Son illər ölkəmizdə futbol növü inkişaf etməyə başlayıb. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin imzaladığı "2005-2015-ci illərdə Azərbaycan Respublikasında futbolun inkişafına dair Dövlət Poqramı” uğurla həyata keçirilir. Dövlət Proqramı çərçivəsində Gənclər və İdman Nazirliyi, AFFA və digər rəsmi qurumlar bu sahədə işlərini davam etdirirlər. Buyaxınlarda AFFA İcraiyyə Komitəsinin üzvü, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri, Uşaq-Gənclər Futbolu Federasiyasının prezidenti Mirkamil Rəhimovla görüşdük. O, son illərdə futbolun inkişafında görülən işlər barəsində bizə ətraflı məlumat verdi. Mirkamil müəllim milli komandamızın son oyunlarını da dəyərləndirdi.
- Mirkamil müəllim, əvvəlcə ölkəmizdə uşaq futbolunun hazırki durumundan başlayaq. Sizcə, bu sahədə vəziyyət hansı səviyyədədir?
- Respublikamızda uşaq futbolu ilə bağlı bir çox məsələlər yüksək səviyyədə müzakirə olunur və çıxış yolları araşdırılır. Bu sahədə ölkəmizdə futbolun inkişafı ilə bağlı Dövlət Proqramının qəbul olunması mühüm rol oynayır. Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, AFFA və digər idman federasiyaları öz fəaliyyətlərini bu istiqamətdə qururlar. Bütün yaş qrupları üzrə futbol yarışları, seminarlar və məşqlər təşkil olunur. Bunun üçün belə layihələrə yerli məşqçilər də dəvət olunur. Görülən işlər futbolun kütləviliyinin artırılması üçün atılan müsbət addımlardır. Artıq ölkəmizdə müxtəlif yaş qrupları üzrə liqalar keçirilir. Bundan başqa, ölkəmizdə hər bir yaş qrupu üzrə yığma komandalar yaradılıb. Bu komandalarla da yüksək səviyyəli məşqçilər işləyirlər.
Müxtəlif klubların nəzdində də futbo
l məktəbləri tikilib istifadəyə verilib. Belə məktəblərin sayəsində gənc futbolçuların yetişməsinə nail oluruq. Qeyd olunan bu məktəblərə minlərlə uşaq cəlb olunur. Gənclər və İdman Nazirliyinin nəzdində də bir sıra yarışlar təşkil olunur. Belə turnirlərə misal olaraq, "Dəri top” və digər turnirləri göstərmək olar. Bundan başqa, müxtəlif rayonlar üzrə Uşaq Gənclər İdman məktəbləri də bu işə xüsusi diqqət ayırırlar. Həmçinin respublikamızda fəaliyyət göstərən Olimpiya İdman Komplekslərində uşaqların idmana cəlb olunması və idmanla məşğul olması üçün hər cür şərait yaradılır. Yenə də qeyd etdiyim kimi, bu sahədə yüksək səviyyədə işlər görülür. Yəqin ki, bunun nəticələri yaxın illərdə öz müsbət təsirini göstərəcək.
- Bildiyiniz kimi, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev "2005-2015-ci illərdə Azərbaycan Respublikasında futbolun inkişafına dair Dövlət Proqramı”nı təsdiq edib. Bu sahədə hansı işlər görülür və görüləcək?
- Azərbaycanda futbolun inkişafı uzun illərdir ki, durğunluq vəziyyətində idi. Buna görə də, ölkəmizdə futbolun kütləviliyini artırmaq üçün cənab Prezident dövlət proqramı imzaladı. Bu işin icrasına başlanıldıqdan sonra ölkəmizdə futbolun inkişafında böyük dəyişikliklər baş verib və kütləvilik artıb. Artıq yaş qrupları üzrə yığma komandalar təşkil olunur, məşqçilər müəyyənləşir, yarışlar keçirilir. Bundan başqa, düşərgələr, seminarlar keçirilir. Nəyəsə nail olmaq üçün lider olmaq vacib məqamlardandır. Yəni bir komanda uğur qazanmaq istəyirsə həmin komandanın heyətində bir lider olmalıdır. Buyaxınlarda "Real” (Madrid) Futbol Klubunun Fondu ilə əməkdaşlıq etməyə başlamışıq. Bunun üçün Bakıda futbol məktəbi açmışıq. "Real” (Madrid) Fondunun vasitəsi ilə ölkəmizə məşqçilər dəvət etmişik və onlar bizim yerli məşqçilərə seminarlar keçirlər. Bu seminarlar nəticəsində bizim 6 məşqçimiz və digər nümayəndələr (həkim, pedaqoq, terapevt və s.) layihəyə cəlb olunmaqla sosial məktəb yaratmışıq. Bu proqramın məqsədi tək yüksək səviyyəli futbolçular hazırlamaq deyil. Proqram əsasında futbolçuların hərtərəfli hazırlıq səviyyəsi təmin olunacaq. Yəni, əsas məqsəd futbol vasitəsindən istifadə edərək cəmiyyətə, ölkəyə sağlam insan yetişdirməkdir. Buyaxınlarda Qax rayonunda yay düşərgəsi təşkil olundu. Uşaqlar 10 gün burada iştirak etdilər. Məşqlərlərdə 2 qrup - 10 yaşından 13-yaşınadək və 13 yaşından 17 yaşınadək olmaqla təşkil olunmuşdu. Hər qrupda isə 25 uşaq var idi. Sentyabrın 1-dən isə 50 nəfər ibarət qızların futbola cəlb olunması nəzərdə tutulur. Bundan əlavə, respublika üzrə də seçimlər aparılır. "Real” (Madrid) fondu tərəfindən bütün məsələlər diqqətdə saxlanılır. Layihəyə dəvət olunan uşaqların hər birinin problemi həll olunur. Qeyd olunan bu məsələlərin həyata keçirilməsində Gənclər və İdman Nazirliyi, "Vətən” RİOEUGFM, Təhsil Nazirliyi və "AzərİdmanServis” bizə dəstək olur. "Real” (Madrid) Fondu ilə bağlanan 4 illik müqavilə bir sıra mərhələləri əhatə edir. Birinci mərhələyə uşaqların dəvət olunması aiddir. İkinci mərhələdə isə seçilmiş uşaqların beynəlxalq tədbirlərdə iştirakı təmin olunacaq. Müəyyən dövrdən sonra onların yay düşərgələrinə göndərilməsi də nəzərdə tutulub. Gələn il İspaniyada təşkil olunacaq yay düşərgəsi üçün 10 nəfər uşağın göndərilməsi planlaşdırılır. Fondun əsas şərtlərindən biri də ondan ibarətdir ki, imkansız ailələrin uşaqları bu layihədə iştirak etsinlər.
- Sizcə, Topaz Premyer Liqasında iştirak edən klublarımızdan hansılar uşaq futbolu üçün yaxşı şərait yaradıb?
- Demək olar ki, bütün klublar uşaq futboluna xüsusi önəm verirlər. Bu sahədə seçilən "Neftçi”, "Bakı”, AZAL, "İnter”, "Qəbələ”, "Xəzər Lənkəran” kimi komandaların adlarını qeyd etmək olar. "Qəbələ” Futbol Klubu yeni Futbol Akademiyası tikib və buraya Türkiyədən məşqçilər cəlb olunub. Ətraf rayonlarda olan bütün uşaqların hazırlığı burada təmin olunur. İnanıram ki, gələcəkdə bu klublarda yetişən gənc futbolçular öz sözlərini deyəcəklər. Bu gün yığma komandaya futbolçu cəlb etməkdə çətinlik çəkiriksə, gələcəkdə bu kimi problemlərlə rastlaşmayacayıq.
- Mirkamil müəllim, siz həm də AFFA-nın İcraiyyə Komitəsinin üzvüsünüz. Buyaxınlarda AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirildi. Çempionatda çıxış edən klubların nəzdində U-12 komandaları yaradıldı və çempionatda iştirak edəcəklər. Sizcə bu uşaq futboluna necə təsir göstərəcək?
- İcraiyyə Komitəsində bir çox məsələlər müzakirə olundu. İlk növbədə 10 komandanın yüksək liqada iştirakı nəzərdə tutuldu. Mövsümün sonunda I Diviziondan yüksək liqaya isə yalnız bir komanda vəsiqə qazanacaq. 12 yaşlı futbolçuların çempionatının keçirilməsi də diqqət cəlb edən məqamlardan biri oldu. Həmçinin "Araz” komandasının çempionatın birinci liqasında iştirak etməsinə qərar verildi. Görülən bu işlər futbolun inkişafına xidmət edir. Gələn ildən artıq legionerlərin limiti 6-dan 5-ə endirildi. Belə bir qərar qəbul olundu ki, komandanın heyətində iki nəfər 21 yaşa qədər futbolçu olmalıdır. İnkişafın əsas addımlarından biri də odur ki, 21 yaşlı iki futbolçunun yüksək liqada oynamasına şərait yaradırıq. Bununla da biz yığma komandanı formalaşdıra bilərik. Hər bir klub bu qərara əməl etməlidir.
- Futbol mütəxəssisi kimi Azərbaycan milli komandasının son oyunlarından razısınızmı?
- Düzünü desəm, yox. Milli komandamızın son oyunlardakı çıxışı məni qane etmir. Bununla bağlı İcraiyyə Komitəsinin iclaslarında da dəfələrlə məsələ qalxıb. Yığmamızın bugünkü oyunu biz istəyən nəticəni vermir. Əksər oyunlar da bunu bir daha sübut etdi. Lüksemburq və Malta yığmaları ilə oyunumuz məni qane etmədi. Malta ilə qarşılaşmada qələbə qazansaq da, komandamızın oyununda müəyyən çatışmazlıqlar var idi. Yəni, müxtəlif mövqelərdə əlaqələr yoxdur. Daha təcrübəli futbolçulara ehtiyac var. Düzü, bunun üçün potensial da yoxdur. Bu potensial iki-üç ildən sonra olacaq. Berti Foqts səlahiyyətində olan futbolçulardan istifadə edərək millini bu səviyyədə oynadır. Yəni, futbolçuların hazırlıq səviyyəsi yüksək olsa idi, onda uğurlu nəticlərdən danışmaq olardı. Berti Foqtsun gələcək fəaliyyəti ilə bağlı məsələ ilin sonunda müəyyənləşəcək.
- Sizcə, milli komandamızın baş məşqçisi kimi yerli mütəxəssisə ehtiyac var, yoxsa əcnəbi?
- Mən ümumiyyətlə, yerli məşqçilərin olmasının tərəfdarıyam. Çünki yerli məşqçi həm vətənpərvərdir, həm də futbolçuları daha yaxşı tanıyır. Deyə bilmərəm ki, komandanın baş məşqçisi Qurban Qurbanov və ya Böyükağa Hacıyev olsun. Bunu futbol mütəxəssisləri müəyyənləşdirməli və İcraiyyə Komitəsinə təkliflər təqdim etməlidir. Fikrimcə, milli komandaya yerli mütəxəssis gətirilməlidir. Yerli mütəxəssis daha çox komandamızın xüsusiyyətlərinə və futbolçuların psixologiyasına bələddir. Millimizin uğursuz çıxışının səbəbi kimi Berti Foqtsu qınamaq olmaz. Əgər alman mütəxəssisin səlahiyyətində yetərincə gülcü futbolçular olsa idi, yəqin ki, belə nəticələr olmazdı.
- Qarşıda yığmamızı DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində 3 rəsmi oyun gözləyir. Ümumiyyətlə, komandamız seçmə mərhələdə neçə xal toplaya bilər?
- Millimizi qarşıda İsrail komandası ilə çətin səfər oyunu və gərgin mübarizə gözləyir. Bundan başqa, Azərbaycan komandası Bakıda Şimali İrlandiya və Rusiya komandalarını da qəbul edəcək. Fikrimcə 3 oyundan millimiz 3 xal qazanacaq.
- Buyaxınlarda Tatarıstanın Kazan şəhərində Tələbələrin 27-ci Ümumdünya Yay Universiadası keçirildi. Siz də həmin yarışı birbaşa izləyənlər arasında idiniz. Komandamızın Universiadadakı çıxışı ilə bağlı fikrinizi bilmək maraqlı olardı...
- Kazan Universiadası çox möhtəşəm bir yarış idi. Tələbələrin Yay Universiadası Olimpiya oyunlarından sonra ikinci mötəbər idman tədbiridir. Deməzdim ki, burada zəif idmançılar mübarizə aparırdılar. Əksinə burada bir sıra tanınmış Olimpiya iştirakçıları və mükafatçıları çıxış edirdilər. Bütün ölkələrin əsas yığma komandalarının 70 faizi həmin yarışda idi. Yəni bu idman tədbiri olimpiya oyunlarından heç də geri qalmırdı. Olimpiya oyunlarına düşmək üçün seçmə yarışlarında iştirak edərək lisenziya əldə edən idmançılar yarışırdısa, universiadada belə deyildi. Universiadada komanda idman növlərindən başqa, təkbətək idman növlərində hər çəki dərəcəsində bir idmançı iştirak edə bilərdi. Əvvəlki illərə nəzər saldıqda ölkəmiz il ərzində beynəlxalq yarışlarda 25-30 medal qazanırdısa, hazırda bu rəqəm 700-dən çoxdur. Bu da onu deməyə əsas verir ki, ölkəmiz idman sayəsində yüksək işlər görülür. İdmançılarımız beynəlxalq yarışlarda güləş, cüdo, boks, taekvondo, ağır atletika növlərində uğurlu nəticələrə nail olurlar. Kazan Universiadasında da bu idman növlərinə daha çox üstünlük verilmişdi. Buna görə də atletlərimiz həmin yarışda 4 qızıl, 5 gümüş və 7 bürünc medal qazanaraq dünyanın 162 ölkəsi arasında 15-ci yerdə qərarlaşdı. Hətta bir sıra böyük ölkələrin yığma komandaları bizdən geridə qalırdı. Yığmamız İslam ölkələri arasında 1-ci, keçmiş SSRİ dövlətləri arasında 5-ci yerə çıxdı. Bu, ölkəmiz üçün çox böyük uğurdur. Kazandan qayıtdıqdan sonra da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev universiadada fərqlənən idmançıları qəbul etdi. Ümumilikdə universiadanın təşkilatçılıq səviyyəsindən çox razı qaldım. Qonaqlara yüksək səviyyədə diqqət göstərilirdi.
- Azərbaycanda 39-cu Olimpiya İdman Kompleksinin açılış mərasimi keçirildi. Qaxda istifadəyə verilən idman kompleksində siz də iştirak edirdiniz...
- Bir neçə gün bundan qabaq, cənab prezident İlham Əliyevin iştirakı ilə Qax rayonunda yeni Olimpiya İdman Kompleksinin açılışında iştirak etdik. Kompleksdə futbol, voleybol, basketbol meydançaları, üzgüçülük hovuzu, şahmat, tennis, bilyard və trinajor zalları var və bu arenada da idmançılara yüksək şərait yaradılıb. Yaxın günlərdə 40-cı Olimpiya İdman Kompleksinin Göygöl rayonunda açılış mərasimi keçiriləcək. Bütün bu işlər bununla yekunlaşmır. Cənab Prezidentin göstərişi ilə respublikamızın bütün şəhər və rayonlarında bu cür Olimpiya idman kompleksləri yaradılacaq. Hətta kəndlərdə və qəsəbələrdə belə komplekslərin yaradılması üçün artıq göstəriş verilib və xususi proqram hazırlanıb. Bu proqram çərçivəsində bütün məsələlər həyata keçiriləcək. Olimpiya idman Komplekslərin istifadəyə verilməsində əsas məqsəd yerlərdə müvafiq şəraitin yaradılmasına, gənclərimizin idmana cəlb olunmasına və xoşagəlməz vərdişlərdən uzaq olmasından ibarətdir.
Rahib Səmədov,
Azər Əlizadə