“Azərbaycan gənclərinin ekstremal idman növlərinə böyük marağı var”

“Azərbaycan gənclərinin ekstremal idman növlərinə böyük marağı var”


Son illər ölkəmizdə idman yüksək sürətlə inkişaf edir. İdmançılarımız müxtəlif mötəbər yarışlardan vətənə uğurlu nəticələrlə dönürlər. Ölkəmiz bir sıra beynəlxalq nüfuzlu idman təşkilatlarında təmsil olunur. Respublikamızda ən mötəbər idman tədbirlərinin təşkili artıq ənənəyə çevrilib. Əldə olunan bütün bu uğurlar ölkəmizdə idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğının nəticəsidir. Paytaxtla yanaşı, respublikamızın müxtəlif bölgələrində də tikilib istifadəyə verilən Olimpiya idman kompleksləri, müxtəlif idman qurğuları gənclərimizin idmana olan marağını artırmaqla yanaşı, onların yüksək səviyyədə təlim-məşqlər keçərək uğurlar qazanmasına şərait yaradır.
Sevindirici haldır ki, bu gün ölkəmizdə ekstremal idman növlərinə də böyük maraq var. 2005-ci ildən fəaliyyət göstərən Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX) ölkəmizdə bu sahənin inkişafı istiqamətində bir sıra mühüm işlər həyata keçirir. Son 3 il federasiya üçün bir sıra əlamətdar hadisələrlə yadda qalıb. Ötən il federasiyanın idman dırmanması üçün nəzərdə tutulan "ClimBaku” adlı təlim-məşq bazası istifadəyə verilib, təmsilçilərimiz bu növ üzrə Dünya kuboku, dünya çempionatı kimi bir sıra mötəbər yarışlarda qüvvələrini sınayıblar. Avqust ayında FAİREX-in 8 idmançısının Pamir dağlarına ilk ekspedisiyası təşkil edilib.
2012-ci ilin yaddaqalan hadisələrindən biri də Beynəlxalq İdman Dırmanması Federasiyasının ölkəmizdə bu növ üzrə Dünya kubokunun mərhələ yarışının keçirilməsi ilə bağlı qərar qəbul etməsi olub. FAİREX 2013-cü ilə də uğurla başlayıb. Belə ki, bu il təmsilçilərimiz buzadırmanma üzrə keçirilən Dünya kuboku yarışlarında və dünya çempionatında uğurla çıxış ediblər. Buzadırmanma üzrə Azərbaycan milli komandası Rusiyanın Kirov şəhərində keçirilən dünya çempionatında Rusiya yığmasından sonra ikinci pillədə qərarlaşıb.
Bugünlərdə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının vitse-prezidenti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının dosenti, respublikanın əməkdar məşqçi və müəllimi Valeri Bağırovla görüşərək FAİREX-in fəaliyyəti, ekstremal idman növlərinin ölkəmizdə inkişafı, bu sahədə əldə olunan uğurlar, qarşıdakı yarışlara hazırlıqla bağlı müsahibə aldıq.


   - Valeri müəllim, bu gün idman dırmanması bütün dünyada böyük populyarlıq qazanıb. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən bu növün inkişafına xüsusi diqqət göstərilir. Aprelin 15-17-də paytaxtımızda bu növ üzrə "Ümid” yarışı təşkil olundu. İdmançılarımızın bu yarışda iştirakını necə qiymətləndirirsiniz?
- "Ümid” yarışı hər il Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən ənənəvi olaraq keçirilir. Bu yarışın təşkilində məqsəd idman dırmanmasını təbliğ etmək, gəncləri bu idman növünə cəlb etmək, onlarda ekstremal idman növlərinə həvəsi artırmaqdır. Yarışda idman dırmanması ilə yeni məşğul olan, eləcə də dərəcəsi olmayan gənclər iştirak etmək hüququna malikdirlər. Qeyd edim ki, "Ümid” yarışları indiyədək, əsasən, təbii qayalıqlarda təşkil olunub. Keçən il yarışın bir mərhələsi Nardaran qəsəbəsi yaxınlığındakı təbii qayalıqlarda, ikinci mərhələsi "ClimBaku” dırmanma mərkəzində keçirilmişdi. Süni relyefdə keçirilən budəfəki yarışda 80-dək idmançı qüvvəsini sınadı. Paytaxtla yanaşı, Gəncə, Qax, Şəki, Qusar, Yardımlı idmançıları da bu yarışda qüvvələrini sınadılar. "Ümid” yarışında 48 oğlan, 27 qız iştirak edirdi. Yarış üç-boulderinq, çətinlik və sürət mərhələlərindən ibarət idi. Məlumat üçün deyim ki, boulderinq hündürlüyü 4 m-dək olan stendlərdə problemli marşrutların keçilməsindən ibarətdir. Yarışın ikinci günü hündürlüyü 15 m-dək olan stenddə çətinlik yarışları, növbəti gün sürət üzrə yarışlar təşkil edildi. Budəfəki yarış daha gərgin mübarizə şəraitində keçdi. İdmançılar builki yarışlara daha da məsuliyyətlə yanaşaraq ciddi hazırlıq prosesi keçmişdilər. Fərəhlə qeyd etmək olar ki, bu gün Azərbaycan gənclərinin ekstremal idman növlərinə böyük marağı var. Bu yarışda marşrutların qurulmasına da xüsusi diqqətlə yanaşılmışdı. Qeyd edim ki, bu növ üzrə yarışların hər bir mərhələsində müxtəlif çətinlikli marşrutlar qurulur. Yalnız sürət yarışlarında idmançılar standart marşrutlara vaxtla qalxırlar. "Ümid” yarışında marşrutların qurulmasında FAİREX-in məşqçisi Emin Şükürov, federasiyanın fəal üzvləri Rinat Rəhimxanov, Çingiz Tağızadə, Pərviz Orucov, Seymur Camalzadə, Babək İbadov, Nicat Hüseynzadə yaxından iştirak etdilər. Qeyd edim ki, ötənilki yarışda marşrutlar əcnəbi mütəxəssis tərəfindən qurulmuşdu və idmançılarımız üçün seminarlar təşkil edilmişdi. Həmin seminarlarda idmançılara dağçılıqla yanaşı, idman dırmanması üzrə yarışların təşkili, marşrutların qurulması, hakimlərin ustalıq səviyyəsinin artırılması ilə bağlı biliklər öyrədilmişdi.




- Valeri müəllim, necə düşünürsünüz, ekstremal idman növlərinin ölkəmizdə inkişafı Azərbaycan gəncləri üçün nə dərəcədə vacibdir?
- Respublikamızın üçdə iki hissəsinin dağlıq ərazi olduğunu nəzərə alsaq, ekstremal idman növlərinin ölkəmizdə inkişafının nə dərəcədə vacib olduğunu təsəvvür etmək çətin deyil. Bu gün ölkəmizdə qayayadırmanma ilə yanaşı, buzadırmanma və dağçılıq da inkişaf etdirilir. Orduda xidmət etmək hər bir gəncin şərəfli vəzifəsidir. Çox vaxt əsgərlərimiz hərbi xidməti sərhəd qoşunlarında, dağlıq ərazilərdə keçirlər. Qayayadırmanma, buzadırmanma, dağçılıq, ümumiyyətlə, dağ idman növləri ilə məşğul olan gənclər orduyaqədərki dövrdə ilkin hərbi hazırlıq, ekstremal vəziyyətlərdən çıxmaq kimi biliklərə sahib olurlar. Bu, onların hərbi-vətənpərvər ruhunda formalaşmasında xüsusi əhəmiyyət daşıyır. Bundan başqa bu idman növləri ilə məşğul olmaq gündəlik həyatda da onların köməyinə çatır. Gündəlik həyatda da biz hər zaman ekstremal vəziyyətlərlə üzləşə bilərik. Hər bir gənc xəritəni oxumağı, kompasdan istifadə etməyi, çöl şəraitində düşərgə, çadır qurmağı, ocaq qalamağı, naməlum yerdə istiqaməti müəyyən etməyi, kəskin hava şəraitində, təhlükə anında düzgün addımlar ataraq həmin vəziyyətdən sağ çıxmağı bacarmalıdır. Hətta dərslərdə, seminarlarda tələbələrə zərər çəkmiş insana ilk tibbi yardımın göstərilməsi ilə bağlı biliklər də öyrədilir. Məhz bütün bunlar ekstremal idman növlərinin təbliği və tədrisinin nə dərəcədə vacib olmasından xəbər verir.
- Bəs ekstremal idman növləri ilə məşğul olan gənclər hansı mənəvi keyfiyyətlərə malik olmalıdırlar?
- İlk növbədə dağ idman növlərini digər idman növlərindən fərqləndirən amillərə diqqət yetirmək lazımdır. Məsələn, futbol, atletika, boks idman növündə iki saatdan sonra məşq bitir və idmançı formasını dəyişib evinə gedir, bu növ üzrə yarışlarda idmançıları azarkeşlər dəstəkləyirlər. Amma dağçılıqda vəziyyət tamamilə fərqlidir. Burada rəqib təbiətdir, iqlimdir, marşrutun çətinliyidir. Burada səni dəstəkləyən, müzakirə edən azarkeş yoxdur. Dağçılıqda sən özünə və təbiətə qalib gəlməlisən. Bu növdə iki saat məşq etdikdən sonra məşqi bitirib evə getmək mümkün deyil. İdmançı ya marşruta başlamamalı, ya da mübarizəni sonadək davam etdirməlidir. Məsələn, bir həftəlik marşrutu iki gün getdikdən sonra geri qayıtmaq olmaz. Burada idmançı özünə güvənməli, fiziki hazırlıqla yanaşı, geniş biliyə malik olmalıdır. Dağlarda düşünülməmiş atılan addım insan həyatı bahasına başa gələ bilər. Dağa qalxan idmançı coğrafiya, tarix, psixologiya, fiziologiya, anatomiyanı yaxşı bilməlidir. İdmançı iradəli, eyni zamanda, yüksək psixoloji hazırlığa malik olmalıdır. Səyahət nə qədər mürəkkəb olursa, insanın psixologiyasına da bir o qədər çox təsir edir. Marşrutun çətinliyi, yüksəklik, oksigenin çatışmamazlığı qan dövranına, beynin fəaliyyətinə öz mənfi təsirlərini göstərə bilər. Belə vəziyyətlərdə insan özünü adekvat aparmır, gözlənilməyən hərəktlərə yol verir. İdmançıda hədsiz yorğunluq baş gicəllənmə, hətta, huşunu itirmə halları ilə müşahidə oluna bilər. Buna görə də dağa qalxmazdan əvvəl mütləq nəzəri və təcrübi hazırlıq aparılmalıdır.
  - Bəs dağa qalxmazdan əvvəl uyğunlaşma prosesi necə həyata keçirilir?
- Bu, uzunmüddətli bir prosesdir. İdmançı il ərzində idman qurğularında, zallarda, stadionda ümumi fiziki hazırlığını artırmalıdır. Həftədə iki dəfə təbiətə bir-iki günlük marşrutlara çıxmaq lazımdır. Belə marşrutlarda idmançılar hava şəraitinin kəskin dəyişməsi zamanı, yağışlı, qarlı, dumanlı havada öz bacarıqlarını yoxlamaq imkanı əldə edirlər. Bundan başqa, çətin marşrutların başlanğıcında mütləq iqlimə uyğunlaşma prosesi aparılmalıdır. Xatırladım ki, keçən il avqustun 2-dən 22-dək FAİREX-in bir qrup idmançısı Pamir dağlarına qalxdı. Məqsəd "Lenin” zirvəsinə çıxmaq idi. Lenin zirvəsinə qalxmaq üç-dörd gün tələb etsə də, idmançılarımız orada 20 gündən artıq qalaraq, iqlimə uyğunlaşma prosesi keçdilər. Əvvəlcə onlar 3600 m-lik düşərgədə yerləşdilər. Sonrakı uyğunlaşma prosesi 4200 metrdən 6800 m-dək keçirildi. Nəhayət, uzunmüddətli uyğunlaşma prosesindən sonra idmançılarımız 7134 m hündürlüyə qalxmağa müvəffəq oldular. Bu hündürlüklü zirvəyə qalxmaq üçün əvvəlcə idmançı 3000, 4000, 5000, 6000 metrlik yüksəkliklərə qalxaraq, özünü sınamalıdır. Qeyd edim ki, keçmiş SSRİ məkanında 7000 m-dən yüksək hündürlüyü olan cəmi 5 zirvə var. Xatırladım ki, ötən il idmançılarımız Lenin zirvəsi (7134 m) ilə yanaşı, Heydər zirvəsi (3751 m), Şahdağ zirvəsi (4243 m), Tufan dağı (4191 m) və s. zirvələrdə olublar.
- Yeri gəlmişkən, may ayında FAİREX-in təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə Heydər Zirvəsinə yürüş təşkil olunacaq. Bu yürüşə hazırlıq necə gedir?
- Bu yürüşə bir aydan çoxdur ki, hazırlıq gedir. Bu il ulu öndər Heydər Əliyevin 90 illik yubileyi qeyd olunacaq. Yürüşdə rekord sayda, 400-dək nəfərin iştirakı gözlənilir. Yürüşdə iştirak etmək istəyənlər üçün hər cür şərait yaradılıb. Ənənəvi yürüş may ayının 3-dən 10-dək keçiriləcək. Bakı şəhərindən yola salının qruplar Quba rayonundakı Qızılqaya massivinin ətəyinə aparılacaq. Oradakı düşərgədən insanlar dağa uyğunlaşma prosesi keçdikdən sonra zirvəyə yürüş edərək, geri qayıdacaqlar. Yürüşün proqramına əsasən, mayın 10-da güclü idmançılardan ibarət dəstənin Heydər zirvəsinə sürətlə qalxması həyata keçiriləcək.
- Ötən il Beynəlxalq İdman Dırmanması Federasiyasının rəsmiləri ölkəmizə səfər etmişdilər. Beynəlxalq qurum nümayəndələrinin ölkəmizlə bağlı təəssüratları necə olmuşdu?
- Beynəlxalq İdman Dırmanması Federasiyasının rəsmi nümayəndələrinin ölkəmizə səfəri tanışlıq xarakteri daşıyırdı. Qonaqlar ölkəmizdə bu idman növünün inkişafı üçün yaradılan şəraitlə tanış oldular. "Climbaku” dırmanma mərkəzində olan rəsmilər idmançılar üçün yaradılan şəraitdən razı qaldığını bildirmişdilər. Hətta burada idmançılarımız üçün beynəlxalq səviyyəli ustad dərsləri keçirilmişdi. Beynəlxalq federasiya tərəfindən ölkəmizə göstərilən etimadın nəticəsidir ki, bu il idman dırmanması üzrə Dünya kuboku səviyyəli yarışın bir mərhələsinin paytaxtımızda keçirilməsi qərara alınıb. Surət üzrə keçiriləcək mərhələ yarışı iyunun 22-23-də Bayraq meydanında təşkil olunacaq. Kişilər və qadınlar arasında keçiriləcək yarışda dünyanın bir sıra güclü ölkələrindən idmançılar iştirak edəcəklər. Hazırda bu yarışa ciddi hazırlıq gedir.
- Azərbaycan yığmasının bu yarışa hazırlığı hansı səviyyədədir?
- Bu yarışda kişilər və qadınlar arasında 10-15 idmançımızın iştirakı gözlənilir. Qeyd edim ki, Azərbaycan idmançıları Dünya kuboku yarışlarında bir neçə ildir ki, iştirak edirlər. Sözsüz ki, idmançılarımızın dünya səviyyəli yarış təcrübəsi azdır. Məlumat üçün deyim ki, Azərbaycan idmançıları idman dırmanması ilə yanaşı, buzadırmanma üzrə keçirilən Dünya kuboklarında da iştirak edirlər. Bu il buzadırmanma üzrə Rusiyanın Kirov şəhərində keçirilən dünya çempionatında Azərbaycan millisi Rusiya yığmasından sonra ikinci olub. Azərbaycanda keçiriləcək Dünya kubokuna hazırlıq prosesi davam edir. Bu yarışlara yerli hakimlərimiz də cəlb olunacaqlar. Vacib mərhələlərdə yarışı əcnəbi hakimlər idarə edəcəklər. Yarışqabağı hakimlərimiz üçün beynəlxalq federasiyanın təcrübəli hakimlərinin rəhbərliyi altında master-klass keçiriləcək. Beynəlxalq federasiyanın tələbinə əsasən yarışın baş hakimi, baş katibi və marşrutun rəisi beynəlxalq dərəcəli hakimlər olacaqlar.
- Valeri müəllim, idman darmanması 2020-ci Olimpiya Oyunlarının proqramına salınmaq üçün namizəd idman növləri sırasındadır. Bu növün olimpiadanın proqramına salınmaq şansları varmı?
- İdman dırmanması bu gün bütün Avropada və dünyada çox populyardır. Bu növlə məşğul olanların sayı günbəgün artır. Maraqlıdır ki, bu növdə yaş həddi yoxdur. 3 yaşdan yaşlı insanlara kimi hər kəs bu növlə məşğul ola bilər. Bu idman növü ilə məşğul olmaq böyük vəsait tələb etmir. İdman dırmanması baxımlı, təhlükəsiz idman növüdür. Əlbəttə ki, bu növün kütləvi xarakter alması onun olimpiadanın proqramına salınması şanslarını artırır.
Aysel Sultanova