Paralimpiyaçımız Kamal Məmmədovu yaxından tanımırdım. Onunla görüşüb müsahibə alana qədər... Bu iradəli, özünün dediyi kimi, inadkar, sağlam düşüncəli cavan oğlanla söhbət etdikdən sonra bir daha başa düşdüm ki, sağlamlıq fiziki görünüşdə yox, insanın düşüncəsində, onun amalındadır. Ayaqlarını işlədə bilməməsi Kamalı sevdiyi məşğuliyyətdən kənarlaşdıra bilməmişdi. Bu iradəli, əzmkar paralimpiyaçımızla söhbətə onun uşaqlıq xatirələri ilə başladıq.
- Kamal, sənin fəal, bacarıqlı paralimpiyaçı olduğunu bilirik. Lakin, istərdik ki, əvvəlcə oxucularımıza özün barədə məlumat verəsən.
- Mən 1978-ci ildə Latviyanın Riqa şəhərində doğulmuşam. Uşaqlığım bu şəhərdə keçib. Daha sonra Dəvəçi rayonuna köçmüşük. Dəvəçiyə köçməyimizin səbəbi atamın işi ilə əlaqədar idi. Uşaqlığım çox şən keçib. Qayğısız illər idi... Düzünü deyim ki,valideyn sarıdan bəxtim gətirib. Onlar sözün əsl mənasında gözəl insanlardırlar. Atam müəllimdir. Anam isə uzun illər kitabxanaya rəhbərlik edib. Valideynlərim hörmətli ailələrin övladları olublar. Onu da deyim ki, atamın kitablara böyük marağı var. Əlində olan pulu həmişə kitablara xərcləyər. Elə indidə elədir. 76 yaşı olmasına baxmayaraq, yenə də kitab oxuyur, mütaliə edir. Bizim nəsil ümumiyyətlə, oxumağı sevən nəsildir. Mən balaca olanda atam hansısa kitabı əmimə çatdırmağımı istəyərdi. Əmim də gətirdiklərimi alıb, başqa bir maraqlı kitabı mənə verib "atana, bibinə çatdır”, - deyərdi. Günüm yollarda kitab daşımaqla keçirdi (gülür).
- Kitablara olan məhəbbət atandan sənə də keçibmi? Sirr deyilsə, məktəbi necə oxumusan?
- Dərslərimi yaxşı oxumuşam. Əlaçı idim. Atam Cabir müəllim olduğundan bizim ailədə təhsilə hər zaman yüksək diqqət göstərilib. O çox ziyalı insandır. Mənim üçün böyük bir şəxsiyyətdir. Mən də çalışmışam ki, təhsilimi uğurla davam edim.
- Bəs, ailədə neçə övladsınız?
- Ailədə iki övladıq. Bacım Natella və mən. O, mənim təkcə pis və yaxşı günlərimdə yanımda olur. Həm də mənim dayağımdır. Sözün əsl mənasında dayağım.... Ona olan məhəbbətim hamıdan çoxdur. Allah bütün ailələri bir-birindən ayırmasın. Bir-birinə bağlı ailə olmaq böyük nemətdir. Həyatda bundan böyük qazanc yoxdur... Natella məndən böyükdür. Lakin o, məndən cavan görünür ( gülür).
- Elə sən də cavansan. Cəmi 35 yaşın var. Bu qədər bacarığı olan insan, məncə, heç qocalmaz da....
- (Gülür). Elə mən də həmişə cavan qalmaq istəyirəm. Çünki arzularım hələ çoxdur. Onlara çatmaq istəyi məni yaşadır.
"İlk dəfə hərbi paltar geyəndə 15 yaşım yox idi”
- Məktəbi bitirdikdən sonra təhsilini harda davam etdirdin?
- Məktəbi bitirdikdən sonra Türkiyədə hərbi litseyə qəbul olundum. O vaxt müharibə dövrü idi. Mən də bir azərbaycanlı kimi, istəyirdim ki, hərbçi olum. İlk dəfə hərbi paltar geyəndə 15 yaşım yox idi. 4 ildən cox Turkiyədə qalıb təhsilimi davam etdim. O vaxtlar gənc idim, arzularım, planlarım başqa çür idi...
- Kamal, səni incitmək istəməsəm də bu sualı verməyə məcburam... Səni əlil arabasında yaşamağa məcbur edən hadisəni necə xataırlayırsan?
- .... Mən 27 yaşıma kimi sağlam həyat yaşayan insan idim. Məni əlil arabası ilə tanış edən o hadisəni isə qətiyyən xatırlamıram. Çünki həmin hadisə zamanı şok keçirmişəm və hadisənin təfərrüatı tamamilə beynimdən silinib. Sonra mənə danışdılar ki, hadisə belə olub: Dəvəçidən Bakıya qayıdarkən yol qəzası keçirmişəm. Maşını mən idarə edirdim. Həmin gün çox yorğun, yuxusuz olmuşam. Maşını idarə etdiyim yerdə yuxu məni aparıb və qəza törətmişəm... Lakin mən həmin gün nələr olduğunu, ümumiyyətlə, xatırlamıram. Bunun səbəbini həkimlər keçirdiyim şokla izah etdilər. Sonralar hadisəni xatırlamağa özümü çox məcbur etsəm də, alınmadı. O günü heç vaxt xatırlaya bilmədim. Mən uzun illər idi ki, maşın sürürdüm və sürücülük vəsiqəm yox idi. Hadisənin baş verdiyi gün - 2007-ci ilin 28 iyul tarixində səhər saat 10-da vəsiqəni əldə etdim, lakin axsamüstü saat 5-də qəza keçirdim. Artıq 8 ildir ki, əlil arabasına məhkum olmuşam. Ən maraqlısı odur ki, ümumiyyətlə, həmin günlə əlaqədar heç nə xatırlamıram. Yalnız əmimgildə nərd oynamağım yadımdadır. Həkimlər dedilər ki, onurğa sümüyü qırılarkən xəstə dəhşətli ağrının təsirindən şok keçirir və bu şokun nəticəsində hadisələr yaddaşdan silinir.
- Bəs, hadisədən neçə gün sonra ayıldın?
-Hadisədən 3 gün sonra özümə gəldim. Nə qədər çalışsam da həmin günlə əlaqəli heç nə xatırlamadım. Həkimlər məni əməliyyat etmədilər. Belə vəziyyətdə əməliyyatın heç bir xeyri yox idi. Çünki zərbə nəticəsində bel sümüyüm elə dağılmışdı ki, əməliyyat səhhətim üçün daha da təhlükəli ola bilərdi. İllər sonra əməliyyat oldum, lakin bu da müsbət bir nəticə vermədi. Ukraynada olarkən yaxınlarım məsləhət etdilər ki, yaddasımın qayıtması üçün ekstrasenslərlə görüşüm. Böyük ümidlə bu addımı da atdım. Lakin yenə də yadıma heç nə düşmədi.
- Kamal, yaşadığın bu hadisə sənə, yəqin ki, böyük zərbə oldu....
- Düzünü deyim ki, mən mənəvi cəhətdən güclü insanam. Özümü ələ ala bilirəm . Bu hadisənin mənə zərbə vurmasına icazə vermədim. Hər şeyi olduğu kimi qəbul etdim və həyatıma davam etməyə başladım. Mən xəstəxanada özümə gələndə hadisədən 5 gün keçmişdi. Həkimdən xaiş etdim ki, qohumlarıma və ailəmə heç nə deməsin. Mənə dedilər ki, bütün qohumlarının, tanışlarının hamısı buradadır və başına gələnləri bilirlər. Kiminsə mənə görə narahat olmasını istəmirdim... Amma, təbii ki, bu dəhşətli hadisə ən çox məni sevənlərə zərbə oldu. Bir neçə ay depressiya halında olsam da, bu, zamanla keçdi. O vaxt qızım təzə doğulmuşdu. İndi qızımın 8 yaşı var. Adı Səbinədir. Onu çox istəyirəm. İstərdim qızımın həyatı gözəl, uğurlu olsun. Ən əsası, o sağlam böyüsün. Sağlamlıq böyük nemətdir.
"Təəssüf ki, şəhərimizdə əlil insanların rahat hərəhət etməsi üçün lazımi şərait hələ də yoxdur”
- Bəs, sağalmaq ümidin nə qədərdir ?
- Düzünü deyim ki, hələ ki, bunun çarəsi yoxdur. Yenə də Allahdan ümid kəsilməz. Lakin onurğa sümüyüm və ən əsası onurğa beyni deyilən hissənin güclü zədə alması yerimək ümidlərimi azaldır. İşlədiyim "ATRA” (indiki "MİLLA”) şirkəti bütün əməliyyat xərcini ödədi və onların köməyi ilə 3 dəfə əməliyyat olundum. Həmin şirkətdə satış üzrə müdir işləyirdim. Bundan başqa valideyinlərim də bütün maddi imkanlarından istifadə edib müalicəmə xeyli xərc çəkdilər. Lakin, yenilik olmadı. İndi əlil arabasında çətin şərtlər altında yaşasam da buna uyğunlaşmışam. Təəssüf ki, şəhərimizdə əlil insanların rahat istirahət etməsi üçün lazımi şərait hələ də yoxdur. Maşınla gəzməyi sevirəm. Pedalları əllə idarə olunan avadanlıqla əvəz etmişik. Belə maşınlar satışda olmasa da, ustalar bunu düzəltməyi bacarırlar.
"İstərdim ki, həyatımın qalan hissəsini də sevdiyim, məni başa düşən insanların əhatəsində yaşayam”
- Kamal, heç keçmişə dönməyi, yeriməyi, qaçmağı arzulayırsanmı?
- İnanın ki, keçmişə qayıtmağı heç istəmirəm. İndiki həyatım çox maraqlıdır. Mən əvvəllər belə maraqlı həyat yaşamamışdım. Əlil arabasında olmağımın özü də kimlərəsə təsəlli verir, kimlərəsə dayaq ola bilirəm. Bu, bəlkə də, fiziki qüsurlu insanlara hardasa təsəllidir. Özlərini carəsiz, ümidsiz hiss edən fiziki qüsurlu insanlara təsəlli ola bilirəmsə, bu, savab əməldir. İndi əlil arabasında idman rəqsi, qılıncoynatma kimi idman növləri ilə məşğul oluram. Əlil arabasında qazandıqlarım sağlam həyatımda qazandıqlarımdan daha çoxdur. Həmçinin Milli Paralimpiya Komitəsinin böyük diqqət və qayğısı ilə əhatə olunmuşuq. Bundan bağqa Əlil İdmançılara Dəstək İctimai Biriliyinə rəhbərlik edirəm. Bir neçə dəfə paraşütlə tullanmışam. Bu, çox həyəcan verici, maraqlı bir işdir. Paraşütlə tullanmağı gənclik illərimdə də çox istəyirdim. Lakin qismət olmamışdı. Paraşütlə tullanmaq çox fərqli, qeyri-adi bir hissdir. Mən dünya ölkələrinin əksəriyyətində idmançılarla bərabər səfərlərdə oluram, ailəmdən, dostlarımdan və ətrafımdakı hər şeydən çox razıyam. Hərdən düşünürəm ki, bəlkə də sağlam insan olsaydım heç bu qədər xoşbətx ola bilməyəcəydim. Mənə elə gəlir ki, sağalsam bu maraqlı həyatımı yaşaya bilməyəcəm. Mən bu halımla kimlərəsə təsəlli oluram. İnanın ki, artıq yerimək, qaçmaq məni düşündürmür. Hələ çatmaq istədiyim çox arzularım var. Düşünürəm ki, o arzulara elə paralimpiyaçı kimi də çata bilərəm. Çox şükür ki, istədiyim hər şeyə nail oluram.
- Bəs, Milli Paralimpiya Komitəsinə nə vaxt müraciət etdiniz ?
- Komitəyə atıcılıqla məşğul olmaq istəyimlə əlaqədar müraciət etdim. 2009-ci il idi. Daha sonra əlil arabasında rəqs etmək istəyim yarandı. Yaxınlarım bu işi mənə çox yaraşdırdılar.
Əvvəlcə rəqslə məşğul olmaqdan bir az çəkinirdim. Bir neçə dəfə məşğul olduqdan sonra bu işin nə qədər maraqlı olduğunu gördüm. Səhnəyə çıxana qədər istər-istəməz insanda müəyyən qədər həyəcan olur. Səhnəyə çıxdıqdan sonra həyəcan tamamilə itir. İndi iştirak etdiyim festival və yarışlarda rəqs etməkdən böyük zövq alıram. Bu, çox maraqlıdır və insana gözəl hisslər bəxş edir. Bundan başqa, hazırda Moskva unitersitetlərinin birində hüqüqsünaslıq fakültəsində təhsil alıram.
- Niyə Bakıda deyil, məhz, Moskvada oxumaq qərarına gəldin?
- Çünki orada əlillər üçün hər bir şərait var . Qaldığımız yataqxanada da fiziki cəhətdən qüsurlu olanlar üçün bütün zəruri şərait yaradılıb.
- Kamal, bəs ən böyük arzun nədir?
- (Susur) Ən böyük arzum şəxsi həyatımla bağlıdır. İstərdim ki, həyatımın qalan hissəsini də sevdiyim, məni başa düşən insanların əhatəsində yaşayım. Sözün əsl mənasında xoşbəxt yaşayım.. Hər kəs istədiyi hər arzuya çata bilər. Əsas odur ki, buna ürəkdən inansın və ətrafında onu dəstəkləyən insanlar olsun.
Jalə Rzabəyli