“Jurnalistikaya uşaqlıqdan sonsuz məhəbbətim olub”

“Jurnalistikaya uşaqlıqdan sonsuz məhəbbətim olub”

Tanınmış idman yazarı Yaqub Nuriyev ömrünün yarıdan çoxunu jurnalistikaya həsr edib. Həyat yolunda çətin günləri çox olub. Amma o keçdiyi ömür yolundan razıdır. Çünki ömrünü kəşməkəşli, həm də şərəflə yaşayıb. Yaşanan xoş günlər də az olmayıb. Jurnalistikaya ürəkdən bağlılığı, bu sahədə yorulmaq bilmədən çalışması onun həyatına xüsusi rəng qatıb. "Əgər indi mətbuatda, idman aləmində tanınmış bir insanamsa bu mənim üçün böyük xoşbəxtlikdir”, - deyə Yaqub Nuriyev bildirir. Bugünlərdə 60 yaşını qeyd edən həmkarımız Yaqub Nuriyev deyir ki, yaşın üstünə yaş gəldikcə insan həyatı daha da dərindən dərk etməyə başlayır, insanın həyata baxışı da dəyişir. Yaqub Nuriyev artıq neçə illərdir ki, Azərbaycan Otüstü Hokkey Federasiyasının mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışır. İstedadlı qələm sahibi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə "Əməkdar jurnalist” fəxri adına layiq görülüb. İyulun 9-da Yaqub Nuriyevin 60 yaşı tamam olur. Biz də əziz dostumuz və həmkarımızı "Olimpiya dünyası” qəzetinin kollektivi və çoxsaylı oxucuları adından 60 yaşı münasibətilə təbrik edir, ona möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Ad günü ərəfəsində Yaqub Nuriyevin qəzetimizə verdiyi müsahibəni oxucularımıza təqdim edirik.

- Yaqub müəllim, uşaqlıq illərinizi necə xatırlayırsınız? Həmyaşıdlarınızdan nə ilə fərqlənmisiniz?
- 1953-cü ilədə Zəngəzur mahalının Sisyan rayonundakı Sofulu kəndində anadan olmuşam. Uşaqlığım kənd mühitində keçib. Kiçik yaşlarımdan təsərrüfat işləri ilə məşğul olmuşam. Amma bununla belə məktəbdə də dərslərimi yaxşı oxumuşam. Sinifdə əlaçı olmuşam. Demək olar ki, uşaqlıq illərim digər həmyaşıdlarım kimi keçib. Böyük bacılarım məktəbdə əla qiymətlərlə oxuduqları üçün bu həvəs mənə də siraət edib. Məktəbimizin şərəf lövhəsində şəklim bir qayda olaraq yer alardı. Hələ orta məktəbdə oxuduğum illərdə müxtəlif mövzularla bağlı yazılarım dərc olunurdu. Kiçik yaşlarımda məktəb yoldaşlarımdan yaxşı futbol və voleybol oynamaqla seçilirdim. 5-ci sinifdə oxuyanda atam rəhmətə getdi. Atamın vaxtsız vəfatı bizi bir sıra çətinliklərlə üz-üzə qoydu.

- Bildiyimizə görə jurnalistika uşaqlıqdan böyük marağınız olub...

- İstəklərim sırasında təhsil almaq həmişə ön planda olub. Bunun üçün də, dərslərimi yaxşı oxuyurdum. Orta məktəbi əla qiymətlərlə bitirdim. Orta məktəbdən sonra Poltexnik inistutunun (İndiki Texniki Universitet) axşam şöbəsinə daxil oldum. İnstitutu bitirdikdən sonra Azərbaycan radiosuna işə düzəldim. Azərbaycanda dərc olunan müxtəlif qəzetlərdə ayrı-ayrı mövzularla bağlı məqalələr və xəbərlərim dərc olunurdu. Gənc yaşlarımda idmana həvəsim çox olduğuna görə sonradan İdman insitutuna daxil oldum. Amma buna qədər kənddə yaşadığım illərdə "Pioner” qəzetinə "Mənim arzum”, "Mən idmanı çox sevirəm” kimi yazılar yazardım. 1971-ci ildə Yeni- Bakı Neftayırma zavodunda çilingər kimi işləyirdim. Jurnalistikaya uşaqlıqdan sonsuz məhəbbətim olub. Buna görə də kiçik yaşlarımdan müxtəlif mətbuat orqanlarında yazılarım dərc olunurdu. Zavodda işləyə-işləyə eyni zamanda bu zavodun çoxtirajlı "Neftayıran” qəzetinə də idman mövzusunda məqalələr yazırdım. Daha sonra respublika mətbuatına da üz tutdum. "Azərbaycan gəncləri”, "Bakı” və "İdman” qəzetləri ilə əməkdaşlıq etdim. Zavodda çalışan zaman "Bakı” qəzetinin nəzdində fəhlə-müxbirlər kursunda iki illik kursu bitirdim. Burada bizə yazı yazmağın üsullarını, müsahibə almağın qaydalarını və.s öyrədirdilər. Uşaqlıqdan idmana marağım böyük olduğuna görə həmin dövrdə stolüstü tennis və futbolla məşğul olurdum. Bir sıra yarışlarda rayon birinciliklərində iştirak edirdim.

"Redaksiya rəhbərliyi səsimin radio üçün münasib olduğunu nəzərə alaraq radioda əməkdaşlıq etməyi təklif etdilər”


- Radioya gəlişinizin maraqlı tarixçəsi olub. Sirr deyilsə, xatirələrinizi bizimlə bölüşərdiniz.

- Düzdür. Mənim radioya gəlişimin çox maraqlı tarixçəsi var. O zamanlar verilişlər hazırlamaq üçün müxbirlərin, redaktorların, ümumiyyətlə, jurnalistlərin müsahibə almaq və onları efirdə səsləndirmək imkanları xeyli məhdud idi. Elə bu səbəbdən də qabaqcıl fəhlə - idmançı kimi müsahibə vermək üçün AzTV-nin səsyazma studiyasına dəvət olundum. Redaksiya rəhbərliyi Aydın Əliyev və Çingiz İsmayılov səlis danışığımı və səsimin radio üçün münasib olduğunu nəzərə alaraq radio ilə əməkdaşlıq etməyi təklif etdilər. Mən də bu təklifi böyük məmnuniyyətlə qəbul etdim və o gündən uzun illərin arzularını reallaşdırmağa başladım. Ştatdankənar müxbir kimi idmanın ayrı-ayrı sahələri üzrə xəbərlər, sujetlər, operativ müsahibələr hazırlayırdım. Dinləyicilərlə təmasda olmaq, reportajlar hazırlamaq mənim uşaqlıq arzularımdan biri idi. Zaman keçdikcə bu arzularıma nail olurdum. Mənim jurnalistikaya əsas gəlişim məhz belə oldu. Bu sahəyə gəlişimdə və jurnalistikanın sirlərinə daha da dərindən yiyələnməyimdə radionun idman verlişləri şöbəsinin müdiri mərhum Adil Seyidbəylinin çox böyük rolu olub. Burada bir müddət müxbir, redaktor, böyük redaktor və sonda idman şöbəsinin müdiri vəzifələrində çalışmışam. Hələ Sovetlər dönəmində də Otüstü Hokkey Federasiyası ilə yaxın əlaqələrim var idi. Sonralar isə bu əlaqələr gaha da genişləndi və mən federasiyada ictimai əsaslarla, müqavilə əsasında işləməyə başladım. 2009-cu il oktyabr ayının 1-dən isə Otüstü Hokkey Federasiyasında tam ştatda "İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinə” rəhbərlik edirəm. Eyni zamanda Bədən Tərbiyəsi və İdman Akademiyasında "Bədən tərbiyəsi nəzəriyyəsi və idman nəzəriyyəsi” fənlərini tədris edirəm.

- Neçə yaşında ailə həyatı qurdunuz?

- 1980-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra 27 yaşımda ailə həyatı qurdum. Həyat yoldaşım Məhtəban xanım neft-kimya insitutunu bitirib. Üç övladımız var. Övladlarımın üçü də ali təhsillidir. Oğlum Elxan mənim yolumu davam etdirir. Hazırda o, otüstü hokkey üzrə Respublika dərəcəli hakimdir. Qızım Nigar isə Azərbaycan Beynəlxalq Universitetinin regionşünaslıq fakultəsini bitirib. Sonbeşiyimiz Könül isə Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakultəsini bitirib. 4 qız nəvəmiz var.

- Nəvələrinizin idmanla məşğul olmağını istəyirsinizmi?

- Nəvələrim kiçik olduğu üçün hələ idmanla məşğul olmurlar. Amma çox istərdim ki, gələcəkdə nəvələrim də idmana məşğul olsunlar. Çünki idman sağlamlıqdır. Hazırda ölkəmizdə idmana göstərilən diqqət və qayğı yüksək səviyyədədir. Peşəkar idmançılar öz gələcək həyatlarını idman vasitəsi ilə təmin edə bilirlər. Yaxşı olar ki, valideynlər öz övladlarının idmana yönəldilməsinə diqqəti artırsınlar.

"Yaxşı şərhçi şərh etdiyi idman növü haqqında ətraflı məlumata malik olmalıdır”


- Bildiyimizə görə, idman oyunlarını şərh etmək sahəsində də təcrübəniz var. Necə bilirsiniz, Sizcə əsl şərhçi necə olmalıdır?

- Əslində, indiki televiziya şərhçilərinin oyunları şərh etmək bacarığını bəyənmirəm. Hər hansısa bir oyunu şərh edərkən şərhçi gərək tamaşaçıya, dinləyiciyə kifayət qədər informasiya çatdırmağı bacarsın. Məsələn, tanınmış şərhçi Fikrət Adıgözəlli oyunu şərh edərkən tamaşaçılara daha çox məlumat çatdırır. Ancaq bu gənc nəsli nədənsə razı salmır. Oyunun televiziya vasitəsilə canlı reportajı zamanı meydanda baş verən hadisələri bir-bir deməyə ehtiyac qalmır. Necə deyərlər "Görünən dağa bələdçi lazım deyil”. Yaxşı şərhçi şərh etdiyi idman növü haqqında ətraflı məlumata malik olmalıdır.
- Maraqlıdır, sovet dövrünün jurnalistikası ilə indiki dövrün jurnalistikası arasında nə kimi fərqlər görürsünüz?
- Sovet dövründə jurnalistika sahəsində çox güclü senzura var idi. Amma indi belə deyil. Kim necə istəyirsə, elə də yazır, şərh edir, veriliş aparır. Bu gün bir çox jurnalistlərin və şərhçilərin dilində qüsurlar mövcuddur. Efirdə, mətbuatda tez-tez əcnəbi sözlərə rast gəlinir. Bu da dilimizin korlanmasına gətirib çıxarır.

"Baba olduqdan sonra hiss etdim ki, artıq qocalıram”


- İyulun 9-da 60 yaşınızı qeyd edəcəksiniz. Bu, bir ömrün yarıdan çoxu deməkdir? Bəs sizin üçün 60 yaş nə deməkdir?

- Düzünü deyim ki, 60 yaşımda keçirdiyim hisslər 40, 50 yaşımda keçirdiyim hisslərlə eynidir. 60 illik yubileyim onunla fərqlənir ki, 55 yaşımda nəvələrim yox idi, amma indi 4 nəvəm var. Baba olduqdan sonra hiss etdim ki, artıq qocalıram (gülür). Baba olmayana kimi özümü cavan hiss edirdim. Amma bu həyatın qanunudur. Babalıq hissini yaşamağın özü də böyük bir xoşbəxtlikdir.

- Keçdiyiniz həyat yolundan razısınızmı?

- İnsan ömrünün hər günü üçün şükür etməlidir. Keçdiyim həyat yolumdan razıyam. Yaşadığım 60 il ərzində bir çox çətinliklərlə üzləşmişəm. 5-ci sinifdə atamı itirəndə bu çətinliklər daha da artmağa başladı. Bunun üçün də ailəmə çox yük olmamaq üçün uşaq yaşlarımdan işləməyə başladım. Bununla belə bizim ailəmizdə həm qardaşlarım, həm də bacılarım dərslərini çox yaxşı oxuyurdular. Hazırda bir qardaşım hüquqşünas, digəri isə həkim işləyir. Amma həyat davam etdikcə problemlər də çoxalır. Şükürlər olsun ki, indi nəyisə yoluna qoymaq çox asandır.

"Arzu insanın həyatdakı əsas yaşam səbəbidir”



- Həyata keçirə bilmədiyiniz arzularınız varmı?

- Dəqiq deyə bilmərəm ki, hansısa arzumu həyata keçirə bilməmişəm. Çünki insan ölənə qədər arzularla yaşayır. Arzu insanın həyatdakı əsas yaşam səbəbidir. Əgər indi mətbuatda, idman aləmində tanınmış bir insanamsa, bu mənim üçün böyük xoşbəxtlikdir. Əməkdar jurnalist adına layiq görülmüşəm. Bu həyata keçən ən böyük arzularımdan biri idi.

- Səmimi dostlarınız çoxdur?

- Bəli. Mənim əsgər yoldaşlarım, sinif yoldaşlarım, tələbə yoldaşlarm çoxdur. İndiyədək bu xoş münasibətləri itirməmişik. 43 ildir ki, orta məktəbi bitirmişəm. İndi də sinif yoldaşlarımla dostluq əlaqələrim var. Dostlarımdan heç vaxt xəyanət görməmişəm. Hələ orta məktəbdə oxuduğum müddətdə də sinif yoldaşlarım mənə hörmətlə yanaşırdılar.

- Gənclərə nə arzu edərdiniz?

- Həyatda ideal insan yoxdur. Hər bir insanın müsbət və mənfi cəhətləri var. Bu cəhətlərə isə insan özü yox, kənardan baxanlar qiymət verə bilərlər. Həyatda həmişə çalışmışam ki, insanlara kömək edim, xeyrli işlər görüm, öz işimə məsuliyytlə yanaşım. İndiki gənclərə də əsas tövsiyəm odur ki, öz işlərinə böyük məsuliyyətlə yanaşsınlar.
Azər Əlizadə