«Olimpiya dünyası» qəzeti AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib gəldiyi «Azərbaycanda idman: Olimpiadasonrası çağırışlar» istiqamətindəki növbəti yazısını təqdim edir. Layihənin budəfəki yazısı Yay Olimpiya Oyunlarına yollanan və bürünc medal qazanan ən gənc boksçumuz Kamran Şahsuvarlı (75 kq) barəsindədir.
«Qardaşımı da boksa dəvət etdim»
Boksçularımız Rio-2016-nı 2 medalla başa vurublar. Onlar 1 gümüş və 1 bürünc medal qazanmaqla, ölkəmizin Olimpiya tarixində böyük uğura imza atıblar. 11 boksçumuzdan - Lorenzo Sotomayor (64 kq) gümüş, Kamran Şahsuvarlı (75 kq) isə bürünc medal qazanıblar. Yeri gəlmişkən, Azərbaycan boksçusu finala yüksəldiyi 12 ölkədən biridir. Nəticədə, boks komandamız Olimpiadada 10-cu yerlə kifayətlənib. Bu nəticə ilə millimiz bu idman növündə Avropada 4-cü olub.
Rio Olimpiadasında tam heyətlə yollanan boksçularımızın yalnız 2 medal qazanması heç də birmənalı qarşılanmayıb. Daha çox etimad göstərilən boksçularımız Braziliyada medalsız qalıblar. Amma əvvəlki olimpiadalarla müqayisədə, Rio-2016-nı boksçularımız üçün uğurlu hesab etmək olar. Rio Olimpiadasında əsas diqqət çəkən məqam gənc boksçumuz Kamran Şahsuvarlının göstərdiyi döyüş üslubu olub. O, güclü və təcrübəli rəqiblərindən çəkinməyərək, onlarla açıq mübarizə aparaq, bürünc medal qazanıb.
Yazının bu məqamında Kamran Şahsuvarlını yaxından tanısaq, yerinə düşər. Onun boks idman növünə gəlişi yəqin ki, oxucularımız üçün maraqlı olar: «1992-ci il dekabrın 6-da Bakıda anadan olmuşam. Sonradan Qazaxıstana köçməli olduq. Uşaqlıqda idman haqda müəyyən təsəvvürüm var idi. Həmin illərdə uşaqlarla həyətdə futbol oynayırdım. 3-cü sinifdə oxuyanda sinif yoldaşımın təklifi ilə boksla həvəskar şəkildə məşğul olmağa başladım. Bu idman növü ilə məşğul olduqca baş məşqçimiz məni daha da həvəsləndirirdi. Yarışlarda iştirak etməyə başladım. Sonradan qardaşımı da boks idman növünə dəvət etdim».
«Lisenziya qazanmaq şansım Maykl O Rillidən asılı idi»
Olimpiadaya lisenziyanı necə qazanması barəsində danışan Kamran Türkiyədə keçirilən turnirdə məğlub olsa da, Bakıda arzusuna çatıb. Sirr deyil ki, bokçumuzun Olimpiya Oyunlarına lisenziya qazanmasında bəxt amilinin də böyük rolu olub: «Türkiyədə keçirilən turnirində də lisenziya qazana bilərdim. Amma ilk mərhələdə çətin və güclü rəqiblə qarşılaşmağım buna mane oldu. Hələ də anlaya bilmirəm ki, fransalı Kristian Mbilli Assomo ilə döyüşdə niyə uduzdum. Fransalı boksçunun döyüş stilini müəyyənləşdirə bilmirdim. Yəqin ki, rəqibim Mbilli olmasa idi, olimpiadaya lisenziyanı elə Türkiyədə qazanacaqdım. Lisenziya üçün son şansım Bakıdakı turnirə qalmışdı. Ancaq bir məqsədim vardı ki, olimpiadaya vəsiqə qazanım. Doğrusu, fikirləşmirdim ki, Braziliyada medal qazanacam ya yox. Bakıda keçirilən turnirdə 5-ci yerlə kifayətləndim. 1/4 final mərhələsində irlandiyalı Maykl O Rilliyə məğlub oldum. Əslində, həmin döyüşdə hakim haqsızlığı ilə üzləşdim və qələbəni rəqibə verdilər. Lisenziya qazanmaq şansım isə Maykl O Rillidən asılı idi. İrlandiyalı idmançı təsnifat turnirində çempion olduğuna görə, mən də olimpiadaya lisenziya qazandım».
«1/4 final mərhələsindəki döyüşü
prinsipial adlandırmaq olardı»
Boks yığması okeanın o tayına digər idman növlərinin komandasından tez yollanmışdılar. ABŞ-a 3-cü dəfə gedən gənc boksçumuz saat fərqinə 2-3 gün ərzində uyğunlaşa bilib. Bu amil onların Braziliyadakı olimpiadaya yüksək səviyyədə hazırlaşmağında mühüm rol oynayıb. Olimpiadakı döyüşlərindən danışan Kamran Şahsuvarlı ən çətin döyüşünün qazaxıstanlı boksçuya qarşı olduğunu vurğulayıb: «Olimpiadada birinci döyüşüm çinli idmançı Zhao Minqqanqa qarşı oldu. İndiyədək onunla üz-üzə gəlməmişdim. Amma həmin boksçunun digər yarışlardakı döyüşünü izləmişdim. Bilirdim ki, bu rəqibi asanlıqla məğlub edəcəm. Növbəti döyüşdə rəqibim rusiyalı Artyom Çebotaryov oldu. Rusiya təmsilçisi həm təcrübəli, həm də güclü idmançıdır. Yadımdadır ki, onun döyüşlərini izləməyə başlayanda uşaq idim. Etiraf edim ki, həmin vaxtlar Artyom Çebotaryovə kumirim kimi baxırdım. Heç vaxt ağlıma gəlməzdi ki, onunla rinqdə nə vaxtsa döyüşəcəm. Görüşü yüksək səviyyədə keçirib növbəti mərhələyə vəsiqə qazandım.
1/4 final mərhələsindəki qazaxıstanlı rəqibimi daha yaxından tanıyırdım. Qazaxıstanda yaşayanda yeniyetmələr arasında yarışda Janıbek Alimxanuli ilə döyüşmüşdüm. Həmin döyüşdə ona məğlub olmuşdum. Rəqibimin dünya çempionu idi. Bilirdim ki, itirəcəyim bir şey yoxdur. Ona görə də sərbəst döyüşürdüm. Olimpiadada uğurlu döyüş sayəsində həm məğlubiyyətin əvəzini çıxdım, həm də valideynlərimi sevindirdim.
Həqiqət də ən çətin döyüşüm 1/4 final mərhələsində qazaxıstanlı Janıbek Alimxanuliyə qarşı oldu. Həmin qarşılaşmanı prinsipial adlandırmaq olardı. Qazaxıstanlı rəqibi məğlub etməklə həmin ölkədə mənə şans verməyən və diqqətdən kənarda saxlayanlara bir mesaj göndərmək istəyirdim. Bilirdim ki, Qazaxıstanda məşqçim və dostlarım Olimpiya Oyunlarında döyüşümü izləyirlər. Ona görə də rinqdən ancaq qələbə ilə ayrılmağı arzulayırdım. Bu arzunun reallaşmasında komanda yoldaşlarım da mənə dəstək olurdular. Şükürlər olsun ki, sonda istəyimə çatdım».
«…fərqli taktika ilə döyüşəcəm»
«Mənim son iki döyüşüm çox ağır keçdi. Ona görə də həmin döyüşlərdə çox güc itirdim. Bəlkə bu amil 1/2 finalda zəif döyüşməyimlə nəticələndi. Həm rəqib güclü idi. Bəlkə də olimpiadanın ilk döyüşünü bu rəqibə qarşı keçirsə idim, fərqli ola bilərdi. Ona yaxınlaşa bilmirdim. Bəlkə də təcrübəm çatmadı. Yəqin ki, o rəqiblə növbəti dəfə qarşılaşsam, fərqli taktika ilə döyüşəcəm».
«Olimpiadada həmişə təcrübəlilər qalib gəlmir»
Bayaq dediyimiz kimi, Braziliyaya tam heyətlə yollanan boks komandamızın heyətində təcrübəli idmançılar çox idi. Kamranın isə gənc olması nəzərə alındığına görə, heç kim ondan medal gözləmirdi. «Bu amil səndə arxayınçılıq yaratmırdı?» sualına Kamran Şahsuvarlı belə cavab verdi: «Həqiqətən də məndən medal gözləmirdilər. Mənim o qədər də nəticələrim yox idi və lisenziya yarışında da 5-ci yeri tutmuşdum. Boks yığmamızın heyətində isə dünya çempionları vardı. Fikirləşirdim ki, çıxıb yaxşı döyüş göstərmək lazımdır. Açığı, qələbə qazanmağı o qədər də fikirləşmirdim. Boksçu qələbəni fikirləşəndə yaxşı heç nə əldə edə bilmir. Əslində rinqdə öz xəyallarım üçün döyüşürəm. Rinq hər şeyi göstərir: kim güclü, kim zəifdir. Olimpiadada həmişə təcrübəlilər, güclülər qalib gəlmir. Bir də görürsən ki, Olimpiya mükafatçısı ilk döyüşdə məğlub olaraq yarışı vaxtından əvvəl tərk edir. Mənim isə fikrim potensiallımdam üstün döyüşərək, lazım olan məqsədimə çatmağım idi».
«…onun Tokio-2020-də çempion olması heç də əlçatmaz deyil»
Kamran Şahsuvarlının Olimpiya Oyunlardakı qazandığı nəticə ilə bağlı boks üzrə yığma komandamızın məşqçisi Nəriman Abdullayevin də fikrini öyrənmək qərarına gəldik. Nəriman müəllim həqiqətən Kamrandan medal gözləmədiyini səmimi etiraf etdi: «Etiraf edim ki, olimpiadada Kamran Şahsuvarlıdan nəticə gözləmirdim. Şübhəsiz onun fiziki hazırlığı tam qaydasında idi. Hələ çox gənc olan Kamranın olimpiadaya kimi kifayət qədər təcrübəsi yox idi. Buna baxmayaraq, onun özünə inamı, əsl idmançı xarakteri, ancaq qələbə haqqında düşünməsi bürünc mükafat üçün kifayət etdi».
Bürünc medalı böyük uğur kimi dəyərləndirən Nəriman müəllim Kamranın Tokio-2020-də daha yüksək qazanacağını bildirdi. «Əlbəttə, bu, çox böyük uğurdur. Hətta mən deyərdim ki, əgər o, çox güclü kubalı idmançı ilə qarşılaşmasa idi, finalçı da ola bilərdi. Çünki Kamran Şahsuvarlı əvvəlcədən özünü qələbəyə hazırlamışdı. Onu da deyim ki, Kamranın uğuru mənə əlavə stimul verdi. O bizim ən gənc idmançılarımızdandır. Kamranın bu yaşda uğur qazanması onu göstərir ki, onun Tokio-2020-də çempion olması heç də əlçatmaz deyil. O, buna qadir idmançıdır», - deyə yığmanın məşqçisi əlavə etdi.
«Həmişə bu görüşü arzulayırdım»
Yay Olimpiya Oyunları başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev idmançıları qəbul etdi və medal qazanan idmançıları mükafatlandırdı. Bunu unudulmaz görüş kimi daim xatırlayan Kamran bunları dedi: «İndiyədək Cənab Prezidentlə görüşmək şansım olmamışdı. Amma həmişə bu görüşü arzulayırdım. Prezidentin Rio-2016 Olimpiadasında medal qazanan idmançıları qəbul etməsi mənim üçün qürurverici andır. Bundan sonra məşqlərimin sayını artıracam, yarışlarda daha yüksək səviyyədə çıxış edərək, Vətənə medallarla qayıdacam ki, yenidən Cənab Prezidentin qəbuluna düşüm».
«Yalnız Tokio-2020-də çıxış etmək fikrim var»
«Açığını desəm, yalnız Tokio-2020-də çıxış etmək fikrim var. Çünki uşaqlıq arzum olaraq, karyeramı peşəkar boksla davam etdirmək istəyirəm. Bilirsiniz ki, boksla peşəkar boks arasında fərq çoxdur. Ona görə də, 4-5 il təcrübəmi artırdıqdan sona peşəkarlar arasına getmək fikrim var».
«Olimpiadaya getməmişdən əvvəl fikirləşirdim ki…»
Olimpiadadan sonrakı həyatından danışan gənc boksçu «Sənin üçün Olimpiya «bürünc»ü nə deməkdir?» sualına belə cavab verdi: «Olimpiadaya getməmişdən əvvəl fikirləşirdim ki, Olimpiya medalı artıq «zirvəni fəth etmək» deməkdir. Amma Rio-da medal qazanandan sonra yeni-yeni arzular yarandı. Təbii ki, Olimpiya «bürünc»ü həyatımı dəyişdi. Artıq şəhərə çıxanda hamı məni tanıyır. Bu insana xoş təsir bağışlayır. Şübhəsiz, bu mərhələyə çatmaq üçün 10-15 il boks zallarında çətin və yorucu məşqlər etmişəm. Bu yerə çatmışamsa, demək, əziyyətim yerdə qalmayıb».
«Çalışacam ki, IV İslam Həmrəliyi Oyunlarında
çempion adını qazanım»
Kamran Şahsuvarlı Rio-2016-da baş verən hakim haqsızlığından da söhbət açdı: «Olimpiya Oyunlarınadək hakim haqsızlığı ilə çox rastlaşmışam. Sonuncu dəfə Olimpiadaya lisenziya yarışlarında bu hal baş verdi. Üstün olduğum döyüşdə «məğlub olundum». Amma Rio-2016-da tam fərqli oldu. 1-2 xırda səhvləri nəzərə almasaq, hakim haqsızlığı ilə üzləşmədim. Bilmirəm bu təsadüfdür ya yox (gülür). Ümumiyyətlə, bu idman növündə hakim haqsızlığı çox olur. Döyüş zamanı xal göstərilmədiyinə görə hakim kimə istəsə, qələbəni verə bilər. Ona görə də, üstün olduğun döyüşdə sonda əlin qaldırılmayana kimi sevinməyə risk etmirsən (gülür)».
Qarşıdakı yarışlar barəsində danışan olimpiadanın bürünc mükafatçısının məqsədi IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanmaqdır. «Bu il bizim üçün ən böyük yarış IV İslam Həmrəyliyi Oyunlarıdır. İstərdim ki, mötəbər turnirdə döyüşüm. Əlbəttə arzularım var. Turnir öz vətənimizdə və doğma azarkeşlərimiz qarşısında olacaq. Bu amil bizim üstünlüyümüzdür. Olimpiadanı gördükdən sonra fikirləşirəm ki, indi istənilən rəqiblə döyüşə bilərəm. Çalışacam ki, IV İslam Həmrəliyi Oyunlarında çempion adını qazanım və bayrağımızı qaldırım», - deyə o əlavə etdi.
Rahib Səmədov