Bütün sənətlər maraqlı, çətin, həm də məsuliyyətlidir. Ən əsası odur ki, insan bu məsuliyyəti dərk etsin və sənətini dərindən sevsin. Maraqlı və məsuliyyətli sənətlərdən biri də məhz məşqçilikdir. Bu sənət sahibindən yüksək bacarıq, dözüm, səbir və ustalıq tələb edir. Yaxşı məşqçi idmançılar üçün həm də yaxın dost, yaxşı psixoloq, arxa, kömək deməkdir. Belə məşqçilərdən biri Daxili İşlər Nazirliyinin idman cəmiyyətində ("DİN” İC) çalışan əməkdar məşqçi Hakim Hacıyevdir. Həyatdakı ən böyük arzusunun məşqçilik etmək olduğunu deyən Hakim müəllim yaxşı məşqçi olmaqla bərabər, həm də olduqca səmimi insandır. Adi həyatda idmançılarla yaxın dost, məşq zamanı ciddi və tələbkar məşqçi olan Hakim müəllimlə səmimi söhbətimizi oxucularımıza təqdim edirik.
- Hakim müəllim, əməkdar məşqçi olmaqla bərabər, həm də tələbələriniz tərəfindən sevilirsiniz. Bu, hər məşqçiyə nəsib olmur... Yaxşı olardı ki, oxucularımıza özünüz barədə məlumat verərdiniz ...
- Mən 1975-ci ildə Yardımlı rayonunun İsaqala kəndində anadan olmuşam. Ailədə 9 uşaq idik. Böyük qardaşım Qalib idmanla məşğul olurdu. O həm də Əfqanıstanda hərbi xidmətdə olub. Qalibin idmana olan marağını görüb mən də bu sənətə həvəs göstərməyə başladım. Qardaşım hər zaman idman bərədə maraqlı söhbətlər edərdi, əsgərlikdə, dost-tanış içində idmançılara olan hörmətdən, rəğbətdən danışardı. Mən də tez böyüyüb idmançı olmaq, fərqlənmək istəyərdim. O vaxtlar məhəlləmizdə tez-tez filmlər göstərirdilər. Döyüş filmlərini maraqla izləyərdim. Bəzən də ürəyimdən Jan Klod van Dam, Brüs Li kimi film ulduzlarına bənzəmək, döyüş sənətini öyrənmək keçirdi. Vətənpərvərlik hisslərim hər zaman çox olub. İstəmişəm ki, döyüş sənətinin sirlərini öyrənim və lazım olan məqamlarda vətənimizə layiqli əsgər, yaxşı idmançı olum. Çoxuşaqlı ailədə böyüdüyümə görə uşaqlığım maraqlı keçib. Evin kiçik övladıyam.
- Deyirlər, evin sonbeşiyini daha çox sevirlər. Bu fikirlə razısınız?
-Deyəsən, bütün evlərdə bu, belədir (gülür). Məni də qardaş və bacılarım çox istəyiblər. Mən də onlara eyni məhəbbətlə bağlıyam. Bu xüsusiyyətlərimizə görə, əslində, valideynlərimizə borcluyuq. Onlar bizi belə tərbiyə ediblər.
- Bəs valideynləriniz idmançı olmaq istəyinizə qarşı çıxmayıblar ki?
- Valideyinlərim heç vaxt bu istəyimə qarşı çıxmayıblar. Əksinə, idmanla məşğul olmağım üçün şərait yaradıblar. Qardaşlarım da mənə hər zaman dayaq olublar. İdmanı sevib-seçdiyim üçün çox xoşbəxtəm. İdman mənim xoşbəxtliyimdir.
- "DİN” İC-də nə vaxtdan fəaliyyət göstərirsiniz?
- Əvvəlcə onu deyim ki, 1994-1997 illərdə Daxili İşlər Nazirliyinin daxili qoşunlarında xidmət etmişəm. Bu zaman idmanla da məşğul olmuşam. Əlbəyaxa döyüş növü üzrə əsgərlər və polislər arasında keçirilən yarışda 9 dəfə çempion olmuşam. 1992- ci ildən "DİN” İC-in üzvüyəm. Qeyd edim ki, "DİN” İC-nin sədri Sahib İsmayılov bizim yaxşı məşq keçməyimiz üçün hər bir şərait yaradıb. O, əməyimizə hər zaman yüksək qiymət verir. Çünki Sahib müəllim özü də idmançı olub. O, idmançıların zəhmətini dəyərləndirir və "DİN” İC-nin səmərəli fəaliyyəti üçün əlindən gələni əsirgəmir. 1997-ci ildən polisdə işləyirəm. 1998-ci ildən isə məşqçilik edirəm. 5 ildir ki, əməkdar məşqçiyəm. Eyni zamanda, kikboksinq üzrə gənclərdən ibarət milli komandanın baş məşqçisiyəm.
- Çoxsaylı idman növləri arasında kikboksinq idman növünü seçməyinizdə səbəb nə idi?
- Kikboksinq idman növü əlbəyaxa idman növünə yaxın olduğu üçün ona daha çox maraq göstərdim. Bu idman növünü həm də ona görə çox sevirdim ki, kikboksçular, eyni zamanda, döyüşkən əsgərlərdir. Bu idman növü ilə məşğul olanlar vətənin keşiyində layiqli əsgər kimi dayanırlar. Hərbi xidmətdə olarkən idmançılar öz iradələri, gücü və dözümlülüyü ilə fərqlənirlər. 4 il hərbi xidmətdə olduğum üçün beynəlxalq yarışlarda iştirak edə bilmədim. Sonra da məşci kimi fəaliyyət göstərdim. Lakin tələbələrimin qazandıqları uğurlara çox sevinirəm və onların uğurunu öz uğurum hesab edirəm.
- Hər bir tələbənin uğurunu elə məşqçinin uğuru hesab etmək olar...
- Doğrudur. Hər bir idmançının uğur qazanmasında məşqçinin böyük rolu var. Onu da qeyd edim ki, bu gün bütün idman növlərinə maraq böyükdür. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idman sahəsinə göstərdiyi xüsusi diqqətin nəticəsidir ki, ölkəmiz idman ölkəsi kimi tanınır. Kikboksinq idman növünə də maraq getdikcə artmaqdadır. Təkcə paytaxtımızda deyil, bölgələrimizdə də bu idman növünə maraq var. Doğulduğum Yardımlı rayonunda 5 ildir ki, kikboksinq klubu fəaliyyət göstərir. İstəyirik ki, bu idman növü daha da inkişaf etsin. Mən Yardımlı rayonundakı idman klubuna rəhbərlik edirəm və ayda bir neçə dəfə rayona gedərək, idmançılara nəzarət edirəm. Hazırda klubda bacarıqlı məşqçi fəaliyyət göstərir. Burada 50-yə yaxın idmançı idmanın sirlərinə yiyələnir. Mən müntəzəm olaraq onunla əlaqə saxlayıram. Buyaxınlarda keçirilən kikboksinq üzrə XIX Azərbaycan çempionatında bu klubun iki idmançısı ikinçi və üçüncü yerlərə layiq görüldü. İnanıram ki, klubumuzun fəaliyyəti bundan sonra daha da inkişaf edəcək. Bölgələrdə gənclərin idmana olan marağı böyükdür. Bu marağın artması üçün hər birimiz əlimizdən gələni əsirgəməməliyik.
- Yeri gəlmişkən, bölgələrdə gənclərin idmana olan marağını artırmaq üçün hansı işlər görülür?
- Bölgələrdə gəncləri idmana cəlb etmək üçün rayonlarda fəaliyyət göstərən gənclər və idman məktəbləri də əllərindən gələni edirlər. Məktəblərdə təşkil olunan idman oyunları, kikboksinqdən bəhs edən videoçarxlar gənclərdə idmana maraq oyadır.
- Bəs klublara müraciət edən kikboksinqlə məşğul olmaq istəyən cənclərdə hansı xüsusiyyətlər əsas götürülür?
- İdmanla məşğul olmaq istəyən gənclərdə, əsasən, fiziki cəhətdən möhkəmlik, cəldlik, dözüm əsas götürülür. İdmançı həm də səbirli, möhkəm iradəyə malik olmalıdır. Bütün bu xüsusiyyətlər bacarıqlı və perspektivli idmançıya lazımdır. Kikboksinq hərbi döyüş növüdür. İdmanla məşğul olan bütün idmançılar kimi, kikboksçuların da amalı bayrağımızı yüksəklərə qaldırmaq, güclü əsgər kimi vətənin keşiyində durmaqdır. Mən tələbələrimə məsləhət görürəm ki, dövlətin, vətənin hər zaman qulluğunda hazır olsunlar. Bu gün tələbələrim arasında dövlət strukturlarında çalışan çox sayda idmançılar var. Kikboksçular həm də narkomaniya və uşaq çinayətkarlığına qarşı çıxış edirlər. Bu, idmançıların həyat şüarıdır. Fəxrlə deyə bilərəm ki, kikboksinq üzrə XIX Azərbaycan campionatında "DİN” İC-in 65 idmançısı fəal iştirak etdi. Kikboksçular arasında 300-ə yaxın idmançı məhz mənim tələbəmdir. Onların əksəriyyətini poliş orqanlarının əməkdaşları və onların övladları təşkil edir.
- Hakim müəllim, tələbələrinizin sayı çoxdur. Bəs onlarla məşğul olmaq çətin deyil ki?
- İnsan istənilən işi həvəslə, sevə-sevə yetinə yetirirsə, bu, onun üçün əziyyətə yox, zövqə çevrilir. Mən zala girərkən özümü çox xoşbəxt hiss edirəm. Tələbələrimi də öz övladım kimi çox istəyirəm.
- Sizcə, yaxşı məşqçi olmağın sirri nədədir?
- Məncə, bütün yaxşı məşqçilər tələbələri ilə həm də yaxın dost olmağı bacarmalıdırlar. Lakin məşq zamanı ciddi rejimə riayət etmək lazımdır. Əgər belə olmasa, yaxşı nailiyyət qazanmaq da mümkün olmaz.
- Siz bir neçə idman klubuna rəhbərlik edirsiniz...Yəqin ki, bütün bunlar ciddi və planlı iş rejiminin nəticəsidir...
- Doğrudur. "DİN” İC-in kikboksinq bölməsində məşqçi kimi fəaliyyət göstərməklə bərabər, "Hakim”, "Fərhad”, "Yardımlı” idman klublarına da rəhbərlik edirəm. Çoxşaxəli fəaliyyətimin əsas səbəbi sənətimi çox sevməyimdir. Hər bir məşqçi işini çox sevməli və məsuliyyətli olmalıdır. Məsuliyyətli məşqçi idmançılara da örnəkdir. Onlar görsələr ki, məşqçi məsuliyyətsizlik edir, məşqə soyuq yanaşar, idmandan soyuyarlar. Mən məşqlərimi böyük həvəslə keçirəm. Bu, mənim üçün əsl zövqdür.
- Hakim müəllim, ən boyük arzunuz nə olub?
- Ən böyük arzum məşqçi olmaq idi. Bu sənəti uşaq vaxtımdan arzulamışdım. Məşqçi olduğum ilk günlər hansı məsuliyyəti, həyəcanı keçirirdimsə, indi də eyni məsuliyyət, eyni həyəcanla işləyirəm. Məşqçilik çətin və məsuliyyətli peşədir. Uşaqların hər birinin müxtəlif psixologiyası, ayrı-ayrı problemləri var. Onların hamısını nəzarətdə saxlamaq, problemləri ilə maraqlanmaq lazımdır. İdmana kiçik yaşlarından müraciət edən uşaqlarla gərək daha səmimi davranasan. Məsələn, onların gündəliklərinə kafi qiymət yazmaq olmaz. Bu, onları həvəsdən sala bilər. Azyaşlı tələbələrim arasında fərqlənən idmançılara kiçik də olsa hədiyyələr verməyi sevirəm. Ümumiyyətlə, çalışıram ki, bütün tələbələrimlə həm də yaxın dost olum. Bu, məşqçi üçün əsas şərtdir. İdmançıları məşq prosesi zamanı zədələnmələrdən, əlavə fiziki gərginlikdən qorumaq lazımdır. Mən məşqlərimi elə təşkil edirəm ki, tələbələrim yorulmasınlar, onların hər məşqi maraqlı keçsin. Elə vaxtlar olur ki, idmançının psixoloji vəziyyəti hansısa problemilə əlaqədar olaraq qənaətbəxş olmur. Biz məşqçilər belə zamanlarda idmançıların ən yaxın dostu olmağı bacarmalıyıq. Yaxşı müəllim idmançının həm də yaxın dostudur.
- Dost sözünün mənasını nədə görürsünüz?
- "Dost” kəlməsinin mənası böyükdür. Dost qazanmaq, dost ola bilmək hər kəsə nəsib olmur. Əlbəttə ki, söhbət əsl dostluqdan gedir. Sevinirəm ki, dost qazana bilmişəm. Lakin deyə bilmərəm ki, dostum çoxdur. Yaşadığım həyat boyu yalnız bir dostum olub. Onunla hərbi xidmətdə tanış olmuşuq və bu günə kimi sözün əsl mənasında dostuq. Hər zaman övladlarımın da yaxın dostu olmaq istəmişəm...
- Hakim müəllim, bəs, övladlarınızın idmançı olmasını istəyərsiz?
- Böyük oğlum Hüseyn 5-ci sinifdə oxuyur. O, şahmat və kikboksinqlə məşğul olur. Kiçik oğlum Rəsul isə 3-cü sinifdə oxuyur və kikboksinq idman növünə maraq göstərir. Oğlanlarımın hər ikisi idmançı olmaq istəyir. Lakin mənim bir ata kimi onlardan tələbim məktəbi yaxşı qiymətlərlə başa vurmaqlarıdır. Düzü, uşaqların hər ikisi əlaçıdır. Bu, məni çox sevindirir. Onlardan tələb edirəm ki, birinci növbədə dərslərini yaxşı oxusunlar, daha sonra idmanla məşğul ola bilərlər. Biz idmançı ailəsiyik. Evdə bütün söhbətlərimiz idmana aid olur. İdmançı olmaq, idmanı sevmək, həm də vətəni sevmək, yaxşı vətəndaş olmağı bacarmaqdır. İstəyirəm ki, övladlarım savadlı, vətənpərvər və mərd böyüsünlər. Uşaqlar kiçik yaşlarından tərbiyə olunurlar. Odur ki, onları elə beşikdə düzgün tərbiyə etmək lazımdır. Evdə yaratdığım bir güşədə ölkə rəhbərimizin rəsmini, bayrağımızı, kubok və medallarımızı düzmüşəm. İstəyirəm ki, uşaqlar vətənpərvər ruhda böyüsünlər və vətənə layiqli övladlar olsunlar. Dünya və Avropa cempionatlarına gedərkən özümlə hər zaman Azərbaycanın bayrağını da aparıram. Həmin bayrağı 8-dən çox beynəlxalq yarışa aparmışam. Uşaqlarım məni hər zaman bayrağımızı, vətənimizi urəkdən sevən bir insan kimi tanıyırlar. Bu isə onların vətənpərvər ruhda tərbiyə olunmasına öz təsirini verir. Uşaqların tərbiyəsində valideyinlərin böyük rolu var. Odur ki, uşaqlara örnək olmaq, onlara hər zaman düzgün yol göstərmək istəyirəm.
- Yəqin ki, siz də valideynlərinizdən çox sey öyrənmisiniz...
- Valideyinlərim gözəl insanlar idi. Onlar bizim sənət seçimimizə, arzularımıza heç vaxt mane olmayıblar. Valideyinlərimə həm də ona görə borcluyam ki, onlar bizə mehribanlığı, səmimiliyi, düzgünlüyü öyrədiblər. Təəssüflənirəm ki, onları tez itirmişik. Anam namaz üstündə dünyasını dəyişib. Bilirəm ki, bu, hamiya qismət olmur. O, çox dindar, imanlı xanım idi. Valideyinlərimin bir çox xüsusiyyətlərini daşıdığıma da inanıram.
- Xasiyyətdən söz düşmüşkən, insanlarda ən çox xoşlamadığınız xüsusiyyətlər hansılardır?
- İnsanların bir-birlərinə ziyan vurmasını qəbul edə bilmirəm. Mən kiməsə pislik etməyi bacarmıram. Belə insanlardan da hər zaman uzaq olmağa çalışıram. Mərdlik, düzgünlük insan üçün ən gözəl xüsusiyyətlərdən biridir. İbadət edə bilməsəm də, qəlbimdə hər zaman Allah eşqi, qorxusu var. Qazandığımız bütün uğurlarda Allahın rzası var. Bunu unutmaq olmaz.
- Hakim müəllim, qazanılan uğurun biri də buyaxınlarda Vyanada ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş yarışda oldu. Kikboksçularımız bu möhtəşəm yarışda yüksək səviyyədə çıxış etdilər... Canlı yayımda yarışa baxarkən sizin necə sevinc hissləri keçirdiyinizin şahidi olduq...
- Bayrağımızın qalxdığı hər bir yarış mənim üçün unudulmazdır. Vyanada keçirilən bu mötəbər yarış isə indiyə qədər keçirilən yarşların ən yaddaqalan və əzəmətlisi idi. Burada tələbəm Ramal Aslanovun uğurlu çıxışı və qailb olması məni çox sevindirdi. Onun bu nailiyyəti qarşısında gözlərim yaşardı... Xatırladım ki, Ramal ötən ilin ən yaxşı idmançısı adını da qazanmışdı. Bu mötəbər yarışı həyəcansız izləmək mümkün deyildi. Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş bu möhtəşəm yarışda idmançılarımızın və biz məşqçilərin bir arzusu, bir amalı var idi: mütləq qələbə qazanmaq. 6:6 hesabı ilə bitən yarışı Azərbaycan idmançılarının qələbəsi saymaq olar. Yarışın yüksək səviyyədə keçirilməsində Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyevin böyük zəhməti var idi. Sevinirəm ki, tələbəm bu mötəbər yarışda kuboka sahib çıxdı. Bu qələbə hər bir azərbaycanlının qələbəsidir. Bir məşqçi kimi zəhmətimin hədər getmədiyinə, idmançılarımızın yüksək nailiyyət qazanmasına görə qürur duyuram. Bütün tələbələrimi övlaqlarım kimi sevirəm. Övladlarım üçün istədiyim ən yaxşı şeyləri idmançılarıma da arzulayıram. Arzu edirəm ki, Allah bütün zəhmətkeş insanların zəhmətini yerdə qoymasın...
Jalə Rzabəyli