Sabir İlyas oğlu Mehdiyev 1953-cü ildə Qırğızıstanın Oş vilayətində anadan olub. N.Nərimanov adına Tibb İnstitutunun müalicə-profilaktika fakultəsini bitirdikdən sonra bir müddət Ukrayna Həkimləri Təkmilləşmə İnstitutunda psixoterapiya və tibbi psixologiya üzrə ixtisas kursu keçib. Əvvəlcə Naftalan sanatoriyasında çalışıb. Sonra fəaliyyətini (18 il) Mərdəkan qəsəbəsindəki "Günəşli” Nevroloji Sanatoriyasında psixoterapevt-həkim kimi davam etdirib. Hazırda Naftalan sanatoriyasında çalışır. Sabir müəllim psixoterapevt kimi müalicədə autogen məşqlərdən və müxtəlif özünütəlqin üsullarından geniş istifadə edir. Sirr deyildir ki, fiziki normalarını həmişə yüksək səviyyədə saxlamağa çalışan idmançıların psixoloji hazırlığa da diqqət yetirmələri davamlı qələbələr üçün böyük əhəmiyyət daşıyır. Oxucularımız üçün də maraqlı olduğunu nəzərə alıb, təcrübəli və peşəkar psixoterapevt Sabir Mehdiyevi "Olimpiya dünyası” qəzetinin redaksiyasına dəvət etdik.
- Sabir müəllim, həkim peşəsi çox çətin, məsuliyyətli peşə olduğu qədər də, çox şərəflidir. İnsanlar öz sağlamlıqlarını Hippokrat andı içmiş şəfa sahiblərinə etibar edirlər. Xəstələr həyatları üçün çətin anlarda, dar məqamlarda onlardan şəfa diləyir, kömək umurlar....
- Ümumiyyətlə, həkimlik çətin və şərəfli peşədir. Təsəvvür edin, insanlar həyatlarını, sağlamlıqlarını sənə etibar edirlər. Bu müqəddəs peşə insandan savad, bilik və eyni zamanda dözüm və səbrli olmağı tələb edir. Psixoterapiya psixi vasitə ilə orqanizmin müalicə sistemidir və həkimlikdə çox çətin sahə hesab olunur. Bir həkim kimi mənə müraciət edənlərin, ümumiyyətlə, pasientlərimin müalicə olunub sağlam həyata qayıtdıqlarını eşidəndə qəlbim fərəhlə döyünür. Sevinirəm ki, zəhmətim hədər getməyib, kiməsə sağlam həyata qayıtmağa kömək etmişəm.
32 ildən artıqdır, bu sahədə çalışıram. 2011-ci ilin avqust ayına kimi Günəşli sanatoriyasında işləmişəm. Hazırda Naftalanda fəaliyyət göstərən Qaşaltı sanatoriyasında həkim-psixoterapevt kimi fəaliyyət göstərirəm. Mən axı əvvəllər də burada çalışmışam. Naftalan sanatoriyasında təcrübəsi olan mütəxəssislərə böyük ehtiyac var idi. Məni də dəvət etdilər. Buranın problemləri, qayğıları mənə yaxın və doğma olduğundan təklifi məmnuniyyətlə qəbul etdim. İndi sanatoriyamız əsaslı şəkildə təmir və bərpa edilib. Dövlətimiz Naftalanın müalicəvi sanatoriya kimi beynəlxalq səviyyədə tanınması üçün çox böyük işlər görür. Burada müasir standartlara uyğun avadanlıqlar alınıb quraşdırılıb. Ölkə rəhbəri bütün sahələrdə olduğu kimi, səhiyyəyə də böyük diqqət və qayğı göstərir.
- Sabir müəllim, Naftalan şəhəri sizə çox doğmadır. Çünki bura sizin ata-baba ocağınızdır. Belə çıxır ki, ana torpaq, doğma yurd-yuva sizi özünə çəkir?
- Tamamilə doğrudur. İnsan ağac kimi kökünə çox bağlı olur. Çox qəribədir, insan yaşa dolduqca doğma yurd-yuva həsrəti onu rahat buraxmır, adamı özünə çəkir. Cavan olanda bunun mahiyyətini o qədər də başa düşmürsən. Çox qəribədir, bu yaşda qohum-əqrabaya daha yaxın olmaq istəyirsən.
- İnsan gənc olanda qayğısız, enerjili, bədəncə möhkəm, güclü olur və bu yaşda kiminsə dəstəyinə ehtiyac duymur. Amma yaşa dolduqca, başqa sözlə, kamillik "bulağı”ndan su içdikcə ətrafındakıların dəstəyinə ehtiyacı olur. Sizcə, bunun səbəbi nədir?
- Bilirsiniz, gənclik ömrün şirin, qayğısız çağıdır. Təbiidir ki, bu yaşda olanlar əyləncəyə daha çox meyl göstərirlər, demək-gülmək, şənlənmək istəyirlər. Çox şeyi fikirləşmirlər. Onların həyat, insanlar haqda düşüncələri, mülahizələri tamamilə fərqli olur. İnsan kamillik yaşına çatdıqca, onun dünyaya baxışı, düşüncələri də dəyişir. Bir də gənc olanda yalnız özün haqqında düşünürsən, amma yaşa dolduqca nəsil, soykök haqqında düşüncələr səni çox narahat edir. Biz çalışmalıyıq ki, bugünkü gənclərimiz öz köklərindən, soylarından qopmasınlar, əksinə ona daha bağlı olsunlar.
- Şəhər həyatı insanı tez yorur - daim stress, əsəb, yorğunluq, bir tərəfdən də ekoloji tarazlığın pozulması. Bölgələrdə bu sarıdan vəziyyət bir az fərqlidir. Bu amil pasientlərinizin sağlamlığında özünü necə büruzə verir?
- Sizinlə tamamilə razıyam. Şəhərdə yaşamaq gərginlik, əsəb yaradır adamda. Bu da insanı tez yorur. Şəhər həyatı əyləncəli olduğu qədər də, yorucudur. Bu səbəbdən şəhərdə rayon yerinə nisbətən əsəb pozğunluğu, nevroloji xəstəliklər daha çox özünü büruzə verir. Əlverişsiz ekoloji şərait, qidalanmada disbalans, emosional streslər xoşagəlməz hallara gətirib çıxarır. Bunun nəticəsində də əsəb və psixikasında problem olan xəstələrin sayı artır. Amma rayonlarda, bölgələrdə vəziyyət bir az başqa cürdür. Burada hava da, ərzaq da təmizdir.
- Sabir müəllim, uşaq və gənclər bizim gələcəyimizdir. Onların tərbiyə edilməsi və vətən üçün faydalı yetişmələri və zərərli vərdişlərdən yayınmaları üçün nə etmək lazımdır?
- İndi elm, texnika, kompyuter əsridir. Bütün insanlar kimi də uşaq və gənclər də mobil telefonlardan, kömpüterdən, internet şəbəkəsindən istifadə edirlər. Sirr deyil ki, uşaq və gənclərdə bəzən bunlara qarşı həddən artıq aludəçilik qarşısıalınmaz fəsadlarla nəticələnir. Bu da insanın psixikası ilə bağlı bir sıra xəstəliklərin yaranmasına səbəb olur. Onlarda çılğınlıq, əsəbilik kimi mənfi keyfiyyətlərin özünü büruzə verməsi psixi pozğunluğun bünövrəsini qoyur. Bəzən uşaqlar və gənclər özlərini çox sərbəst aparırlar, özbaşına hərəkət edirlər və ən pisi də oldur ki, valideynlərinin dediklərini qulaqardına vururlar. Düzdür, onlara mobil telefonlardan, internetdən istifadəni qadağan etmək olmaz. Amma həmin vasitələrdən istiadədə mütləq valideynlərin nəzarəti olmalıdır. Sadəcə, onları yaxşıca başa salmaq və təlqin etmək lazımdır ki, mobil telefonlardan, internetdən lüzumsuz istifadə onların sağlamlıqları üçün çox zərərlidir.
Bilirsiniz, uşaqlar körpə fidanlar kimidir, daim diqqət, qayğı istəyirlər. Bunun üçün də onlara müəyyən vaxt ayırmaq lazımdır. Döyməklə, vurmaqla tərbiyə etmək düzgün deyil. Bəzən tərbiyə düzgün aparılmayanda gözümüzün qarşısında böyüyən uşaqlarımızı özümüz də tanıya bilmirik. İş-işdən keçəndən sonra da, oturub fikirləşirik ki, görəsən, bu uşağa birdən-birə nə oldu?
Sonra baş verənlərin qarşısında aciz qalmamaq üçün uşaqların və gənclərin tərbiyəsində münasibətlər qarşılıqlı anlaşma və hörmət prinsipləri əsasında qurulmalıdır. Hər bir valideyn gözəl anlayır ki, tərbiyədə diktatorluq, nəyi isə diktə etmək ümumi işin xeyrinə deyil. Bu işdə pedaqoji prinsiplər əsas götürüləndə nəticəsi də müsbət olur. Mən bir valideyn kimi təcrübəmə əsasən deyirəm ki, kiçikyaşlı uşaqlarla tərbiyə prosesində onları yaxşı hərəkətinə, dərslərini yaxşı oxuduğuna görə qiymətləndirmək və yaxud mükafatlandırmaq çox yaxşı nəticə verir. Uşaq başa düşür ki, onun əməyinə valideyni tərəfindən qiymət verilir və əgər pis hərəkət etsə, mütləq cəzalandırılacaq. Məsələn, istirahət günləri uşaqları özünüzlə şəhərə gəzməyə, istirahət parklarına, kinoya və teatra aparırsınız. Özünü yaxşı aparmayanda onu mütləq başa salmaq lazımdır ki, növbəti dəfə onu gəzməyə aparmayacaqsınız.
Dövlətin gənclər siyasətinin əsasını ölkənin gənc vətəndaşlarının hərtərəfli hüquqi və sosial statusunun təmin edilməsi, onların hüquq və azadlığının müdafiə edilməsi, şəxsiyyətin özünü təsdiq etməsi üçün ilkin bazanın yaradılması təşkil edir. Dövlətin gənclər haqqında qanunu gəncləri mənəvi, əxlaqi və fiziki inkişaf hüququ ilə təmin edir. Gənclərin problemləri arasında əsas diqqəti çəkən millətin və dövlətin gələcəyi ilə bağlı ictimai-siyasi məna daşıyan sağlamlığın mühafizəsi problemidir. Bu baxımdan idman sağlamlığın mühafizəsində vacib rol oynayır. Sirr deyil ki, uşaq və gənclərin fiziki və mənəvi tələbatının təmin edilməsi, etibarlı və sağlam gəncliyin yaradılması və onların hərtərəfli, harmonik inkişafını formalaşdıran sahələrdən biri də idmandır. Dövlətimiz bu istiqamətdə bir sıra mühüm tədbirlər keçirib və dövlət proqramları qəbul edib. Dövlət büdcəsindən idmanın, həmçinin uşaq və gənclərin fiziki və mənəvi inkişafına ayrılan vəsait, bu sahədə dövlət proqramlarının həyata keçirilməsi deyilənləri bir daha sübut edir. Bu gün ölkəmizdə uşaq və gənclərin idmana cəlb edilməsi, onların muasir standartlara uyğun idman qurğularında məşq etmələri üçün hər cür şərait yaradılıb. Bir sözlə, bugünkü gəncliyə həsəd aparmaq olar.
- İdman psixoterapiyası haqda nə deyə bilərsiniz?
- Mən Xarkovda Həkimləri Təkmilləşdirmə İnstitutunda oxuyanda orada belə bir kafedra fəaliyyət göstərirdi - idman psixoterapiyası. Bu kafedrada idman psixoterapevtləri hazırlanırdı və onlar xüsusilə idmançılarla işləmək üçün təyinat alırdı. Axı sovet dönəmində hər bir sahədə olduğu kimi idmana da böyük diqqət var idi. Bu, hardasa 70-80-ci illərə təsadüf edir. Deməli, idmançının hazırlığında həm məşqçi, həm də psixoterapevt iştirak edirdi. Məşqçi də mütləq idman psixoterapiyasını bilməli idi.
Psixoloji hazırlıq idmanda əsas şərtdir. Futbol azarkeşləri 60-7-ci illərdə Braziliya oyunçularının dünya çempionatında uğurlarını yaxşı xatırlayırlar. Braziliya futbol yığması bir neçə il ərzində rəqib komanda üçün məğlubedilməz sayılırdı. Məşhur futbol ulduzu Pele o vaxtlar deyirdi: "Biz rəqib komandanın qapısına neçə qol vurmaq istəsək vura bilərik, amma onlar bizə bacardıqları qədər vura bilərlər”. İdman və psixoterapiyanın əlaqəsini birinci olaraq məhz braziliyalılar təcrübədə sınaqdan keçirmişdilər. Sonra bütün dünya onların təcrübəsindən yararlanmağa başladı.
- Deməli, psixoloji amil idmançının qələbə qazanmasında önəmli rol oynayır?
- İnsan orqanizminin gücü sonsuz deyildir, o müəyyən həddə çatana qədər tükənir. Bunun üçün qoruyucu mexanizmlərdən istifadə etmək lazım gəlir. İdmançı müəyyən həddə qədər fiziki cəhətdən çalışa bilər. Qeyd edim ki, burada qoruyucu mexanizm və sədd rolunu məhz psixoterapiya oynayır. Avropada və Amerikada, eləcə də dünyanın bir sıra ölkələrində idmançının psixoloji hazırlığına, psixi durumuna böyük önəm verlilir. Sirr deyildir ki, adıçəkilən qitələrdə bunun üçün xüsusi təcrübə məktəbi mövcuddur.
Şübhəsiz ki, idmançı fiziki cəhətdən güclü, dözümlü olmalıdır. Onun özünün döyüş texnikası, taktikası olmalıdır, bu faktdır. Amma psixoloji hazırlıq idmanda əsas şərtdir. İdmançı nə qədər güclü olursa olsun, psixoloji cəhətdən zəifsə, heç bir qələbədən söhbət gedə bilməz. Gücü bərabər olan fərdlərin və komandaların yarışında psixoloji amil önəmli faktrorlardan biridir. Komanda idman növləri haqqında danışarkən qeyd etmək istəyirəm ki, burada məşqçidən çox şey asılıdır. O, qələbənin əsasını qoymaq üçün birinci növbədə, mehriban kollektiv formalaşdırmağı bacarmalıdır. Komandanın hər bir üzvü biri-birinə hörmət etməli, biri-birini sevməlidir. Fiziki cəhətdən məşqlərə yaxşı hazırlaşan və psixoloji hazırlığı yerində olan istənilən komanda mütləq yarışda rəqibinə qalib gələcək. Belə komandalar ekstremal vəziyyətdən asan çıxış yolu tapmaqla bərabər, hər bir çətinliyin öhdəsindən layiqincə gəlirlər.
Yaxşı yadımdadır, Xarkov İnstitutunda kafedra müdirimiz Filatov üzgüçülərlə işləyirdi və bu barədə bizə maraqlı şeylər danışırdı. O həm də SSRİ yığmasında velosiped komandasının psixoterapevti işləyirdi. O vaxtlar sosialist ölkə komandalarının iştirakıyla velosiped üzrə dünya turu keçirilirdi. Maraqlıdır ki, bu yarışlarda həmişə SSRİ komandası qalib gəlirdi. İdman mütəxəssisləri bunun səbəbini Filatovun psixoterapevt kimi peşəkarlığında görürdülər. Yuxarıda qeyd etdiyim ki, Braziliya futbol yığmasının bir vaxtlar 5 dəfə dalbadal dünya çempionu olmasının səbəbi də komandanın psixoloji hazırlığı ilə bağlı idi.
- Bizdə bu sahədə mütəxəssislərə böyük ehtiyac duyulur....
- Azərbaycanda idman və Olimpiya Hərəkatının yüksək səviyyədə inkişaf etdiyi bir vaxtda idman mütəxəssislərinə böyük ehtiyac duyulur. Ölkəmiz müstəqillik əldə etdikdən sonra qısa zaman kəsiyində möhtəşəm uğurlara və nəticələrə nail olmuşdur. İdmançılarımız Azərbaycanın bayrağını daim yüksələrə qaldırır, himnimizi əzəmətlə səsləndirirlər. Uğurlarımız, nailiyyətlərimiz, ən çox qazanan medallar əsasən, idmanın xalqımızın üçün ənənəvi olan cüdo, güləş növlərində qazanılır. Bunun da əsası tarixi köklərə, ənənələrə söykənir. Çox təəssüf ki, ölkəmizdə idman psixoterapiyası sahəsində mütəxəssslərimiz yox dərəcəsindədir. İdmançılarımızın, atlentlərimizin ölkə və dünya arenalarında daha çox qələbə qazanmaları üçün bu cür mütəxəssislərə böyük ehtiyacı vardır.
Hazırda Azərbaycan idmanı yüksək inkişaf dövrünü yaşayır. İndi uşaq və yeniyetmələr yerli və beynəlxalq səviyyəli yarışlarda inamla çıxış edirlər. İdmançılarla təlqinetməni, psixoterapiyanı məhz bu yaşlarda başlamaq məqsədəuyğundur.
- Sabir müəllim, bir psixoterapevt kimi idmançının məşq və yarış anında psixoloji durumu ilə bağlı məqamlar haqda nə deyə bilərsiniz?
-İdmançı üçün psixoloji hazırlıq o deməkdir ki, o, fiziki, taktiki və texniki bacarıqlarını səfərbərliyə alaraq istədiyi nəticəni göstərə bilsin. Bunun üçün məşq prosesində öyrəndiklərindən yarışda maksimum istifadə etməyi bacarmalıdır. Adətən, idmançılar yüksək səviyyəli yarışlara, məsələn dünya və Avropa çempionatlarına, Olimpiya oyunlarına ciddi məsuliyyətlə hazırlaşırlar. Belə yüksək səviyyədə məşq etmiş idmançılar arasında o idmançı qalib gəlir ki, onun psixoloji durumu yerində olsun.
Təsəvvür edin ki, Olimpiya oyunlarına getmək üçün hazırlaşan idmançı məşqə getməmişdən əvvəl gözlərini yumur və öz-özünə təlqin edir: "Mən məşqə gedirəm. Bu gün əla məşq edəcəyəm. Sabah da məşqim mükəmməl olacaq. Çünki mən Olimpiya çempionu olmağı qarşıma məqsəd qoymuşam və mütləq bu məqsədə çatmalıyam”. Beləliklə, idmançı autogen məşq etməklə, özünü əvvəlcədən məşq prosesinə hazırlamış olur. İdmançı avtogen məşqin mətnini özü seçir. Yəni hansı sözləri deməlidir, hansı sözləri özünə təlqin etməlidir və s. Bir sözlə, psixoterapiyanın, autogen məşqlərin əsas mahiyyəti ondan ibarətdir ki, idmançı məşq nəticəsində öz sözünün təsir gücünü yuksəldir və bununla onun psixoloji durumu də yüksəlir. Autogen məşq idmançını bir növ, gərginlikdən azad edir. Məsələn qələbə anında idmançı özü-özünə: "Özünü ələ al, qələbə sənin lap yaxınlığındadır. Gücünü topla və rəqibini məğlub et” və s. kimi dediyi sözlərlə özünün qalibiyyət planını hazırlayır.
İdmançıda fiziki və psixoloji hazırlıq eyni vaxtda, paralel şəkildə aparılır. Bu, nəticə üçün çox vacibdir. Öz üzərində işləyən və səhvlərini öyrənən idmançı mütləq öz məqsədinə çatacaq. Deməli, qələbə də olacaq, medal da.
- İdmançı autogen məşqlərin köməyi ilə necə və neçə dəfə məşq etməlidir? Həm də bu məşğələlərin nə kimi əhəmiyyəti vardır?
-İnsan bioloji və mürəkkəb varlıqdır. O həm güclüdür, həm zəif. Autogen məşqlərin köməyi vasitəsilə insan zəiflik kimi mənfi təsirlərdən uzaq olur, daim müvəffəqiyyət, qələbə ardınca gedir. Autogen məşq zamanı insan, idmançı fərqi yoxdur, gündə dörd dəfə təlqinedigi sözləri özü-özünə təkrar etməlidir. Bu prosesi 3 həftə ərzində başa çatdırmaq mümkündür. Təcrübə göstərir ki, gündə bir dəfə eşidilən söz tez yaddan çıxır. Amma təlqinedici sözlər iki dəfə deyilsə, 12 saatdan bir təkrarlanacaq, yəni bir səhər, bir axşam. Bu zaman yenə də istənilən nəticə alınmır. Müalicəvi, təlqinedici sözlərin təkrar edilməsi insanda bir vərdiş halı yaradır. Buna görə də autogen məşqlərin gündə azı dörd dəfə təkrar edilməsi nəzərdə tutulur.
İdmançı autogen məşqlərin sayəsində həm gərginlikdən azad olur, həm də istənilən çətinliyə dözə bilir. Bu məşqlər həm də ona yeganə düzgün qərar verməkdə böyük rol oynayır. Hansı peşənin sahibi olmasından asılı olmayaraq, səbirli, təmkinli insanlara cəmiyyət böyük rəğbət göstərir və hörmət edir.
- Sabir müəllim, peşəsindən, yaşından asılı olmayaraq insanlar ibadət edir, namaz qılırlar. Sizcə, bununla psixoterapiya arasında bir əlaqə varmı?
- İslam dini gözəl dindir. Müsəlman dininin qayda-qanunlarından biri ibadət etmək, namaz qılmaqdır. Düşünürəm ki, ibadət etmək, namaz qılmaq özünütəlqin prosesinin bir formasıdır. İnsan sidq ürəklə namaz qılanda saflaşır, yüngülləşir, özünə inamlı olur. Namaz bir növ həm ibadətdir, həm idmandır, həm psixoterapiyadır. Dinə etiqadı olan insanlarla, xəstələrlə işləmək biz həkimlər üçün də çox asandır.
- Psixoterapiya nəinki orqanizmin problemlərini həll edir, həm də insanlar arasında şəxsi münasibətləri qayada salır...
- İnsan bioloji varlıq kimi, özündə olan müsbət və mənfi xüsusiyyətləri hamıdan yaxşı bilir. Başqa sözlə, özünü hamıdan yaxşı tanıyır. Psixoterapiya özünütərbiyə prosesində ən yaxşı vasitədir. O, autogen məşqlərin, təlqinetmə prosesinin köməyi ilə pis keyfiyyətlərdən, mənfi xüsusiyyətlərdən yaxa qurtarmağa çalışır. Bir sözlə, özü-özünü tərbiyə edir. Özünütərbiyə və özünü təkmilləşmə prosesində insanın ən yaxşı köməyi psixoterapiya və autogen məşqlərdir. Burda insanın sözünün təsir gücü əsas götürülür. Bunun nəticəsində insanın ətraf aləmlə, ətrafındakı insanlarla münasibətləri dəyişir, normallaşır.
- Sabir müəllim, psixoterapevt kimi idmançılarla işləmək istərdinizmi?
- Bu sahəyə marağım böyükdür. İdmanı çox sevirəm, idmançılara böyük hörmətim var. Onlar mərd, mətin və dözümlü insanlardır. Düşünürəm ki, futbolçularla işləmək çox maraqlı olardı. Çünki futbolu çox sevirəm. Axı futbol populyar idman növlərindən biridir. Çox vaxt ona "idmanın şahı” da deyirlər. Bundan başqa cüdo, güləş, şahmat idman növləri ilə məşğul olmuşam. İndi də şahmat oynayıram. Amma sözün düzü, indi idmana xüsusi vaxt ayıra bilmirəm. İnsan həmişə öz sağlamlığının qayğısına qalmalı, bədənini möhkəmlətməlidir.
- Müsahibə üçün çox sağ olun.
- Siz də sağ olun.
Səadət Hakıyeva