Fərhad Ələsgərov: “Əsas məqsədimiz sağlam həyat tərzini təbliğ etməkdir”

Fərhad Ələsgərov: “Əsas məqsədimiz sağlam həyat tərzini təbliğ etməkdir”


Ölkəmizdə bədən tərbiyəsi və idmanın kütləviləşməsinə, gənclərin fiziki və mənəvi hazırlıqlarının yüksəldilməsinə dövlət səviyyəsində diqqət və qayğı göstərilir. Məhz bunun nəticəsidir ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb. Respublikamızda Olimpiya Hərəkatının təbliği və genişləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. İdman sahəsində dövlət səviyyəsində aparılan uğurlu siyasətin məntiqi nəticəsi olaraq təmsilçilərimiz bir sıra mötəbər yarışlardan vətənə medallarla dönürlər. Bununla yanaşı, respublikamız müxtəlif idman növləri üzrə beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi də edir. Təsadüfi deyil ki, ölkəmizə səfər edən bir sıra beynəlxalq idman təşkilatlarının nümayəndələri Azərbaycanda idmanın inkişafını yüksək qiymətləndirirlər. Ölkəmizdə idmanın maddi-texniki bazasının gücləndirilməsi üçün paytaxtda və respublikamızın müxtəlif bölgələrində müasir standartlara uyğun Olimpiya idman kompleksləri, idman qurğuları tikilərək, gənclərin istifadəsinə verilib. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin bu istiqamətdə apardığı məqsədyönlü siyasət nəticəsində mümkün olmuşdur.
Sevindirici haldır ki, ölkəmizdə Olimpiya idman növləri ilə yanaşı, qeyri-olimpiya idman növlərinə də diqqət göstərilir. Təmsilçilərimiz hər il qeyri-olimpiya idman növləri üzrə keçirilən ölkədaxili və beynəlxalq yarışlarda uğurlu nəticələr qazanırlar.
Bu gün ölkəmizdə bir sıra şərq döyüş növləri geniş tədris olunur. Qədim tarixə malik aykido idman növü də ölkəmizdə böyük populyarlıq qazanıb. Bu idman növü XX əsrin ortalarında Yaponiyada yaradılıb və inkişaf etdirilib. Aykido bir çox şərq döyüş növlərinin sintezini özündə cəmləşdirib. Sülhə xidmət edən idman növü kimi dəyərləndirilən aykido daxili və xarici mühit arasında harmoniya yaradır. Bu gün ölkəmizdə aykidoya böyük maraq var. Respublikamızda bu idman növünün yaradıcısı V dan qara kəmər sahibi, Azərbaycan Aykido Federasiyasının prezidenti Fərhad Ələsgərovdur. Bugünlərdə Fərhad müəllimlə görüşərək, aykidonun ölkəmizdə inkişafı, bu idman növünün fəlsəfəsi, federasiyanın qarşıdakı planları ilə bağlı müsahibə aldıq.

- Fərhad müəllim, bildiyimizə görə, aykido idman növü ilə uzun illərdir ki, məşğul olursunuz və bu idman növünün ölkəmizdə yaradıcısı məhz sizsiniz. İstərdik ki, aykidonun fəlsəfəsi ilə bağlı oxucularımıza məlumat verəsiniz.

- Bu idman növü XX əsrin ortalarında Yaponiyada dahi ustad Morihey Ueşiba (1883-1969) tərəfindən yaradılaraq inkişaf etdirilib. O, gənc yaşlarından bir çox döyüş növlərinə maraq göstərib və daima ən güclü döyüş növünün axtarışında olub. Sonralar ustad Ueşiba Dequçi Vanisaburo adlı bir insanla tanış olur və onun fəlsəfi təlimlərindən bəhrələnir. Ueşiba əvvəllər məşq etdiyi və yalnız texnikadan ibarət ayki-citsu və başqa döyüş növlərinə "do” prinsipini əlavə edərək, dərin fəlsəfəyə malik yeni döyüş növü yaradır. Ustadlardan biri ilə fəlsəfi söhbətdən sonra o dərk edir ki, həyat kiminsə şəxsiyyətini alçaltmaq, üzərində qələbə qazanmaq yox, özündə olan bütün mənfi cəhətlər üzərində qələbə qazanmaqdan ibarətdir. Ueşibanın yaratdığı döyüş növünə 1942-ci ildə ilk dəfə, aykido adı verilib. Aykido texnikasının spesifik cəhəti ondan ibarətdir ki, hücum edənin gücündən onun özünə qarşı istifadə edilir. Aykidoda hücum anlayışı yoxdur, bu növ yalnız müdafiə xarakteri daşıyır. Bu döyüş növündə hücum anlayışı olmadığı üçün bu növ üzrə yarışlar da keçirilmir. Aykidoçular məşq etdikcə fiziki inkişafla yanaşı, ruhun inkişafına, elcə də təbiət qanunlarının dərk edilməsinə xüsusi diqqət yetirirlər. Yaşından asılı olmayaraq, hər kəs aykido ilə məşğul ola bilər. Bu növlə həm də sağlamlığında problem olan şəxslər məşğul ola bilərlər. Onurğa sütununda, ürək-damar, tənəffüs sistemində, oynaqlarda problemləri olan insanlar xüsusi hərəkətlərin köməyi ilə şəfa tapa bilərlər. Bundan başqa, bu növlə məşğul olmaq daxili gərginliyin, sarsıntı və nevroz vəziyyətlərinin aradan qaldırılmasına kömək edir.


- Yəni demək olar ki, aykido idman növü sağlam nəslin formalaşmasına xidmət edir?

- Əgər insan hər hansı bir işdə qələbə qazanmaq istəyirsə, ilk növbədə, özü üzərində qələbə qazanmalıdır. Yəni insan əvvəlcə öz nəfsinə qalib gəlməli, pis niyyətlərdən, neqativ düşüncələrdən azad olmalıdır. Aykido ilə məşğul olan insanlar mənfi enerjidən uzaqlaşır və cəmiyyətdə sağlam fikirli bir insan kimi yetişirlər. Aykido döyüş növlərinin "şahı” hesab edilir. O, əsasən, qədim döyüş növü olan ciu-citsu, sumo, qılınc və nizə təlimlərindən qaynaqlanır. Bu idman növündə digər döyüş növlərindən fərqli olaraq, çəki dərəcəsi yoxdur. Bundan əlavə, bu növdə fiziki güc anlayışı da rol oynamır. Aykido fəndlərini mükəmməl bilən insan fiziki güc sərf etmədən rəqibinə asanlıqla qalib gələ bilər. Bu idman növü özünümüdafiə xarakteri daşıyır. Burada döyüş, əsasən, hücum texnikası üzərində deyil, müdafiə texnikası üzərində qurulur. Bir məsələni də qeyd edim ki, bəzən çoxları özünümüdafiəni sırf güclü rəqibdən müdafiə olunmaq kimi başa düşürlər. Amma bu növün fəlsəfəsində məqsəd insanın özünü pis vərdişlərdən müdafiə etmək və sağlam düşüncə tərzini formalaşdırmaqdır. Bir çox insanlar aykido ilə sağlamlıqlarını qorumaq üçün məşğul olurlar. Aykido sözündəki "ay” harmoniya, "ki” daxili enerji, "do” isə bu növü öyrədən elm mənasını verir. Yəni aykido insanın daxili harmoniyasından bəhs edən döyüş növüdür. Bu növ öz fəlsəfəsi ilə insanın daxili və xarici aləmi arasında bir vəhdət təşkil edir. Bu növlə məşq zamanı insan orqanizmi bərpa prosesi keçir və sağlam ruh formalaşır. Aykido Yaponiayada yarandığına görə həm də yapon mədəniyyətini özündə əks etdirir. Bu da xüsusi salamlamalarda, münasibətlərdə və terminlərdə özünü göstərir.

- Fərhad müəllim, Azərbaycanda aykido nə vaxtdan inkişaf etdirilməyə başlayıb?

- Azərbaycanda aykido üzrə ilk təlimlər 1990-cı ildən təşkil olunub. 1992-ci ildə Azərbaycanda Aykido Mərkəzi rəsmi qeydiyyata alındı. 1994-cü ildə isə Azərbaycan Aykido Federasiyası yaradıldı. Həmin vaxtdan ölkəmizdə bu idman növünü tədris etməyə başladım. 1994-cü ildə paytaxtın Nərimanov rayonunda kiçik bir zalda keçirdim. Şükürlər olsun ki, indi hər il təmsilçilərimiz xarici ölkələrdə təşkil olunan beynəlxalq seminarlarda və festivallarda iştirak edirlər. Bu idman növü sülhsevər, insanları barışığa çağıran bir növdür. Aykidonun yaradıcısı da qeyd edir ki, bu idman növü ilə məşğul olan insanlar sülhə, məhəbbətə və sağlamlığa nail olurlar. Bu idman növündə yarış, qələbə, məğlubiyyət və medal sistemi yoxdur. Aykido dərin fəlsəfəyə malik olduğundan döyüş sisteminin əsl məğzini özündə qoruyub saxlayır. Digər döyüş növlərində qələbə və məğlubiyyət anlayışı varsa, bu növdə belə bir anlayış yoxdur. Aykidonun əsas istiqaməti insanların sağlam həyat tərzi sürməsinə, onların uzunömürlü olmasına yönəlib. Hazırda əsas təlim-məşqlərimizi paytaxtda fəaliyyət göstərən Aykido Mərkəzində keçirik. Burada müxtəlif yaş qrupları üzrə bölmələr fəaliyyət göstərir. Biz hər bir yaş qrupuna müxtəlif metodikalarla yanaşırıq. Mərkəzimizdə 6-7 yaşlarından başlayaraq, ən yaşlı insanlara qədər hər kəs aykido ilə məşğul ola bilər.

- Maraqlıdır, aykido idman növü ilə tanışlığınız necə baş verib?

- Aykido ilə tanışlığım özü bir tarixdir. Bu növlə ilk tanışlığım 1980-ci illərdə hərbi xidmətdə olduğum vaxtlara təsadüf edir. Orduda idmanla yaxından maraqlanırdım. Hətta bir müddət karate ilə də məşğul oldum. Sonralar isə aykido ilə peşəkar şəkildə məşğul olan bir insanla tanış oldum. Həmin insan mənə aykidonun fəlsəfəsini anladır, bu növün incəliklərindən danışırdı və o, idmanın bu növünü mənə sevdirdi. Aykido ilə tanış olduqdan sonra mənə elə gəlirdi ki, uzun illərdir, bu cür sülhsevər idman növünün axtarışındayam. Bundan sonra mən karate təlimlərimi aykido təlimləri ilə əvəz etdim. 1980-ci illərin sonlarında istirahət mərkəzlərindən birində təsadüfən Sankt-Peterburqdan gələn aykidoçularla tanış oldum. Həmin idmançılar məni Sankt-Peterburqda seminarlarda iştirak etməyə dəvət etdilər. 1992-ci ildə isə İspaniyada aykido üzrə keçirilən bir sıra seminarlara qatıldım. Zaman keçdikcə aykidonun sirlərinə daha dərindən bələd oldum. Hazırda Azərbaycan Aykido Federasiyası Beynəlxalq Aykido Federasiyasının üzvüdür. Hər il komandamız iyul ayında Sankt-Peterburq şəhərində ənənəvi keçirilən "Bəyaz gecələr” festivalında iştirak edir. Bundan başqa, komandamız hər il dünyanın müxtəlif ölkələrində təşkil olunan beynəlxalq seminar və festivallara dəvət olunur. Qeyd edim ki, mayın 1-5-də Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən beynəlxalq festivalda yığmamız geniş heyətlə çıxış etdi.



- Aykidoda özünütəkmilləşdirmə prosesi necə həyata keçirilir?

- Aykidoçu döyüş zamanı yaranan vəziyyətə nəzarət etməli, fiziki cəhətdən cəld və özünəinamlı olmalıdır. Aykido döyüş sənətidir. Bu növ insanın özünü sonsuz şəkildə təkmilləşdirməsinə, özü üzərində qələbə qazanmasına, günbəgün inkişafına şərait yaradır. Bu da aykidoçuları cəmiyyətdə digər insanlardan fərqləndirir. Aykido kütləvi bir növ deyil. Hətta mən deyərdim ki, o, elitar təbəqəyə məxsus olan bir növdür. İnsanlar aykido vasitəsilə özlərinin həyata baxışlarını dəyişirlər. Aykido ilə məşğul olan insanlar kobudluqdan, qabalıqdan uzaq olur, daxilən sakit həyat tərzi keçirirlər. Bu növdə idmançıya medal verilmir. Ümumiyyətlə, məncə, medal insan eqoizmini artıran bir hissdir. Bizim medalımız öz üzərimizdə əldə etdiyimiz qələbədir.

- Bəs rəqibə qarşı istifadə edilən daxili enerji necə formalaşdırılır?

- Daxili enerjinin formalaşdırılması aykidonun sirləridir. Bu, xüsusi nəfəsalma ilə həyata keçirilir. Daxli gücün formalaşması müəyyən zaman tələb edir. Bunun üçün hər gün məşqlər etmək lazımdır. Bundan başqa, daxili harmoniya, ruhun saflığı olmasa, daxili enerjidən istifadə etmək mümkün deyil.

- Bayaq qeyd etdiniz ki, aykidoda rəqibin gücü ona qarşı tətbiq edilir. Belə olan halda idmançının xüsusi fiziki hazırlığının olmasına ehtiyac varmı?

- Cinsindən və yaşından asılı olmayaraq, istənilən fiziki imkanlara malik insanlar aykido ilə məşğul ola bilərlər. Burada güclü fiziki hazırlığın olmasına ehtiyac yoxdur. Sadəcə olaraq, aykido fəndlərini düzgün tətbiq etmək üçün onları mükəmməl bilməlisən. Əlbəttə, aykido ilə məşğul olmaq üçün intizamlı olmalı, məşqlərə həvəs göstərməli, inadla məşq etməli, öz üzərində işləməlisən.

- Aykido ilə məşğul olmaq üçün uyğun bir yaş dövrü varmı?

- Aykido ilə yetkinlik yaşından məşğul olmaq lazımdır. Ümumiyyətlə, aykido ilə məşğul olmaq heç vaxt gec deyil. Hər bir insan istənilən yaş dövründə bu idman növündə özünü sınaya bilər. Qeyd edim ki, son zamanlar bu növ üzrə məşqlərə kişilərlə yanaşı, qadınlar da maraq göstərirlər. Qadınlar zərif məxluq olduqlarından döyüş növləri ilə bir qədər az məşğul olurlar. Onların son illərdə aykidoya maraq göstərməsi fiziki sağlamlıqlarının qorunmasına öz töhfəsini verir. Qeyd edim ki, bu gün Azərbaycanda 4 mindən çox insan Aykido Federasiyasının qeydiyyatından keçib. Bunların arasında, əlbəttə ki, fəal və qeyri-fəal üzvlərimiz də var. Bəzi idmançılarımız məşqlərə bir müddət ara verdikdən sonra yenidən aykidoya üz tuturlar.


- Fərhad müəllim, respublikamızın bölgələrində bu idman növünün inkişafı üçün hansı işlər görülür?

- Aykido təkcə paytaxtda deyil, regionlarımızda da inkişaf etdirilir. Gəncə, Şəki, Oğuz, Astara, Tovuz, İsmayıllı və Göyçay rayonlarında federasiyamızın filialları fəaliyyət göstərir. Burada gənclərə aykidonun incəlikləri, fəlsəfəsi öyrədilir. Hər il bölgələrdə seminarlar təşkil edirik.

- Təlim-məşq prosesində idmançılara, əsasən, nələr öyrədilir?

- Əvvəlcə idmançılara tam rahatlanma prosesi, nəfəs elementleri, əzələlərin düzgün açılması və isinməsi öyrədilir. Bundan başqa, məşqlərdə idmançılar tullanmalar, zərbə endirmə və müdafiə texnikaları üzərində işləyirlər. Təlimlər düzgün nəfəsalma prosesinin öyrədilməsi ilə başa çatır. Aykidoçular təlim-məşq prosesində gərginlikdən, neqativ düşüncələrdən azad olurlar. Hətta zala yorğun gələn insanlar buradan bütün gərginliklərdən azad olaraq çıxırlar.

- Bəs insanları bu növlə məşğul olmağa necə cəlb edirsiniz?

- Biz aykidonu reklam etmirik. Bu növ haqda məlumatı olanlar özləri federasiyamıza müraciət edirlər. Biz də həmin insanların zalda məşq etməsinə şərait yaradırıq. Federasiyada 15 məşqçi fəaliyyət göstərir. Bundan başqa, bir sıra orta məktəblərdən aykido üzrə təlimlərin keçirilməsi ilə bağlı təkliflər alırıq. Biz də çalışırıq ki, bu təklifləri dəyərləndirək.


- Bu gün aykido daha çox hansı ölkələrdə populyardır?

- Əsasən, inkişaf etmiş dövlətlərdə. Aykido 1950-1960-cı illərdən başlayaraq bir sıra ölkələrdə yayılmağa başlayıb. Hazırda dünyada bəzi məşhur insanlar, dövlət məmurları, incəsənət nümayəndələri aykido ilə məşğul olurlar. Aykido elə bir növdür ki, burada fiziki güc işlətmədən və xəsarət yetirmədən qarşındakı insanı məğlub etmək mümkündür. Buna görə də bu növ insanlar arasında çox böyük maraqla qarşılanır.

- Yəqin ki, aykido gənclərin orduya hazırlığı dövründə də mühüm rol oynayır.

- Əlbəttə, bu növ üzrə yarışlar keçirilmədiyindən gənclərin şəxsiyyət kimi formalaşdırılmasına, onların təlim-tərbiyəsi ilə məşğul olmağa əlavə vaxtımız olur. Bizim təlimlərdə sağlam düşüncə tərzinə malik insanlar yetişir. Hesab edirəm ki, vətənə xidmət edən əsgərlərimiz, ilk növbədə, mənəvi cəhətdən sağlam olmalıdırlar.

- Qarşıda hansı planlarınız var?

- Buyaxınlarda Oğuzda regional seminarımız keçiriləcək. Həmin seminarda müxtəlif bölgələrdən aykidoçular bacarıqlarını nümayiş etdirəcəklər. Belə seminarların təşkili bölgələrdə bu növün inkişafına müsbət təsir göstərir. Bundan başqa, Sankt-Peterburqda keçiriləcək "Bəyaz gecələr” ənənəvi festivalında da iştirak edəcəyik. Sevinirəm ki, bu gün respublikamızda idmana dövlət səviyyəsində böyük qayğı var. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev tərəfindən idmana hərtərəfli diqqət göstərilir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, idmançılarımız beynəlxalq arenalarda vətənimizi layiqincə təmsil edirlər. Biz Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq edirik. Bir sıra dövlət tədbirlərində çıxışlarımız olur. Sevindirici haldır ki, aykidonun Azərbaycanda inkişafı Yaponiya hökuməti tərəfindən də yüksək qiymətləndirilib. Bu gün bizim əsas məqsədimiz aykidonun fəlsəfəsini insanlara aşılamaq, sağlam həyat tərzini təbliğ etməkdir.
Aysel Sultanova,
Azər Əlizadə