Aşihara: güc, texnika və zehnin vəhdəti

Aşihara: güc, texnika və zehnin vəhdəti

 

Avropanı fəth edib, ustad zirvəsinə yüksələn azərbaycanlı


Şərq əlbəyaxa döyüş növləri bütün dünyada sevilir. Karate bu baxımdan digər növlərdən heç də geri qalmır. Maraqlıdır ki, karatenin də yetərincə xeyli növü mövcuddur. Onların hər biri özünəməxsus xüsusiyətinə görə idmançı və azarkeş ordusu formalaşdırıb. Karatenin dünyada sayılıb-seçilən növlərindən biri də aşihara döyüş növüdür.
Aşihara ustad Hideyuki Aşihara tərəfindən Yaponiyada yaranıb. İdman növünün yaranma tarixi təqribən 1974-cü ilə təsadüf edir. Bu zaman ustad Aşihara hələ Kyokşinkay təşkilatına bağlı idi. Tezliklə Aşihara təşkilatı çox sürətlə inkişaf edir və genişlənərək kyokşinkay təlimatçılarının işinə mane olur. Bunun üçün də qonşu rayonlardan olan təlimatçılar Kyokşinkay təşkilatının baş şöbəsinə şikayət edirlər. Kyokşinkay daxilində baş verən münaqişələrdən qaçmaq üçün 1978-ci ilin martında ustad Aşihara Tokioya çağırılır. Ona öz klublarını tərk etməyi və kyokşinkayın baş şöbəsində yüksək vəzifə tutmaq təklifi edilir. Aşihara isə bu təklifi mənfi cavablandıraraq Kyokşinkay təşkilatını tərk edir. Beləliklə, 1980-ci ilin sentyabr ayında Hideyuki Aşihara karate üzrə yeni beynəlxalq təşkilat yaradır. Bu təşkilatda Asihara öz karatesini inkişaf etdirməyə başlayır. Təşkilatın qurulmasından qısa bir müddət sonra aşihara sistemi üzrə bir sıra kitablar nəşr olunur. Daha sonra isə üç tədris videofilm yaradılır ki, bu da hazırda metodik vəsaitlər kimi istifadə olunur.
Hazırda mərkəzi ofisi Niderlandda yerləşən Beynəlxalq Aşihara Federasiyasının 30 ölkədə rəsmi nümayəndəliyi var.
Azərbaycanda isə bu idman növünə maraq 1990-cı illərdən təşəkkül tapıb. 1998-ci ildən Maarif Bağırovun səyi nəticəsində federasiya Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən rəsmi qeydiyyatdan keçib. İldən-ilə nailiyyətlərini artıran Azərbaycan Aşihara Federasiyası hər il müxtəlif çempionatlarda və beynəlxalq yarışlarda təmsil olunur.
Bu günlərdə Azərbaycanın aşihara karateçiləri Türkiyənin Antalya şəhərində uşaqlar, yeniyetmələr, gənclər və kişilər arasında təşkil olunan dünya çempionatında iştirak ediblər. Yarışda böyük heyətlə təmsil olunan komandamız Vətənə 9 medalla qayıdıb. Medallardan 5-i qızıl, 1-i gümüş, 3-ü isə bürüncdür.
Antalya sınağından sonra Azərbaycan Aşihara Federasiyasının prezidenti, Azərbaycanın əməkdar bədən tərbiyəsi və idman xadimi, SSRİ idman ustası, 6-cı dan qara kəmər sahibi Maarif Bağırov, çempionatda uğurla iştirak edən idmançılarımız və onların məşqçiləri redaksiyamızın qonağı oldular.
Söhbətə aşihara haqqında qısa məlumatla başlayan Maarif müəllim karatenin bu növünün Azərbaycanda yaranması barədə danışdı. Vaxtilə güləşlə məşğul olduğunu deyən Maarif Bağırov aşihara döyüş sənətinə təsadüfən gəldiyini bildirdi.
“Dünyada karate növləri çoxdur. Bunlardan biri də aşihara karate döyüş sənətidir. Bu idman növünün yaranması və inkişafı yaponiyalı ustad Hideyuk Aşiharanın adı ilə bağlıdır. Aşihara özü həm cüdo, həm də kyokşinkay karate ilə məşğul olub. O, sonralar öz yeni idman növünü yaradaraq ona aşihara karate adını verib. Aşihara tələbələrinə yaratdığı idman növünün sirlərini aşılayaraq, qısa zaman ərzində bu idman növünün populyarlığına nail olub.
Təəssüf ki, o, 50 yaşında dünyasını dəyişdi. Aşihara doğrudan da gözəl və təhlükəsiz idman növüdür. Aşihara idman növünə gəlişimi təsadüf adlandırardım. Belə ki, Sankt-Peterburqda olarkən təsadüfən bir satıcı mənə aşihara karate idman növünün fəndlərinin olduğu kaseti almağı təklif etdi. Düzünü desəm, kaset mənə ilk baxışdan maraqlı gəldi. Videoya baxdıqdan sonra bu idman növünə heyran qaldım. Çünki bu növ həqiqətən də digərlərindən fərqlənirdi. Bu döyüş növü sağlamlıq, təhlükəsizlik və müdafiə olunmaq baxımından çox gözəldir. Aşiharanın ən gözəl tərəflərindən biri də zərbələrdən qaçmaqla bağlıdır. Belə ki, idmançı yanlara çıxaraq təhlükəli zərbələrdən yayına bilir. Beləliklə, aşiharanın Azərbaycana gəlişi 1990-cı illərin əvvəllərinə təsadüf etdi. Həmin kaseti Azərbaycana gətirdikdən sonra orada olan hərəkətləri dəqiqliklə öyrəndim. Daha sonra həm özüm məşq edir, həm də tələbələrə bu döyüş növünün sirlərini öyrədirdim.1997-ci ildə Niderlandda aşihara üzrə təşkil olunan seminarlarda iştirak etdim və bu döyüş sənəti ilə bağlı biliklərimi daha da təkmilləşdirdim. Aşiharanın sertifikatını Niderlandda beynəlxalq ustalardan aldım.
1998-ci ildən isə Azərbaycan Aşihara Federasiyası rəsmi olaraq Ədliyyə Nazirliyindən qeydiyyatdan keçdi. Tezliklə Beynəlxalq Aşihara Federasiyasına üzv olan ölkəmiz 2002-ci ildən rəsmi olaraq dünya çempionatında iştirak etməyə başladı. 2004-cü ildən sonra isə idmançılarımız dünya çempionatlarında nailiyyətləri ilə digər ölkələrin karateçilərinə ciddi rəqib oldular. Komandamız demək olar ki, iştirak etdiyi hər bir yarışdan yüksək nəticələrlə Vətənə qayıdır.
Bu gün hazırda paytaxtla yanaşı, Gəncə, Göygöl, Ağcabədi və digər bölgələrdə 10 bölməmiz fəaliyyət göstərir”, - deyə M.Bağırov qeyd etdi.
Aşiharanı digər karate növlərindən fərqləndirən Maarif müəllim, burada əsasən cüdoya, aykidoya bənzər atıcı fəndlərin olduğunu qeyd etdi.
“Aşihara “sabaki” prinsipinin konsepsiyasında üç əsas bənd formalaşıb. Bunlar aşihara karate dairəvi simvolu ilə təqdim olunan döyüş mövqelərinin hazırlanması, döyüşdə məsafəni qiymətləndirmək və döyüş məşqlərinin yerinə yetirilməsinin maksimum hərəkətliliyi və sürətidir.
Bu idman növü ilə sağlamlıq üçün hər yaşda məşğul olmaq mümkündür. Əsasən isə 6-8 yaşından başlayaraq, uşaqlar məşqlərə cəlb olunurlar. Bu idman növü ilə məşğul olan idmançılarımızın əksəriyyəti bu gün güc strukturlarında çalışırlar. Bizim üçün fəxrdir ki, 44 günlük Vətən müharibəsində xüsusi təyinatlı dəstənin üzvləri arasında aşihara karate idman növü ilə məşğul olan idmançılarımız var”, - deyə Maarif Bağırov bildirdi.
Maarif Bağırov söhbət zamanı 2024-cü ildə ölkəmizdə aşihara karate idman növü üzrə dünya çempionatının keçirilməsi məsələsinə də toxundu. O, həmçinin beynəlxalq federasiyanın prezidenti ilə səmimi münasibətlərindən və ali qurumun rəhbərinin ölkəmizə səfərindən də danışdı: “Bu gün Beynəlxalq Aşihara Federasiyasının prezidenti Deyv Conikerslə çox gözəl münasibətimiz var. O, hətta 2020-ci ilin əvvəllərində ölkəmizdə olub, Göygöldə Qarabağ şəhidlərinin xatirəsinə həsr olunmuş aşihara üzrə karate turniridə iştirak edib. Deyv Conikers həmin turnirdə çıxış edərkən Azərbaycanda aşihara idman növünün inkişafı haqqında xoş sözlər dedi.
Türkiyədəki dünya çempionatından sonra bir sıra ölkələrin federasiya rəhbərləri təklif etdilər ki, dünya çempionatına 2022-ci ildə Azərbaycan ev sahibliyi etsin. Lakin mən bu təkliflə razılaşmadım. Çünki dünya çempionatına rahat bir şəkildə hazırlaşmaq üçün vaxt lazımdır. Bunun üçün də yarışı 2024-cü ildə təşkil etməyi planlaşdırırıq. İstəyirəm ki, elə bir turnir təşkil edək ki, yenidən dünyanın diqqətini ölkəmizə cəlb edək”.


Qaliblərin yarış
təəssüratları


Söhbət zamanı Türkiyədə uğurla çıxış edərək medal qazanan komandamızın bir neçə üzvü də fikirlərini bildirdilər. İdmançılar aşihara idman növünə gəlişi və bu döyüş sənəti ilə bağlı gələcək planlarını da açıqladılar.
Söhbətə isə ilk olaraq Antalyadakı dünya çempionatında gümüş medal qazanan Əfsər Atakişiyev qoşuldu. Yaxın qohumlarının aşihara ilə məşğul olduğunu deyən yeniyetmə idmançımız bu idman növünə olan sevgisindən danışdı:
“Aşiharaya gəlməyim yaxın qohumlarımın sayəsində olub. Həqiqətən də bu idman növündən zövq alır, məşqlərimi sevə-sevə keçirəm. İstər hücum, istərsə də müdafiə olunmaq bu idman növünü digərlərindən fərqləndirir.
Antalyadakı çempionat ilk böyük rəsmi yarışım idi. Bu çempionata yaxşı hazırlaşmışdım və bunun nəticəsi olaraq ölkəmizə gümüş medalla qayıtdım”.
Türkiyədə keçirilən dünya çempionatının qızıl medalçısı Nizam Həsənzadə isə bu idman növü ilə sağlamlığı üçün məşq etdiyini dedi:
“Mənim də bu idman növünə gəlişim yaxın qohumlarımın sayəsində olub. Bu idman növü məni öz maraqlı tərəfləri ilə özünə cəlb edib. Aşihara ilə ilk növbədə öz sağlamlığım üçün məşğul oluram. İlk böyük nailiyyətimi isə Türkiyədə qazandım. Bütün rəqiblərimi məğlub edərək çempion adını qazandım. Çalışacağam ki, bundan sonra da məşqçilərimin tövsiyyələrinə əməl edim və uğurlarımı artırım”.
Aşihara üzrə komandanın məşqçisi və idmançısı Musa Musazadə isə bu döyüş sənətinin insan üçün faydalarından danışdı. 20 ildən çoxdur ki, aşihara ilə məşğul olan Musa bu idman növünün yaddaşa təsiri barədə oxuculara məlumat verdi: “Yaddaşı zəif olan idmançılar bu növdə nəticə əldə edə bilmirlər. Çünki aşihara yalnız güc demək deyil. Burada həm güc, həm də zehin böyük rol oynayır. İdmançının zehni də güclü olmalıdır ki, nəticə əldə edə bilsin. Həm zərbələrin adını, həm də zərbələr toplusu olan kombinasiyaları yadda saxlamaq lazımdır. Aşihara növündə tez-tez seminarlar və kəmər imtahanları keçirilir. Bu seminarlarda katalar olur ki, bunlar da müəyyən saya və texnikaya əsaslanır. İdmançılar da bunları əzbərləməlidirlər. Bunu dəfələrlə etdikdə insanda beyin məşqi də formalaşır. Bütün bunlar insanın beyni ilə bədənin birgə işləməsinə səbəb olur”.
Musa Musazadə söhbət əsnasında Türkiyədə keçirilən yarışda komandanın uğurlu çıxışına da toxundu. Antalyaya 10 nəfərlik heyətlə yollandığını deyən dördqat dünya çempionu komandanın bütün üzvlərinin mükafatçılar sırasında yer aldığını qeyd etdi.
“Türkiyədəki dünya çempionatına 10 nəfərdən ibarət komanda ilə yollanmışdıq. Komandamızın tərkibində federasiyanın nümayəndəsi, məşqçi Elnur Xəlilov və 9 idmançı yer almışdı. Sevindirici haldır ki, idmançılarımızın hər biri Vətənə medalla qayıtdılar. Bu medallardan 5-i qızıl oldu. Mən və Natiq Qafarov kişilər arasında full-kontakt versiyada döyüşdük və hər ikimiz qızıl medala sahib çıxdıq. Bu, mənim dünya çempionatları tarixində dördüncü qızıl medalım idi. Qeyd edim ki, bundan əvvəl 2018-ci ildə Qazaxıstanda da bu versiyada dünya çempionu olmuşdum. Bu yarışda Türkiyə, Almaniya, Qazaxıstan və Qırğızıstandan olan rəqiblərlə qarşılaşdıq. Mənim ilk rəqibim almaniyalı idmançı oldu. Rəqibimə nokautla qalib gəldikdən sonra finala çıxdım. Həlledici görüşdə qazaxıstanlı rəqibim döyüş vaxtı zədələndiyinə görə mübarizəni davam etdirə bilmədi və qələbə mənə verildi.
Komandamıza digər qızıl medalları isə İbrahim Xəlilli (25 kq) 8-9 yaşlılar, Yadulla Hüseynov (-50 kq) 10-11 yaşlılar, Nizam Həsənzadə (-55 kq) isə 12-13 yaşlılar arasında qazandırdı. Əfsər Atakişiyev (-50 kq) 14-15 yaşlılar arasında gümüş medala layiq görüldü.Mehdi Xəlilov (25 kq) 8-9 yaşlılar, Yusif Qafarov (-30 kq) 9-10 yaşlılar, Nadir Şükürov (-50 kq) isə 14-15 yaşlılar arasında bürünc medala sahib çıxdı.
Mən Maarif müəllimin başçılığı altında 2011-ci ildən yığma komandanın tərkibində iştirak etmişəm. Biz iştirak etdiyimiz yarışlarda komanda hesabında demək olar ki, birinci yerə çıxmışıq. Nadir hallarda isə ikinci, üçüncü yerləri tutmuşuq. Əksər hallarda bütün idmançılarımız yarışlardan medalla qayıdıb. Əsas rəqiblərimiz Qazaxıstan Əfqanıstan və Rusiya idmançıları olsa da, yenə də idmançılarımız həmin rəqiblərlə daha rahat döyüşür, qələbə qazanaraq favorit olduqlarını sübut edirlər”, - deyə Musa Musazadə fikirlərini tamamladı.
Aşihara idman növü ilə həm idmançı, həm də məşqçi kimi məşğul olan Natiq Qafarov isə bu idman növündə oğlanlarla yanaşı, qızların da məşq etdiyini qeyd etdi. Hazırda Abşeron rayonunun Saray qəsəbəsində məşq keçən N.Qafarov bu idman növündə zədə riskinin az olması fikirinə də münasibət bildirdi: “Mən aşihara üzrə həm məşq keçir, həm də döyüşürəm. Oğlum Yusif Qafarov da bu idman növü ilə məşğul olur. Həm də onun şəxsi məşqçisiyəm. Ümumiyyətlə, qeyd edim ki, bu idman növündə oğlanlarla yanaşı, qızlar da məşq keçirlər. Dünya, Avropa və Asiya çempionatlarında da oğanlarla yanaşı, qızlar da mübarizə aparırlar. Övladını məşqə gətirən hər bir valideyn sözsüz ki, ilk növbədə bu idman növünün təhlükəsizliyi ilə maraqlanır. Biz isə onları bu barədə məlumatlandırırq. Ümumiyyətlə, qeyd edim ki, 18 yaşınadək idmançılar zədələrdən qorunmaq üçün dəbilqə, əlcək, bandaj, kalpakdan istifadə edirlər. Bu vasitələrdən istifadə olunduğu üçün idmançı maksimum dərəcədə zədələrdən qorunur. Ümumiyyətlə, aşiharada digər idman növləri ilə müqayisədə zədələrə az hallarda rast gəlinir”.


Azər Əlizadə
Aşihara: güc, texnika və zehnin vəhdəti Aşihara: güc, texnika və zehnin vəhdəti Aşihara: güc, texnika və zehnin vəhdəti Aşihara: güc, texnika və zehnin vəhdəti Aşihara: güc, texnika və zehnin vəhdəti