Azərbaycan beynəlxalq miqyaslı yarış və turnirlərin keçirilməsi üçün ən layiqli ölkədir. Ölkəmizə beynəlxalq idman qurumlarının göstərdiyi etimaddan bu qənaətə gəlmək olar. Bildiyimiz kimi Azərbaycanda daha iki böyük və nüfuzlu yarış keçiriləcək. Belə ki, ölkəmiz 2015-ci ildə şahmat üzrə Dünya Kubokuna, bir il sonra isə Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edəcək. Bu indiyə qədər ölkəmizdə təşkil olunan ən nüfuzlu idman tədbirlərindən olacaq. Xatırladaq ki, buna qədər ölkəmizdə şahmat üzrə 2002-ci ildəki Avropa çempionatı Bakıda, 2003-cü ildə gənclər arasında dünya çempionatı Naxçıvanda, 2008-ci ildə FİDE-nin Qran-pri seriyasının Heydər Əliyevin xatirəsinə həsr olunmuş turniri yenə də paytaxtda təşkil edilib. Bütün yarışlar kimi, bu tədbirləri də yüksək səviyyədə təşkil edilib.
Dünya Kubokuna və Ümumdünya Şahmat Olimpiadasına hazırlığın gedişi ilə bağlı məlumat almaq üçün Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Təşkilat Komitəsinin üzvü Faiq Həsənovla görüşdük. Federasiya rəsmisi bizi maraqlandıran suallara aydınlıq gətirdi.
- Faiq müəllim, artıq Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasının tarixi açıqlanıb?
- Bəli, artıq yarışlardan birinin keçiriləcəyi vaxt bəllidir. Belə ki, 2016-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasının tarixi məlumdur. Olimpiada sentyabrın 17-dən 30-dək davam edəcəkdir. Həmin ərəfədə Bakıda Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Konqresi də keçiriləcəkdir. Konqresin isə sentyabrın 20-si 30-u aralığında keçirilməsi gözlənilir. O, ki qaldı 2015-ci il Dünya Kubokuna, onu deyim ki, hələ həmin yarışın dəqiq tarixi hələ ki, müəyyənləşməyib. 128 şahmatçının qatılacağı yarışın avqust - noyabr ayları ərzində keçirilməsi gözlənilir.
- Bu iki mötəbər yarışa hazırılıq prosesi necə gedir?
- Bu turnirlərə hazırlıqla bağlı Təşkilat Komitəsi yaradılıb. Qeyd edim ki, Təşkilat Komitəsinə Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov başçılıq edir. FİDE-nin prezidenti Kirsan İlyumjinov və onun müavini Georgios Makropulos ölkəmizdə səfərdə olarkən yarışlara hazırlıq prosesi ilə yaxından tanış oldular və aparılan işlərdən razı qaldıqlarını bildirdilər. Azərbaycan Şahmat Federasiyasının Prezidenti Elman Rüstəmov, gənclər və idman naziri Azad Rəhimov və FİDE-nin prezidenti Kirsan İlyumjinov görüş zamanı təşkilati məsələlərə dair planla da tanış oldular. Fikrimcə, bütün nazirliklər bu işdə səylə çalışsalar, daha yaxşı nəticə əldə etmək olar. Bunun üçün qarşımızda hələ kifayət qədər vaxt var. Artıq ölkəmiz bir neçə dəfə belə mötəbər turnirlərə ev sahibliyi edib. Yəni respublikamızın bu işlərdə müəyyən qədər səriştəsi və təcrübəsi var. Əminliklə deyə bilərəm ki, bu yarış Xanti-Mansiyskdə keçirilən yarışdan heç də geri qalmayacaq. Ölkəmizə səfər edən FİDE-nin prezidenti də qeyd edib ki, Azərbaycanda təşkil olunacaq yarış daha əvvəl keçirilən yarışlardan yüksək təşkilatçılıq səviyyəsinə görə fərqlənəcək.
- Bu vaxta qədər bu iki yarış eyni ölkədə keçirilmişdi?
- Bəli. Bu yarışların ardıcıl keçirilməsi baxımından Azərbaycan ilk ölkə deyil. Bu vaxta qədər Xanti-Mansiyski də sözü gedən mötəbər turnirlərə ev sahibliyi etmişdi. Yəni 2010-cu ildə bu şəhərdə şahmat üzrə dünya kuboku və Ümumdünya Şahmat Olimpiadası keçirilib. Lakin həmin turnirlə Azərbaycanda təşkil olunacaq yarışı müqayisə etmək düz olmazdı. Bakıda keçiriləcək şahmat yarışları bütün dünyanın diqqətini cəkəcək.
Bakı dünyanın böyük paytaxt şəhərlərindən biridir. Xanti-Mansiysk isə Sibirdə muxtar vilayət hesab olunur. Bunun üçün də deyə bilərəm ki, paytaxda bu cür irimiqyaslı şahmat yarışlarının təşkil olunması üçün bir sıra idman qurğuları var. 2014-cü ildə isə şahmat olimpiadası Norveçin Tromse şəhərində keçiriləcək.
Bilirsiniz ki, biz Ümumdünya Şahmat Olimpiadasının Azərbaycanda keçirilməsi ilə bağlı namizədliyimizi irəli sürmüşdük. FİDE də bizim bu təklifimizi qəbul edərək turnirin Azərbaycanda keçirilməsi barədə qərar qəbul etdi. Bundan başqa FİDE bizə dünya kubokunun da Azərbaycanda keçirilməsini təklif edib. Bu artıq qəbul olunmuş bir qaydadır ki, şahmat üzrə dünya kuboku və Olimpiada eyni şəhərdə keçirilir.
- Azərbaycan həm də 2015-ci ildə I Avropa Oyunlarına ev sahibliyi edəcək. İştirakçılar həmin oyunlarda müxtəlif növlər üzrə mübarizə aparacaqlar. Şahmatın qeyri-olimpiya növü kimi Avropa oyunlarına salınması mümkündür?
- Biz bunu çox istərdik. Bilirsiniz ki, mayın 5-6-da "JW Marriott Absheron Baku” hotelində Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Prezident Şurasının iclası keçirildi. Həmin iclasda gündəliyə bir sıra məsələlər salınmışdı. FİDE rəsmiləri və bu quruma üzv olan ölkələrin şahmatı təmsil edən nümayəndələri də tədbirdə iştirak etdilər. Müzakirə olunan məsələlər arasında Avropa Oyunlarında şahmatın da yer alması var idi. Bunu FİDE prezdenti Prezident Şurası iclasının yekunlarına həsr olunmuş mətbuat konfrasında da bildirdi. O, qeyd etdi ki, hələ Oyunların proqramına salınacaq bütün növlərin siyahısı rəsmiləşməyib. Bu barədə yekun qərar verilməyib. FİDE çox istərdi ki, Avropa Oyunlarının proqramına ilkin siyahıda salınan 2 qeyri-olimpiya növündən biri şahmat olsun. Amma hələ vaxta var. Ümuid edirik ki, şahmatda həmin növlər sırasında yer alacaq.
- Faiq müəllim yeri gəlmişkən, Vüqar Həşimovun FİDE-nin reytinq cədvəlindən çıxarılması ilə bağlı nə deyərdiniz?
- Əvvəlcə deyim ki, Vüqar Həşimov səhhətindəki problemlərlə bağlı müalicəsini davam etdirir. Bu səbəbdən də o, bir sıra şahmat yarışlarında iştirak edə bilmədi. Hər hansı bir şahmatçı il ərzində turnirlərdə iştirak etmirsə həmin şahmatçı "in aktiv”ə düşür. Vüqar Həşimov da turnirlərdə iştirak etmədiyinə görə FİDE-nin reytinq cədvəlində "in aktiv”ə salınıb. Yəni uzun müddət turnirlərdə iştirak etməyən şahmatçı passiv şahmatçı hesab olunur və əmsalı saxlanılmaqla, "in aktiv” hesab olunur. Amma bu o demək deyil ki, Vüqarın aktivində olan xallar silinəcək. Təbii ki, Vüqar yenidən hər hansısa bir turnirdə iştirak etsə, əvvəlki xal əmsalı ilə reytinq cədvəlinə geri dönəcək. FİDE prezidentinin qərarı ilə Vüqar Həşimov dünya kubokuna nominant şahmatçı kimi salınıb. Ümid edirik ki, zəka sahibimizin səhhətindəki problemlər tezliklə aradan qalxacaq və bizlər onu yenidən şahmat taxtası arxasında görəcəyik.
Anar Əhmədov,
Azər Əlizadə