idman və incəsənətin rolu
Bəşər sivilizasiyasının əsasında duran humanist ideallardan biri də şəxsiyyətin ahəngdar və harmonik inkişafını təmin etməkdir. Fəaliyyətin bütün sahələrində (elm, incəsənət, idman və s.) aparıcı rol oynayan bu ideal insanın kamillik zirvəsinə çatmasında əvəzsiz rol oynayır.
Humanist ideallar olimpizmin, Olimpiya Hərəkatının da ən vacib və əsas dəyərlərindən hesab olunur. Məhz bu idealların əsasında formalaşan Olimpiya Hərəkatının Xartiyasında deyilir: "Olimpizm bədən, iradə və ağlın vəhdətini təmin edən və balanslaşdıran, onu yüksəklərə qaldıran həyat fəlsəfəsidir. Olimpizmin məqsədi insan ləyaqətinin qorunub saxlanması naminə sülhsevər cəmiyyətin yaranmasına kömək etmək üçün şəxsiyyətin harmonik inkişafında idmandan səmərəli istifadə etməkdir".
qarşılıqlı əlaqəsi
Müasir Olimpiya Hərəkatı ilk növbədə idmanın humanist və sosial-mədəni əhəmiyyətini başa düşən, öz güc və bacarığını bəşər mədəniyyətinin əsas meyarı olan idmanın inkişafına sərf edən, ümumbəşəri dəyərlərin idman vasitəsilə reallaşmasına şərait yaradan və ondan antihumanist məqsədlərlə istifadə edilməsinin qarşısını almağa çalışan insanları bir yerə toplamaq üçün təşəkkül tapmışdır. Müasir olimpizmin banisi baron Pyer de Kuberten idmanla incəsənətin sıx, qarşılıqlı əlaqəsinə xüsusi əhəmiyyət verirdı: "İncəsənət idmanla çox yaxın olmalıdır və idmana incəsənətin əsası kimi baxmaq lazımdır". Bundan başqa, Kuberten atletlər, incəsənət adamları və tamaşaçılar arasında sıx ittifaqın vacibliyini həmişə ön plana çəkirdi.
İdmanla incəsənətin əlaqəsi haqqında danışdıqda Sparta oyunlarından söhbət açmamaq mümkün deyil. İdmanın yeni yarış modeli olan Sparta Oyunlarının yaranması "SpArt" layihəsinə əsaslanır. Sparta sözü ("SpArt") ingiliscə "Srort" (idman) və "Art" (incəsənət) sözlərinin birləşməsindən yaranıb.
Sosial-mədəni, humanist məqsədlərə xidmət edən Sparta Oyunları idman və incəsənətin ittifaqını möhkəmləndirən və idmana daha humanist, daha bəşəri xarakter verməyə çalışan insanları bir araya gətirən yarışlardır. Sparta Hərəkatının şüarları da bunu təsdiq edir: "Harmoniya və mənəviyyat naminə idman və incəsənətin birliyinə cəhd göstərmək!", "İdman və incəsənətdə nəcib hərəkət et və onları həyatında birləşdirməyə çalış!", "İş və hərəkətlərin gözəlliyi, hər növ, uğurdan qiymətlidir!".
Sparta oyunları mahiyyətinə görə digər oyunlardan, yarışlardan, festivallardan fərqlənir. Bu oyunların əsas xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, yarış proqramının əsasını "Sparta aqonları" (aqon - yunanca mübarizə, yarış, turnir deməkdir) təşkil edir. Sparta aqonları dedikdə yarışların yeni kompleks formaları başa düşülür. Burada idmanın incəsənətlə, yaradıcı fəaliyyətin digər sahələri ilə qaynayıb qarışması nəzərdə tutulur. Məsələn, Sparta oyunlarının proqramında müxtəlif idman yarışları, turizm və səmti müəyyənetmə, incəsənətin müxtəlif növlərində müsabiqələr (nəğmələr, rəqslər və s.), idman və incəsənət bilicilərinin müsabiqəsi, texniki müsabiqələr nümayiş etdirilirdi. Qeyd edək ki, bu, qədim Yunanıstanda keçirilən İstmiya, Panafineya, Pifiya, Nemey oyunlarının proqramı ilə uyğundur. Bu yarışlarda atletlərdən başqa, müğənnilər, müsiqiçilər, rəqqaslar da iştirak edir və əvəzində layiq olduqları mükafata sahib olurdular.
Müasir Olimpiya oyunlarının, müxtəlif yarış, turnir və festivalların proqramına idman yarışları ilə bərabər, bədii müsabiqələr də daxil edilir. Lakin Sparta oyunlarını digər yarışlardan fərqləndirən cəhətlərdən biri də qaliblərin müəyyən edilməsi prosesində hər bir iştirakçının idman yarışı və yaradıcılıq müsabiqəsində göstərdiyi nəticələrə kompleks qiymət verilməsi idi.
Startatlon (atletikanın spartalı nümayişi) güc, çeviklik, cəldliklə yanaşı, həm də qeyri-adi üstün fiziki keyfiyyətlərin nümayiş etdirilməsini nəzərdə tutur. Burada iştirakçıların nəticələrinə qiymət verilərkən nümayiş etdirilən idman tapşırıqlarının keyfiyyəti və mürəkkəbliyi, onların yerinə yetirilmə prosesində yaş, cins, əlilliyə görə xüsusiyyətlərin nəzərə alınması, yaradıcılıq təxəyüllü, yenilik bacarığı, çıxışların baxımlılığı və elastikliyi, iştirakçıların bədii ustalığı və artistlik qabiliyyətinə malik olması, tamaşaçıların edilən çıxışlara reaksiyası əsas götürülürdü.
Bu oyunların əsas məqsədi idmanın əxlaqi-mənəvi əsaslarının canlandırılması və inkişafına yardım etmək, idmanla incəsənətin əlaqəsinin möhkəmləndirilməsi, bunun əsasında isə sosial-mədəni vəzifələrin həll edilməsidir.
Bu vəzifələr fiziki cəhətdən sağlam, fəal yaradıcı şəxsiyyətin formalaşdırılmasından, səmərəli, yaradıcı istirahətin təşkilindən, habelə əlillər arasında sıx, qarşılıqlı əlaqə yaratmaqdan, yetim uşaqların, sosial köməyə və müdafiəyə ehtiyacı olan şəxslərin cəmiyyətdən uzaqlaşması problemini aradan qaldırmaqdan, idmançıları "Fair Play" ("Ədalətli oyunlar") prinsiplərinə və olimpizmin digər humanist ideallarına istiqamətləndirməkdən ibarətdir.
"SpArt" Hərəkatının əsasında bədənin və ruhun harmonik inkişafına xidmət edən qədim yunan "kaloqati" idealı, qədim çin "san mey" fəlsəfəsi durur. Bu oyunlar müasir olimpizmin banisi fərdi idman yarışlarında nəcib hərəkətlərin nümayiş etdirilməsi, idmanın sosial-mədəni dəyərləri, idman və incəsənətin ittifaqının möhkəmləndirilməsi barədə, Pyer de Kubertenin eyni zamanda, hər bir insanın özünü dərketmə və təkmilləşməsinin vacibliyi haqqında Platon, Nitşe və digər mütəfəkkirlərin, gözəllik, harmoniya, ucalıq, kamilliyə doğru yolda insan həyatının mənası haqda Svyatoslav Rerixin ideyalarından bəhrələnir.
Sparta Hərəkatı qarşıya qoyduğu məqsədə nail olmaq üçün idman və incəsənətdən, eyni zamanda, mənəvi yaradıcılıq fəaliyyətinin digər sahələrindən istifadə edir. Təbəqəsindən, yaşından və cinsindən asılı olmayaraq, uşaqlar, gənclər, yaşlılar, idmançılar, incəsənət və texnika sahəsində fəaliyyət göstərən yaradıcı insanlar, əlillər bu hərəkatın iştirakçıları ola bilərlər.
keyfiyyətlərə malik olmalıdır?
Sparta Hərəkatının iştirakçıları üçün spartalı obrazı ideal hesab olunur. Spartalı kimidr? O hansı keyfiyyətlərə malikdir? Spartalı ilk növbədə daima öz üzərində işləyən, mənəvi və fiziki kamilliyə can atan bir fərddir. Spartalının "Özünə inan və arzu etdiyin qədər çalış" şüarı müdrik məşhur "Öz-özünü dərk et" (lat.: "Nosce te irsum"), "Öz-özünə qalib gəl" (Lat.:"Te irsum vincere") kəlamlarına əsaslanır. İdman və incəsənət aləmində nəcib hərəkətlər nümayiş etdirən spartalı idman yarışlarında və bədii müsabiqələrdə cəngavərlərə məxsus kişilik, iradə, dözüm kimi keyfiyyətlər nümayiş etdirərək özü üçün maksimum nəticə əldə etməyə can atır. Lakin o, bütün bunları kubok və digər mükafatlar, rəqib üzərində qələbə üçün yox, hər şeydən əvvəl, özü özünə qalib gəlmək qabiliyyətini nümayiş etdirmək üçün edir.
Spartalı daima gözəllik və nəciblik qanunları çərçivəsində hərəkət etməyə can atır. Onun üçün hərəkətlərin və əxlaqın gözəlliyi istənilən qələbədən daha üstündür. Spartalı qalib və məğlub olmasından asılı olmayaraq, rəqiblərinə, hakimlərə və digər rəsmi şəxslərə, tamaşaçılara hörmətlə yanaşır, qələbədən sonra özünü təvazökar aparır, rəqib üzərində öz üstünlüyünü nəzərə çarpdırmır. O, gündəlik həyatda insanlara və təbiətə münasibətdə "Xeyirxah ol" sözlərini özü üçün şüar seçir. Beləliklə, şəxsiyyətin kompleks inkişafının Sparta modeli insanda kamilləşmə, öz müqəddaratını təyinetmə, psixi qabiliyyətlər (iradə, intellekt) və mənəvi-əxlaqi kefiyyətlərin vəhdəti, öz qabiliyyətini yaradıcı fəaliyyətin müxtəlif sahələrində, o cümlədən idman və incəsənət sahəsində nümayiş etdirmək, onu əhatə edən insanlarla və təbiətlə münasibətdə harmoniyaya nail olmaq kimi keyfiyyətləri əsas tutur.
Tarixə nəzər salsaq, görərik ki, qədim yunan filosofu Pifaqor Olimpiya oyunlarının qalibi olub və hətta məşqçi kimi fəaliyyət də göstərib. Digər məşhur yunan filosofu Platon İstmiya oyunlarında güləşçilərin yarışında uğurla çıxış edərək qələbəyə imza atıb. Qədim yunan atleti Milon isə Olimpiya oyunlarının qalibi olmaqla yanaşı, təbiət haqqında fəlsəfi traktatın da müəllifidir. Müasir dövrdə də öz fəaliyyətlərində idmanı elm, incəsənət sahələri ilə uğurla birləşdirən görkəmli şəxsiyyətlər az deyil.
Xatırladaq ki, Vinaus (ABŞ) 1900 və 1908-ci illərdə keçirilən Olimpiya oyunlarında atıcılıq üzrə çempion adını almaqla bərabər, 1912-ci ildə təşkil edilən bədii müsabiqələrin birində qızıl medalın da sahibi olmuşdu. Afina-1896 Olimpiya Oyunlarının üzgüçülük üzrə çempionu Hayoş (Macarıstan) 1924-cü ildə memarlıq fəaliyyətinə görə gümüş medalla təltif olunmuşdu. 1957-ci ildə Parisdə idmana həsr edilmiş bədii sərgidə əsərlərini nümayiş etdirən 100 rəssam və heykəltaraşdan 25-i öz taleyini birbaşa idmanla bağlayan insanlar olub.
Dünya şöhrətli ağırlıqqqaldıran, yazıçı, siyasi xadim Yuri Vlasov, tennis ustası, məşhur idman şərhçisi Nikolay Ozerov həm də incəsənət sahələrində fəaliyyət göstərən şəxsiyyətlərdir. Çoxlu sayda kitabların müəllifi, yazıçı, məşhur alman filosofu Q.Lenk həm də avarçəkmə idman növü üzrə Olimpiya çempionu idi. Valeri Brumel hündürlüyə tullanma üzrə altıqat dünya rekorduçusu, Roma-1960 Olimpiya Oyunlarının gümüş, Tokio-1964 Olimpiadasının qızıl mükafatçısı idi. O,1961-1963-cü illərdə ilin ən yaxşı idmançısı adına layiq görülüb. 1965-ci ildə avtomobil qəzasına düşəndə onun 23 yaşı var idi. Üç il ərzində 30 cərrahiyyə əməliyyatı keçirən görkəmli idmançı yenidən hündürlüyə tullanma ilə məşğul olub. Bu, onun fəaliyyətinin idmanla bağlı tərəfidir. Yaradıcılığını ədəbiyyat sahəsində sınayan Brumel həm də "Yüksəklik" kitabının, "Həkim Nazarov", "Olimpiya komediyası" pyeslərinin, "Qızıl karavella" operasına yazılan liberottanın, "Özünə xəyanət etmə" romanının müəllifidir.
Müsuqiçilər, müğənnilər, rəssamlar və incəsənət aləminin digər xadimləri arasında idmanla fəal məşğul olanlar az deyil. Məşhur müğənnilər İqlesias, Sotkilava, Ceyn Fond və başqaları idmanla sıx bağlı idilər.
Şəxsiyyətin harmonik inkişafının Sparta idealının konkret nümunəsi olaraq dünya şöhrətli dahilər Leonardo da Vinçi, Mikelancelo Buanarotti, Rafael Santi, İ.Nyuton, V.A.Höte, M.V.Lomonosovu göstərmək olar. Onların siyahısına filosof, həkim, şair, müsuqi nəzəriyyəsi üzrə traktatın müəllifi İbn Sina, Qaliley, R.Dekart, A.Dürer, Q.V.Leybnits, A.S.Qriboyedovun (diplomat, dramaturq, şair, bəstəkar) adlarını da əlavə etmək olar. Eyni zamanda, dahi rus rəssamı, alim, yazıçı, arxeoloq, mədəniyyət xadimi, mədəniyyət abidələrinin qorunması hərəkatının təşəbbüsçüsü N.K.Rerix, humanist-filosof, teoloq, missioner, həkim, müsuqişünas, Nobel mükafatı lauryeatı Albert Şveytser, dahi fizik və həvəskar müsiqiçi A.Eynşteynin də adlarını çəkmək olar.
Şəxsiyyətin harmonik inkişafının iki modelinin - Olimpiya və Sparta modelinin əsasında insanın harmonik inkişafı durur. Bu gün bu modellərdən hansının daha düzgün, daha yaxşı olduğu haqqında suala cavab vermək artıq zamanın işidir. Hər iki model humanist ideyalara xidmət edir. İkisi də müəyyən sosial qrupların maraq və tələblərinə cavab verir. Yalnız onu qeyd etmək lazımdır ki, Olimpiya modeli bu günün reallığına daha çox uyğun gəlir.
Qoyulan sualın düzgün cavabı insan sivilizasiyasının, mədəniyyətinin, ümumiyyətlə, cəmiyyətin gələcək inkişafından asılıdır.
Anar Əhmədov