Azərbaycan Respublikasında gənclər siyasəti gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında Azərbaycan xalqının tarixi-mədəni irsinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, onların cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakının təmin edilməsi, intellektual və yaradıcılıq potensialının ümummilli məsələlərin həllinə yönəldilməsi istiqamətində aparılır.Uşaq və gənclərin sağlam və vətənpərvər ruhda böyüməsi, onların fiziki və mənəvi inkişafı, milli ruhda tərbiyələndirilməsi, eləcə də geniş dünyagörüşünə malik, istedadlı və bacarıqlı nəslin yetişdirilməsi ölkə rəhbərliyinin həmişə diqqət mərkəzində olan məsələlərdəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu ilin ölkəmizdə "Uşaq ili” elan edilməsi ilə bağlı verilən Sərəncamında da gənc nəslin tərbiyə və təhsili bu günün vacib məsələlərindən biri kimi göstərilib. Azərbaycan dövlətinin elm, təhsil, idman sahəsində apardığı islahatlar cəmiyyətin siyasi, iqtisadi və mədəni səviyyəsi ilə birbaşa bağlı olub, nəticə etibarilə yeni nəslin sağlam və hərtərəfli formalaşmasına xidmət edir. Sağlam bədənə, təmiz əxlaqa və intellektual düşüncəyə yiyələnmiş, vətənpərvər nəslin hazırlanması ölkəmizdə məqsədyönlü və ardıcıl şəkildə həyata keçirilir. Bunun üçün cəmiyyətin əsas-təhsil, idman, səhiyyə sahələri öz işlərini kompleks və sistemli şəkildə qurmağa çalışırlar. Təcrübə göstərir ki, bu məsələnin düzgün həllində ailə, məktəbəqədər tərbiyə müəssisələri, orta məktəblər, ali təhsil ocaqlarının birgə və səmərəli fəaliyyəti istənilən nəticənin alınmasında əsas amil rolunu oynayır. Müasir dövrümüzdə uşaqların və gənclərin sağlam böyüməsi, vətənə layiqli övlad kimi yetişməsi, vətəni müdafiəyə hazır olmasında belə bir qarşılıqlı əlaqəyə böyük ehtiyac var. Çünki qəbul edilən islahatlar böyüməkdə olan gənc nəslin təlim-tərbiyəsində, onların əsl insan kimi formalaşmasında, vətənpərvər böyümələrində cəmiyyətin bütün sahələrinin fəal iştirakını tələb edir. Əsası məktəbəqədər tərbiyə müəssisələrində qoyulan bu işin səmərəli təşkili müasir pedaqoji dəyərlərə söykənir. Dövlətimizin təhsil sahəsində verdiyi qanunda mənəvi zənginliyi, əxlaqi saflığı, fiziki kamilliyi ahəngdar surətdə özündə birləşdirən yeni insan tərbiyəsi mühüm vəzifə kimi qarşıya qoyulmuşdur. Bu baxımdan, fiziki cəhətdən sağlam, məntiqi təfəkkürə malik vətənpərvər uşaqların tərbiyə edilməsi məktəbəqədər tərbiyə müəssisələrindən böyük məsuliyyət tələb edir. Gəlin etiraf edək ki, uşaqlar bizim sevincimiz, xoş arzularımızdır. Onlar bizim gələcəyimizdir, ümidlərimizdir. Dövlətimizin, xalqımızın gələcək müqəddaratı məhz uşaqların əlindədir. Şübhəsiz ki, gələcəyimizin etibarlı əllərdə olması üçün bütün qüvvələr səfərbər edilir, kompleks tədbirlər həyata keçirilir. Valideynlər, təhsil müəssisələri, elm ocaqları əl-ələ verərək bu mühüm və əhəmiyyətli məsələnin həllində böyük səy göstərirlər.Tədqiqatlar göstərir ki, kiçkyaşlı uşaqların fiziki və mənəvi inkişafı, onların istetdad və qabiliyyətlərinin üzə çıxarılması, vətənpərvər insan, şəxsiyyət kimi formalaşmasında məktəbəqədər təhsil müəssisələrinin rolu danılmazdır. Hazırda ölkəmizdə 300-dən artıq məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Sevindirici haldır ki, həmin müəssisələrdə müasir təlim texnologiyalarının tətbiqi sahəsində mühüm işlər görülür, bir sıra mühüm tədbirlər həyata keçirilir.Bakının Yasamal rayonundakı 121 saylı körpələr evi-uşaq bağçası öz işini günün tələbləri səviyyəsində quran və uşaqların təlim-tərbiyə prosesində nümunə ola biləcək bağçalardan biridir. "Olimpiya dünyası” qəzeti olaraq həmin bağçanın müdiri, "Maarif əlaçısı” döş nişanı və Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi” medalına layiq görülən Şəhla xanım Məmmədova və metodist-tərbiyəçi müəllim, "İlin baş tərbiyəçisi”, "İlin müəllimi” titullarını alan Esmira xanım Ağayeva ilə bu barədə geniş söhbətimiz oldu.Şəhla xanım rəhbərlik etdiyi təlim-tərbiyə müəssisəsinin bu sahədə vəzifələri, məqsədləri və gördüyü işlər haqqında danışdı. Qeyd edim ki, Şəhla xanım son dərəcə səmimi və mehriban insandır. Yaxşı təşkilatçı və rəhbər olmaqdan əlavə, həm də ətrafındakı insanlarla dil tapmağı bacarır. Obyektivliyi ilə diqqəti çəkən Ş.Məmmədova öz işinə və başqalarına qarşı çox təbəbkardır. O, tərbiyə etdiyi uşaqları öz övladlarından ayırmır, onların bilik və bacarıqlarının artmasına, milli və vətənpərlik ruhunda tərbiyə edilməsinə böyük səy göstərir.
- Şəhla xanım, 121 saylı körpələr evi uşaq bağçası nəinki Yasamal rayonunda, ümumiyyətlə, Bakı şəhərində nümunəvi məktəbəqədər tərbiyə müəssisələrindən biridir. Sizcə, uğurlarınızın səbəbi nədir - sizin bir rəhbər kimi vətəndaşlıq borcunuz, peşəkarlığınız, yoxsa uşaqlara olan məhəbbətiniz? - Mən bir pedaqoq, bir rəhbər kimi öz işimi sevirəm. Uşaqları sevirəm. Çünki onlar bizim gələcəyimizdir. Bu günün uşaqları sabahın gəncləridir. Gənclik öz təyinatını o vaxt müvəffəqiyyət və uğurla yerinə yetirir ki, cəmiyyət və hakimiyyət onu dəstəkləsin, tələblərinə qayğı və diqqətlə yanaşsın. Təqdirəlayiq haldır ki, dövlətimiz uşaqlara və gənclərə böyük diqqət ayırır, daim onların problemləri ilə maraqlanır. Beləliklə, biz böyüməkdə olan nəslin inkişafı və sağlamlığına xərc qoymaqla, möhkəm dayaqları olan qüdrətli dövlət və ölkənin təməlini yaratmış oluruq.
- Sizin həyatınız, təcrübəniz bir məktəbdir, həyat məktəbi. Həyat yolunuzdan danışın...
- Mən 1948-ci ildə Bərdə rayonunda doğulmuşam. 12 yaşına qədər burada yaşamışam. Əslən bakılıyam, köhnə "Sovetski” (Dağlı məhəlləsi) məhəlləsində böyümüşəm. Qeyd edim ki, Bərdə torpağı ilə bağlı gözəl xatirələrim var. Oxuduğum orta məktəb, müəllimlərim heç yadımdan çıxmır. Çox sağ olsun, Mehriban xanımı. Buyaxınlarda eşitdim ki, Bərdə rayonunda oxuduğum orta məktəb əsaslı təmir edilib. Təmiz uçulub, dağılmışdı. Ümumiyyətlə, Heydər Əliyev Fondu bu istiqamətdə əsaslı işlər görür: orta məktəblər əsaslı təmir və bərpa edilir, yeniləri tikilir. Bu, dövlətimizin təhsilə, elmə verdiyi diqqət və qayğının bir təzahürüdür. Hələ orta məktəbdə oxuyanda müəllimliyə sənətinə böyük həvəsim var idi. Orta məktəbi qurtardıqdan sonra sənədlərimi V.İ.Lenin adına Dövlət Pedaqoji İnstitutunun (indiki Tusi adına Azərbaycan Pedaqoji Universiteti) məktəbəqədər tərbiyə fakültəsinə verdim və qəbul olundum. Beş il 36 saylı bağçada tərbiyəçi işlədim. Həmin baççanın müdiri Səkinə xanım Məcidova mənim işimi, pedaqoji fəaliyyətimi çox bəyənirdi. Təcrübəli maarif işçisi gənc kadr kimi mənə böyük diqqət göstərirdi. 40 ildən artıqdır ki, 121 saylı bağçaya rəhbərlik edirəm. İşimə, peşəmə çox vurğunam. Mən uşaqlarla nəfəs alıram. Sizə nə deyim, gördüyümüz işlər göz qabağındadır. Qazandığımız uğurlar bizi daha yaxşı, məsuliyyətlə işləməyə ruhlandırır.
"Xəmiri yaxşı yoğursan, çörəyi də keyfiyyətli və ləzzətli olacaq”
Deyirlər ki, uşağın beyni ağ kağız kimidir, nə yazırsan, o da həkk olunur. Çörəkçilər yaxşı bilir ki, təndirdə və yaxud kürədə bişirilən çörəyin keyfiyyəti yoğrulan xəmirdən, onun mayasından çox asılıdır. Deməli, xəmiri yaxşı yoğurmusansa, çörəyi də keyfiyyətli və ləzzətli olacaq. Uşaqlar da belədir. Onların "xəmirləri” də bağçalarda yoğrulur. Bağçalar, məktəbəqədər tərbiyə müəssisələri uşaqların və körpələrin həyat, dünya, elm, təhsil və s. haqqında ilkin təsəvvürlərinin formalaşdığı baza rolunu oynayır. Bir sözlə, təlim-tərbiyənin əsası bağçalarda, məktəbəqədər təlim-tərbiyə müəssisələrində qoyulur. Bu müəssisələr onların gələcəyi üçün mühüm rol oynayır. Uşaqların gələcəyi etibarlı əllərdə olmalıdır. Bu baxımdan, peşəkar, öz işini bilən, savadlı, istedadlı tərbiyəçilərə böyük ehtiyac var. Düşünürəm ki, pedoqoji nöqteyi-nəzərdən ali təhsil ocaqlarında və orta ixtisas məktəblərində məktəbəqədər tərbiyə fakültələrinin sayının artırılmasına böyük ehtiyac var.
- Uşaqların təlim-tərbiyə prosesində tərbiyəçilər öz işlərini necə qururlar?
- Tərbiyəçi və tərbiyəçi-müəllimlər öz üzərilərində çox işləyirlər. Bəzilərinə elə gəlir ki, körpələrlə və uşaqlarla işləmək asandır. Amma belə deyil. Bu, çox çətin və məsuliyyətli işdir və insandan gərgin zəhmət, səbir, peşəkarlıq tələb edir.
- Bağçada neçə uşaq və qrup var?
- Hazırda bağçada 220 uşaq təlim-tərbiyə alır. Ümumilikdə, bizdə 8 qrup (4 qrup Azərbaycan bölməsi, 4 qrup rus bölməsi) fəaliyyət göstərir. Bağçanın binası 2008-ci ildə əsaslı təmir olunub. Təsəvvür edin ki, təmir işlərindən sonra otaqların sayı çoxaldılsa da, bağçaya müraciət edənlərin sayı çox olduğu üçün yenə də yer azlıq edir. Tələbat çoxaldıqca problemlər də yaranır. Yer olmadığından xahişə gələn valideynləri geri qaytarmalı oluruq.
İndi başımız çox qarışıqdır. Tədbirlərimiz çoxdur. Buyaxınlarda ümummilli lider Heydər Əliyevin 90 illik yublieyi və Gül bayramı ilə bağlı tədbirmiz oldu. Bu gün 28 May-Respbulika Günü və 1 İyun- Beynəlxalq Uşaqların Müdafiəsi Günü ilə bağlı tədbirimiz olacaq. Sonra isə bağçanın məzunlarının buraxılış gecəsi olacaq. Qeyd edim ki, hər il təxminən 70-80 uşağı bağçadan məktəbə yola salırıq.
- Şəhla xanım, sizcə, valdieynlərin çoxu uşaqlarını niyə məhz bu bağçaya qoymaq istəyirlər?
- Nə deyim, hər şey göz qabağındadır. İşləyirik də. O yerə tələbat çox olur ki, orada keyfiyyətli iş gedir, körpələrə, uşaqlara diqqət var, qayğı var. Onların hər birini öz övladımız kimi sevirik. Təvazökarlıqdan uzaq olsa da, burada iş prinsipi, pedaqoji təcrübə, təşkilatçılıq bacarığı da mühüm rol oynayır.
- Hazırda torpaqlarımızın 20 faizi işğal altındadır. Bununla bağlı uşaqlarda milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi ilə bağlı hansı tədbirlər həyata keçirilir?
- Çox yaxşı mövzuya toxundunuz. Bu, bizim hər birimizin ağrılı yerimizdir. Bu gün hər bir Azərbaycan vətəndaşı çalışdığı sahədən, tutduğu vəzifədən asılı olmayaraq, bacardığı qədər öz gücünü, qüvvəsini səfərbər etməlidir. Hər zaman, hər dəqiqə vətənin müdafiəsinə hazır olmalıyıq. Bu, bizim vətəndaşlıq borcumuzdur. Torpaqlarımızın 20 faizinin düşmən tapdağı altında qaldığı bir vaxtda xalqımızın fiziki və mənəvi cəhətdən sağlam, savadlı, vətənpərvər, ölkəsinin milli-mənəvi dəyərlərinə, tarixinə, mədəniyyətinə ehtiram göstərən uşaqlara və gənclərə ehtiyacı böyükdür.
2 il bundan əvvəl vətənpərvərlik mövzusunda böyük bir tədbir keçirdik. Tədbir yüksək səviyyədə və dəyirmi masa şəklində təşkil edildi. Bakının 11 rayonundan nümayəndələr bu tədbirdə iştirak edirdilər. Bakı Şəhəri İcra Hakimiyyətindən, Təhsil Nazirliyindən, Bakı Təhsil İdarəsindən də nümayəndələr var idi. Təhsil Nazirliyinin nümayəndəsi tədbirin videoyazısının digər təlim-tərbiyə müəssisələrində yayılması təklifi ilə çıxış etdi.
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı geniş tədbirlə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bizə təşəkkürnamə verildi. Sağ olsunlar, əməiyimizi qiymətləndirirlər. Amma sizə deyim ki, heç bir təmannamız yoxdur. Bir vətəndaş, bir pedaqoq kimi öz işimizi görürük. Bizim üçün əsas və vacib məsələ uşaqların düzgün təlim-tərbiyəsi, onların gələcək həyata hazırlanmasıdır. Vətənpərvərlik mövzusunda bir ay bundan əvvəl gözəl tədbirimiz oldu. İdeya müəllifi Esmira xanım idi. Mövzu belə adlanır: "Canım - Azərbaycanım”. Metodist-tərbiyəçi Esmira xanım bu haqda sizə ətraflı danışacaq.
Növbəti müsahibimiz Esmira xanımdır. Esmira xanım Ağayeva Yasamal rayonu 121 saylı körpələr evi uşaq bağçasında metodist-tərbiyəçi işləyir. O, 1949-cu ildə Bakı şəhərində anadan olub. 132 saylı orta məktəbi bitirib. Orta məktəbi qurtaran kimi sənədlərini V.İ.Lenin adına Dövlət Pedaqoji İnstitutuna (Tusi adına Azərbaycan Pedaqoji Universiteti) verib. İnstitutun axşam şöbəsinə qəbul olunduğu üçün işləmək məcburiyyətində qalıb. Əvvəlcə Nərimanov rayonundakı 81 saylı bağçada tərbiyəçi köməkçisi kimi çalışıb. 6 ay burada işlədikdən sonra tərbiyəçi işləyib. 3 ildən sonra isə adıçəkilən bağçada metodist kimi fəaliyyət göstərib. Onun rəhbərliyi ilə təşkil edilən metodiki kabinet Bakı şəhəri üzrə keçirilən müsabiqədə 1-ci yerə layiq görülüb. Fəxri diplomların və mükafatların sahibidir. "Mən uşaqları çox sevirəm və həyatımı onlarsız təsəvvür etmirəm”
- Esmira xanım, bu peşəni öz arzunuzla seçmisiniz?
- Biz ailədə üç qız olmuşuq. Atam hərbçi idi. Onun arzusu ilə üçümüz də məktəbəqədər tərbiyə fakültəsində oxumuşuq, elə bu sahə üzrə də işləyirik. Mənim arzum həkim olmaq idi. Amma bu sənətə gəldiyimə görə peşman deyiləm. Öz işimi sevirəm, uşaqları sevirəm. Onlar insana yaşamaq üçün qol-qanad verir, ruh verir.
- Bildiyimə görə, həddən çox tələbkar insansınız. Bu, sizə mane olmur ki?
- Bəli, nəinki başqalarına qarşı, özümə qarşı da çox tələbkar insanam. Orta məktəbdə dərslərimi yaxşı oxuyurdum, əlaçı idim. Qarşıma məqsəd qoymuşdum: sinifdə heç kəs məndən qabağa keçməməlidir, mən birinci olmalıyam, vəssalam. İndi də eləyəm. Çox şadam ki, Şəhla müəllimə ilə birlikdə işləyirəm. Bu sahədə maraqlarımız, fikirlərimiz üst-üstə düşür. Biz institutda bir qrupda oxumuşuq axı. Deyirlər ki, tək əldən səs çıxmaz. Bəlkə də, ayrı-ayrılıqda indi əldə etdiyimiz uğurlara, nailiyyətlərə çata bilməzdik.
Düşünürəm ki, orta məktəb bazası hər bir kəsin həyatında önəmli rol oynayır. Öz təcrübəmə əsasən deyirəm ki, orta məktəbdə yaxşı oxuyan şagird işlədiyi sahədə heç bir çətinlik çəkmir, həmişə müvəffəqiyyət qazanır. Çünki bağça da, məktəb də insanın bir şəxsiyyət kimi formalaşmasında, vətəndaş kimi yetişməsində, vətənə, cəmiyyətə layiqli övlad kimi yetişməsində mühüm rol oynayır.
-Bağçada işləmək çox çətindir?
- Çətindir. Bilirsiniz, niyə? Bayaq dediyim o bazanın, əsası məhz bağçada qoyulur. Bağçadan işləyən pedaqoqdan, tərbiyəçidən böyük məsuliyyət tələb olunur. Burada gərək həm rəssam, ədəbiyyatçı, musiqiçi, riyaziyyatçı və s. olasan, üstəlik uşaqlarla dil tapmağı bacarasan, onları sevəsən, nazı ilə oynayasan. Bu iş tərbiyəçi-müəllimlərdən uşaqları sevmək, onların qayğısını çəkmək, peşəkarlıq, işə yaradıcı münasibət, sağlam təfəkkür və fantaziya tələb edir. Yaxşı tərbiyəçi 2 yaşında bağçaya gələn uşağa elə tərbiyə verir ki, bu, onun sonrakı taleyində öz izini qoyur. İndi təhsil sistemində məntiqi təfəkkürə böyük yer verilir. Bu, məktəbəqədər tərbiyə müəssisələrinin məsuliyyətini birə beş artırır. Bağçada tədris prosesi çox mürəkkəbdir. Lakin biz öz işimizi günün tələbləri səviyyəsində qurmağa çalışırıq. Çalışırıq ki, öhdəmizə düşən işi layiqincə yerinə yetirək, körpələrin, uşaqların əsl insan kimi tərbiyəsi, şəxsiyyət kimi formalaşması işini lazımi qaydada aparaq. Ölkə başçısı bütün sahələr kimi, təhsilə də böyük diqqət və qayğı göstərir. Məktəbəqədər tərbiyə müəssisələrinin fəaliyyəti üçün hər cür şərait yaradılıb. Dövlətimizin təhsilə, təhsil işçilərinə diqqət və qayğısı bizi işimizə daha məsuliyyətlə yanaşmağa ruhlandırır. Nə gizlədim, bu cür yüksək səviyyədə diqqət və qayğını görəndə adam yenidən gənc olmaq istəyir (gülür). İşləmək, yenə də işləmək istəyirsən. Mən uşaqları çox sevirəm, həyatımı onlarsız təsəvvür etmirəm. Uğurlarımız, nailiyyətlərimiz olanda, uşaqlarımızın xoş xəbərlərini eşidəndə ürəyimiz dağa dönür. həvəsimiz artır.
- Esmira xanım, təcrübənizi gənc nəslə öyrədirsinizmi?
- Əlbəttə, bunsuz mümkün deyil. Hər bir insan bildiklərini, həyat təcrübəsində öyrəndiklərini kiməsə öyrətməlidir. Kollektivimizdə gənc, istedadlı kadrlar çoxdur. Bildiklərimizi onlara öyrətməyə çalışırıq. Uşaqlar bizim gələcəyimizdir. Gəlin onları qoruyaq, yaxşı tərbiyə edək...
"Vətənin hər qarış torpağı əzizdir, müqəddəsdir”
- Uşaqların təlim-tərbiyəsində hansı meyarları əsas götürürsünüz?
-Torpaqlarımızın işğalı nəticəsində 1 milyondan artıq insan ev-eşiklərini tərk edib. Xalqımız müharibə şəraitində yaşayır. Bu baxımdan, biz təlim-tərbiyə və tədris prosesində vətənpərvərlik hisslərinin tərbiyəsinə çox böyük diqqət yetiririk. Çünki bu məsələ günümüzün aktual məsələlərindəndir. Vətənpərvərlik deyəndə biz anaya, vətənə, torpağa, təbiətə məhəbbət hisslərini başa düşürük. Vətənpərvərlik uşağın yaşadığı küçəyə, evə sevgisini ifadə edir. Biz uşaqlara tərbiyə prosesində başa salırıq ki, vətənin hər qarış torpağı əzizdir, müqəddəsdir. Onu qorumaq, sevmək lazımdır. Küçəni, həyəti zibilləmək və zibilləyənlərə də imkan vermək olmaz. Vətənpərvərlik hər birimizin, qanında-canında olmalıdır. Özüm çox vətənpərvər insanam. Vətənpərvərliklə, Qarabağ mövzusu ilə bağlı çoxdandır beynimdə bir ideya gəzirdi. Həmişə bu barədə düşünürdüm, ssenarini də hazırlamışdım. İki il həmin ssenari stolumun üstündə qaldı. İdeya "Canım - Azərbaycanım” adlanırdı. Nəhayət ki, 1 ay bundan əvvəl bu arzum reallaşdı. "Canım - Azərbaycanım” musiqili-ədəbi tədbir tərəfimizdən yüksək səviyyədə təşkil edildi. Tədbirin təşkilində Yasamal rayonu şahmat məktəbinin bizə çox köməyi oldu. Çünki ssenariyə görə, burada əsas hadisələr şahmat taxtası üzərində gedir. Ssenari belədir: çox qədim zamanlarda iki qonşu şahlıq olub. Bunlardan biri "Ağ şahlıq”, biri isə "Qara şahlıq” idi. "Ağ şahlıq”da mehriban, səmimi insanlar yaşayır, ağ libasda gəzərmişlər. "Qara şahlıq”da isə qara qüvvələr hökm sürərmiş. Şahla birgə, buranın insanları da zalim və qaniçən imiş. Həmişə qara libasda gəzər, qonşulara pislik edərmişlər. Nə qədər torpaqlar çapıb-talasalar da, həmişə ac-yalavac yaşarmışlar. Nəfsi ilə bacarmayan "Qara şahlıq” bir gün yenə "Ağ şahlığ”a hücum edir. Təbillər çalınır, hamı silaha sarılır. Hər iki tərəf qanlı müharibəyə hazırlaşır. Bu zaman bir müdrik qoca çıxır və deyir: "Müharibə, qanlı savaş heç kimə xeyir gətirmir. Gücünüzü xeyirli işlərə sərf edin. Mən sizə vəziyyətdən çıxış yolunu deyərəm”. Sonra müdrik qoca torbasından şahmat taxtası çıxarıb: "Təsəvvür edin ki, şahmat taxtasındakı ağ və qara damaların hərəsi bir kənd, şəhərdir. Burada, vəzirlər, fillər, atlar, toplar və piyadalar var. Bu oyun "Şahmat” adlanır. Kim bu oyunu udsa, qalibiyyət də, torpaqlar da onun olacaq”.
- Deməli, düşmənə güclə deyil, məntiqlə, təfəkkürlə qalib gəlmək daha məqsədəuyğundur?
-Təsəvvür edin, ssenariyə görə səhnənin sonunda biz şahmat fiquru üzərində Qarabağı düşməndən geri aldıq. Mənfur qonşularımızı "mat” etdik. Onları intellektimiz, məntiq və düşüncəmizin köməyi ilə məhv etdik. Bu oyun vasitəsilə uşaqlara başa saldıq ki, bizim ölkəmiz müharibə istəmir, biz yalnız öz torpaqlarımızın azad olunmasını istəyirik və buna nail olacağıq. İnanırıq ki, Azərbaycan Respbublikasının Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi və uzaqgörən siyasəti nəticəsində milli ordumuz tezliklə torpaqlarımızı azğın düşməndən xilas edəcək və qaçqınlar və məcbüri köçkünlər öz evlərinə-eşiklərinə qayıdacaqlar.
- Esmira xanım, öz övladlarınızı hansı ruhda tərbiyə edirsiniz?
- Bir ana kimi fəxr edirəm ki, övladlarıma verdiyim tərbiyə hədər getməyib. İki qızım, bir oğlum var. Hamısı vətənə çox bağlıdır. Oğlum hazırda Amerikada yaşasa da, ürəyi həmişə Azərbaycanla döyünür. İş yerində və evində bayrağımızı ən uca yerdə saxlayır. Bu, məni bir ana, bir vətəndaş kimi çox sevindirir.
- Təcrübəli maarif işçisi, bir pedaqoq kimi müasir gəncliyi, uşaqları necə görmək istərdiniz?
- Arzu edirəm ki, uşaqlarımız vətənin hər qarış torpağının qədrini bilsinlər, onun üçün canlarını fəda etməyə hazır olsunlar. Bu, birinci və əsas şərtdir. Sonra bilikli, savadlı, geniş dünyagörüşünə malik olsunlar. Ata-anaya məhəbbət, böyüklərə hörmət, qocalara və əlillərə mərhəmət hisslərini özlərində tərbiyə etsinlər. Vətəni sevsinlər, onu göz-bəbəyi kimi qorusunlar.
Səadət Hakıyeva