Sevindirici haldır ki, Azərbaycan inkişaf etmiş ölkələr arasında öz nüfuzu ilə seçilir, idman ölkəsi kimi tanınır. İdmançılarımız beynəlxalq yarışlarda vətənimizi layiqincə təmsil edir, bayrağımızı zirvələrə qaldırırlar.Veteran idmançılarımız da bu şərəfli yolun yolçuları olublar. Onlar yaşadıqları dövrdən, şəraitdən asılı olmayaraq hər zaman Azərbaycanımızı layiqincə təmsil eidb, idman şöhrətini ucaldıblar. Belə idmançılardan biri də ölkəmizi SSRİ birinciliyində, Avropa cempionatında və müxtəlif beynəlxalq yarışlarda layiqincə təmsil edən güləşçi Azad Əliyevdir. İdman həyatından, keçirdiyi gərgin, lakin maraqlı yarışlardan bəhs edən veteran güləşçimizlə olan maraqlı söhbəti oxucularımıza təqdim edirik.
- Azad, idman içtimaiyyəti səni yaxşı güləşçi kimi tanıyır. Bununla belə, oxucularımıza özün barədə bir az ətraflı məlumat verməyini istərdik.
- Mən 1970 -ci ildə Bakıda doğulmuşam. 6-cı sinifə qədər 56 saylı məktəbdə təhsil almışam. Sonra Respublika Olimpiya İdman Liseyində (ROİL) oxumuşam. 1980- cı ildən idmanla məşğulam.
- Necə oldu ki, idmana maraq ğöstərdin?
- İdmana uşaqlıqdan böyük həvəsim var idi. Düzünü deyim ki, çox hərəkətli , dələduz oğlan olmuşam. O vaxt idman ustaları məktəblərə gəlib uşaqları idmana cəlb edirdilər. Məni də tanınmış idmançı Tofiq Eyvazov idmana gətirdi. Amma elə məşqin ilk günü zaldan qovuldum. Səhəri gün ağlaya-ağlaya zala gəlib etdiyim nadincliyə görə müəllimimdən üzr istədim. Başa düşdüm ki, idmansız qala bilmərəm. İlk nailiyyətim respublika cempionatında olub. 1993-cü ildə isə yeniyetmələr və gənclər arasında keçirilən Avropa çempionatında gümüş medal qazanmışam, beynəlxalq dərəcəli idman ustası adına layiq görülmüşəm. Bir çox beynəlxalq yarışlarda ölkəmizi təmsil etmişəm və mükafatalayiq yerlər qazanmışam. SSRİ birinciliyinin mükafatcısı olmaqla bərabər, Yunanıstanda, Türkiyədə və diğər ölkələrdə keçirilən turnirlərin qalibi adına layiq görülmüşəm. SSRİ zamanında "Dinamo” idman cəmiyyətləri arasında keçirilən çempionatda birinci yerə çıxmışam. O vaxtlar SSRİ yığma komandasında güləşirdim. Bundan başqa respublikamızda keçirilən cüdo və qaydasız döyüş üzrə yarışların da qalibi olmuşam. 1994-cü ildə ulu öndər Heydər Əliyev ilin ən yaxşı idmançıları ilə görüş keçirəndə mən də həmin idmançılar arasında idim. O görüşü heç vaxt unutmuram. Bu gün ölkə rəhbərliyinin idmana göstərdiyi qayğı və diqqət yüksək səviyyədədir. Gənc nəslin idmanla məşğul olması üçün hər cür şərait var. Bizim uşaqlıq illərimizdə bugünkü şərait əlbəttə ki, yox idi. Məncə ölkəmizin indiki gəncləri çox şanslıdırlar. Azərbaycan Respubklikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev idmanın inkişafı üçün heç nəyi əsirgəmir. Çox sevinirəm ki, həmyerlilərimiz Olimpiya oyunlarında, beynəlxalq yarışlarda layiqincə iştirak edir, vətənimizə medallarla qayıdırlar. Unutmaq olmaz ki, hər bir idmançı qazandığı uğurlara görə həm də məşqçisinə minnətdar olmalıdır. Karyeram ərzində əldə etdiyim nailiyyətlərdə məşqçim , əməkdar məşqçi Tofiq Eyvazovun əvəzsiz rolu olub.
"İdmanı, məşqi o qədər sevirdim ki, bu peşə həyatımda həmişə birinci sırada idi”
- İdmançı olmaq istəyinə ailənizdə etiraz edən olmayıb ki ?
- Ailədə 3 övlad olmuşuq. Bir bacı, iki qardaş. Amma onlar arasında idmanla məşğul olan təkcə mənəm. Düzünü deyim ki, idmançı olmaq istəyimə heç kim mane olmayıb. İdmanı, məşqi o qədər sevirdim ki, bu peşə həyatımda həmişə birinci sırada idi. Ad günləri, toylar, yığıncaqlar heç vaxt mənim üçün idmandan vacib olmayıb. İdman mənim ən böyük hobbim idi.
- Sizcə, yaxşı idmançı olmaq üçün hansı xüsusiyyətlərə malik olmaq lazımdır?
- Bunun üçün, ən birinci, insanda böyük həvəs olmalıdır. İdman elə bir sahədir ki, bu iş ilə kiminsə xaişi, ya da istəyi ilə məşğul olmaq mümkün deyil. Dözüm, iradə də idmançı üçün əsas şərtlərdəndir. Mən idmana təzə başlayanda cılız bir uşaq idim. Çoxları inanmırdı ki, idmançı olacağam. Amma iradəm və həvəsim məni güləşdən ayıra bilmədi. İnsanda həm də məqsəd olmalıdır və məqsədinə catmağa can atmalısan. İdmana başlayandan bir müddət sonra mənə "pələng” deyirdilər. O qədər hərəkətli, cəld, davakar uşaq idim ki, ərtafdakılar bu ləqəblə çağırırdılar məni. Maraqlısı odur ki, idman həm də insanda bəzi müsbət xüsusiyyətləri formalaşdırır.
- Yeri gəlmişkən, idman sizdə hansı xüsusiyyətləri formalaşdırıb?
- İdmanla məşğul olduqdan sonra dava-dalaş hisslərim azaldı. Hər şeyə tez reaksiya verməyim, səbirsizliyim yox olub getdi. Axı insan gənc olanda daha çılğın olur. Bu çılğınlıq idmanda "əriyir”.
- Hansısa davanın şahidi olanda hadisəyə güclə, yoxsa ağılla reaksiya verirdin?
- Mən elə hallarla qarşılaşanda gücümdən istifadə etməyə tələşməmişəm. Çalışmışam ki, səbirli olum və insanları sözlə sakitləşdirim. Ümumiyyətlə, bəzi insanlar elə birir ki, idmançılar öz güclərini harada gəldi göstərirlər. Əslində, bu, belə deyil. Əksinə, idmançılar daha səbirlidirlər. Elə indi də hansısa addımı atmazdan qabaq dəfələrlə fikirləşib sonra qərar verirəm. Kimsə mənim yanımda başqa birini pisləyirsə, həmin adamı deyilən sözlərə görə yox, öz düşüncəmə ğörə qiymətləndirirəm. Mən əkizlər bürcündənəm. Bəlkə də bu xüsusiyyətlərimin olmasında bürcümün də rolu var.
"Xoşbəxtəm ki, ətrafımda məni düşünən, mənə dayaq olan dostlarım var”
- Azad, deyirlər idmançıların dostluğu daha möhkəm olur. Bu fikirlə razısan ?
- Əlbəttə. İdmançıların psixologiyası, həyata baxışları başqaları ilə müqayisədə fərqlənir. Mən də çox dostcanlı adamam. Düzünü deyim ki, elə dostlarım var ki, onları bəzi qohumlarımdan çox istəyirəm. Həyatım heç də rahat olmayıb. Çox əziyyətlər çəkmişəm. Amma sonra həyat qarşıma elə dostlar çıxarıb ki, onlardan gördüyüm yaxşılığı mənə ən yaxın qohumlarım belə etməyiblər. Bu baxımdan, özümü xoşbəxt sayıram. Xoşbəxtəm ki, ətrafımda məni düşünən, mənə dayaq olan dostlarım var.
- Bəzi idmançıların özünəməxsus fəndləri olur. Bəs sənin necə, tətbiq etdiyin fərqli fəndlər olubmu?
- Düzünü deyim ki, məni başqa idmançılardan fərqləndirən cəhətlərdən biri də kəşf etdiyim fəndlər idi. Məşqçim və idmançı yoldaşlarım bunun şahididirlər. 1993-cü ildə Türkiyədə keçirilən Avropa cempionatında ukraynalı rəqiblə üz-üzə gəlmişdim. Onu, şpaqat vəziyyətində olduğum halda, başımdan geri aşırtdım. Bu hərəkətə qədər rəqibim məndən 5 xal irəlidə idi. Bu fəndə görə mənə yüksək xal verdilər. Lakin həmin görüşdə burnumdan güclü qan açılmışdı. Həm də, hədsiz yorulmuşdum deyə, görüşün sonunda huşumu itirdim. Gözümü açanda özümü pis hiss edirdim. Amma sevinirdim ki, rəqibimə qalib gəlmişəm. İdman insandan belə anlar tələb edir. İdmançı olmaq ona görə şərəflidir ki, insan dövlət bayrağını, vətənini öz səhhətindən əvvəl düşünür. Həmin vaxt türklər bu qələbəyə çox sevinmişdilər. Onlar tribunadan Türkiyə və Azərbaycan bayraqlarını dalğalandırır, "Azərbaycan, Azərbaycan” , - deyə qışqırırdılar. Belə anlar idmançı üçün ən böyük mənəvi dəstəkdir.
- Yarışlarda erməni idmançılarla qarşılaşmısan?
- Dəfələrlə belə hal olub. Çox sevinirəm ki, heç vaxt erməni idmançılarına uduzmamışam. Başqa millətlərin nümayəndələrinə uduzmaq məni qorxutmayıb, lakin erməniyə uduzmağı özümə sığışdırmamışam. Xoşbəxtəm ki, bu, mənim başıma gəlməyib. Yarışların birində erməni idmançıyla qarşılaşmışdım. Rəqibim yaxşı fənd işlədib məni çıxılmaz vəziyyətə salmışdı. Baxdım ki, başqa yolum yoxdu, rəqibimə fənd tətbiq edərkən qulağımı sındırdım, vəziyyətdən çıxdım. İdman fədakarlıq tələb edir. Bəzən elə anlar olur ki, özünü düşünmür, vətənin mənafeyi hər şeydən üstün tutursan.
- Azad, indiki dövrdə gücünü sınamaq, yenidən gənclik illərinə qayıtmaq istəyərdinmi?
- Əlbəttə, istəyərdim. Bizim uşaqlıq, gənclik dövrümüzdə idman bu səviyyədə inkişaf etməmişdi. İndi idman ölkəmizdə sürətlə inkişaf edib. Gənc nəslin idmanla məşğul olması üçün beynəlxalq standartlara cavab verən Olimpiya idman kompleksləri, idman ocaqları var. Çox sevinirəm ki, həmyerlilərimiz Olimpiya oyunlarında, beynəlxalq yarışlarda vətənimizi layiqincə təmsil edir, medallar qazanırlar. İdmançı olduğum üçün qürur duyuram. Baxmayaraq ki, müxtəlif işlərədə çalışmışam, lakin idmanın yerini heç nə verməyib. Ölkəmizdə idmana, idmançılara göstərilən böyük diqqət və qayğı hər bir vətəndaş kimi məni də çox sevindirir. Hər kəs bilir ki, idmançılar beynəlxalq arenalarda Azərbaycanımızı təmsil edib, ölkəmizi tanıdırlar. Bayrağımızı yüksəklərə qaldırmaq şərəfi idmançıların taleyinə, vəzifə borcuna çevrilib. Hazırda veteran idmançı olsam da, gəncliyimdə bu taleyi yaşadığım üçün qürur duyuram. İdmana, idmançılara göstərilən qayğı və diqqət elə vətənə, xalqa göstərilən diqqətdir. Sevinirəm ki, idmanı seçmişəm.
Jalə Rzabəyli