“Əgər səndə istək, güc yoxdursa, heç vaxt nailiyyət qazana bilməzsən”

“Əgər səndə istək, güc yoxdursa, heç vaxt nailiyyət qazana bilməzsən”



Respublikamızda idmanın bütün növlərinin inkişafı üçün potensial imkanlar mövcuddur. İdmana və bədən tərbiyəsinə göstərilən dövlət qayğısı nəticəsində bu sahədə əldə olunan uğurların sayı ildən-ilə artır. Azərbaycanın gənc nəsli müxtəlif sahələrdə, o cümlədən idmanda özünün bacarıqlı, güclü olduğunu bütün dünyaya bəyan edir.
Son illər ölkəmizdə kikboksinq idman növünə göstərilən diqqət və qayğı da nəzərəçarpacaq dərəcədə artıb. Ölkədaxili və beynəlxalq yarışlarda çıxış edən yeniyetmə və gənc kikboksçular xüsusi fəallıqları ilə seçilirlər. Ölkədaxili yarışların keçirilməsi kikboksinq növünün inkişafına xidmət edir.
Hər bir idman növündə olduğu kimi, bu növdə də idmançılarımız kifayət qədər uğurlar qazanıblar. Onların bu nailiyyətləri uşaq, yeniyetmə və gənclərin diqqətindən kənarda qalmır.
Özünənməxsus tarixə malik olan kikboksinqin sehrinə düşən idmançılarımızdan biri də Zabit Səmədovdur. May ayının 25-də həmyerlimiz kikboksinqin K-1 versiyası üzrə dünya çempionu olan Badr Hari ilə rinqdə üz-üzə gəldi. İdmançımız əzmkar mübarizə apararaq rəqibini nokautla məğlubiyyətə uğratdı. Yarışdan sonra həmyerlimizlə telefonla bir-başa əlaqə saxladıq. Zabit Səmədov ona ünvanladığımız sualları cavablandırdı.

"Ən böyük amalım üçrəngli
bayrağımızı həmişə yüksəklərə
qaldırmaqdan ibarət olub”

- Zabit, istərdik ki, özün haqqında və idmana gəlişin barədə oxucularımıza məlumat verəsən
- Uşaq vaxtlarımda daha çox döyüş filmlərinə baxırdım. Aktyorların kinolarda göstərdikləri akrobatik hərəkətlər məni idmanla məşğul olmağa sövq etdi. Kikboksinq üzrə məşqlərə başladım və qarşıma bu növdə peşəkar idmançı olmağı məqsəd qoydum.

- Bəs ailə üzvlərin kikboksçu olmağını istəyirdilər?
- Etiraf edim ki, ailə üzvlərim mənim bu qərarıma qəti etiraz edirdilər. Valideynlərim məhz kikboksinqlə məşğul olmağımı istəmirdilər. Bu idman növündə zədələr çox olduğundan, onlara elə gəlirdi ki, həmişə evə zədələnmiş vəziyyətdə gələcəyəm. Lakin vaxt keçdikcə bu qorxular azalmağa başladı. Indi ən böyük dəstəyi mənə ailə üzvlərim verirlər. Düzdür, bəzən təlim-məşq zamanı kiçik zədələnmələr olur. Amma peşəkar idmançı olmaq istəyirsənsə, bu hallara fikir verməməlisən.

- Zabit, bildiyimizə görə, məşqlərini Belarusda davam etdirirsən...
- Bəli. Uşaq vaxtlarımdan Belarusda yaşayıram. Elə idmana da burada başlamışam. Məşqlərimi başqa ölkədə keçsəm də, bütün yarışlarda Azərbaycan bayrağı altında çıxış edirəm. Ən böyük amalım üçrəngli bayrağımızı həmişə yüksəklərə qaldırmaqdan ibarət olub.

- Uzun müddətdir ki, Belarusda yaşayırsan. Bu ölkədə daha çox hansı idman növlərinə üstünlük verilir?
- Belarusda daha çox döyüş növləri inkişaf edib. Burada bu idman növlərinə olan maraq daha çoxdur.

- İlk döyüşünü necə xatırlayırsan?
- İdmana yeni başlayanda müəyyən çətinliklər olur. Rinqdə həm qələbə, həm də məğlubiyyətlə üzləşirsən. Ümumiyyətlə, qalib gəlmək üçün var gücünlə çalışmalısan. Əgər səndə istək, güc yoxdusa, heç vaxt nailiyyət qazana bilməzsən. Buna görə də, yarışda məğlub olan idmançı ruhdan düşməməli, məşqlərini nizamlı surətdə həyata keçirməlidir.

- Ən yadda qalan döyüşün hansı olub?
- Heç vaxt unuda bilməyəcəyim döyüşümü hollandiyalı idmançıya qarşı keçirmişəm. Həmin döyüşdə qalib 3 raundda müəyyənləşməli idi. Lakin qalibi müəyyən etmək mümkün olmadığından raundların sayı artırıldı. Gərgin keçən mübarizənin sonunda qələbə qazandım. Bu qələbəni həm özümə, həm də xalqıma həsr etdim.

- Hazırda kikboksinqin K-1 versiyasında mübarizə aparırsan...
- Artıq müəyyən müddətdik ki, bu versiyada döyüşürəm. Bu versiya üzrə bir neçə döyüşlər keçirmişəm və müəyyən uğurlara imza atmışam. Qarşımda müəyyən məqsədlərim var. Çalışacağam ki, bu arzularımı yerinə yetirim.


"İdmanı seçən gənc heç vaxt
peşman olmaz”

-Yeri gəlmişkən, psixoloji hazırlığın barədə nə deyə bilərsən?
- Bəllidir ki, idmançıların qələbə qazanmasında əsas rol oynayan amillərdən biri də psixoloji hazırlıqdır. Psixoloji cəhətdən hazırlıqlı olmayan atletin nailiyyətlər qazanması, eləcə də, gələcəkdə davamlı qələbələrə yol açması mümkün deyil. Psixoloji cəhətdən sağlam olan idmançı hər zaman qələbə qazanmağa qadirdir. Ümumilikdə, psixoloji vəziyyətim yaxşıdır. Məşqçilər də bu baxımdan mənə böyük dəstək olurlar.

- İdmanda zədələr də qaçılmazdır...
- Doğrudur, idmanda da təhlükəli anlar ola bilir. Deməliyəm ki, hər bir işin mənfi və müsbət tərəfləri var. İdmanın müsbət və mənfi tərəflərini müqayisə etdikdə yaxşı cəhətlərin üstünlük təşkil etdiyinin şahidi oluruq. Təcrübəmə əsaslanaraq, deyə bilərəm ki, idmanı seçən gənc heç vaxt peşman olmaz. Atletlər yarışlarda iştirak edir, beynəlxalq arenalarda ölkəsinin bayrağını yüksəklərə qaldırmaq uğrunda mübarizə aparırlar. İdman həm də insanları mənəvi cəhətdən birləşdirir, onların arasında birlik yaradır.

- Bu yaxınlarda, Avstriyanın paytaxtı Vyana şəhərində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirdə qüvvəni sınadın və adlı-sanlı rəqibini məğlubiyyətə uğratdın. Həmin yarışda qələbə qazanmağını gözləyirdinmi?
- Yarışa çox ciddi hazırlaşmışdım. Bilirdim ki, rəqibim kifayət qədər güclü idmançıdır. Rinqə ancaq qələbə üçün çıxmışdım. Şükürlər olsun ki, istəyimə nail oldum.


"Bu döyüş mənim üçün böyük
əhəmiyyət kəsb edirdi”

- K-1 versiyası üzrə dünya çempionu olan Badr Hari ilə yenidən üz-üzə gəldin və onu məğlubiyyətə uğratdın. Halbu ki, buna qədər rəqibinə iki dəfə məğlub olmuşdun. Bu yarışa necə hazırlaşmışdın?
- Düzdür. Bu döyüşümə qədər iki dəfə rəqibimə məğlub olmuşdum. Qeyd etmək istəyirəm ki, rəqibin təhlükəli olmasının əsas səbəbələrindən biri də onun qollarının uzun olmasıdır. Təsəvvür edin ki, Badrinin qollarının uzunluğu 15 sm məndən çoxdur. Birinci döyüşümdə ağrıdıcı fəndlə rəqibim məni məğlubiyyətə uğratdı. İkinci döyüşümdə isə Badr xal fərqi ilə qalib gəldi. Bu döyüşdən sonra məyus olmuşdum. Yarış təşkilatçılarından bir nəfər mənə yaxınlaşıb yenidən Badr Hari ilə döyüşmək istəyib-istəmədiyimi məndən soruşdu. Məğlubiyyətlərin əvəzini çıxmaq üçün yenidən döyüşmək qərarına gəldim və razılığımı verdim.

- Qalib gələcəyini düşünürdünmü?
- Düzü, rinqə çıxmamışdan qabaq bir az həyəcanlı idim. Lakin rinqə çıxandan sonra həyəcan geridə qaldı. Yalnız qələbə haqqında düşünürdüm. Bu döyüşdə mütləq qələbə qazanıb mənə olan ümidləri doğrultmalı idim. Döyüş tamamilə mənim üstünlüyüm şəraitində keçdi. Bir neçə dəfə Badrini noqdaun vəziyyətinə saldım. Lakin o, yenidən döyüşü davam etdirə bildi. Buna baxmayaraq, sonda rəqibimə nokautla qalib gələrək ona heç bir şans vermədim.

- Bu qələbədən sonra, yəqin ki, səni təbrik edənlər çox oldu...
- Əlbəttə. Bu döyüş mənim üçün böyük əhəmiyyət kəsb edirdi.


"Artıq karyeramı Azərbaycanda
davam etdirmək fikrim var”

- K-1 versiyası ölkəmizdə digər növlərə nisbətən yeni inkişaf yoluna qədəm qoyub. Bu versiya üzrə döyüşən idmançılarımızın sayı azdır. K-1-in Azərbaycanda inkişaf etdirilməsi üçün hansı işləri görməyi planlaşdırırsan?
- Artıq karyeramı Azərbaycanda davam etdirmək fikrim var. Yəqin ki, ölkəmizə qayıtdıqdan sonra bu idman növünün inkişaf etdirlməsi üçün əlimdən gələni əsirgəməyəcəm.

- İdmanda əsas məqsədin nədir?
- Uğurla çıxış etmək və medal qazanmaq. Əlbəttə, bu, heç də asan deyil. Mənim üçün əsas olan amillərdən bir də dövlətimizin milli atributlarından sayılan bayrağımızı həmişə yüksəklərə qaldırmaqdır. Birinci yeri tutduğum yarışda bayrağımız qalxanda, himnimiz səslənəndə qürur hissi keçirirəm.

Zaur Mehtiyev