İyulun 6-dan 17-dək Rusiyanın Kazan şəhərində Tələbələrin XXVII Ümumdünya Yay Universiadası keçirildi. Bu yarışda 162 ölkənin komandaları (13 min 500 atlet) 3500 dəst medal uğrunda mübarizə apardı. Planetin ən güclü tələbə idmançılarının iştirak etdiyi yarışda ölkəmiz 12 idman növü üzrə 78 idmançı ilə təmsil olundu. Tələbələrimiz Kazanda şahmat, boks, sambo, cüdo, idman gimnastikası, ağırlıqqaldırma, kəmər güləşi, sərbəst güləş (oğlanlar və qızlar), yunan-Roma güləşi və qılıncoynatma növləri üzrə güclərini sınadılar. Azərbaycan millisi Tələbələrin XXVII Ümumdünya Yay Universiadasında 16 medal (4 qızıl, 5 gümüş, 7 bürünc) qazanaraq 15-ci yeri tutdu. Atletlərimizdən Firudin Quliyev (ağırlıqqaldırma), Hayle İbrahimov (atlet), Yuliya Ratkeviç (qadın güləşi) və Rəsul Çunayev (yunan-Roma güləşi) Kazanda qızıl medala layiq görüldülər. Komandamıza gümüş medalları isə Kristina Yova (ağırlıqqaldırma), Ülviyyə Kərimova (kəmər güləşi), güləşçilərimiz Cəbrayıl Həsənov (sərbəst güləş), Patimat Baqomedova (qadın güləşi), Kamran Məmmədov (yunan-Roma güləşi) qazandırdılar. Məmmədəli Mehdiyev (cüdo), İrina Netrebi, Hacı Əliyev, Eldəniz Əzizli (güləş), Ağasif Səmədov, Emin Həsənov, İslam Qasımov (hər üçü sambo) bürünc medalla kifayətləndilər. Ölkəmizə bu mötəbər yarışda qızıl medal qazandıran idmançılardan biri də 66 kq çəkidə yarışan yunan-Roma güləşçisi Rəsul Çunayevdir. Redaksiyamızın qonağı olan gənc pəhləvanımız Kazanda keçirdiyi görüşlər, gələcəkdə iştirak edəcəyi yarışlarla bağlı verdiyimiz sulları ətraflı cavablandırdı.
- Rəsul, əvvəlcə özün haqqında oxcularımıza məlumat verərdin.
- 1991-ci il yanvar ayının 7-də Balakən rayonunun Qabaqçöl qəsəbəsinin Yenişərif kəndində anadan olmuşam. Ailədə üç uşağıq. Yaşca məndən balaca iki bacım var. Orta təhsilimi elə həmin kənddə yerləşən Üzeyir Hacıbəyov adına orta məktəbdə almışam. Uşaqlıqdan idmana marağım olduğu üçün dərs oxumağa elə də həvəsim yox idi.
- Bəs, idmana gəlişini necə xatırlayırsan?
- Mən də hər bir uşaq kimi balaca vaxtı çox dəcəl olmuşam. Həmişə məktəbdə uşaqlarla dalaşırdım. Orta məktəbdə oxuduğum vaxtı İsmayıl Çöpçiyev adlı bir müəllim güləş idman növü üzrə uşaqlara təlimlər keçirdi. Bu, mənə çox maraqlı gəldiyi üçün bir gün məşqi izləməyə getdim. Onu da deyim ki, İsmayıl müəllim daha əvvəllər mənim 4-5 uşaqla təkcə dalaşdığımın şahidi olmuşdu. O, mənim idmana marağımın olduğunu hiss edirdi və mənə güləş idman növü ilə məşğul olmağı məsləhət gördü. Bunu evdə ailəmə desəm də, onlar mənim bu sahədə uğur qazanacağıma inanmırdılar. Sonra İsmayıl müəllim atamla söhbət edərək mənim güləş idman növündə böyük uğurlar qazana biləcəyimi dedi. Yalnız bundan sonra, atam məşqlərdə iştirak etməyimə icazə verdi. Beləliklə, 9 yaşımdan güləş məşqlərinə başladım. Məşqlərdə olan zaman məşqçimdən və təcrübəli idmançılardan yeni fəndlər öyrənirdim. Çox keçmədi ki, məndən daha əvvəl məşqə gələn idmançıları yıxmağa başladım. Bu da məni çox sevindirirdi. Hər gün məşqdən evə gələndə hazırlıqda məndən əvvəl gələn idmançıları necə yıxdığımı ailə üzvlərinə danışırdım. Amma onlar mənə yenə də, inanmırdılar. Bir gün İsmayıl müəllim məni Bakıya məşqə gətirdi. Bundan sonra məşqlərimi paytaxtda davam etdirdim. Bir müddət sonra artıq yarışlara çıxmağa başladım. Belə yarışlardan biri 2006-cı ildə Bakıda keçirilən Azərbaycan çempionatı oldu. Həmin yarışda bürünc medala layiq görülməklə yanaşı, güləş üzrə yığma komandanın heyətinə də cəlb olundum. Elə həmin ildən başlayaraq həm ölkədaxili, həm də beynəlxalq yarışlarda iştirak edərək mükafatçılar sırasında yer aldım.
- Sən həm yeniyetmələr, həm gənclər, həm də böyüklər arasında çıxış etmisən. Bu qruplarda hansı uğurların olub?
- Təvəzökarlıqdan uzaq da olsa deyim ki, mübarizə apardığım bir sıra yarışlarda qalib gəlməyi bacarmışam. İstər yeniyetmələr, istər gənclər, istərsə də böyüklər arasında müxtəlif əyarlı medallara sahib olmuşam. 2007-ci ildə yeniyetmələr arasında keçirilən Azərbaycan çempionatında birinci yerə layiq görüldüm. Bir il sonra isə böyüklər arasında təşkil edilən Azərbaycan çempionatının qalibi oldum. Elə həmin il Latviyada yeniyetmələr arasında Avropa çempionatı keçirildi. Bu yarışda fəxri kürsünün ən yüksək pilləsinə layiq görüldüm. 2010-cu ildə Bolqarıstanda keçirilən gənclər arasında Avropa çempionatında birinci yerə sahib çıxdım. Dünya çempionatında isə bürünc medalla kifayətləndim. Bundan başqa, 2010-cu ildə İtaliyada tələbələr arasında keçirilən dünya çempionatında da bütün rəqiblərimə qalib gələrək birinci yerə sahib olmuşam. Növbəti il Serbiyada gənclər arasında keçirilən Avropa çempionatında bürünc medal əldə etdim. Elə həmin il Rumıniyada keçirilən dünya çempionatında üçüncü oldum. Qeyd edim ki, bir sıra beynəlxalq turnirlərin də mükafatını qazanmışam. 2013-cü ildə Türkiyədə keçirilən "Vehbi Emre Qızıl Qran-pri” beynəlxalq turnirində fəxri kürsünün ən yüksək pilləsinə layiq görüldüm.
- Kazanda ölkəmizə qızıl medal qazandıran idmançılardan biri də sən oldun. Universiadadakı görüşlərini necə xatırlayırsan? Birinci yerə sahib çıxacağına inanırdınmı?
- Yarışlara 1/16 final mərhələsindən başladım. İlk görüşümü almaniyalı idmançıya qarşı keçirdim və rəqibimi 7:0 hesabı ilə tam üstünlüklə məğlub etdim. İkinci görüşümdə isə Polşa idmançısına 8:0 hesabı ilə qalib gəldim. 1/4 finalda Türkiyə idmançısı ilə qarşılaşdım. Bu görüşdə də rəqibimə asanlıqla qalib gəldim. Cəmi 55 saniyə ərzində Türkiyə idmançısına qarşı iki dəfə üç xallıq fənd işlətdim. Bununla da yarımfinala yüksəldim. Bu mərhələdə isə İran idmançısı ilə qarşılaşdım. Həmin görüşdə rəqibimə cəmi bir xal verdim. Onu da deyim ki, bu yarışa qədər heç bir rəqibim məndən xal ala bilməmişdi. Düzdür, iranlı idmançıya verdiyim xal mənə baha başa gəldi. Belə ki, rəqibimin mənə qarşı işlətdiyi fənd zədələnməyimə səbəb oldu. Bununla belə, iranlı güləşçiyə yekunda 7:1 hesabı ilə qalib gəlməyi bacardım.
- Görüşlərin çoxunda rəqiblərini tam üstünlüklə məğlub etmisən. Belə asan qələbə qazanmağının səbəbini bilmək istərdik. Sən yarışlara yüksək səviyyədə hazırlaşmışdın, yoxsa rəqiblərin zəif idi?
- Deməzdim ki, bu yarışda zəif güləşçilər mübarizə aparırdı. Əslində, universiadada yetərincə güclü, təcrübəli idmançılar var idi. Hətta Olimpiaya oyunlarının, dünya və Avropa çempionatlarının qalib və mükafatçıları həmin yarışda iştirak edirdilər. Sadəcə, yarışa çox ciddi hazırlaşmışdım. Yarışa hazırlaşanda qarşıma məqsəd qoymuşdum ki, rəqiblərimi vaxtından əvvəl məğlub edərək tam üstunluklə qələbə qazanım. Belə də oldu.
- Bildiyimizə görə, həkimlər səni final görüşünə buraxmaq istəməyiblər...
- Qeyd etdiyim kimi, keçirdiyim görüşlərdə rəqiblərimə cəmi 1 xal verdim. Bu da yarımfinal qarşılaşmasında İran idmançısı ilə mübarizədə oldu. Bu zaman qabırğamdan çox ciddi zədə aldım. Hətta nəfəs ala bilmirdim. Həkimlər final görüşümü buraxacağımı bildirdilər. Düzü, bu, məni çox narahat etdi. Çünki Kazana böyük ümidlərlə gəlmişdim. Finala qədər də bütün rəqiblərimi tam üstünlüklə məğlub etmişdim. Qızıl medalın bir addımlığında dayanmışdım. Həkimlərin müdaxiləsindən sonra final görüşünə çıxdım. Zədələndiyim üçün finalda uğurlu çıxış edəcəyimə inam çox az idi. Hətta özüm də ümidsiz idim. Bununla belə, düşünürdüm ki, döşək üzərinə çıxdıqdan sonra ilk dəqiqələrdən rəqibimin müqavimətini qırmağa cəhd etməliyəm. Əks təqdirdə, vaxt uzandıqca güləşmək mənim üçün çox çətin olacaqdı. Ağrılar özünü göstərəcəkdi. Bildiyiniz kimi, finalda rusiyalı Olimpiya çempionu ilə qarşılaşdım. Vaxtın uzanması mənim xeyrimə olmayacaqdı. Buna görə də, görüşü tez bir zamanda başa çatdırmaq lazım idi. Düşündüklərimi həyata keçirə bildim. Həlledici mərhələdə rəqibimi 32 saniyə ərzində 6:0 hesabı ilə məğlub edərək çempion adına layiq görüldüm.
- Kazandakı rəqiblərinlə daha əvvəlki yarışlarda qarşılaşmışdın?
- Bəli. Universiadadakı bütün rəqiblərim tanış idmançılar idi. Həmin güləşçilərlə bundan əvvəlki turnirlərdə də güləşmişdim. Yeri gəlmişkən deyim ki, İran idmançısı Bakıda keçirilən Qızıl Qran-pri turnirinin finalında Afina-2004 Yay Olimpiya Oyunlarının çempionu Fərid Mansurovun rəqibi olmuşdu. Yəni bu idmançıların hər biri ilə qarşılaşmaqla yanaşı, onların yarışlarını da izləmişəm.
- Sözsüz ki, bu cür mötəbər turnirlərdə keçirilən görüşlər yaddaşdan silinmir, uzun müddət xatırlanır. Keçirdiyin döyüşlər arasında sənin üçün ən yadda qalanı hansı oldu?
- Təbii ki, final görüşüm. Çünki bu yarışa, qeyd etdiyim kimi, zədəli çıxmışdım. Amma özünəinam məni qələbəyə doğru apardı. Olimpiya çempionunu məğlub etməyim mənim yaddaşımda xoş xatirə kimi qalacaq. Görüşlərimin içində ən çətini isə yarımfinalda iranlı idmançı ilə oldu. Zədə səbəbindən bu qarşılaşma 6 dəqiqə davam etdi. Sevinirəm ki, zədəmin ağrısına dözərək rəqibimi məğlubiyyətə uğratdım.
- Rəsul, deyəsən, gözəl rəqs etməyin də var. Hər halda, çempion olduqdan sonra etdiyin rəqs belə deməyə əsas verir.
- Yarış başa çatdıqdan sonra qələbəmə hələ də inanmırdım. Qarşıma qoyduğum məqsədimə nail olmuşdum. Sevincimin həddi-hüdudu yox idi. O hissləri sözlə ifadə etmək çətindir. Rəqs etməyim də, məhz həmin sevincdən irəli gəlirdi. İlk dəfə idi ki, qələbəmi bu cür sevinclə qeyd edirdim. Rəqs etməyimin digər səbəbi həm anam, həm də əmim oğlu ilə bağlı idi. Yarışa hazırlıq dövründə kənddə ailəmiz anamın ad gününü qeyd edirdi. Bundan başqa, həmin ərəfədə əmim oğlunun da toyu keçirilirdi. Özümə söz vermişdim ki, yarışda çempion olsam, rəqs edərək həm anamı, həm də əmim oğlunu təbrik edəcəyəm. Şükürlər olsun ki, arzuma çatdım.
- Kazanda çoxlu hakim səhvləri oldu. Bəs, sən hakimlərin ədalətsiz qərarları ilə üzləşmədin ki?
- Xeyr. Çünki mən şansımı hakimlərə saxlamadım. Yarışa çıxan kimi rəqibimi elə ilk dəqiqələrdən tam üstünlüklə məğlub etməyə çalışırdım. Bakıda təlim-məşq toplanışlarında da ən çox bu cür taktiki fəndlərin üzərində çalışmışdım. Məncə, məhz bunun sayəsində universiadada uğur qazana bildim. Amma çox idmançılar həmin yarışda ədalət təmsiçilərinin qərarlarından narazı qaldılar. Hətta Olimpiya oyunlarının bəzi iştirakçıları Kazanda hakim səhvlərinin qurbanı oldular.
- Universiadadan qayıtdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev XXVII Ümumdünya Yay Universiadasının qaliblərini, mükafatçılarını, onların məşqçlərini və respublikanın idman mütəxəssislərini qəbul etdi. Həmin tədbirdə sənə də söz verildi.
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 24-də bizi qəbul etdi. Bu, karyeramda ən qürurverici anlardan biri idi. Çünki bu cür hallar hər bir idmançıya nəsib olmur. Özümü çox xoşbəxt hiss edirəm. Cənab Prezidentin məni təbrik etməyi də mənim üçün çox böyük fəxr idi. Azərbaycanda idmana çox böyük qayğı göstərilir. Məhz bu qayğı uğurlarımıza yol açır. Beynəlxalq turnirlərin qalib və mükafatçılarının əməyi dövlətimz tərəfindən yüksək qiymətləndirilir. İdmançılara göstərilən xüsusi qayğıya görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirirəm.
- London - 2012 Yay Olimpiya Oyunlarında olduğu kimi, universiadada medallarımızın çoxu güləş idman növündən oldu. 16 medaldan 7-si pəhləvanlarımızın aktivinə yazıldı.
- Ölkəmizdə güləş idman növünə çox böyük maraq var. Sevindiricidir ki, indi idman zallarında xeyli sayda azyaşlı uşaqların bu növlə məşğul olduğunu görmək olur. Respublikamızda güləş çox yaxşı inkişaf edir. Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Güləş Federasiyası pəhləvanlarımıza çox gözəl şərait yaradırlar. İdmançılarımız da bu diqqət və qayğıdan istifadə edərək beynəlxalq yarışlarda bayrağımızı qaldırıb, himnimizi səsləndirirlər. Güləş Azərbaycanın milli idman növlərindən biridir. Hər birimiz dədə-babalarımızdan bizə yadigar qalan bu növün inkişafına və kütləviliyinə çalışmalıyıq.
- Rəsul, qarşıda səni hansı yarışlar gözləyir?
- Sentiyabr ayında Macarıstanda dünya çempionatı keçiriləcək. Hazırda həmin yarışa hazırlıq üçün təlim-məşq toplanışlarında iştirak edirik. Düzdür, universiadada zədələndiyim üçün hələlik yalnız fiziki məşqlər edirəm. Amma, həmin çempionata lazımı şəkildə hazırlaşmaq üçün vaxtım var. Hazırda müalicə alıram. Ümid edirəm ki, zədəm sağalacaq və dünya çempionatında da iştirak edəcəyəm. Şübhəsiz ki, həkimlərin qərarından sonra hər şey dəqiqləşəcək.
- Sənin çıxış etdiyin çəkidə ölkəmizdə kifayət qədər güclü idmançılar var. Bu da istər istəməz medal qazanmaq üçün çətinliklər yaradır. Gələcəkdə yuxarı çəki dərəcələrində çıxış etmək fikrin varmı?
- Xeyr. Düzdür, mənimlə eyni çəkidə çox güclü idmançılar yer alıblar. Bunlar dünya və Avropa çempionatlarının mükafatçısı Həsən Əliyev, Olimpiaya oyunlarının mükafatçısı Vitali Rəhimovdur. Fikrimcə, eyni çəkidə güclü idmançıların çox olması, yaxşı mənada, rəqabəti də artırır. Rəqabət isə, idmançını yüksək nəticə qazanmaq uğrunda mübarizəyə həvəsləndirir. Yeri gəlmişkən deyim ki, 66 kq çəkidə güləşmək mənim üçün çox rahatdır. Bu baxımdan gələcəkdə yuxarı çəkidə özümü sınamaq fikrim yoxdur.
- Kazanda əldə etdiyi nailiyyət gələcək karyeranda hər hansısa bir arxayınçılığa yol açmayacaq ki?
- Xeyr. Belə düşünmürəm. Yarışdan qayıtdıqdan sonra zədələndiyim üçün istirahət də edə bilərdim. Amma qarşıda dünya çempionatı olduğu üçün yenidən məşqlərə qatılmağı üstün tutdum. Kazanda qazandığım nəticə artıq keçmişdə qaldı. İndi yeni qələbələr barəsində düşünmək lazımdır, yeni addımlar atmaq lazımdır. Qarşıda yarışlarımız çoxdur. İnşallah, həmin yarışlardan da vətənə medallarla qayıdarıq. İnanıram ki, universiadada qazandığım qələbə yeni uğurlarıma təkan verəcək.
- Maraqlıdır, bu universiada sənin xatirəndə ümumilikdə necə qaldı?
- Kazandan çox gözəl xatirələrlə qayıtdım. Çempion olduqdan sonra şəhərin gözəl görməli, gəzməli yerlərində oldum. Kazan çox xoşuma gəldi, təşkilatçılıq səviyyəsindən də razı qaldım. Yarışlarda hər şey yüksək səviyyədə təşkil olunmuşdu.
- 2015-ci ildə I Avropa Olimpiya Oyunları ölkəmizdə keçiriləcək. "Ev” olimpiadasında medal qazanmaq, yəqin ki, arzularından biridir.
- I Avropa Olimpiya Oyunlarına ev sahibliyinin ölkəmizə verilməsi ən böyük nailiyyətlərimizdən biridir. Bu, Azərbaycanın idman ölkəsi olduğunu, beynəlxalq aləmdə nüfuz sahibi olduğunu göstərir. Sözsüz ki, bütün idmançılarımız kimi, mənim də əsas məqsədim həmin yarışda iştirak etməkdir. Ümumiyyətlə, hər bir idmançının arzusudur ki, Olimpiya oyunlarında iştirak etsin və medal qazansın. Təbii ki, istəmək asandır. Arzuya nail olmaq üçün çox çalışmaq, əziyyət çəkmək lazımdır. Çalışacağam ki, Bakının ev sahibliyi edəcəyi I Avropa Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil edim. 2016-cı ildə keçiriləcək Rio-de-Janeyro Olimpiadasında qızıl medal qazanmaq da arzularımdan biridir.
Azər