Ölkəmizdə idmana dövlət tərərəfindən xüsusi diqqət və qayğı göstərilir. Respublikamızda idman və bədən tərbiyəsi, Olimpiya Hərəkatı sürətlə inkişaf edir. Dövlət səviyyəsində idmana göstərilən qayğı və diqqət nəticəsində atletlərimiz müxtəlif miqyaslı yarışlarda ölkəmizi layiqincə təmsil edirlər. Atletlər yarışdan-yarışa öz ustalıq səviyyələrini təkmilləşdirir, daha böyük nailiyyətlərə imza atırlar. Azərbaycanda sevilən idman növlərindən biri də kyokuşinkaydır. Bu növ üzrə idmançılarımız müxtəlif miqyaslı yarışlarda kifayət qədər nəticələr əldə ediblər. Oktyabrın 4-dən 6-dək isə kyokuşinkayçılarmız Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən dünya çempionatında iştirak edəcəklər. Yarışda 45 ölkədən 264 nəfər idmançı qüvvəsini sınayacaq. Çempionatda kyokuşin-kan, İFK, KWF, İBK BUDOKAİ, Kİ, Matsuşima Qrup və All-Yapan Union təşkilatlarının yığma komandalarının idmançıları da mübarizə aparacaqlar.
Ölkəmizin idman şərəfini bu yarışda 4 idmançı qoruyacaq. Qələndər Aslanov isə hakim kimi ölkəmizi təmsil edəcək. Hakimimizlə daha yaxından tanış olmaq üçün onunla görüşdük. Qələndər müəllim bizi maraqlandıran suallara cavab verdi.
- Qələndər müəllim, hakimlik etməklə yanaşı, həm də "Samuray” idman klubunun rəhbərisiz. İstərdik ki, "Samuray” İdman Klubu İctimai Birliyin yaranması haqqında oxuculara məlumat verəsiniz?
- "Samuray” klubu 1995-ci ildə Bakının Novxanı kəndində kyokuşinkay karate döyüş növü üzrə fəaliyyətə başlayıb. Kəndin uşaq, yeniyetmə və gəncləri bu döyüş növü ilə çox həvəslə məşğul olurdular. 1996-cı ilin mart ayında, ilk dəfə olaraq, 6 komanda arasında yoldaşlıq turniri keçirdik. Yarışda qalib gələn idmançılar həmin il təşkil edilən Azərbaycan birinciliyinə vəsiqə əldə etdilər. Birincilikdə idman ocağımızın 3 üzvü mükafat aldı. Əldə olunmuş qalibiyyət şagirdlərin ruh yüksəkliyini bir qədər də artırdı. Kluba gələnlərin sayı çoxaldı. İdmançıların sayının artması bizi daha da məsuliyyətli olmağa sövq edirdi. Qısa müddətdən sonra klubumuzun paytaxtda ikinci zalı fəaliyyətə başladı. 2006-cı ildən isə klub Gənclər və İdman Nazirliyi və Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək "Samuray” İdman Klubu İctimayi Birliyi adı altında müstəqil fəaliyyətə başladı.
- İdman ocağının yaranmasında əsas məqsəd nədən ibarət olub?
- İdmanda əldə edilən qələbə nəticəsində ölkənin himni çalınır, bayrağı ucaldılır. Bu həm də hər bir ölkənin inkişaf səviyyəsini göstərir. Klubumuzun qarşısında duran əsas məqsəd fiziki və mənəvi cəhətdən inkişaf etmiş güclü, sağlam düşüncəyə malik gənclər hazırlamaqdır. İdmançılarımızın əldə etdikləri qələbələr yeniyetmə və gənclərimizin formalaşmasında mühüm əhəmiyyətə malikdir. Şərq əlbəyaxa döyüş növlərinə daxil olan kyokuşinkay idman növü bu cəhətdən mühüm əhəmiyyət kəsb edir. Yeniyetmələrimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında bu sahədə əldə edilən nailiyyətlər də böyük rol oynayır. Gənclərimizin sağlam ruhda böyüməsini istəyiriksə, onların fiziki sağlamlığına diqqət yetirməliyik. Bunun üçün uşaqların kiçik yaşlarından fiziki cəhətdən inkişafına diqqət yetirmək əsas şərtlərdən biridir.
- Qələndər müəllim, yetirmələrinizin peşəkarlıq səviyyəsinin artırılması və ölkədaxili yarışların keçirilməsi üçün hansı işləri görürsünüz?
- Söhbətimizin əvvəlində qeyd etdiyim kimi, biz ilk dəfə 1996-cı ilin mart ayında 6 komanda arasında yoldaşlıq turniri keçirdik. Bundan iki il sonra isə II açıq turnir təşkil etdik. Qeyd edim ki, bu yarışda mübarizəyə 120 idmançı qoşulmuşdu. Həmin turnirdə yetirmələrim onlara bəslənilən ümidləri layiqincə doğruldaraq komanda hesabında birinci oldular. 1997-ci ildə "Samuray”ın 5 üzvü Azərbaycan birinciliyində qızıl medala layiq görüldü. Bakıda keçirilən beynəlxalq turnirdə isə klubun 5 idmançısı müxtəlif yaş və çəki dərəcələrində mükafatalayiq yerlər qazandılar. 1999-2004-cü illərdə keçirilən Azərbaycan birincilikləri və çempionatlarında komandamız, ardıcıl olaraq, fəxri kürsünün ən yüksək pilləsində yer aldı.
- Bölgələrdə bu idman növünün kütləviliyini artırmaq üçün yarışlar təşkil olunurmu?
- Paytaxtla yanaşı, bölgələrdə də bu idman növünün kütləviliyini və populyarlığını artırmaq üçün mütəmadi olaraq yarışlar təşkil edirik. Bölgələrdə keçirilən rayon turnirlərində "Samuray” İdman Klubu İctimai Birliyi müvəffəqiyətlə çıxış edir. 2007-ci il dekabrın 27-dən 28-dək Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş uşaq və yeniyetmələr arasında turnir təşkil etdik. 2011-ci ilin yanvar ayında isə Azərbaycanda olan bütün kyokuşinkay təşkilatları arasında açıq Azərbaycan kuboku turniri keçirtdik. Qeyd edim ki, Kyokuşin-kan karate təşkilatının Azərbaycandakı rəsmi nümayəndəsi kimi, ildə 2 dəfə kyu test-seminar və imtahanları təşkil edirik. Belə seminarlardan biri də 2010-cu ilin iyul ayına təsadüf etdi. Bu cür seminarlar idmançılarımızın daha yaxşı nəticə əldə etməsi üçün vacibdir.
- Ölkədaxili yarışlarla bərabər, beynəlxalq yarışlarda da tələbələriniz layiqincə mübarizə aparırlar.
- 2004-cü ilin may ayında Kyokuşin Karate Federasiyasının keçirdiyi respublika çempionatının qaliblərindən ibarət yıgma komandanın üzvləri Bolqarıstanın Plovdiv şəhərində keçirilən Avropa çempionatı iştirak etdi. Bu çempionatda klubumuzun üzvü Rüfət Xudaverdiyev gümüş mükafatı qazandı. 2005-cü ildə "Samuray”ın 5 üzvü, Kyokuşin Karate Federasiyasının yığma komandasının tərkibində Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən Qafqaz çempionatında iştirak etdi. Həmin turnirdə yetirmələrimizdən ikisi qızıl, üçü isə gümüş və bürünc medal qazandı. Rəhbərlik etdiyim nümayəndəlik 2007-ci ildə Kyokuşin-Kan Təşkilatının Gürcüstaının paytaxtı Tbilisi şəhərində keçirdiyi növbəti Beynəlxalq seminarında çıxış edib. Seminarda Rüfət Xudaverdiyev, Ramil Məmmədov, Qaçay Həmzəyev, Savalan Bədəlbəyli I dan qara kəmərə, mən isə III dan qara kəmərə layiq görüldük. 2009-cu ildə Türkiyənin İstanbul şəhərində Budo döyüş növləri üzrə keçirilən dünya çempionatında nümayəndəliyimizin 3 üzvü mübarizə apardı. Zöhrab Əliyev və Fərid Fətəliyev qızıl, Rüfət Xudaverdiyev gümüş medala sahib çıxdı.
- İdmançılar yetişdirməklə bərabər həm də beynəlxalq yarışlarda hakimlik edirsiniz. Qələndər müəllim, bildiyimizə görə, Avropa çempionatında ən yaxşı hakim adına layiq görülmüsünüz...
- Bəli. Avropa çempionatına hakim kimi təyinat almışdım. Yarışları yüksək səviyyədə idarə etdim. Qitə çempionatında yarışlar yekunlaşdıqdan sonra nominasiyalar üzrə mükafatlandırılma mərasimi oldu. Axırda nominatlar arasında mənimdə adım çəkiləndə düzü bu mənim üçün bir az gözlənilməz oldu.
- Oktyabr ayında keçiriləcək dünya çempionatında hakim kimi ölkəmizin idman şərəfini qoruyacaqsınız. İstərdik ki, bu barədə oxucularımıza məlumat verəsiniz?
- Qeyd etdyiniz kimi, oktyabrın4-dən 6-dək Bolqarıstanın paytaxtı Sofiya şəhərində dünya çempionatı keçiriləcək. Ölkəmizin idman şərəfini bu yarışda 4 idmançımız qoruyacaq. Məndə bu yarışa hakim kimi dəvət olunmuşam. İnanıram ki, yarış bizim üçün yaxşı sonluqla bitəcək.