"Həmin saatı indi də əziz xatirə kimi qoruyuram”

"Həmin saatı indi də əziz xatirə kimi qoruyuram”
İdman yarışları, müxtəlif komandalar arasında keçirilən qarşılaşmalar zamanı hamını, adətən, bir sual düşündürür: idmançı yarışda necə çıxış edəcək, komanda neçə medal qazanacaq, oyun necə yekunlaşacaq? Komandanı yarışa hazırlayan məşqçinin çəkdiyi əziyyət, aparılan gərgin, yorucu məşqlər isə sanki bir qədər unudulur, arxa planda qalır. Unutmaq lazım deyil ki, idmançının uğura gedən yolda əsas köməkçisi məhz məşqçidir.



Yetirmələrinin yüksək nəticələrə nail olması üçün əziyyətlərə qatlaşan insanlardan biri də Əməkdar məşqçi Feliks Məmmədovdur. O,səmimi olduğu qədər də öyrətdiyi idman növünə sevgi ilə yanaşan, öz işində tələbkar olan, geniş dünyagörüşünə, bilik səviyyəsinə malik bir insandır. Azərbaycan voleybolunun tanınmış simaları İnna Rıskal, Vera Lantratova, Faiq Qarayev, Alla Həsənova, Sveta Zaikina məhz Feliks Məmmədovun rəhbərliyi altında bu idman növünün sirlərinə yiyələniblər. Təcrübəli məşqçi hazırda yeniyetmələrdən ibarət yığma komandada işləyir. Onun rəhbərliyi altında məşq edən yeniyetmə voleybolçularımız bir sıra yarışlarda mükafatalayiq yerlər tutublar.
Bugünlərdə Feliks Məmmədov redaksiyamızın qonağı oldu. O, bizimlə söhbətində idmana gəlişi, çıxış etdiyi yarışlar və s. barədə danışdı.

- Voleybol aləmində sizi yaxşı tanıyırlar. Bununla belə, özünüz barədə oxucularımıza daha ətraflı məlumat verməyinizi istərdik.
- 1937-ci il iyunun 5-də Gəncə (keçmiş Kirovabad) şəhərində hərbçi ailəsində anadan olmuşam. Atam keçmiş Kirovabad (indiki Gəncə) Şəhər Şurasının deputatı idi. O,1941-ci ildə Böyük Vətən Müharibəsində həlak olub. 1943-cü ildə mən ailəmlə birgə Bakıya köçdüm. Mərdəkanda yaşayırdıq. 1944-1955-ci illərdə burada yerləşən 156 saylı orta məktəbdə oxumuşam. İdmana uşaq yaşlarımdan maraq göstərmişəm. Bir müddət məşq etdikdən sonra yarışlarda mübarizə apardım. Yeniyetmə, gənclər və böyüklər arasında bir sıra turnirlərdə qızıl, gümüş və bürünc medallar qazandım. 1956-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutuna (indiki Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) daxil oldum. İnstitutu bitirdikdən sonra özümü məşqçi kimi sınamaq qərarına gəldim. Mərdəkanda yerləşən 3 saylı internat məktəbində məşqçiliyə başladım. Bir müddət Mərdəkan Uşaq- Gənclər İdman Məktəbinin direktoru vəzifsində çalışdım. Həmin dövrlərdə həm internat məktəbi, həm də UGİM-in yetirmələri ümimittifaq yarışlarda mükafatalayiq yerlər tuturdular. Yetirmələrimin əksəriyyəti idman ustası adına layiq görüldülər. Qeyd edim ki, Respublika Təmayüllü İdman Məktəbində də məşqçi kimi işləmişəm.

- Siz 10 il yığma komandanın baş məşqçisi olmusunuz...
- 1962-1965-ci illərdə yeniyetmə oğlanlardan ibarət yığma komandaya rəhbərlik edirdim. Komandamızın üzvləri məktəblilərin spartakiadasında və digər ümumittifaq yarışlarında uğurla çıxış edib, medal qazanırdılar. Sonra qadınlardan ibarət yığma komandaya dəvət edildim. Bu dövrdə komandaya təcrübəli məşqçi Şamil Şamxalov rəhbərlik edirdi. Sonra komandada 10 il baş məşqçi işlədim. Voleybolçularımız öz gözəl çıxışları ilə diqqəti çəkirdilər. İnna Rıskal, Elmira Mixayılova, Vera Lantratova kimi voleybolçular məhz həmin dövrün yetirmələridir. Bilirsiniz ki, "Xəzər şimşəyi" adlandırılan İnna Rıskal iki dəfə Olimpiya çempionu, 4 dəfə Olimpiya oyunlarının iştirakçısı olub. Veteran voleybolçumuz bir sıra mötəbər yarışlarda da uğurla çıxış edib. 1972-ci ildə SSRİ çempionatında komandamız üçüncü yeri tutdu. 1975-ci ildə Bakıda keçirilən SSRİ xalqlarının spartakiadasında isə dördüncü olduq. Həmin il həm də SSRİ çempionatında bürünc medal qazandıq. Hamı bizi ciddi rəqib kimi qəbul edirdi və bu, doğrudan da, belə idi. Komandamızın əldə etdiyi nailiyyətlərə görə, ulu öndərimiz Heydər Əliyev tərəfindən mənə mənzil və qızıl saat verildi. Həmin saatı indi də əziz xatirə kimi qoruyuram. Ulu öndərin bizə göstərdiyi diqqət oyunumuzun keyfiyyətini daha da yüksəltdi. Sonra kişilərdən ibarət yığma komandaya dəvət olundum. Yeri gəlmişkən deyim ki, mən bir müddət Mərkəzi Ordu İdman Klubunda da məşqçi işləmişəm. 2002-2006-cı illərdə "Azərneft" komandasının baş məşqçisi oldum. 2006- cı ildə Faiq Qarayev məni qadınlardan ibarət yığma komandaya dəvət etdi.
- Bildiyimizə görə, siz Türkiyədə də məşqçi kimi fəaliyyət göstərmisiniz.
- Bəli, 11 il Türkiyədə işləmişəm. Həmin müddət ərzində bu ölkənin ayrı-ayrı komandaları ilə çalışmışam. Təmsil etdiyim komandalar müxtəlif yarışlarda yüksək nəticələr göstəriblər. Bu uğurlara görə dəfələrlə müxtəlif mükafatlara və fəxri diplomlara layiq görülmüşəm.

- Feliks müəllim, Azərbaycan voleybolunun indiki vəziyyəti sizi qane edirmi?
- Etiraf etmək lazımdır ki, ölkə voleybolu son vaxtlar sürətli inkişaf yoluna qədəm qoyub. Nailiyyətlərimiz qənaətbəxşdir. Qarşıya qoyulan əsas məqsəd isə voleybolçularımızın dünyanın ən möhtəşəm yarışları olan Olimpiya oyunlarında iştirakını təmin etməkdir. Azərbaycan Voleybol Federasiyası tərəfindən bu istiqamətdə bir sıra işlər görülür. Sözsüz ki, əgər hər hansı bir növü inkişaf etdirmək istəyiriksə, ilk növbədə, həmin növ üzrə uşaq idmanına diqqəti artırmalıyıq. Bilirsiniz ki, hazırda bir sıra idman növlərində, o cümlədən voleybolda legionerlərin köməyindən istifadə edilir. Şübhəsiz, mən bunun əleyhinə deyiləm. Amma, hesab edirəm ki, hər komandada 2 nəfərdən artıq legioner idmançı olmamalıdır.
- Sizin dövrünüzün voleybolu ilə müasir voleybol arasında nə kimi fərq görürsünüz?
- (Düşünür). Bilirsiniz, dövr də dəyişib, oyun tərzi də. Komandalarımızın oyunlarını izləyirəm. Mənə elə gəlir ki, bizim dövrümüzün voleybolçuları daha məsuliyyətli idilər. Onların oyun tərzi özünəməxsusluğu ilə seçilirdi. Qeyd edim ki, "İqtisadçı" klubunun tailandlı voleybolçularının oyun tərzi mənə o vaxtkı voleybolu xatırladır.
- Sizcə, yaxşı voleybolçu necə olmalıdır?
-Bu növdə boyun hündürlüyü çox vacibdir. Voleybolçu həm də mütəhərrik olmaldır. Bu oyunda əsas şərt müdafiəni güclü qurmaqdır. Bu isə hündür boyu olanların işidir. Bizim qızların boyu o qədər də qənaətbəxş deyil. Amma buna baxmayaraq, bəzi bölgələrdə hündürboy qızlara rast gəlinir. Qax, Şirvan bölgəsində belə qızlar daha çoxdur. Əvvəllər Sumqayıtda da var idi. Tanınmış voleybolçumuz Validə Qəniyeva məhz Sumqayıt voleybol məktəbinin yetirməsidir. Təcrübəyə əsaslanaraq demək istərdim ki, əsl voleybolçu məsuliyyətli və səbirli olmalı, çıxış etdiyi beynəlxalq turnirlərdə vətəninin ad-sanını ucaltmağa çalışmalıdır. Şükürlər olsun ki, indi Azərbaycanda bütün idman növlərinin inkişafı üçün imkan var. İdmançılar hərtərəfli şəraitlə təmin olunurlar. Onların borcu göstərilən etimadı layiqli şəkildə doğrultmaqdır.

"Ona məsləhət gördüm ki, bir də zala gəlməsin"
- Demək olar ki, bütün ömrünüzü voleybola həsr etmisiniz. Bəs voleybol sizə nə verib?
- Hər şey. Ömrümün 60 ilini voleybolda keçirmişəm. Bu növdə kifayət qədər adlı-sanlı yetirmələrim var və mən onlarla fəxr edirəm. Faiq Qarayev, Alla Həsənova yanıma gələndə çox kiçik idilər. Alla bacısı ilə gəlmişdi. Elə ilk məşqdən sonra dedim ki, səndən yaxşı voleybolçu olacaq. Gümanımda yanılmamışdım. Alla Həsənova tanınmış məşqçi Faiq Qarayevin rəhbərliyi altında müxtəlif yarışlarda uğurla qazandı.Təsadüfə baxın ki, hazırda Alla mənimlə birgə məşqçilik edir .

- Keçmiş yetirmələrinizlə - indiki veteranlarla əlaqə saxlayırsınızmı?
- Bilirsiniz ki, İnna Rıskal hazırda Moskvada yaşayır. Onunla tez-tez əlaqə saxlayıram. Moskvaya gedəndə isə görüşürəm (Feliks Məmmədov redaksiyamızda olarkən İnna Rıskalla telefon əlaqəsi yaratdı. Məşhur voleybolçumuz "Olimpiya dünyası" qəzetinə eksklüziv müsahibə verəcəyini dedi).
- Gəlin, bir az da ailənizdən danışaq.
- Lada adlı bir qızım, Nana adlı bir nəvəm var. Qızımın idmana marağı olmayıb. Bir dəfə məşqə gəlmişdi. Gördüm ki, tənbəllik edir. Ona məsləhət gördüm ki, bir də zala gəlməsin. Həyat yoldaşım Nina xanım geologiya üzrə elmlər namizədidir. Nəvəm tarix təmayüllü liseydə oxuyur.
- Maraqlıdır, adınızını nə üçün Feliks qoyublar?
- Atam sovet dövrünün tanınmış siması Feliks Dzerjinskinin şərəfinə məni belə adlandırıb.
- Uzun illərdir ki, məşqçilik edirsiniz. Sizcə, bu peşənin sahibi hansı xüsusiyyətlərə malik olmalıdır?
- Məşqçilər idmançılarla işləyərkən ədalətlilik prinsiplərinə ciddi riayət etməli, idmançının iş qabiliyyətininin yüksəldilməsinə təsir edən amilləri dərindən bilməlidirlər. O, komanda ilə ümumi dil tapmağı, yeni başlayan idmançı ilə düzgün davranmağı bacarmalı, yetirmələrini qələbəyə ruhlandırmalıdır. Bir sıra idman növlərində məşqçinin hərtərəfli dünyagörüşünün olması çox vacib amil kimi dəyərləndirilir. Təcrübəmə əsaslanaraq deyə bilərəm ki, fərdi növlərdən fərqli olaraq, komanda ilə işləmək daha çətindir. Çünki burada qələbə bir nəfərdən asılı olmur. Qarşılıqlı oyun hərəkətlərini yerinə yetirərkən bir idmançının digərindən geri qalması, kollektivdə mehribanlığın olmaması, mötəbər yarışlar zamanı oyunçuların yaranan vəziyyəti eyni dərəcədə dərk etməməsi kimi amillər komanda üzvlərini bir sıra çətinliklərlə üz-üzə qoyur. Bəzən taktiki və texniki cəhətdən geri qalan komandalar rəqibləri üzərində məhz birlik sayəsində qələbə qazanmağa nail olurlar. Məşqçi bu ciddi faktı nəzərə almalı, komandanın qarşısına məqsəd qoymalı və birlik amilinin üstünlüklərini izah etməlidir. Məşqçi çalışmalıdır ki, heyətdə yer alanlar bir-birinə rəqib deyil, həmkar olsunlar. Komandada birliyin yaradılması üçün idmançıların fiziki hazırlıq səviyyəsi, psixoloji hazırlığı, yaş həddi, təcrübəsi, prosesləri qəbul etmə bacarığı, düşünmə qabiliyyəti kimi keyfiyyətləri nəzərə alınmalıdır.
- Yeniyetmə voleybolçularımız qarşıda hansı yarışlarda iştirak edəcəklər?
- Bu ilin əsas yarışları Belçika və Moskvada təşkil olunacaq. Bu turnirlərə ciddi hazırlaşırıq. Yeniyetmə idmançılarımız verilən tapşırıqlara ciddi əməl edirlər. Yarışlarda iştirak etdikcə komandanın təcrübəsi artır, daha da püxtələşir.

"Musiqi məni sakitləşdirir"
- Feliks müəllim, bəlkə, bir az da idmandan kənar mövzulara toxunaq. Məsələn, musiqiyə marağınız varmı?
- Bütün janrlarda olan musiqilərə qulaq asıram. Musiqi məni sakitləşdirir. Tarixi mövzularda yazılan ədəbiyyaıt oxuyuram.
- Hobbiniz nədir?
- Yarışlarla bağlı çoxlu ölkələrdə oluram və getdiyim hər ölkədən fincanlar gətirirəm. Evdə çoxlu sayda fincanlarım var. Bu iş mənə mənəvi zövq verir.