Olimpiya oyunlarından sonra planetin ən güclü idman tədbiri olan Tələbələrin Ümumdünya Yay Universiadası ölkəmizin idman tarixində iz buraxdı. Azərbaycanı bu mötəbər yarışda təmsil edən milli komandamız universiadada iştirak edən 170 ölkə arasında 15-ci yeri tutdu. Komandamızın üzvləri, ümumilikdə 16 medal (4-ü qızıl, 5-i gümüş və 7-si isə bürünc) qazandılar. Milli komandamızın üzvlərindən ağırlıqqaldıranımız Firudin Quliyev, 5000 metr məsafəyə qaçış yarışlarında çıxış edən Hayle İbrahimov və güləşçilərimiz Yuliya Ratkeviç, Rəsul Çunayev Kazanda fəxri kürsünün ən yüksək pilləsinə qalxdılar. Ağırlıqqaldıranımız Kristina Yovu, kəmər güləşi yarışlarda çıxış edən Ülviyyə Kərimova, güləşçilərimiz Cəbrayıl Həsənov, Patimat Baqomedova və Kamran Məmmədov gümüş medala sahib oldular. Bürünc medalları isə komandamıza Məmmədəli Mehdiyev (cüdo), İrina Netrebi, Hacı Əliyev, Eldəniz Əzizli (hamısı güləş), Ağasif Səmədov, Emin Həsənov, İslam Qasımov (sambo) qazandırdılar.
Məlumat üçün qeyd edək ki, ümumi medal sayında universiadanın qalibi Rusiya komandası olub. Şimal qonşularımız doğma azarkeşlər önündə 292 medal (155 qızıl, 75, gümüş, 62 bürünc) qazanıblar.
Çin Xalq Respublikası 77 medalla (26 qızıl, 29 gümüş, 22 bürünc) ikinci, Yaponiya isə 84 medalla (24 qızıl, 28 gümüş, 32 bürünc) üçüncü olub.
Xatırladaq ki, tələbələrimiz bu yarışda şahmat, boks, sambo, cüdo, idman gimnastikası, ağırlıqqaldırma, kəmər güləşi, sərbəst güləş (oğlanlar və qızlar), yunan-Roma güləşi və qılıncoynatma növlərində mübarizə aparıblar.
Planetin ən güclü tələbə idmançılarının iştirak etdiyi yarışda ölkəmiz 12 idman növü üzrə 78 idmançı ilə təmsil olunub. Universiadada qazanılan yüksək nailiyyətlərlə bağlı məlumat əldə etmək üçün "Gənclik” Tələbə İdman Cəmiyyətinin (TİC) Respublika Şurasının sədri Tofiq Xanəliyevlə görüşdük. O, bizə komandamızın universiadada çıxışı ilə bağlı ətraflı məlumat verdi.
- Tofiq müəllim, atletlərimizin Kazandakı uğurlu çıxışı münasibətilə sizi təbrik edirəm. Əvvəlcə istərdik, komandamızın çıxışı barədə ətraflı məlumat verərsiniz.
- Azərbaycan Tələbələrin 27-ci Universiadasında 12 idman növü üzrə 78 idmançı ilə təmsil olunurdu. Əslində, bu yarışda komandamız 81 idmançı ilə mübarizə aparmalı idi. Lakin yarışa bir neçə gün qalmış ağırlıqqaldıranımız, London - 2012 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Valentin Xristov zədələnərək universiada yarışlarından kənar qaldı. Bundan başqa, əsas medal ümidimiz olan Şaban Şahpələngov da müəyyən səbəblərə görə bu yarışı buraxmaq məcburiyyətində qaldı. Kəmər güləşində medal qazanmağa ən real namizəd olan Marina Qacaniyeva sənədləşmə məsələsi alınmadığına görə yarışlara buraxılmadı. Lakin üç ən güclü idmançımızın yarışda iştirak etməməsinə baxmayaraq, universiadadan yüksək nəticə ilə qayıtdıq. 4-ü qızıl, 5-i gümüş və 7-si qızıl olmaqla ümumilikdə 16 medal qazanan komandamız dünyanın ən güclü 170 ölkəsi arasında 15-ci yeri tutdu. Kazanda 13 min 500 atlet 3500 dəst medal uğrunda mübarizə aparırdı. Sevindirici haldır ki, tələbə idmançılarımızdan 16-sı medalçılar siyahısında yer aldı. Hesab edirəm ki, bu, komandamız üçün çox gözəl nəticədir.
- Universiadadan əvvəl komandamızın 12 medal qazanacağını proqnozlaşdırmışdınız.
- Bəli. Hər bir yarışdan əvvəl proqnoz vermək çox çətin olur. Universiadada 12 idman növü üzrə təmsil olunurduq. Bunun üçün də, komandamızın ən azı 12 medal qazanacağını gözləyirdim. Amma idmançılarımız nəzərdə tutulanlardan daha artığına layiq görüldülər. Nəticədə təmsilçilərimiz 16 medal qazandılar. Məlumdur ki, Azərbaycan 1993-cü ildən başlayaraq tələbələrin universiada yarışlarında iştirak edir. Kazana qədər universiada yarışlarında ən yüksək nəticəmiz 2009-cu ildə əldə olunub. Həmin vaxt analoji idman tədbiri Serbiyanın Belqrad şəhərində təşki olunmuşdu. Komandamız həmin yarışda Ramin Qurbanov və Ramil Quliyevin sayəsində iki qızıl medala yiyələnmişdi. Bu nəticə ilə Azərbaycan 160 dövlət arasında 27-ci pillədə qərarlaşmışdı. 2011-ci ildə Çinin Şenjen şəhərində isə gimnastımız Aliyə Qarayeva və cüdoçumuz Elmar Qasımov gümüş medala layiq görülmüşdülər. Asiyada qazanılan iki medal nəticəsində komandamız 37-ci yeri tutmuşdu.
Amma illər keçdikcə bu uğurların sayı dəyişdi. Əldə olunan medalların sayı və növü artmağa başladı. Kazan Universiadasında əldə olunan 16 medal bunun bariz nümunəsidir. Milli komandamızın heyətində ağırlıqqaldıranımız Firudin Quliyev, 5000 metr məsafəyə qaçış yarışlarında çıxış edən Hayle İbrahimov və güləşçilərimiz Yuliya Ratkeviç, Rəsul Cunayev qızıl medal qazanmaqla Kazanda üçrəngli bayrağımızı yüksəklərdə dalğalandırıb, himnimizi səsləndirdilər. Gümüş medalları isə ölkəmizə ağırlıqqaldıranımız Kristina Yovu, kəmər güləşi yarışlarında çıxış edən Ülviyyə Kərimova, güləşçilərimiz Cəbrayıl Həsənov, Patimat Baqomedova və Kamran Məmmədov qazandırdılar. Cüdoçumuz Məmmədəli Mehdiyev, güləşçilərimiz İrina Netrebi, Hacı Əliyev, Eldəniz Əzizli, samboçularımız Ağasif Səmədov, Emin Həsənov, İslam Qasımov isə bürünc medala sahib oldular. Qazanılan bu nəticələr Azərbaycanın bir daha idman ölkəsi kimi tanındığını sübut etdi. Universiada yarışları Olimpiya oyunlarından sonra keçirilən ikinci ən böyük idman turniridir. Bunun üçün də bu yarışlara dünya ölkələri ən güclü idmançılarını, Olimpiya mükafatçılarını göndərir. Universiadada hər idman növündə Olimpiya iştirakçıları mübarizə aparırdılar. Bunun üçün də burada medal qazanmaq çox çətin idi. Komandamıza qızıl medal qazandıran Rəsul Cunayev final görüşündə zədəli olmasına baxmayaraq, Rusiyanın Olimpiya çempionunu 32 saniyəyə tam üstünlüklə məğlub etdi. Yəni bu mötəbər idman tədbiri dünyanın ən güclülərinin mübarizəsi olduğunu desək, yəqin ki, yanılmarıq.
- Komandamızın heyətində yetərincə güclü idmançı yer almışdı. Lakin bəzi idman növündə medal qazanmaq mümkün olmadı.
- Düzdür. Bir daha qeyd edim ki, yarışda bir sıra yüksək nailiyyətli idmançılarımız çıxış edirdi. Lakin bunların bəziləri medal qazana bilmədilər. Burada ən çox boks idman növündən medal gözləyirdik. Amma təəssüflər olsun ki, dəri əlcək ustalarımız rinqi əliboş tərk etdilər. Halbuki boks üzrə komandamızın heyətində medal qazanmağa layiq idmançılar var idi. Həmin idmançılar bu yarışa qədər Olimpiya oyunlarının, Avropa və dünya çempionatının iştirakçıları və mükafatçıları olublar. Onlar həmin uğurları təkrarlaya bilmədilər. Bundan başqa, şahmatçılarımızın uğur əldə edəcəklərinə böyük ümid bəsləyirdik. Təəssüf ki, bu növdə də medal qazanmaq mümkün olmadı, baxmayaraq ki, təmsilçimiz Vasif Durarbəyli son turlara qədər yarışda 4-cü pillədə idi. Amma sonda o da mükafatçılar sırasına düşə bilmədi. Qılıncoynadanlarımız da medal qazanmağa ən real namizəd kimi göstərilsələr də, bu növdə də yüksək nəticə qazanmaq mümkün olmadı. Ədalət təmsilçilərinin verdiyi qeyri-obyektiv qərarlar nəticəsində qılıncoynadanlarımız Kazanı medalsız tərk etdilər. Gimnastika idman növündə icə Olimpiya oyunlarının iştirakçısı Şakir Şıxəliyev uğursuz çıxış edərək mükafatçılar sırasına düşə bilmədi. Komandamız 12 idman növündən 8-də medal qazandı. Yalnız boks, gimnastika, şahmat və qılıncoynatma növlərində yüksək nəticə əldə etmək mümkün olmadı.
Yarışdan əvvəl biz federasiyalara universiada ilə bağlı müraciət etmişdik ki, ən güclü idmançılarını bizə təqdim etsinlər. İndi boksda, şahmatda, atletikada və gimnastikada medal qazanılmayıbsa, bununla bağlı məsuliyyəti məhz həmin federasiyalar daşıyırlar.
- İlk dəfə idi ki, universiadada kəmər güləşi üzrə yarışlarda təmsil olunurduq. İstərdik ki, bu idman növü barədə məlumat verəsiniz.
- Bəli. Komandamız universiada tarixində ilk dəfə idi ki, kəmər güləşi növündə iştirak edirdi. Onu da deyim ki, bu növ özü də universiadada debüt edirdi. Beynəlxalq Tələbə İdman Cəmiyyətinin (FİSU) qaydalarına görə, hansı dövlət universiada yarışlarına ev sahibliyi edirsə, mütləq 15 idman növü üzrə yarışlar keçirməlidir. Bundan başqa, həmin təşkilatçı ölkə əlavə olaraq istədiyi idman növlərini yarışların proqramına əlavə edə bilər. Kazan univerisadasına qədər kəmər güləşi, ağırlıqqaldırma və bir sıra idman növləri var ki, onlar indiyə qədər universiada yarışlarının proqramına salınmamışdı. Kəmər güləşi bizim milli güləş növünə bənzəyir. Azərbaycanda bu idman növü hələ kövrək addımlarını atır. Amma buna baxmayaraq, bu növ üzrə ölkəmizi təmsil edən Ülviyə Kərimova gümüş medal qazandı. Xatırladım ki, universiadada güləş yarışları sonuncu dəfə 2005-ci ildə Türkiyənin İzmir şəhərində təşkil olunan yarışda keçirilmişdi. İzmir universiadasınadan sonrakı yarışlarda isə güləş turnirin proqramına daxil edilməmişdi. Amma Rusiya Kazan universiadasında güləş idman növünü yarışların proqramına daxil etdi. Sevindirici haldır ki, 16 medaldan 7-si güləşin payına düşdü. Bu nəticə ölkəmizdə güləş idman növünün bir daha sevildiyini və Azərbaycanda güləşə layiqli diqqət göstərildiyini bir daha sübut etdi.
- Kazan universiadası nə ilə yadda qalacaq?
- Hər bir yarışa gedəndə oradan gözəl xatirələrlə qayıdırıq. Bu turnir də mənim xatirəmdə unudulmaz iz qoydu. Bundan əlavə, bu universiada mənim yaddaşımda ən məsuliyyətli yarış kimi qaldı. Çünki ilk dəfə idi ki, universiadada belə geniş heyətlə təmsil olunurduq. Yarışların açılış mərasimində gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və idman ictimaiyyətinin digər nümayəndələri iştirak edirdilər. Bu da məsuliyyətimizin ikiqat artmasına səbəb olurdu.
Kazanda Tatarıstanın Prezidenti və gənclər və idman naziri ilə görüşdüm. Bundan əlavə, sevindirici hal idi ki, Kazanda yaşayan çoxsaylı həmvətənlərimiz də yarışların keçirildiyi arenaya gələrək, idmançılarımıza dəstək olurdular. Bu da bizim üçün çox qürurverici hal idi. Həmyerlilərimizin "Kazan Arena”da Azərbaycan bayraqları ilə komandamıza sona qədər dəstək olması bizi daha da ruhlandırırdı. Biletlərin baha olmasına baxmayaraq, həmvətənlərimiz bizə dəstək olmaq üçün arenalara gəlirdilər.
- Aparıcı idman ölkələri Kazan universiadasında zəif çıxışları ilə diqqəti çəkdilər. Rəqabət güclü idi, yoxsa...
- Düzdür. Bu yarışda Braziliya, Türkiyə, Kanada və digər ölkələrin təmsilçiləri zəif çıxış etdilər. Fikrimcə, güclü idmançı hər bir yarışda qalib gəlməlidir. Yəqin ki, həmin ölkələrin atletləri yarışlara yaxşı hazırlaşmışdılar. Türkiyə komandası universiadaya, əsasən, komanda idman növlərində - basketbol, voleybol yarışlarında çıxış edən idmançılarını gətirmişdilər. Məlumdur ki, komanda idman növlərində də medal qazanmaq çox çətin olur. Bu səbəblərə görə də bəzi aparıcı ölkələr universiadada zəif təsir bağışladılar.
- Bəs Rusiyanın yarışda bu qədər çox medal qazanmasının səbəbi nədə idi? Çünki universiada tarixində ilk dəfə idi ki, bir komanda 292 medal qazanırdı.
- Bunların bir sıra səbəbləri var. Başlıca səbəb kimi "şimal qonşular”ımızın yarışların ev sahibi olmasını göstərmək olar. Digər tərəfdən isə ruslar bu yarışda 1200 idmançı ilə təmsil olunurdular. Bundan əlavə, hakimlər də Rusiya idmançılarına, müəyyən qədər də olsa, kömək edirdilər. Bunun üçün də ruslar yarışda 292 medal qazandılar. Medal sayına görə ikinci yeri Çin yığması tutdu (77 medal) Medalların sayına baxdıqda da açıq aşkar rusların irəlidə olduğunu görmək mümkündür.
- Söhbətdən belə məlum olur ki, ədalət təmsilçilərinin qərarları sizi qane etməyib.
- Bəli. Bu yarışda digər universiadalarla müqayisədə hakimlik çox aşağı səviyyədə idi. Qeyd etdiyim kimi, qılıncoynadanlarımız da hakim səhvləri ilə üzləşdikləri üçün yarışları medalsız başa vurdular. Onu da deyim ki, ölkəmizi universiadada üç hakim - şahmat növündən Qərib Əliyev, Vitali Sapronov, gimnastikadan isə Rza Əliyev təmsil edirdi.
- Yarışın təşkilatçılıq səviyyəsindən razı qaldınızmı?
- Bəli. Yarış çox yüksək səviyyədə təşkil olunmuşdu. Hətta nümayəndə heyətinin adından Tatarıstanın Prezidentinə təşəkkür məktubu yazaraq, minnətdarlığımızı bildirdik. Universiada şəhərciyi çox gözəl idi. Yarış üçün 45 min nəfərlik yeni arena tikilmişdi. Bu da rusların universiadaya nə dərəcədə məsuliyyətlə yanaşmasından xəbər verirdi.
Azər Əlizadə