«Ən böyük mükafatım kitablarımdır»

«Ən böyük mükafatım kitablarımdır»



Dilqəm Qasım oğlu Quliyev 1950-ci il avqustun 6-da Naxçıvan MR Şərur rayonunun Şahtaxtı kəndində (indi bu kənd Kəngərli rayonu inzibati ərazisinə daxildir) anadan olub. 1958-1967-ci illərdə Şahtaxtı kənd orta məktəbində təhsil alıb. Dilqəm müəllim əmək fəaliyyətinə 1967-ci ildə Culfa rayonunun yol nəqliyyatında fəhləliklə başlayıb.
Hərbi xidmətini 1968-1970-ci illərdə Lipetski şəhərində keçib.
D.Quliyev beşnövçülük üzrə idman ustası normasını 1970-ci ildə yerinə yetirib, 1972-ci ildən isə sərbəst güləş üzrə idman ustasıdır. Həmin il Bakı Maliyyə-Kredit Texnikumunu bitirib. 1973-74-cü illərdə Naxçıvan MR Şərur Rayon Xalq Maarif Şöbəsində baş mühasib vəzifəsində çalışıb. 1972-1974-cü illərdə əvəzçilik üzrə Naxçıvan MR «Spartak» Könüllü İdman Cəmiyyətində sərbəst güləş üzrə məşqçi vəzifəsində çalışıb. 1974-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun (indiki Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) pedaqoji fakültəsinə qəbul olunub və 1978-ci ildə institutu fərqlənmə diplomu ilə bitirib.
1978-ci ildə təyinatla həmin institutun «Güləş və onun metodikası» kafedrasında baş laborant vəzifəsində saxlanılıb. 1984-cü ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun (indiki Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu) dissertantı olub.
1989-cu ildə müəllim, 1990-cı ildə baş müəllim vəzifəsində çalışıb. 1991-2001-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) tərbiyə işləri üzrə prorektoru, 2001-ci ildən indiyədək isə idman işləri və xarici əlaqələr üzrə prorektoru vəzifəsində çalışır. O, 1972-1999-cu illər ərzində müəllimliklə yanaşı məşqçilik fəaliyyətini də davam etdirib.
1994-cü ildə Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi və Bədən Tərbiyəsi və İdman Əlaçısı adlarına layiq görülüb.
2004-cü ildən Azərbaycan Milli Ensikilopediyasının Bədən Tərbiyəsi və İdman lməsinin tərtibçisidir.
2008-ci ildən Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının sədr müavinidir.
Pedaqoji elmlər namizədi, əməkdar məşqçidir. AAK-ın qərarı ilə 1996-cı ildə dosent, 2004-cü ildə isə professor adına layiq görülüb.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə 2001-ci ildə «Tərəqqi» medalına, 2006-cı ildə isə «Əməkdar bədən tərbiyəsi və idman xadimi» adına layiq görülüb. Azərbaycan Olimpiya Akademiyasının "Kütləvi İdman” bölməsinin sədri, ADBTİA-nin «İdmançı» qəzetinin baş redaktorudur.
Dilqəm Quliyevin indiyədək 300-ə yaxın əsəri və 300-dən yuxarı elmi-pedaqoji və publisistik məqalələri (86 kitab, 3 dərslik, 24 monoqrafiya, 7 dərs vəsaiti, 7 tədris vəsaiti, 21 metodik vəsait, 10 metodiki göstəriş, 3 metodiki tövsiyə, 29 jurnal məqaləsi, 2 dərslik məqaləsi; 1 proqram) çap olunub.
O, idman və vətənpərvərlik mövzusunda bir sıra kitabların, o cümlədən, «Şəhid idmançılar», «Tələbə-gənclərin hərbi vətənpərvərlik tərbiyəsi», «XX əsrin qan yaddaşı», "Tələbə-gənclərin vətənpərvərlik və hərbi-fiziki tərbiyəsinin təşkili”, "İlqar İsmayılovun şəhidlik zirvəsi”, "Azərbaycan ulduzları Olimpiya Oyunlarında», «Bədən tərbiyəsi və idmana dövlət qayğısı», «Azərbaycanda cüdo», «Azərbaycan idmanının dünəni və bu günü», "İdman və Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu”, "Azərbaycanın ustad pəhləvanları”, "Helsinkidən başlayan yol”, "Azərbaycanın Avropa, dünya çempionları və mükafatçıları” və digər kitabların müəllifidir.
Professor Dilqəm Quliyev Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən 1997, 2005, 2006-cı illərdə «İlin ən yaxşı tədqiqatçı jurnalisti», 2007, 2008, 2009 və 2010-cu illərin ən yaxşı "İdman tarixi yazarı” adına, həmçinin, Azərbaycan İdman Jurnalistləri Assosiasiyası tərəfindən Olimpiya Hərəkatının təbliği, idmanın tədqiqi üzrə yazdığı məqalə və kitablarına görə 2008-ci ilin idman laureatı adına layiq görülüb. Müxtəlif illərdə "Azərbaycan komsomolu”nun fəxri fərmanı, "ÜİLKGİ MK-"nın fəxri fərmanı və döş nişanı, "General Həzi Aslanov” adına fəxri fərman, "Kamil sənətkar” fəxri diplomu, "İnam və Şərəf” diplomu, "Azərbaycan bayrağı” mükafatı, "Nurlu qələm ustası”, «Qızıl qələm» media mükafatı və digər mükafatlara layiq görülüb.
Pedaqogika üzrə fəlsəfə elməri doktoru, professor Dilqəm Quliyev Azərbaycan Milli Olimpiya Komitəsinin, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan İdman Jurnalistləri Assiosiasiyasının üzvüdür.


Maraqlı insandır Dilqəm müəllim. Maraqlı olduğu qədər də sadədir. Sadə, təvazökar, mehriban, səmimi. Bir də təmannasız insandır Dilqəm müəllim. Heç kimdən, heç nədən təmannası yoxdur. Həyat eşqi ilə yaşayan bu insanda cavanlara məxsus cəldlik, bir həvəs, şuxluq var. Yaşına baxmayaraq həmişə formada olmağı sevir. Ürəyi yaşayıb-yaratmaq eşqi ilə döyünən Dilqəm müəllim hələ çox kitablar yazacağını deyir. Olimpnews.az saytına müsahibə verən Dilqəm müəllim yazdığı kitablardan, sevdiyi işindən və həyat yolundan danışdı.

- Dilqəm müəllim, sizdə kitab yazmaq həvəsi necə yarandı?

- Orta məktəbdə oxuduğum illərdə idmana, bədən tərbiyəsinə çox böyük marağım var idi. Bu sahə maqnit kimi məni özünə çəkirdi. İdmandan başqa, ədəbiyyata da həvəsim böyük idi. Oxuduğum bədii kitablardakı qəhrəmanlara bənzəmək istəyirdim və çox zaman onların hərəkətlərini təkrar edirdim. Bu sual məni keçmişə apardı: Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunda oxuyurdum. Pedaqoji təcrübəyə hazırlaşırdım. Fikirləşirdim ki, bacarmaram. Çox çətin gəlirdi mənə. Fəlsəfə dərsi idi. Zəng vuruldu, Emin Vəkilov içəri girdi. Fikirləşdim ki, dərsdə gördüklərimi, eşitdiklərimi, bir sözlə, müəllimin apardığı dərsi təfsilatı ilə dəftərə köçürüm. Belə də etdim. Təsəvvür edin ki, dərsi zəng vurulandan axıra kimi təhlil etmişdim.Hətta müəllimin yorğun göründüyünü, necə durduğunu da yazmışdım. Bir şey də etiraf edim ki, Emin müəllim çox ciddi və tələbkar müəllim idi. Sən demə, dərs boyu mənim hərəkətlərimə fikir verirmiş. Zəng vurulan kimi yazdıqlarımı mənim əlimdən aldı. Bilmirəm, nə fikirləşirdi. Yəqin düşünürdü ki, kiməsə sevgi məktubu yazmışam. Nəsə, götürdü kağızı başladı oxumağa. Oxudu, qurtardı, biz də gözləyirik. Müəllim jurnalı götürüb çıxmaq istəyəndə ona yaxınldaşdım: «Emin müəllim, mənim burda başqa məqsədim yoxdur. Mən, sadəcə, bunu təcrübəyə görə eləmişəm, görüm məndə bir şey alınırmı. Heç bir pis niyyətim yoxdur». Amma müəllim kağızı mənə vermədi, özü ilə kafedraya apardı.




- Bəlkə də, Emin müəllim qeyd kağızını sizə verməməklə yaxşı iş görüb?

- Sizinlə razıyam. Bəlkə də o kağızı mənə qaytarsaydı, hər şey başqa cür olardı və mən kitab yazmaq həvəsinə düşməzdim. Düzü, fəlsəfə müəlliminin bu hərəkəti mənə pis təsir etdi. Axı mən pis heç nə etməmişdim. Nəsə, onun ardınca kafedraya getdim. O vaxt 25 yaşım var idi. Çox enerjili və qətiyyətli idim.

- Dilqəm müəllim, yeri gəlmişkən, kiməsə məktub yazmısınız, məsələn, sevgi məktubu?

- Sevgi məktubu olmayıb, amma bununla bağlı bir hadisə gəlib başıma. Qrupda hündürboy, qəşəng bir qız var idi. Qrup oğlanlarının çoxunun ondan xoşu gəlirdi. Amma, deyəsən onun məndən xoşu gəlirdi. Bir dəfə məndən kitab istədi. Mən də bildirdim ki, məmnuniyyətlə verərəm və hətta indi vermək istədiyimi də dedim. O mənə: «Yox, axşam bağa gətirərsən, (Gülür), orda verərsən», - dedi. Mən də başa düşmürəm, niyə axşam, niyə bağa… Yenə də ağlıma heç nə gəlmirdi. Sevgi, məhəbbət nə olduğunu bilmirdim. Onu da qeyd edim ki, qrupdakı qızlar mənə çox güvənirdilər, bir problemləri olanda mənə müraciət edirdilər. Ağlıma gəlməzdi ki, həmin qızın məndən xoşu gəlir. Amma, nə gizlədim, sevgi məktubu yazmamışam. Amma özüm-özümə məktub yazmışam…



- Başa düşmədim, necə yəni, özünüz özünüzə məktub yazırdınız?

- Bu məsələdə də yenə qızlar günahkardır. Qoymurdular ki, dərs oxuyam ((Bığaltı gülür). Axırıncı kursda idim. Dövlət imtahanları ilə əlaqədar ciddi hazırlaşmalıydım. Amma bilirsiniz də, cavanlıqdır, özümlə bacara bilmirdim. Dedim, belə olmaz. Bir gün oturdum, özüm-özümə məktub yazdım. Öz hərəkətlərimi tənqid və təhlil etdim, bir sözlə, öz-özümə hesabat verdim. Və bunun mənə çox köməyi oldu. Əməlli-başlı imtahana hazırlaşdım və əla da verdim.

-Dilqəm müəllim, bəs ikinci məktubu nə zaman yazdınız?

- (bir az fikirləşir və çöhrəsində kədər görünür) Özünüz bilirsiniz də, 1988-89-cu illərdə mənfur qonşularımız bizə qarşı torpaq iddiası ilə çıxış etdilər. Ağır illər idi. Düşmən bizi pis yerdə haqlamışdı. Orduda bir hərc-mərclik, intizamsızlıq hökm sürürdü. Neçə-neçə şəhid vermişdik. Bax, belə ağır vəziyyətdə yenə öz-özümə məktub yazmağa qərar verdim. Məktubda özümə söz verdim ki, mütləq şəhid idmançılar haqqında kitab yazmalıyam və bu kitab yazılıb qurtarmayınca otaqdan bayıra çıxmayacağam. O vaxt Azərbaycan Bədən Tərbiyəsi və İdman İnstitutunda laborant işləyirdim. Bütün gücümü, vaxtımı «Şəhid idmançılar» mövzusuna həsr etmişdim. Gecə-gündüz işləyirdim, evə də getmirdim. Bir gün gecədən xeyli keçmiş qapı döyüldü və gördüm ki, Ağacan müəllim içəri girdi. Yerə səpələnmiş, qalaq-qalaq kağız-kuğuzun əlindən ayağını qoymağa yer tapmadı. Məəttəl qaldı. Soruşdu, nə məsələdir. Mən də ona cavab vermək əvəzinə həmin məktubu rektora uzatdım. Başını buladı heç nə demədi. Həmin gecə elə bərk şaxta idi. Otaqda durmaq mümkün deyildi, hələ işləməyi, yatmağı demirəm. Ağacan müəllim mənə çox təkid elədi ki, evə gedim, amma mən razılaşmadım. O gedəndən yarım saat sonra bayırdan pəncərə bərk döyüldü. Komendant idi, Adı Kamran idi. Ağacan müəllim ondan mənim üçün yataq və yeyəcək göndərmişdi.



- Beləcə sizin «Şəhid idmançılar» kitabı belə yarandı?

- Təsəvvür edin, bu kitabı 24 günə yazmışam. Kitabla bağlı gənclər və idman naziri Əbülfəs Qarayevlə görüşüm oldu. Əbülfəs müəllim mənə: «Dilqəm müəllim, Gənclərin I Forumu keçiriləcək. Sizin kitabınız gənclər üçün çox yaxşı materialdır. Bununla bağlı bir sərgi təşkil etmək lazımdır».
Sərgi keçmiş Respublika, indiki Heydər Əliyev Sarayında oldu. 1996-cı ildə Gənclərin I Forumunda ümummilli lider Heydər Əliyev də iştirak edirdi. Zəhmətim hədər getməmişdi. Sərgi ulu öndərin xoşuna gəlmişdi. «Şəhid idmançılar» kitabını əlinə alaraq, səhifələri bir-bir vərəqlədi və mənə üzünü tutaraq: «Çox gözəl iş görürsən, bu vətənpərvərlik nöqteyin-nəzərindən çox faydalıdır. Bu işi davam elətdir», - dedi. Heydər Əliyevin bu sözləri məni ruhlandırdı, mənə qol-qanad verdi və məndə məsuliyyət hissini daha da artırdı. Və bunun nəticəsi idi ki, «XX əsrin qan yaddaşı», «Azərbaycan və Anadolu türklərinə qarşı soyqırmı» E. Quliyev, A. Quliyeva müəlliflərlə birlikdə və başqa kitablar yazıldı.

- Dilqəm müəllim, tanıdığımız qədər siz çox vətənpərvər insansınız. Müharibə illərində Qarabağda olmusunuz?

- Qarabağ müharibəsi ilə əlaqədar o vaxt komsomol komitəsinin birinci katibi Sahib Ələkbərovun yanına getdim. Xahiş etdim ki, tələbə inaşaat dəstəsini Qarabağa göndərsinlər. Axı mən 15 il tələbə inşaat dəstəsinin komandiri və zona komandiri olmuşam. Sağ olsun, Sahib müəllim. Şərait yaratdı, biz Şuşaya getdik. Bacardığımız qədər yerli caamata kömək etməyə çalışırdıq. Sonra komendant saatı ilə əlaqədar göstəriş gəldi ki, qeydiyyatı olmayanlar şəhəri tərk etməlidir. Hamı qayıtdı, amma mən qayıtmadım. Ağır vəziyyət idi. Müharibə idi də. Müharibənin öz qanunları var. Axşam saat 8-dən sonra küçəyə çıxanı vururdular. İlk dəfə kəlmeyi-şəhadətimi orada demişəm. İnsan hər dəqiqə ölümlə qarşı-qarşıya idi. O ağır illərdə 1989-cu ilin martın 7-də Ağdamda, Xocalıda, Şuşada, Topxana meşəsində, Malıbəylidə, Xankəndində, Kərkicahanda olmuşam. Mənim rəhbərliyim altında 25 nəfər tələbə Bərdə şəhərində qazandığımız 30 min manat pulun bir hissəsini məcburi köçkünlərə və qaçqınlara verdik, qalan hissəsini isə 70076 №-li fonda köçürdük.
Qarabağ hamımızın, hər bir azərbaycanlının ağrılı yeridir. Arzu edirəm ki, tezliklə işğal edilmiş torpaqlarımızi düşmən tapdağından azad edilsin. İnanıram ki, buna bizim hamımızın gücü çatar, dövlətimizin də, bizim də.

- İndiyə qədər neçə kitabınız işıq üzü görüb?

- İndiyə qədər 86 kitabım işıq üzü görüb. 300 elmi məqalənin müəllifiyəm. Müxtəlif mövzuda məqalələrim «Olimpiya dünyası», «Xalq», «Təhsil problemləri» qəzetlərində çap edilib və edilir. Adıçəkilən qəzetlərin kollektiv və rəhbərliyinə sonsuz minnətdarlığımı və təşəkkürümü bildirirəm. Ümumiyyətlə, mətbuat işçilərindən çox razıyam.
Bilirsiniz ki, yazılan kitabların işıq üzü görməsi üçün maddi köməyə ehtiyac var. Mən bunun üçün ilk növbədə Azərbaycan gənclər və idman naziri Azad Rəhimova minnatdaram. Azad müəllim azı 10 kitabımın çap olunması üçün mənə yaxından kömək göstərib. Bir də mənə imkan və şərait yaratdığı üçün Ağacan müəllimə təşəkkürümü bildirirəm.

- Dilqəm müəllim, özünüzə məxsus həyat yolu keçmisiniz. Çox bərkdən-boşdan çıxmısınız. Taleyinizdən narazı deyilsiniz ki?
- Taleyimdən çox razıyam. Sevdiyim işlə məşğul oluram. Ailəm, iki övladım var. Qızım həkim, oğlum isə hüquqşünasdır. Məni incidən bəzi şeylər olub, amma artıq keçmişdə qalıb. Onun üçün də bunları yada salmaq istəmirəm. Sonunda hər şey yerini tapır.

- İndi hansı kitablar üzərində işləyirsiniz?

-Hazırda «Müstəqillik dövründə Azərbaycanda idmanın inkişafı», «İlham Əliyev və Azərbaycan gəncliyi» mövzusunda kitab üzərində işləyirəm. Demək olar ki, artıq hazırdır. Sonra «Şahtaxtım, vüqarım mənim» adlı kitab hazırlanır. Qeyd edim ki, bu kitabı oğlum, qızım və mən birlikdə hazırlayırıq. Ümumiyyətlə, ideyalarım çoxdur. Allah ömür versin.

- Hansı mükafatlarınız var?

- Azərbaycan idmanının təbliği və inkişafında xidmətlərim çox yüksək qiymətləndirilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə ….«Tərəqqi» medalına və «Əməkdar idman xadimi» adına layiq görülmüşəm. Mən bir yaradıcı insan, vətəndaş kimi ölkə rəhbərinə, dövlətimizə, xalqımıza çox minnətdaram. Ömrümün son gününə kimi də xalqımın, vətənimin xidmətində duracağam. Və bunun üçün heç bir təmannam yoxdur. Çünki mən təmannasız insanam.


Səadət