinin mərkəzinə çevrilən ölkəmiz hazırda Olimpiya tarixində ilk dəfə keçiriləcək Avropa Oyunları kimi mötəbər yarışa ev sahibliyi edəcək. Bunun üçün ölkəmizdə hərtərəfli hazırlıq işləri aparılır. Buyaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Təşkilat Komitəsinin ilk iclası keçirilib. İclasda Bakıda keçiriləcək ilk Avropa Oyunları ilə bağlı bir sıra məsələlər müzakirə olunub. Ötən sayımızda qeyd etmişdik ki, Avropa Oyunlarına qədər də digər qitələrdə belə yüksək səviyyəli oyunlar keçirilib. Bu baxımdan qitə oyunları, yarışların proqramı, təşkili və keçirilməsi barədə bəzi məqamları oxucularımızın diqqətinə çatdırmağı lazım bilirik. Belə ki, hazırda dünyada müxtəlif səviyyəli çoxsaylı beynəlxalq idman oyunları keçirilir. Panamerika Oyunları, Afrika Oyunları və Asiya Oyunları qitə yarışlarına daxildir. Bundan başqa regionlar üzrə Balkan, Bolivar, Mərkəzi Amerika, Panərəbistan, Sakit Okean, Aralıq dənizi, Okeaniya, Uzaq Şərq, Hind okeanı, Cənubi-Şərqi Asiya, İran körfəzi, Ərəb ölkələrinin də Oyunları keçirilir.


Panamerika Oyunları
Panamerika Oyunlarının keçirilməsi ideyası Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Anri de Baye-Latura məxsusdur. 1926-cı ildə təşkil edilən Mərkəzi Amerika Oyunlarının uğurlu nəticəsi BOK prezidentini yeni oyunlar təşkil etməyə ruhlandırıb. Anri de Baye-Laturun bu ideyası qitənin idman rəhbərləri tərəfindən yalnız 10 ildən sonra - Berlin-1936 Olmipiya Oyunlarında bəyənilib. 1940-cı ildə Argentina MOK-nun təşəbbüsü ilə Buanes-Ayresdə 16 dövlətin iştirakı ilə Qərb yarımkürəsi dövlətlərinin konqresi çağrılıb. Konqresdə Panamerika İttifaqı və Panamerika İdman Komitəsi yaradılıb. İkinci dünya müharibəsi ilə əlaqədar olaraq ilk Panamerika Oyunlarının təşkil edilməsi 1948-ci ilə təsadüf edib. Həmin oyunlarda 20 ölkədən 2000 idmançı iştirak edib. Panamerika Oyunları 1951-ci ildən etibarən mütamadi olaraq dörd ildən bir keçirilir. Müqayisə üçün qeyd edək ki, əgər I Panamerika Oyunlarında 21 ölkədən 2513 idmançıı proqramda nümayiş etdirilən 18 idman növü üzrə yarışırdısa, 2011-ci ildə keçirilən XVI Panamerika Oyunlarında 42 ölkədən 6000-dən çox idmançı 36 idman növündə qüvvəsini sınayıb.


Son illər Panamerika Oyunları geniş şöhrət qazanıb. Yarışların proqramı genişlənib, iştirakçı ölkələrin və idmançıların sayı kifayət qədər artıb. Maraqlı faktdır ki, Panamerika Oyunlarının proqramında əsasən, Olimpiya idman növləri nümayiş etdirilir: güləş, boks, gimnastika, velosiped idmanı, avarçəkmə, cüdo, atçılıq idmanı, atletika, suya tullanma, beysbol, müasir beşnövçülük, yüngül və ağır atletika, tennis, atıcılıq (stend, güllə və ox atıcılığı), qılıncoynatma, ot üstündə hokkey və komanda idman növləri olan voleybol, vaterpol, badminton, həndbol, futbol və basketbol. Bundan başqa proqrama reqbi, skvoş, boulinq, karate və s. də daxildir.
ABŞ yığması I və XI Oyunlar istisna olmaqla, indiyə qədər təşkil edilən Panamerika Oyunlarında qazanılan medalların sayına görə liderliyi qoruyub saxlayır. I Oyunlarda liderlər siyahısına Argentina, XI Oyunlarda isə Kuba yığması başçılıq edib.
Panamerika Oyunları çərçivəsində yay oyunları ilə yanaşı, qış oyunları da keçirilir. İlk Panamerika Qış Oyunları 1989-cu ildə Las-Lenasda (Argentina) keçirilib. Qış oyunlarının proqramına dağ xizəyi idmanı, xizək yarışları, fristayl və biatlon yarışları nümayiş etdirilib.


(ardı var)
M.Fərzəliyev
S.Hakıyeva