"İdmançılarım podiuma qalxanda onların keçirdiyi hissləri mən də keçirirəm”
Azərbaycan idmanı güclü atletlərin uğurlu çıxışları ilə bütün dünyaya səs salıb. Ölkəmizdə hər zaman güclü idmançılar yetişib. Bu idmançıların yetişməsində, təbii ki, istedadlı mütəxəssislərin və məşqçilərin rolu danılmazdır. Bu gün dünyanın əksər ölkələrində azərbaycanlı mütəxəssislər işləyirlər. Bu isə Azərbaycan idmanının qazandığı etibardan irəli gəlir. Ölkəmizi vətəndən kənarda məşqçi kimi təmsil edən mütəxəssislərimizən biri də Üzeyir Hacıyevdir. Türkiyənin Amasya-Merzifon mahalında yaşayan həmyerlimiz bu ölkənin gənclər və yeniyetmələrdən ibarət ağırlıqqaldırma yığma komandasının məşqçisidir. Üzeyir müəllim, Bakıya hər dəfə gələndə "Olimpiya dünyası” qəzetinin qonağı olur. Azərbaycanlı mütəxəssis Türkiyədəki fəaliyyəti barəsində qəzetimizə məlumat verir. Bu dəfəki görüşümüzdə də müsahibimiz bizi maraqlandıran sualları cavablandırdı.
- Üzeyir müəlim, Bakıya xoş gəlmisiniz. Sizinlə yenidən görüşməyimizə çox şadıq.
- Təşəkkür edirəm. Bu mənim Bakıya üçüncü səfərimdir. Hər dəfə Bakıya gələndə əvvəlcə sizləri xatırlayır, imkan tapan kimi redaksiyanızın qonağı oluram. Burada mənə olan diqqət yetərincədir. Ona görə də redaksiyanıza ürəklə, sevinclə gəlirəm. Budəfəki görüşümüz daha yaddaqalan oldu, desəm yanılmaram. Redaksiyanıza görüşə gələrkən, çoxdan arzuladığım və görüşüb söhbət etmək istədiyim insanlarla qarşılaşdım. Azərbaycan futbolunun əfsanələri Ələkbər Məmmədov, Kazbek Tuayev və Valeri Hacıyevi burada görəndə çox sevindim. Uşaqlıq illərim bir anlıq bir lent kimi gözümün qabağından keçdi. Adını çəkdiyim bu futbolçuları o vaxt yaşıl meydanlarda həvəslə izləyirdim.
Yaxşı yadımdadır ki, həmin dövrdə "Neftçi” və "Spartak” Moskva komandaları arasında keçirilən həlledici oyunda təmsilçilərimiz 3:0 hesabı ilə qalib gəlmişdi. Həmin vaxtı ölkəmizdə bayram şənlikləri keçirilirdi. Ələkbər Məmmədovun 1955-ci ildə Moskva "Dinamo”sunun heyətində İtaliyanın "Milan” klubunun qapısından keçirdiyi 4 cavabsız qol, bu günə kimi o dövrün insanlarının yaddaşlarından silinmir. Bu tarixi hadisəni gənc nəsil də bilməli və bununla fəxr etməlidir.
Arzu edirdim ki, bu və digər futbolçularımızla nə vaxtsa, görüşüb onlarla şəkil çəkdirim. Elə bil, qismət bu günə imiş. Buna görə, "Olimpiya dünyası” qəzetinə, xüsusilə, qəzetin baş redaktoru Murad müəllimə öz təşəkkürümü bildirirəm. Sizin kollektiviniz mənə çox doğmadır.
- Futbola bu cür marağı olan bir insan, nədənsə sonradan ağırlıqqaldırmanı seçib. Maraqlıdır...
- İdmana futbolla başlasam da, sonradan ağırlıqqaldırma idman növünə kökləndim. Artıq 50 ildir ki, bu idman növü ilə məşğul olur, təcrübəmi gənc idmançılarla bölüşürəm. Qeyd edim ki, 1992-ci ildən Türkiyədə yaşayıram. Amasya-Merzifon mahalında ağırlıqqaldırma növündə məşqçilik edirəm. Fəaliyyətim dövründə işimlə bağlı əlimdən gələni əsirgəməmişəm. 21 il elə də az bir müddət deyil. Yetirmələrim müxtəlif yarışlarda uğurlar əldə ediblər. Onların qazandıqları nailiyyətlər mənim zəhmətimin bəhrəsidir.
Merzifonda ən müasir tələblərə cavab verən ağır atletika zalında məşqlər keçirəm. İyul ayında Mərzifonda böyük bir yarış təkil etmişdik. Türkiyədə olan bütün mütəxəssislər həmin idman zalında yaradılan şəraitə heyran qaldılar. Artıq 9 ildir Merzifonda ağırlıqqaldırma üzrə məşqçi işləyirəm. Qeyd etdiyim kimi, həmin vaxtdan bu günə qədər uğurlarımız artaraq beynəlxalq səviyyəyə çatıb. Hazırda mənim hazırladığım heyət 48 komanda arasında komanda arasında ikinci pillədə qərarlaşıb. Birinci yeri isə "Ankara Böyük şəhər Bələdiyyəspor” komandası tutur. Bu komandanın böyük büdcəsi var. Amma bizim komandada qələbə əzmi, istək və həvəs var. Məhz bu istək və həvəs nəticəsində gözəl kollektiv qurmuşam. Son iki-üç ildə hazırladığım idmançılar milli komandanın heyətində yer alıblar. Özüm isə "Gənc yıldız” (gənclər və yeniyetmələr) milli komandasında çalışıram. Son illərdə iştirak etdiyimiz dünya və Avropa çempionatlarında idmançılarımız uğurlu nəticələr qazanıblar. Bu yarışlar həm də idmançılarımız üçün çox gözəl təcrübə oldu. Bir məşqçi kimi, hər zaman yetirmələrimə qarşı diqqətliyəm. Onların uğursuz çıxışı və buraxdığı səhvlər mənim üçün bir siqnaldır. Bunları zamanında aradan qaldıranda, həmin səhvlər bir daha təkrarlanmır.
- Məşqçilik çox böyük məsuliyyət tələb edir. Qələbə qazanılanda hamı onu təbrik edir, uğursuzluq olanda çoxları mühakimə edir. Bu fikirlə razılaşırsınız?
- Əlbəttə. Hər bir məşqçi yetirməsinin bacarığını yaxşı bilməlidir. Atletin psixologiyasını bilmək və ona bələd olmaq əsas şərtdir. Mənim yetirmələrimlə münasibətim çox səmimidir. Onlar da məni yaxşı başa düşürlər.
İdmançılarım podiuma qalxanda onların keçirdiyi hissləri mən də keçirirəm. Podiumda çıxış edən yetirməmi, sanki ağırlığı özüm qaldırıram kimi, ürəkdən dəstəkləyir, mübarizəyə səsləyirəm. Körpücüyün arxasında yetirmələrimin etdiyi hərəkətləri təkrarlayıram. Bir az səhv hərəkət olduqda hiss edirəm ki, idmançı sifariş etdiyi çəkini qaldıra bilməyəcək. Keçirdiyim hisslər həmişə doğru olur. Hətta təsadüfən həmin yarış ərəfəsində kimsə məni çağırırsa, mən ona cavab verirəmsə, yetirməm həmin anda ştanqa təslim olur. Yəni idmançılarım məni o dərəcədə hiss edirlər. Ağırlıqqaldırma həssas bir idman növüdür. İdmançı gərək burada özünü toplayıb, ağırlığı ram etmək üçün düşünsün. Uğur qazanmaq üçün idmançı gərək həm ağlından, gücündən, həm də məşqçinin verdiyi təlimatlardan istifadə etsin. Bunlardan düzgün şəkildə istifadə etdikdə istənilən nəticəni qazanmaq mümkün olar.
- Türkiyə idmanı hazırda hansı dövrünü yaşayır. Yəni, əvvəlki illərlə müqayisə aparılsa, hansı nəticələr diqqət çəkəcək?
- Türkiyədə ağırlıqqaldırma və digər idman növləri yeni bir mərhələyə qədəm qoyub. İdmanın kütləvi hal alması və gənclərin idmana cəlb olunması dövlətin diqqət mərkəzindədir. Türkiyənin ən böyük şəhərlərindən olan İstanbul 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb. Hazırda Türkiyədə qadın voleybolu yüksək inkişaf mərhələsi keçir. Bundan başqa, Türkiyənin basketbol komandası dünya miqyaslı yarışlarda ilk üç yer uğrunda mübarizə aparır. Futbolda da böyük irəliləyişlər var. Qeyd etdiyim idman növlərindən başqa, digər idman növlərinin də inkişafı üçün bir sıra layihələr hazırlanıb. Elə bu məqsədlə Olimpiya oyunlarının rekordçusu, Olimpiya 16 qat çempionu Maykl Felpsin məşqçisi Türkiyəyə dəvət edilib. Həmin məşqçinin təcrübəsi sayəsində üzgüçülük növü üzrə yeni Olimpiya çempionlarının yetişdirilməsi nəzərdə tutulub. Türkiyə böyük idman uğurları ilə dünyaya səs salan idman ölkələrindən biridir. Dünyada üç dəfə Olimpiya çempionu olan idmançıları arasında, iki türk atletinin də adı var. Naim Süleymanoğlu və Xəlil Mutlunun göstərdiyi rekord nəticələr, hələ ki, təkrarlanmayıb.
Türkiyə Ağır Atletika Federasiyası çalışır ki, ölkənin bütün vilayətlərində ağırlıqqaldırma idman növü inkişaf etdirilsin. Bunun üçün də yeni mütəxəssislər və idmançılar yetişdirilir. Əsas məqsəd əvvəlki uğurları geri qaytarmaqdır. Son illərdə, bildiyiniz kimi, Türkiyədə ağırlıqqaldırma durğunluq dövrünü yaşayır. Amma yenidən bu idman növünün inkişaf etdirilməsi üçün müəyyən işlər görülür. İdmançıların dopinqdən uzaq tərzdə yetişdirilməsi federasiya qarşısında qoyulan başlıca məsələlərdən biridir. Əgər idmançılar dopinq qəbul etmədən mübarizə apararsa sağlam rəqabət yaranar. Son illərdə bəzi dünya rekordçularının da dopinqdən istifadə etdiyi müəyyənləşib. İnanıram ki, bu kimi halların aradan qaldırılması ağırlıqqaldırmanın inkişafı üçün müsbət təsir göstərəcək.
- Türkiyənin idman mətbuatı daha çox hansı növə yer ayırır?
- Türkiyə idman mətbuatında əsasən futbola daha çox üstünlük verirlər. Bu da digər idman növlərin işıqlandırılmasını kölgədə qoyur. Nəticədə, türkiyəli oxucular və idmansevərlər digər idman növlərindən, demək olar ki, xəbərsiz qalırlar. Kütləvi İnformasiya Vasitələrində hər bir idman növünə eyni cür yer ayrılmalıdır. Çünki, hər bir idman növündə qazanılan uğur ölkəyə başucalığı gətirir, onu beynəlxalq aləmdə tanıdır.
Mən sizin qəzetinizi özümlə Türkiyəyə aparmışam. Burada mənim barəmdə çıxan yazıları orada saxlayıram. İdman növlərinin hərtərəfli işıqlandırılması baxımından "Olimpiya dünyası” qəzetinin analoqu yoxdur. Qəzetinizdə hər bir idman növü barədə məlumat almaq mümkündür. Qeyd edim ki, əvvəllər mənim yazılarım mətbuatda işıq üzü görüb. Bu peşə barəsində qismən də olsa məlmatım var. Bilirəm ki, çox məsuliyyətli bir işin öhdəsindən gəlirsiniz. İdman jurlalistikası asan bir sahə deyil. Bunun üçün hər bir idman növü barəsində ətraflı məlumata malik olmaq lazımdır. Tam səmimi deyirəm ki, "Olimpiya dünyası” kimi idmanın bütün növlərinə yer ayıran ikinci bir qəzet hələ oxumamışam. Bu məsələdə mən sizləri dəstəkləyirəm. Türkiyədə qəzetiniz barəsində çox bəhs etmişəm. Buna görə çox şadam.
- Türkiyədən Azərbaycan idmanının sorağı necə gəlir?
- Mən Türkiyədə yaşasam da, Azərbayanla bağlı bütün xəbərləri oxuyuram. Onu deyə bilərəm ki, Azərbaycan idmanı hazırda öz yüksək inkişaf mərhələsini keçirir. Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında yüksək nəticələr əldə olunur. Bu da ölkə idmanının uğurlu nəticələrindən xəbər verir. Əminliklə deyə bilərəm ki, Azərbaycanda idman siyasəti düzgün aparılır.
Bakı şəhəri Olimpiya oyunlarına namizədliyini irəli sürmüşdü. Bu, böyük cəsarətdir. Hər bir şəhər bu cəsarəti nail ola bilmir. Namizədliyi qazanmaq əsas şərt deyil. Bu səviyəyə çatmaq da böyük nailiyyətdir. Mən bilirəm ki, qarşıda Azərbaycanı daha mötəbər idman tədbirləri gözləyir. Məlumatım var ki, 2015-ci ildə I Avropa Oyunları, şahmat üzrə Dünya Kuboku, 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadası, 2017-ci ildə isə İslam Həmrəylik Oyunları Azərbaycanda keçiriləcək. Bu, böyük uğurların davamıdır. Azərbaycanda möhtəşəm idman obyektlərinin tikintisinə üstünlük verilir. Qəzetiniz vasitəsilə məlumat aldım ki, artıq Azərbaycanın müxtəlif şəhər və rayonlarında 40 Olimpiya İdman Kompleksi tikilib, istifadəyə verilib. Digərlərində isə tikinti işləri davam etdirilir. Bütün bunlara görə qibtə etmək lazımdır. Azərbaycan dünyanın ən gözəl ölkələrindən biridir. Onun günü-gündən artan qüdrəti və əldə etdikləri nailiyyətlər hər bir azərbaycanlı kimi məni də sevindirir.
Anar Əhmədov