Elxan Məmmədov: “Uğurumu Rio-de-Janeyroda təkrarlamaq istəyirəm”

Elxan Məmmədov: “Uğurumu Rio-de-Janeyroda təkrarlamaq istəyirəm”

Bütün idman ictimaiyyətinin diqqətinin cəm olunduğu Rio- de-Janeyro şəhərində təşkil olunan cüdo üzrə böyüklər arasında dünya çempionatı cüdoçularımızın möhtəşəm zəfəri ilə yadda qaldı.
Belə ki, 123 ölkədən 680 cüdoçunun mübarizə apardığı yarışda yığma komandamız bir qızıl və bir bürünc medal qazanaraq çempionatda 6-cı yerə layiq görüldü. Təmsilçilərimizdən komandamıza Orxan Səfərov yarışların ilk günündə bürünc, Elxan Məmmədov isə turnirin sonuncu günündə qızıl medal qazandırdı.
Elxan Məmmədovun bu tarixi qələbəsi Azərbaycan üçün böyüklər arasında cüdo üzrə dünya çempionatının ilk, millimizin isə ikinci qızıl medalı oldu. Xatırladaq ki, ötən ay Mayamidə keçirilən yeniyetmələr arasında dünya çempionatında millimizə ilk qızıl medalı 50 kq çəki dərəcəsində mübarizə aparan Natiq Qurbanlı qazandırmışdı. Onu da qeyd edək ki, Rio-de-Janeyroda təşkil olunan turnirə qədər böyüklər arasında heç bir cüdoçumuz dünya çempionatının qızıl medalını əldə edə bilməmişdi. Əvvəllər, bu uğura Nazim Hüseynov və Elnur Məmmədli yaxın olsalar da, son anda məğlub olaraq dünya çempionatının gümüş medalına layiq görülmüşdülər. Elxan Məmmədov isə 2010-cu ildə Yaponiyada təşkil olunan anoloji yarışın bürünc medalını qazanmışdı.
Qeyd edək ki, Peter Zeyzenbaherin yetirmələri çempionatda 8 idmançı - Orxan Səfərov (60 kq), İlqar Muşkiyev (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Şahin Qəhrəmanov (90 kq), Elxan Məmmədov, Elmar Qasımov (hər ikisi 100 kq) və Kifayət Qasımova (57 kq) ilə təmsil olunurdular.
Braziliyada keçirilən dünya çempionatından sonra Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı. Sevindirici haldır ki, cüdoçumuz Elxan Məmmədov (100 kq) dünya çempionatından sonra 2376 xalla reytinq cədvəlinin birinci pilləsinə yüksəlib. Bu yaxınlarda o, redaksiyamızın qonağı oldu və Rio-de-Janeyrodakı uğurlu çıxışından, rəqiblərdən və karyerası ərzində qazandığı ən böyük qələbəsindən danışdı.

- Elxan, istərdik ki, əvvəlcə oxucularımıza özün haqqında məlumat verəsən.
- 1982-il fevralın 26-da Bakı şəhərində anadan olmuşam. Ailədə 3 uşağıq. Məndən başqa, bir bacım və bir qardaşım var. Uşaqlıqdan idmana böyük marağım olub. 6 yaşımdan yunan-Roma güləşi ilə məşğul olmuşam. Amma çox keçmədi ki, futbolla məşğul olmağa başladım. Amma vaxt keçdikcə hiss etdim ki, bu idman növləri mənə görə deyil. Necə deyərlər, özümü bu idman növündə görə bilmirdim. Bundan sonra, bibim oğlu mənə cüdo ilə məşğul olmağı məsləhət gördü. Onu da qeyd edim ki, bibim oğlu həmin dövrdə cüdo ilə məşğul olurdu. Beləliklə, 13 yaşımda cüdo idman növü üzrə məşqlərə başladım. Amma bu idman növü ilə peşəkar səviyyədə 22 yaşımdan çıxış edirəm. Daha doğrusu, Ağayar Axundzadə həmin vaxt milli komandanın heyətinə cəlb olunmağıma kömək etdi. Bundan başqa, Ağanağı Cəfərovun da böyük idmana gəlişimdə danılmaz rolu olub.

- Keçən il sənin idman karyeranda bir qədər uğursuzluqlar oldu.
- Bəli. 2012-ci ilə kimi 90 kq çəki dərəcəsində mübarizə aparır və yarışlarda da mükafatçılar sırasına düşə bilirdim. Amma London Olimpiadasındakı uğursuz çıxışımdan sonra insanların mənə qarşı münasibəti bir qədər dəyişdi. Artıq çoxları deyirdi ki, Elxan Məmmədov olimpiadadan sonra karyerasını başa vuracaq. Düzünü desəm, hər dəfə bu sözləri eşidəndə təəssüf hissi keçirirdim. Amma uğursuz çıxış etdiyim vaxtlarda mənə yenə də valideynlərim, şəxsi məşqçim Ağanağı Cəfərov və dostlarım dəstək oldular. Bugünkü gündə də onlara təşəkkürümü bildirirəm.
Bundan sonra qarşıma yeni məqsəd qoydum. Çəki sala bilmədiyimdən yarışlara 100 kq çəki dərəcəsində çıxmağa məcbur oldum. Çünki hər dəfə yarış qabağı çəki salanda mənə pis təsir edirdi. Bu, özünü yarışlarda da göstərirdi. Əvvəllər çəki salıb güləşirdimsə, indi tam gücümlə güləşirəm.

- Rio-de-Janeyroda keçirilən dünya çempionatının qalibi olmaqla adını Azərbaycanın idman tarixinə qızıl hərflərlə yazdırdın. Bəs sən özün bu uğura inanırdınmı?
- Bəli. Mükafatçılar sırasında yer alacağıma əmin idim. Çünki yarışlara çox ciddi hazırlaşmışdım. Yüksək səviyyədə təlim-məşq toplanışlarının ardınca çempion olmaq gözəl hissdir. Braziliyaya gedəndə də mükafatçılar sırasına düşməyi qarşıma məqsəd qoymuşdum. Bilirsiniz ki, Azərbaycanda cüdo üzrə böyüklər arasında dünya çempionu yox idi. Bunun üçün də əsas istəyim Braziliyada qızıl medal qazanmaq idi. Bu, elə də asan başa gəlmədi. Çox çətin görüşlər keçirdim. Bu yarış mənim məsuliyyətimi daha da artıracaq. Çünki növbəti yarışlarda rəqiblərim artıq mənə qarşı daha ciddi hazırlaşacaqlar. Bundan əlavə, azarkeşlər də məndən növbəti yarışlarda medal gözləyəcəklər


- Keçirdiyin görüşləri necə xatırlayırsan?
- Yarışlara 1/32 final mərhələsindən başladım. Ümumilikdə, turnir ərzində 6 görüş keçirdim. Həmişə idmançı üçün yarışda birinci və sonuncu görüş çətin olur. Mənim üçün də belə oldu. İlk görüşüm çox çətin keçdi. Hətta İsrail cüdoçusu Or Sasson məndən 2 "yuko” fəndinə görə qabaqda idi. Lakin qarşılaşmanın başa çatmasına 8 saniyə qalmış gücümü topladım və rəqibimə "vazari” fəndi atdım. Ümumiyyətlə, Rio-de-Janeyroda bütün rəqiblərimi "vazari” fəndi ilə məğlub etdim. Yarımfinalda yaponiyalı cüdoçu Takaşi Ononla qarşılaşdım. Bu cüdoçunun fiziki cəhətdən güclü olması məni ehtiyatlı güləşməyə vadar edirdi. Yaponiya idmançısını məğlub etdikdən sonra çempion olmağıma ümidlərim bir qədər də artdı. Düzdür, bu görüşdə ayağımdan zədə aldım. Amma həkimlərimin sayəsində final görüşünə çıxa bildim. Həlledici mərhələdə hollandiyalı idmançı Henk Qrolla qarşılaşdım. Final görüşündə də rəqibimi "vazari” fəndi ilə məğlub edərək dünya çempionu adını qazandım.

- Yəqin ki, finalın bir addımlığında olarkən çox həyəcanlı idin. Çünki sənə qədər iki cüdoçumuz - Nazim Hüseynov və Elnur Məmmədli bu yarışın finalçıları olsalar da, sonda gümüş medalla kifayətlənmişdilər.
- Bəli. Bu, mənim məsuliyyətimi bir qədər də artırırdı. Çünki qələbə qazanacağım təqdirdə ölkəmizə ilk dəfə cüdo üzrə dünya çempionatının qızıl medalını qazandıracaqdım. Turnirdə bütün rəqibələrim çox güclü idilər. Ümumiyyətlə bu yarışda dünyanın ən güclü cüdoçuları mübarizə aparırdılar. Onu da deyim ki, finaldakı rəqibim Henk Qrol çox güclü idmançı idi. O, 2010-cu ildə dünya ikincisi, 2012-ci ildə isə Olimpiya oyunlarının bürünc mükafatçısı olmuşdu. Həmin gün hollandiyalı cüdoçunun məşqini izləmişdim və onun fiziki cəhətdən nəyə qadir olduğunu görmüşdüm. Bunun üçün də bir qədər narahat idim. Final görüşündən əvvəl yığma komandanın məşqçiləri mənə dedilər ki, artıq tarix yazmağın zamanıdır. Sən bu görüşdə mütləq qalib gəlməlisən. Peter Zeyzenbaher məni çağırıb bildirdi ki, indiyə qədər Azərbaycanın idman tarixində cüdo üzrə dünya çempionu olmayıb. Amma mən bilirəm ki, sən bu dəfə bu uğursuzluğa son qoyacaqsan. Onun mənə: "Sən bu gün çox güclüsən”, - deməyi məndə özümə inamı artırdı.

- Çempion olduqdan sonra göz yaşlarını saxlaya bilmədin.
- Bəli. Ağladım. Çünki uzun illərdir ki, bu titulun həsrətində idim. Hətta 2010-cu ildə buna yaxın olsam da, sonda bürünc medala layiq görülmüşdüm. Bu titulu qazanmaq üçün çox məşq etmişdim. Nəhayət, istəyimə nail oldum. Dövlət himnimiz səslənəndə qürur hissi keçirdim. Həqiqətən də, çox həyəcanlı idim. Əgər mən həmin görüşü məğlub olsa idim, bunu özümə bağışlamazdım. Çünki, heç vaxt dünya çempionu olmağa bu qədər yaxın olmamışdım. Bunun üçün də qələbəni çox arzulayırdım. Şükürlər olsun ki, zəhmətimin bəhrəsini gördüm.

- Cüdoda olunan dəyişikliklər sənin üçün çətinliklər törədirmi?
- Xeyr. Əksinə bu dəyişikliklər cüdoya yeni bir gözəllik qatıb desəm, bəlkə də yanılmaram. Məncə, yeni dəyişiklik cüdoçuların leyhinədir. Düzdür, bu məsələ bir müddət idman ictimaiyyətində müzakirə olundu. Hətta bu qərara narazı olanlar da var idi. Fikrimcə, bu dəyişiklik çoxdan olmalıydı. Cüdo dəyişiklidən sonra öz gözəlliyini qaytarır. Bu qərar cüdoçularımızın çıxışına müəyyən qədər təsir etdi. Amma məncə, əsl usta cüdoçu üçün belə qərarlar çətinlik tötətməməlidir.
- Yarışlara hazırlığı harada keçmişdiniz?
- 2012-ci ildə London Olimpiadasındakı uğursuzluqdan sonra federasiya rəhbərliyi bir sıra dəyişikliklər etdi. Dünyanın ən güclü məşqçilərindən biri olan Peter Zeyzenbaheri Azərbaycan yığmasına gətirdi. Federasiya rəhbərliyi 8 aydır bizi dünyanın ən güclü komandalarının iştirakı ilə baş tutan təlim-məşq toplanışlarına göndərirdi. Bundan əlavə, biz hər təlim-məşq toplanışından sonra Almaniyada test yoxlanışından keçirik. Bu da çoxlu maliyə vəsaiti tələb edir. Yarışdan əvvəl Yaponiyada, Rusiyada, Çexiyada və Almaniyada yüksək səviyyədə təlim-məşqlər keçdik. Sonuncu təlim-məşq toplanışımız isə Şahdağ Olimpiya İdman Kompleksində oldu. Bizim üçün yaradılan gözəl şərait üçün cüdo federasiyasının rəhbərliyinə minnətdarlığımı bildirirəm.

- Komanda yoldaşlarının çıxışlarına qarşı münasibətin necədir?
- Cüdoçularımızın çıxışını heç də uğursuz hesab etmirəm. Nicat Şıxəlizadə, İlqar Müşkiyev, Kifayət Qasımova və Şahin Qəhrəmanov fikrimcə yaxşı çıxış etdilər. Onların arasında bəzi cüdoçularımız bir neçə görüşlərini ipponla qalib gəldilər. Amma növbəti görüşlərdə məğlub olaraq çempionatı medalsız başa vurdular. Orxan Səfərov isə 60 kq çəki dərəcəsində komandamıza bürünc medal qazandırdı. Fikrimcə, cüdoçularımızın belə yarışlarda mükafatçılar sırasına düşə bilməməsinin səbəbi cüdoda rəqabətin çox güclü olmasıdır. Təsəvvür edin ki, hər çəki dərəcəsində dünyanın ən güclü adlı-sanlı cüdoçuları yarışırlar. Bu da, istər-istəməz hər çəkidə rəqabətin güclü olmasından xəbər verir.

- Peter Zeyzenbaher və Ağayar Axundzədə arasında fərq nədədir?
- Ağayar Axundzadə mənim milli komandaya gəlişimdə çox böyük rol oynayıb. İdmanda hazırki uğuruma görə Ağayar Axundzadəyə, Ağanağı Cəfərova və Peter Zeyzenbaherə minnətdaram. Ağayar müəllimin zəhmətini heç vaxt dana bilmərəm. O, Azərbaycan cüdosuna Elnur Məmmədli kimi Olimpiya çempionu bəxş edib. Amma Zeyzenbaherin də mənim üzərimdə böyük əməyi var. O, bizə düzgün istiqamət verdi. Peter Zeyzenbaherin milli yığma komandaya rəhbərliyindən sonra cüdoya yeni bir nəfəs gəldi. Cüdoçularımızın təlim-məşq prosesləri daha da təkmilləşdirildi. İdmançıların yarışlara hazırlıq səviyyəsi artırıldı. Əvvəllər Bakıda bir həftə məşqlər edirdiksə, indi Yaponiya məktəblərində aylarla təlim-məşq toplanışlarında oluruq. Bu dəyişiklik özünü məşq sistemində göstəir. Zeyzenbaher Avropanın cüdo elmini Azərbaycana gətirib.

- Dünya çempionatı başa çatdıqdan sonra Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı. Sevindiricidir ki, bu qələbədən sonra ilk pilləyə yüksəlmisən.
- Beynəlxalq Cüdo Federasiyasının reytinq cədvəlində 90 kiloqram çəki dərəcəsində həmişə ilk "onluq”da olmuşam. Amma bu dəfə 100 kq çəki dərəcəsində reytiqdə birinci pilləyə yüksəldim. Bu, məni çox sevindirir. Rio-de-Janeyroda təşkil olunan dünya çempionatında aktivimə 900 xal əlavə edərək xallarımı 2376-ya çatdırdım. Bu da mənim reytinqdə birinci pilləyə yüksəlməyimə səbəb oldu.

- Səninlə eyni çəkidə Elmar Qasımov da mübarizə aparır. Bəs səncə, bu uğurun onun karyerasına kölgə salmayacaq ki?
- Xeyr. Eyni çəkidə bir neçə cüdoçunun olması rəqabəti artırır. Rəqabət olan yerdə isə uğur da olur. Amma mənim dünya çempionu olmağım heç də demək deyil ki, Elmar məndən zəifdir. Əksinə, o, çox güclü idmançıdır. Biz tatamidə bir-birimizə rəqibik. Amma həyatda çox yaxşı dostuq.

- Qazandığın nailiyyətlər 23 yaşından sonraya təsadüf edir. Halbuki bu yaşda idmanda bir sıra nəticələr 
əldə etmək mümkündür. Arada bu qədər zaman fərqinin olmasına səbəb nə idi?
- Qeyd etdiyim kimi, mənim milli komandaya çağırılmağımda Ağayar müəllimin böyük rolu olub. Bəlkə də, Ağayar müəllim milliyə dəvət etməsə idi, məndə yenidən özümə inam yaratmasaydı, bugünkü uğurları qazana bilməzdim. Bundan əlavə, bizim dövrümüzdə idmançılar üçün belə şərait yox idi. İndiki gənclərə baxanda bir qədər paxıllığım tutur ki, kaş bizim dövrümüzdə belə şərait olardı. Ölkəmizdə idmanın inkişafı üçün hər cür şərait yaradılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idman sahəsinə göstərdiyi diqqət və qayğı idmançılara böyük stimul verir.

- Medal kolleksiyanda daha hansı beynəlxalq yarışların medalları var?
- Qeyd etdiyim kimi, 2010-cu ildə Yaponiyada keçirilən dünya çempionatında bürünc medal qazanmışam. Müxtəlif illərdə isə üç dəfə Avropa çempionatının üçüncüsü olmuşam (Sloveniya 2004, Gürcüstan 2009, Avstriya 2010). 2008-ci ildə isə Portuqaliyada təşkil olunan qitə çempionatında gümüş medala layiq görülmüşəm. Bundan əlavə, "World Master” və digər yarışlarda da mükafatçılar sırasında yer almışam.

- Qarşıda çox mötəbər idman yarışları təşkil olunacaq. Necə düşünürsən, səncə, bu yarışlarda da uğurunu təkrarlaya biləcəksənmi?
- Bu, idmandır, qabaqcadan heç nə bilmək olmur. Ən böyük arzum Olimpiya oyunlarının qalibi olmaqdır. 2016-cı ildə Rio-de-Janeyroda təşkil olunacaq yay Olimipya oyunlarına tam gücümlə hazırlaşıram. Uğurumu Rio-de-Janeyroda təkrarlamaq istəyirəm, bu dəfə Olimpiya çempionu kimi. Bu yarışdan əvvəl isə məni qarşıda bir sıra turnirlər gözləyir. Hələlik bütün fikirlərimi I Avropa Oyunlarına və Rio-de-Janeyro Olimpiadasına yönəltmişəm.
Azər Əlizadə