Respublikamızda idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğının nəticəsidir ki, ölkəmiz bu sahədə beynəlxalq aləmdə uğurlar əldə edir, təmsilçilərimiz Avropa, dünya çempionatı kimi mötəbər yarışlarda mükafatlar qazanırlar, paytaxtımızda keçirilən nüfuzlu idman tədbirləri, müxtəlif mötəbər yarışlar biri-birini əvəzləyir. 2015-ci ildə ölkəmizdə birinci Avropa Oyunlarının keçirilməsi ilə bağlı qərarın qəbul olunması ölkəmizin idman həyatı üçün böyük hadisədir. Bu möhtəşəm idman tədbirinin keçirilməsi məqsədilə ölkəmizdə ciddi hazırlıq işləri gedir. Qeyd edək ki, iyulun 14-dən 19-dək Hollandiyanın Utrext şəhərində Avropa yeniyetmələrinin Olimpiya Festivalı keçiriləcək. İyunun 11-də 46 nəfərdən ibarət Azərbaycan nümayəndə heyəti Hollandiyaya yola düşəcək. 5 idman növü üzrə keçiriləcək yarışlarda ölkəmizi 30 idmançı təmsil edəcək. Bugünlərdə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə görüşərək, komandamızın Avropa yeniyetmələrinin Olimpiya Festivalına hazırlığı, ölkəmizdə keçiriləcək I Avropa Oyunları ilə bağlı görülən işlər, paytaxtımızda 2017-ci ildə IV İslam Oyunlarının təşkili ilə bağlı söhbət etdik.
- Çingiz müəllim, bir həftədən sonra Hollandiyada Avropa yeniyetmələrinin Olimpiya Festivalına start veriləcək. Bu oyunlarda Azərbaycan idmançıları da müxtəlif idman növləri üzrə geniş tərkibdə çıxış edəcək. Komandamızın Olimpiya Festivalına hazırlığı necə gedir?
- Avropa yeniyetmələrinin Olimpiya Festivalında iştirak edəcək idmançıların seçimi bir müddət bundan əvvəl aparılıb və komanda formalaşıb. Hollandiyaya yola düşəcək nümayəndə heyəti lazımi geyim və avadanlıqla təmin olunub. Yarışlara hazırlıq prosesi federasiyalar tərəfindən aparılıb. Azərbaycan Milli Olimpiya Komitəsi tərəfindən bir neçə idman növü üzrə komandaların hazırlığına kömək göstərilib. Hollandiyaya yola düşən cüdoçular və atletlər üçün təlim-məşq toplanışları təşkil edilib. Ümid edirəm ki, idmançılarımız budəfəki Olimpiya Festivalında da uğurla çıxış edərək vətənə medallarla dönəcəklər.
- Bundan əvvəl keçirilən Avropa yeniyetmələrinin Olimpiya Festivallarında idmançılarımız, əsasən, cüdo və atletika idman növlərində medallar qazanıblar. Necə düşünürsünüz, budəfəki Olimpiya Festivalında digər idman növlərində medallar əldə oluna bilərmi?
- Düzdür, bizdə medallar əsasən cüdo və atletika idman növlərində əldə olunub. Trabzonda keçirilən sonuncu Olimpiya Festivalında komandamıza medalları cüdoçularımız qazandırmışdılar. 2007-ci ildə Serbiyada təşkil olunan Olimpiya Festivalında 7 qızıl medaldan 3-ü atletika idman növündə əldə olunmuşdu. Budəfəki Olimpiya Festivalında da əsas medalları cüdo və atletika idman növlərindən gözləyirik.
- Necə düşünürsünüz, budəfəki Olimpiya Festivalının iştirakçılarını gələn il Çində keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarında görə bilərikmi?
- Qeyd edim ki, Avropa yeniyetmələrinin Olimpiya Festivalında iştirak edən idmançıların yaş qrupu elədir ki, burada yüksək peşəkarlıqdan söhbət gedə bilməz. Bu yaş qrupu üzrə çıxış edən idmançılar hələ tam hazırlıqlı idmançılar hesab olunmurlar. Bu idmançılar, əsasən, müxtəlif idman növləri üzrə yığma komandalara namizəddirlər. Çox təəssüf ki, Olimpiya festivallarında nəticə qazanan idmançıları sonradan peşəkar idmanda görmürük. Bundan başqa, Yeniyetmələrin Olimpiya Oyunlarına idmançıların seçimi ciddi sistem üzrə aparılır. Sinqapurda keçirilən Olimpiya oyunlarına idmançıların seçimi o qədər çətin idi ki, bu oyunlarda Azərbaycanı cəmi 12 idmançı təmsil etdi. Sevindirici haldır ki, onlardan 8-i uğurla çıxış edərək medal qazandı. Çində keçiriləcək Yeniyetmələrin II Olimpiya Oyunlarının seçim sistemi də mürəkkəb olacaq. Adətən bu oyunlara dünya və Avropa çempionatlarında və xüsusi lisenziya oyunlarında iştirak etmək hüququ qazanılır. Bu olimpiadaya ən güclü idmançılar qatılırlar. Həmin oyunlarda bütün idman növləri üzrə iştirakçıların sayı 3500-dən artıq ola bilməz. Bu isə o deməkdir ki, hər bir ölkədən bir idman növündə az sayda idmançı iştirak edə bilər. Bu baxımdan Olimpiya festivalları iştirakçılarının Yeniyetmələrin Pekin Olimpiadasında iştirak etmək şansı demək olar ki, yoxdur. İdmançılar Pekin Olimpiadasına vəsiqə qazanmaq üçün xüsusi lisenziya yarışlarında iştirak etməlidirlər.
- Çingiz müəllim, ümumiyyətlə, Olimpiya festivallarının proqramında dəyişikliklər olurmu?
- Hər dəfə Olimpiya festivallarının proqramında dəyişikliklər olur. Futbol, voleybol, basketbol, həndbol idman növlərində adətən qız və ya oğlan komandalarının yarışlarda iştirakı ilə bağlı dəyişikliklər aparılır. Bir sıra fərdi növlərdə də müəyyən dəyişikliklər edilir. Bəzən gimnastika, tennis kimi idman növləri proqrama daxil edilir, bəzən edilmir. Amma 7 idman növü (futbol, basketbol, həndbol, voleybol, atletika, cüdo və üzgüçülük) proqramda stabil olaraq qalır. Digər idman növləri isə ev sahibinin istəyi ilə dəyişə bilər. Adətən, qeyri-olimpiya idman növləri proqrama daxil edilmir.
- Məlum olduğu kimi, 2015-ci ildə Bakıda Birinci Avropa Oyunları keçiriləcək. Belə mötəbər bir yarışın Azərbaycanda keçirilməsi ölkəmizin idman həyatı üçün böyük hadisədir. Avropa Oyunlarına hazırlıq işləri necə həyata keçirilir?
- Qısa müddət ərzində belə bir mötəbər yarışa hazırlıq işlərini aparmaq əlbəttə ki, çox çətindir. Əsas çətinlik vaxtın azlığı ilə əlaqədardır. Adətən, belə yarışların təşkili üçün hazırlıq işlərinə 6-7 il əvvəldən başlanır. Bizim isə bu oyunların təşkili üçün iki ildən də az vaxtımız qalıb. Hələ ki, oyunlara təsnifat yarışlarının keçirilmə sistemi tam dəqiqləşməyib. Olimpiya kəndində qalacaq idmançıların sayı da tam müəyyən deyil. Bir il ərzində bu proseslər müxtəlif dəyişikliklərə uğrayacaq. Unutmaq olmaz ki, bu ilk oyunlardır və bizdən qabaq Avropa Oyunlarının keçirilməsi ilə bağlı təcrübə yoxdur. Biz nəyəsə əsaslanıb bu yarışları təşkil etmirik. Biz hər şeyi yenidən qururuq. Qeyd edim ki, Avropa Oyunları haqqında müxtəlif ölkələrin Olimpiya komitələrində, Avropa idman federasiyalarında fikir müxtəlifliyi mövcuddur. İndiyədək bəzi federasiyalar bu oyunları qəbul edir, bəzisi qəbul etmir, bəziləri ciddi yanaşır, bəziləri ciddi yanaşmırlar. Bütün bunların ümumi bir sistem şəkilini alması üçün vaxt lazımdır. Avropa Oyunlarının keçirilməsi ilə bağlı qərarın verilməsindən təxminən 6 ay keçir. Xatırladım ki, ilk dövrlərdə Avropa Olimpiya Komitəsi və Azərbaycan Milli Olimpiya Komitəsi yarışların 15 idman növü üzrə keçirilməsinin yetərli olduğunu düşünürdü. Gördüyünüz kimi, hazırda proqrama 19 idman növü daxil edilib. Bu, Avropa Oyunlarının populyarlığıdır desək, düzgün olmaz, çünki oyunlar hələ keçirilməyib. Amma bu, onu göstərir ki, Avropa Oyunları ilə bağlı fikirlər hamını maraqlandırır. Bir çox idman növləri üzrə Avropa federesiyaları Avropa Oyunlarında iştirak etmək niyyətindədirlər.
Buna görə də biz əsasən Azərbaycana aid məsələlərin həlli ilə məşğul oluruq. Bunlar idman obyektlərinin, oyunlar zamanı fəaliyyət göstərəcək işçi qruplarının, hazırlığı ilə bağlı məsələlərdir. Yarışların hansı qaydalar üzrə, hansı prinsiplər əsasında keçiriləcəyi, yarışlara hər idman növündən neçə idmançının qatılacağı isə Avropa federasiyalarına aid olan məsələlərdir. Biz Olimpiya kəndini tam hazır vəziyyətə gətirməliyik ki, idmançı və məşqçiləri yüksək səviyyədə qəbul etməyə hazır olsun. Orada hər cür infrastruktur yaradılmalıdır. Hazırda Olimpiya kəndində təmir işləri gedir. Amma biz bu işləri tam şəkildə həyata keçirə bilmirik. Çünki hələ ki idmançı və məşqçilərin sayı tam məlum deyil. Biz idmançılar və məşqçilər üçün neçə otağın, neçə çarpayının lazım olduğunu, neçə nəfərlik yeməkxanlara ehtiyac olduğunu dəqiq bilmirik. Hazırda otaqlar təmir olunur və obyektlər üçün müvafiq mebellər sifariş olunub. Burada təkcə yaşayış məsələsi deyil, həm də idmançıların qidalanması, müalicə, əyləncə və s. ilə bağlı məsələlər də yüksək səviyyədə olmalıdır. Hazırda paytaxtımızda idman obyektlərinin tikintisi istiqamətində də işlər gedir. Bu obyektlər 2014-cü ilin sonuna kimi tam hazır olmalıdır ki, 2015-ci ildə bizim orada sınaq yarışlarını keçirməyə imkanımız olsun.
Yeni tikilən obyektlər sırasında olan gimnasttika kompleksinin isə bu ilin sonu gələn ilin əvvəllərinə təhvil verilməsi nəzərdə tutulur. Avropa Oyunlarının açılış mərasiminin keçirilməsi üçün nəzərdə tutulan Olimpiya stadionunun 2015-ci ilin fevral ayında istifadəyə verilməsi planlaşdırılır. 2015-ci ilin iyun ayında bu möhtəşəm stadionda Avropa Oyunlarının açılış mərasimi keçiriləcək. Bunlardan başqa nəqliyyat və təhlükəsizlik məsələlərinin yüksək səviyyədə həll olunması vacib məsələlərdəndir. Bilirsiniz ki, Avropa oyunları zamanı yarışlar şəhərin müxtəlif yerlərində keçiriləcək. İdmançıların, məşqçilərin və tamaşaçıların vaxtlı-vaxtında obyektlərə çatdırılması onların təhlükəsizliyinin təmin olunması, yarışların keçirildiyi obyektlərdə, Olimpiya kəndində, idmançıların, məşqçilərin, qonaqların, tursitlərin təhlükəsizliyinin təmin olunması yüksək səviyyədə həyata keçirilməlidir. Hazırda Avropa Oyunlarının Təşkilat Komitəsi bütün bu məsələlərlə bağlı ciddi iş aparır. Təşkilat Komitəsinin nəzdində Əməliyyat Şirkəti yaradılıb. Əməliyyat şirkətinə yerli və xarici mütəxəssislər cəlb olunublar.
- Avropa Oyunlarının proqramı tam müəyyənləşibmi?
- Oyunların proqramı 90 faiz dəqiqləşib. Amma bəzi idman növlərində mübahisəli məqamlar var. Hələ tam dəqiqləşməyən idman növlərindən biri atletikadır. Atletika oyunların proqramına daxil edilib. Amma bu idman növü üzrə yarışların hansı formatda keçiriləcəyi dəqiq deyil. Məsələn, üzgüçülük növündə yalnız gənclərin yarışlarda iştirakı məsələsinə baxılır. İstənilən halda olimpiada 19 idman növü üzrə keçiriləcək.
Bundan əlavə bir neçə idman növünün nümunəvi baxış proqramına daxil edilməsi də nəzərdə tutulur. Bu idman növü üzrə yarışlar 19 idman növündən əlavə proqramdan kənar təşkil ediləcək. Hazırda müxtəlif idman növləri üzrə Avropa federasiyalarından təkliflər almışıq. Bununla bağlı müraciətlər çoxdur və hazırda Avropa federasiyaları ilə danışıqlar aparılır.
- Ölkəmizin ev sahibliyi edəcəyi daha bir mötəbər yarış 2017-ci ildə keçiriləcək IV İslam Həmrəyliyi Oyunları olacaq. İslam Oyunlarına hazırlıq Avropa Oyunlarına hazırlıqla birgə aparılacaq yoxsa bu oyunların hazırlıq prosesi fərqli həyata keçiriləcək?
- İlk növbədə onu deyim ki, İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsi IV İslam Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarı qəbul edib. Lakin bununla bağlı qərar İslam Həmrəyliyi İdman Federasiyasının iyulun 21-dən 24-dək Ciddədə keçiriləcək Baş Qurultayında təsdiq olunmalıdır. Həmin Qurultayda Bakının İslam oyunlarına ev sahibliyi etməsi məsələsi rəsmiləşəcək. Sonra bu oyunların keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılacaq. Hazırda yaradılan komitə oyunların keçirilməsi hüququnu qazanmaq üçün yaradılmış komitədir. Oyunların keçirilməsi ilə bağlı qərar təsdiqlənəndən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən oyunların keçirilməsi ilə bağlı komissiya yaradılacaq və hazırlıq işlərinə başlanılacaq. Əlbəttə ki, hazırda 2015-ci il Avropa Oyunları ilə bağlı Təşkilat Komitəsinin nəzdində yaradılmış Əməliyyat Şirkəti nümayəndələrinin 2017-ci il İslam Həmrəyliyi Oyunlarının hazırlıq işlərinə cəlb olunması məqsədəuyğundur. Bu oyunlar iştirakçıların, ölkələrin sayına görə eyni səviyyəli yarışlardır. Avropa Oyunları kimi mötəbər idman tədbirində təcrübə qazanmış şirkətin İslam Oyunlarının hazırlıq işləri ilə məşğul olması əlbəttə ki, yaxşı olardı. İslam Oyunlarını yüksək səviyyədə təşkil etməyə 4 il vaxtımız var. Biz bunu sakit şəkildə Avropa oyunlarına hazırlıqla paralel həyata keçirə bilərik. Avropa Oyunları üçün istifadə olunacaq obyektlərdən islamiadada da istifadə olunması bizim işimizi asanlaşdıracaq. Mənə elə gəlir ki, bizə İslam Oyunlarında yarışların keçirilməsi üçün yeni obyektlərin inşasına ehtiyac olmayacaq.
- Çingiz müəllim, III İslam Oyunları yay aylarında İndoneziyada təşkil olunmalı idi. Amma müəyyən səbəblər üzündən oyunların sentyabr-oktyabr aylarında keçirilməsi qərara alındı. 2009-cu ildə İranda keçirilməsi nəzərdə tutulan II İslam Oyunları isə ümumiyyətlə, baş tutmadı. Sizcə bu nə ilə bağlıdır?
- II İslam Oyunları İranda keçirilməli idi. Amma 2009-cu ildə orada siyasi məsələlərlə bağlı böyük həyəcan yaşandı. Bundan başqa 2009-cu ildə orada quş qripi yayıldı. II İslam Oyunlarının adı idman tarixində qalıb. Sadəcə İranda keçirilməsi nəzərdə tutulan bu oyunlar baş tutmayıb. İndoneziyada isə problem açılış və bağlanış mərasiminin keçirilməsi üçün əsas stadionun vaxtında hazır olmaması ilə bağlı idi. Yerli Təşkilat Komitəsi bir sıra maliyyə problemlərini də əsas gətirirdilər. Təşkilat Komitəsinin bildirdiyinə görə artıq stadion istifadəyə hazırdır və sınaqdan keçirilib. III İslam Oyunları sentyabrın sonu oktyabrın əvvəllərində İndoneziyada keçiriləcək.
- Azərbaycan idmançılarının III İslam Oyunlarına hazırlığı necə gedir?
- İslam Oyunlarının iyunda keçirilməsi nəzərdə tutulduğuna görə komandaların əsas hazırlığı həmin dövr üçün nəzərdə tutulurdu. Yarışların vaxtının dəyişməsi ilə əlaqədar komandaların heyətləri yenidən qeydiyyatdan keçiriləcək. Aydın məsələdir ki, iyunda İslam Oyunlarında iştirakı nəzərdə tutulan bəzi idmançılar sentyabr ayında yarışlarda iştirak edə bilməyəcəklər. Bu, onların hazırlıq səviyyəsi, həmin vaxt başqa yarışlarda iştirakı ilə bağlı ola bilər. Bu halda komandaya bu dəfə digər güclü idmançılar cəlb ediləcəklər. Hazırda federasiyalar öz proqramına uyğun olaraq İslam Oyunlarına hazırlığı həyata keçirirlər. Adətən yaz aylarında Avropa, payızda isə bir çox idman növləri üzrə dünya çempionatları keçirilir. Buna görə də İslam Oyunları ayrıca hazırlıq tələb etmir. Məsələn, iyunda taekvondo üzrə yığma dünya çempionatına hazırlaşdığına görə İslam Oyunlarında bu növ üzrə ən güclü idmançılar iştirak edə bilməyəcəkdilər. Amma indi komandanın güclü heyətlə İslamiadada iştirakı üçün imkan yaranır. Bundan başqa komanda dünya çempionatına hazırlıqla bağlı istər-istəməz İslam oyunlarına da tam hazır formada qatıla bilər.
- Çingiz müəllim, maraqlıdır, İslam Oyunlarının proqramına daxil edilən idman növlərinin siyahısı hansı meyarlar əsasında tərtib olunur?
- İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilən idman növlərini əsas etibarilə ev sahibi müəyyənləşdirir. Bu, bizim İslam Həmrəyliyi İdman Federasiyası ilə bağlayacağımız müqavilədə də, Oyunların nizamnaməsində də qeyd olunacaq. İslam Oyunlarının proqramına Olimpiya və qeyri-olimpiya idman növləri daxil edilə bilər. Basketbol, voleybol, həndbol, futbol, üzgüçülük, atletika, gimnastika idman növlərinin Oyunların proqramına daxil edilməsi vacibdir. Digər idman növlərin isə proqrama sonradan əlavə olunur. Biz demək olar ki, IV İslam Oyunlarının proqramını hazırlamışıq. Yeni idman növləri sırasında proqrama güləş, boks və milli idman növü kimi zorxananı daxil etmişik. Digər idman növləri isə proqramda olduğu kimi qalacaq.
- Çingiz müəllim, İslam Oyunlarında əsasən ərəb dilli ölkələrin idmançıları üstünlük təşkil edəcəklər. Oyunlar zamanı ərəb dili bilən könüllülərin yarışlara cəlb olunması nəzərdə tutulurmu?
- İstər Avropa Oyunlarının istərsə də İslam Oyunlarının təşkili zamanı biz könüllülərin xidmətindən yararlanacağıq. Avropa Oyunlarında əsasən biz ingilis dilli bilən könüllülərin köməyindən istifadə edəcəyik. İslam oyunları zamanı isə ərəb dili bilən şəxslər oyunlara cəlb olunacaqlar. Yəqin ki, bunun üçün Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin tələbələrinə müraciət ediləcək. Məncə, bu təcrübə baxımından onlar üçün də maraqlı olacaq.
Aysel Sultanova