Firudin Quliyev: “Hər yarışa iştirak üçün deyil, medal üçün yollanıram”

Firudin Quliyev: “Hər yarışa iştirak üçün deyil, medal üçün yollanıram”

Ölkəmizdə idman sürətlə inkişaf edir. Atletlərimiz iştirak etdikləri beynəlxalq yarışlarda mükafatçılar sırasında yer alırlar. Dünyanın ən güclü idmançıları atletlərimizi ən çətin rəqibləri kimi qəbul edirlər.
Bu il iyulun 6-dan 17-dək Rusiyanın Kazan şəhərində Tələbələrin XXVII Ümumdünya Yay Universiadası keçirildi. Planetin ikinci ən böyük idman tədbirində 162 ölkənin komandası (13 min 500 atlet) 3500 dəst medal uğrunda mübarizə apardı. Ən güclü tələbə idmançılarının çıxış etdikləri yarışda ölkəmizi 12 idman növü üzrə 78 idmançı təmsil edirdi. Tələbə-idmançılarımız Kazanda şahmat, boks, sambo, cüdo, idman gimnastikası, ağırlıqqaldırma, kəmər güləşi, sərbəst güləş (oğlanlar və qızlar), yunan-Roma güləşi və qılıncoynatma növləri üzrə güclərini sınadılar. Yığma komandamız Tələbələrin XXVII Ümumdünya Yay Universiadasında 16 medal (4 qızıl, 5 gümüş, 7 bürünc) qazanaraq 15-ci yeri tutdu. Atletlərimizdən Firudin Quliyev (ağırlıqqaldırma), Hayle İbrahimov (atlet), Yuliya Ratkeviç (qadın güləşi) və Rəsul Çunayev (yunan-Roma güləşi) Kazanda qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsində yer aldılar. Kristina Yovu (ağırlıqqaldırma), Ülviyyə Kərimova (kəmər güləşi), Cəbrayıl Həsənov (sərbəst güləş), Patimat Baqomedova (qadın güləşi), Kamran Məmmədov (yunan-Roma güləşi) gümüş medala kifayətləndilər. Bürünc medalları isə komandamızın aktivinə Məmmədəli Mehdiyev (cüdo), İrina Netrebi, Hacı Əliyev, Eldəniz Əzizli (güləş), Ağasif Səmədov, Emin Həsənov, İslam Qasımov (hər üçü sambo) yazdırdılar.
Kazanda ağırlıqqaldırma üzrə keçirilən yarışda fərqlənən Firidun Quliyev və Kristina Yovu bir daha ölkəmizdə ağır atletika idman növünün inkişaf etdiyini sübut etdilər. London-2012 Yay Olimpiya Oyunlarında olduğu kimi bu növdə çıxış edən atletlərimiz uğurla çıxış etdilər. Sevindirici haldır ki, artıq legioner idmançılarla yanaşı yerli idmançılarımız da uğurlu nəticələrə nail olurlar. Buna nümunə olaraq Fridun Quliyevi göstərmək olar.
Firudin Quliyev qısa zaman ərzində idman karyerasında sıçarıyış edən atletlərimizdən biri sayılır. Gənc ağırlıqqaldıranımız Kazan yarışına qədər bir sıra mötəbər yarışlarda çıxış edərək, yüksək nəticələrlə diqqət çəkib. Belə ki, Firudin 2012- ci il noyabrın 29-dan dekabrın 9-dək İsrailin Eylat şəhərində yaşı 20-yə və 23-ə qədər olan ağırlıqqaldıranlar Avropa birinciliyində uğur qazanmışdı. Həmin yarışda atletimiz yaşı 20-ə qədər olan idmançıların yarışında 69 kq çəki dərəcəsində qüvvəsini sınayaraq, Avropa çempionu titulun qazanmışdı.
O, birdənqaldırmada 136 kq nəticə göstərmişdi. Təkanla qaldırmada isə Firudin 172 kq ağırlığı ram etmişdi. Lakin qit çempionluğu üçün 180 kq-ı sifariş verərək, bu ağırılığı başı üzərinə qaldırmışdı. O, son yanaşmasında 190 kq ağırlığı qaldırdığı təqdirdə, gənclər arasında Avropa və dünya rekordunu yeniləyəcəkdi. Lakin atletimizin bu istəyi Eylatda həyata keçməmişdi. Buna baxmayaraq, onun iki hərəktin cəmində göstərdiyi 316 kq (136 kq + 180 kq) nəticə qitə çempionluğu üçün kifayət etmişdi.
İlin son yarışında da Firudin Quliyev uğurlu çıxışı ilə diqqət çəkmişdi. Belə ki, dekabrın 14-15-də Bakıda IWF Grand Prix - "Bakı Beynəlxalq Kuboku” yarışında gənc idmançımızı öz bacarığını nümayiş etdirmişdi. Həmin mübarizədə yeniyetmələr arasında dünya rekordçusu, gənclər arasında Avropa çempionu Firudin çəkisi 69 kq olan idmançıların "A” qrupunda Avropa çempionu Əfqan Bayramovla birlikdə qüvvəsini sınadı. Qızıl medal uğrunda mübarizə gənc atletin qələbəsiylə sona çatdı. O, iki hərəkətin cəmində 330 kq (140 kq + 190 kq) nəticə göstərərək IWF Grand Prix - "Bakı Beynəlxalq Kuboku” uğurlu çıxışı ilə diqqət çəkdi. Qeyd edək ki, həmin vaxt gümüş medala sahib çıxan rusiyalı idmançı Oleq Çen də eyni çəkini (155 kq + 175 kq) qaldırsa da, Firudinin şəxsi çəkisi rəqibindən az olduğuna görə qızıl medal ağırlıqqaldıranımıza qismət oldu.
Əfqan Bayramov isə 324 kq-la (141 kq + 183 kq) nəticə ilə yarışı üçüncü pillədə başa vurdu. Firidun Quliyev üçün 2013-cü il daha uğurlu başlayıb, desək yanılmarıq. İdmançımız okeanın o tayında da öz bacarığını göstərməyə müvəffəq olub.
O, mayın 2-dən 11-dək Perunun Lima şəhərində keçirilən gənclər arasında dünya birinciliyində də mükafatçılar sırasına düşə bilib. Firudin Quliyev (69 kq) dünya çempionatında bürünc medala yiyələnib.
Qeyd edək ki, birdənqaldırmada onun çıxışı uğursuz alınmışdı. Belə ki,132 kiloqram çəkinin öhdəsindən yalnız ikinci cəhddə gəlsə də üçüncü yanaşmada isə 135 kiloqramın öhdəsindən gələ bilmədi. Onun bu göstəricisi beşinci yerlə qiymətləndirildi. Təkanla qaldırmada ilk yanaşmada 176 kiloqramı ram edən atletimiz cəmdə ən azı bürünc medalı özü üçün təmin edə bildi. Növbəti yanaşmasında 184 kiloqram sifariş edən idmançımız üçüncü cəhdində bunu bacarmışdı. İdmançımızın təkanla qaldırmadakı çıxışı isə gümüş medala layiq görülmüşdü.
İki hərəkətin cəmində 308 kiloqram (132 kq + 176 kq) nəticə ilə Firudin Quliyev dünya çempionatının bürünc medalına yiyələnmişdi.
Avqustun 15-18-də Ağır Atletika Akademiyasının idman zalında ağırlıqqaldırma üzrə Azərbaycan kuboku yarışları keçirildi. Kişilərin mübarizəsində gənclərdən ibarət yığma komandamızın üzvü Firudin Quliyev də mübarizə aparırdı. O, uğurlu nəticə ilə bir daha diqqət çəkdi. Kazanda keçirilən tələbələrin Yay Universiadasında fərqlənən idmançı Azərbaycan kubokunda da fəxri kürsünün birinci pilləsinə yüksəldi. Qeyd edək ki, Firudin birincilik üçün çox güclü atletlərlə yarışıb. Avropa çempionu Əfqan Bayrmov da onunla birlikdə birincilik uğrunda mübarizə aparırdı. Yığma komandamızın yeni üzvü Yuri Dudoqlo və Zülfüqar Süleymanov da mükafat qazanmağa namizədlərdən idilər. Bu kateqoriya üzrə keçirilən gərgin mübarizə Azərbaycan kubokunun sıradan bir yarış olmadığını bir daha sübut etdi.
Firudin Quliyev Kazan Universiadasından sonra daha bir medalı şəxsi kolleksiyasına əlavə etdi. Fürsətdən istifadə edib, Azərbaycan Kuboku uğrunda yarış zamanı Kazanda ölkəmizə ilk qızıl medal qazandıran atletimiz Firudin Quliyevlə görüşüb, ondan bizi maraqlanıdran suallara cavablar aldıq. Həmin müsahibəni oxucularımıza təqdim edirik.


- Firudin, əvvəlcə özün barədə oxucularımıza məlumat verərdin.
- Mən, 1994-cü ildə Goranboy rayonunda anadan olmuşam. İdmana 2005-ci ildə kəndimizdə yerləşən orta məktəbin idman zalında başlamışam. 2008-ci ildən etibarən yeniyetmələrdən ibarət yığma komandanın heyətinə daxil edilmişəm. Beynəlxaq arenalarda ilk yarışım 2009-cu ildə Tailandda keçirilən yeniyetmələr arasında dünya çempionatı olub. Lakin bu yarışda zəif çıxış edərək 23-cü yerlə kifayətlənmişdim. Daha sonra İsraildə keçirilən Avropa çempionatında 7-ci yeri tutmuşdum. Bundan başqa yeniyetmələr arasında keçirilən Avropa çempionatında ikinci yerə layiq görülmüşdüm. Lakin 2012-ci ildə yarışlara daha ciddi hazılaşıb, bir sıra uğurlara sahib oldum. Medal kolleksiyamı zənginləşdirməyə başladım. Qısa zaman ərzində Federasiya rəsmilərinin, eləcə də məşqçiləri rəğbətini qazandım. Artıq hər yarışa iştirak üçün deyil, medal üçün yollanıram

- Niyə məhz, ağırlıqqaldırmanı seçdin? Axı, ölkəmizdə digər idman növləri də kifayət qədər populyardır. Digərlərində də medal qazanmaq mümkündür.
- Yaşadığım rayonda məşq etmək üçün şərait bir qədər zəif idi. Bunun üçün də məşq etməkdə çətinlik çəkirdim. Lakin idmana olan həvəsim hədsiz idi. Məktəbimizin idman zalında ağırlıqqaldırma və futbol zalları var idi. Uşaqlıqdan ağırlıqqaldırmaya həvəsim olduğuna görə bu idman növünü seçdim. Bundan əlavə, bu idman növunə maraq və həvəs əmim tərəfindən olub. Əmim idman zallarına, trenajora gedərkən mən də onunla birlikdə məşqlərdə iştirak edirdim. Beləliklə də bu idman növünə maraq sonradan peşəkarlığa gətirib çıxardı.
Gərgin məşqlər məni qorxutmadı. Əksinə qarşıma məqsəd qoydum ki, uğurlarımın sayını artırım. Yeniyetmələr arasında Avropa çempionatının gümüş mükafatçısı, gənclər arasında Avropa çempionatının qızıl və bürünc mükafatçısıyam. Bundan başqa 2012-ci ildə Bakıda keçirilən Qran-pri yarışlarının qalibi olmuşam. Yəni həm beynəlxalq həm də ölkədaxili yarışlarda nailiyyətlərim ildən ilə artır. İnanıram ki, gələcəkdə bundan da yaxşı nəticələr qazanacağam. Uğurlarımın əsas səbəbkarı olan şəxsi məşqçim Kərim Kərimliyə minnətdarlığımı bildirirəm.

- Ağırlıqqaldırma digər idman növlərindən nə ilə fərqlənir?
- Ağırlıqqaldırma digər idman növlərindən daha çətindir. Burada idmançı həm fiziki güclə yanaşı özünü psixoloji baxımdan da yarışlara köklənməlidir. Yəni, psixoloji hazırlıq zəif olsa, bu özünü körpücük üzərində də göstərəcək. Hər bir yarışda körpücük üzərinə çıxmazdan əvvəl məşq zalında özümü psixoloji cəhətdən yarışlara hazırlayıram. Özümdə sifariş verdiyim çəkini qaldıracağımla bağlı inam hiss yaradıram. Bundan əlavə fikrimcə idmançı özündə qorxu hissi yaratmamalıdır. Əgər belə hal idmançıda baş verərsə, onda istər-istəməz qorxu həmin idmançıya qalib gələcək. Bir sözlə əl-qolunu bağlayacaq. Bunun üçün də iştirak etdiyim yarışlarda özümə inam hissi yaratmışam. İdmançı üçün bu çox vacibdir. Çəkidən qorxmaq lazım deyil. İnsan öz hisslərini ram etdikdən sonra çəkini qaldırmalıdır. O zaman nəticə də uğurlu olar. Hər bir idmançıda bir növ güclü olur. Mən birdənqaldırmada əksər hallarda zəif nəticə göstərirəm. Bu da yarışlarda özünü göstərir. Amma təkanlaqaldırmada bu problemi sığortalaya bilirəm. Bundan əlavə bu idman növü həm də təhlükəlidir. Çünki burada fiziki güc daha çox rol oynayır. Bu da bildiyiniz kimi insan üçün müəyyən problemlər yarada bilər. Azacıq ehtiyatsızlıq insanın həyatı bahasına başa gələ bilər.

- İstərdik ki, Kazan yarışına hazırlığından danışasan.
- Kazanda təşkil olunan yarışa yüksək səviyyədə hazırlaşmışdım. Yarışa təcrübəli məşqçilərlə yollanmışdım. Bu isə mənə əlavə stimul oldu. Bu cür məşqçilərin tövsiyələrinə qulaq asıb, medal qazanmamaq mümkün deyil. Rəqiblərim həqiqətən də çox güclü idmançılar idi. Əsasən də Rusiya, Çin və Albaniyadan olan atletləri qeyd edə bilərəm. Lakin bu məni qətiyyən qorxutmadı. Ümidimi itirmədim. Bu idmançılarla çox gərgin mübarizə apardım və sonda universiadanın qızıl medalına yiyələndim.

- Kazanda ilk qızıl medalı sən qazandın. Bu yəqin ki, sənin üçün növbəti uğurdur.
- Bəli. Qeyd edim ki, 69 kq çəki dərəcəsində Yuri Dudoqlo və mən medallar uğrunda mübarizəyə qoşulmuşduq. Yuri iki hərəkətin cəmində 298 kq (133 kq + 165 kq) nəticə ilə universiadanı 7-ci pillədə başa vurdu.
Hər üç yanaşmam uğurlu oldu. 135 kq, 140 kq və 142 kq çəkini ram edərək birdənqaldırmada 3-cü yerə layiq görüldüm. Birdənqaldırmada 142 kq çəkini qaldıraraq qızıl medal uğrunda əsas rəqibim ilə aradakı 6 kq-lıq fərqi aradan qaldıra bildim. Təkanla qaldırma hərəkətində ilk olaraq 175 kq-ı ram etdim. Daha sonra çempion olmaq üçün gərəkli olan 181 kq sifariş verərək, həmin çəkinin öhdəsindən gəldim. Bu nəticə ilə universiadanın iki rekordunu (təkanla qaldırma və iki hərəkətin cəmində) yenilədim. Sonuncu yanaşmamada 191 kq sifariş verdim. Lakin gənclər arasında dünya rekordunu yeniləmək istəyim baş tutmadı. Bilirdim ki, həmin rekord çinli Liao Huyuna məxsusdu. Asiyalı həmkarım 190 kq nəticə ilə həmin rekordun sahibidir.
İki hərəkətin cəminə görə 323 kq (142 kq + 181 kq) nəticə göstərərək milli komandamıza ilk qızıl medalı qazandırdığıma görə çox şadam.


- Kazanda çempionluq sevincinin həddi hüdudu yox idi. Bu sevinci ilk olaraq kiminlə bölüşdün?
- Universiada yarışlarında qalib gəldikdən sonra özümü dünyanın ən xoşbəxt sayırdım. Kazanda çempion olduqdan sonra sevincimi ilk olaraq ailəmlə bölüşdüm. Çempion olmağımı ilk olaraq məşqçim və qardaşım bilirdi. Valideynlərimin Kazanda birinci olmağımdan xəbərləri yox idi. Yarış başa çatdıqdan sonra ailəmlə telefonla danışdım və çempionluq xəbərini valideynlərimə çatdırdım. Onların sevincinin həddi-hüdudu yox idi. Bu övlad üçün ən böyük uğurdur.

- Kazan Universiadasından sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kazanda uğurla çıxış edən idmançıları qəbul etdi. Həmin görüş sənin xatirəndə necə qaldı?
- Bu anı heç vaxt unutmayacağam. Prezidentin qəbulunda olmaq hər insana qismət olmur. Bu xoş anları yaşadığım üçün çox xoşbəxtəm. Cənab prezident hər zaman biz idmançılara böyük diqqət və dəstək göstərir. Bunun üçün də biz idmançılar bu diqqət və qayğını öz qələbələrimizlə doğrultmalıyıq.


- Kazan yarışından sonra həyatında hansı dəyişiklilkər baş verdi?
- Mənə təqdim olunan pul mükafatını ailəmə verdim. Hələ çox gəncəm. Bu işdə səriştəm yoxdur. Valideynlərim mənim gələcəyimi məndən yaxşı düşünürlər. Onlar nəyin necə olduğunu bilirlər. İstəyirəm ki, gələcək karyeram və həyat tərzim yaxşı olsun. Bu, hamı kimi mənim də ən böyük arzularımdan biridir. Federasiyamız da idmançılara diqqətlə yanaşır. Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) prezidenti Cahangir Əsgərov biz ağırlıqqaldıranlar üçün hər bir şərait yaradıb. Fürsətdən istifadə edib, federasiya rəhbərliyinə öz minnətdarlığımı bildirirəm. Bu inam və etimadı hər zaman doğrultmağa çalışacağıq.

- Universiadadan qayıtdıqdan sonra ətrafındakıların sənə qarşı münasibəti necə oldu?
- Çempion olduqdan sonra özümdə heç bir dəyişiklik hiss etmirəm. Bunu qıraqdan baxan insanlar daha yaxış deyə bilər. Amma hələ heç bir insan mənə bu barədə heç nə deməyib. İnsan sadə olanda, böyük hörmət sahibi olur.

Anar Əhmədov