Gənc olmasına baxmayaraq, artıq kifayət qədər tanınmış istedadlı və peşəkar kikboksçu Ramal Aslanov idmana təsadüf nəticəsində gəlib. Uşaqlıqda həkim olmağı arzulayan Ramal kikboksinq növündə qazandığı ilk uğurdan sonra idmana daha da bağlanıb. İdmanda qazandığı uğurlar bir daha təsdiqləyir ki, Ramal seçimində yanılmayıb. 7 qat ölkə çempionluğu, dünya və Avropa çempionatlarında əldə etdiyi möhtəşəm qələbələr, Dünya kəmərinin sahibi titulu ona dünya şöhrəti qazandırıb. Amma idmançımız bu uğurlarla kifayətlənmək niyyətində deyil. İdmanı özünə həyat tərzi seçən Ramalın fikrincə yaxşı idmançı titulları ilə kifayətlənməməli, daim öz üzərində işləməli, yeni-yeni qələbələrə doğru can atmalıdır. Bugünlərdə ölkəmizdə keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş kikboksinq üzrə peşəkarlar arasında beynəlxalq turnirdə də idmançımız yüksək peşəkarlıq göstərərək çempion olub. İdmançımızla görüşərək onun idmana gəlişi, qazandığı uğurlar, qarşıdakı planları və s. barədə ətraflı söhbət etdik.
"Uşaqlıqda çox dəcəl və dalaşqan idim”
- Ramal, özün haqqında oxucularımıza məlumat verməyini xahiş edirik.
- 1992-ci il martın 1-də Şəmkir rayonunda anadan olmuşam. Orta məktəbə Rayonda getmişəm. 6-cı sinifdə oxuyanda Bakıya köçdük. Bakıya gələndən sonra Daxili İşlər Nazirliyi İdman Cəmiyyətində məşqçi Hikmət Hacıyevin rəhbərliyi altında kikboksinqlə məşğul olmağa başladım. Məktəbi başa vurduqdan sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olundum. Hazırda Akademiyanın 4-cü kurs tələbəsiyəm. Onu deyim ki, uşaqlıqda çox dəcəl və dalaşqan idim. Şəmkirdə yaşadığım vaxtlarda qonşular hətta valideynlərimə məndən şikayət edirdilər.
- Yəqin ki, dalaşqan xasiyyətli olmağın sənin məhz döyüş idman növü ilə məşğul olmağına səbəb oldu.
- Hə, belədir. İdmana gəlişimin tarixçəsi də elə dalaşqan olmağımla bağlıdır. Məhəlləmizdə Rüfət adlı qonşumuz taekvondo ilə məşğul olurdu. Bir gün mənim onunla sözüm çəp gəldi. Möhkəm dava etdik. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, onu möhkəm əzişdirdim. Rüfət döyüş növü ilə məşğul olmasına baxmayaraq, mənə ciddi müqavimət göstərə bilmədi. Düzü, sonradan Rüfətlə dostlaşdıq. O, mənə də idmanla məşğul olmağı təklif etdi və məni özü ilə idman zalına gətirdi. Həmin vaxt DİN İC-də Hikmət Hacıyevin kikboksinq məşqləri mənim diqqətimi cəlb etdi. Artıq qərarımı vermişdim. Öz-özümə dedim, mən tanınmış kikboksçu olacağam. Bu növdə ən çox zərbələrin zənginliyi mənim marağıma səbəb olmuşdu. Bu gün kikboksinq həyatımın ayrılmaz hissəsidir.
"Məşqlərə gizlincə gedirdim”
- Bəs ailənizdə necə, idmana maraq var idi? - Düzü, ailəmizdə idmana maraq göstərən yoxdur. Məndən kiçik bir bacım var. O, Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə-kredit fakültəsində oxuyur.
- Valideynlərin sənin idmanla məşğul olmağına etiraz etmədilər ki?
- Əvvəllər onlar məni məşqə buraxmırdılar. Məşqimiz çox gec başlayırdı. Valideynlərim də mənim gecələr məşqə getməyimdən narazı idilər. Məşqlərə gizlincə gedirdim. Həm də onlar mənim məşqlərdə ciddi zədə alacağımdan ehtiyat edirdilər. Vaxt keçdikcə hər şey öz yoluna düşdü. Artıq onlar məni peşəkar idmançı kimi qəbul etməyə başladılar.
"Ən böyük arzum həkim olmaq idi”
- Uşaqlıqda ən böyük arzun nə idi?
- 6-cı sinifə qədər dərslərimi əla qiymətlərlə oxumuşam. İdmana gəlməmişdən əvvəl ən böyük arzum həkim olmaq idi. Biologiya fənnini çox yaxşı oxuyurdum. İdmana gəlib bir dəfə çempion adını qazandıqdan sonra bu sahə məni özünə daha çox cəlb etməyə başladı.
- Ramal, indiyədək bir sıra titullara sahib çıxmısan. Necə düşünürsən, yaxşı idmançı necə olmalıdır?
- Uşaqlıqda yarışlarda qələbə qazananda özümü hamıdan güclü hiss edir, məhəllə uşaqlarımla dava etməyə başlayırdım. Amma zaman keçdikcə, yaşım artdıqca başa düşdüm ki, yaxşı idmançı güclü olduğu qədər sadə olmalıdır. Məncə, yaxşı idmançı nailiyyətləri ilə qürrələnməməli, daim öz üzərində işləməli, məşq edib daha da böyük nailiyyətlər qazanmağa çalışmalıdır.
- Qeyd etdin ki, ilk məşqlərdən Hikmət müəllimin məşq üsulu sənin diqqətini cəlb edib. Necə düşünürsən, səncə, məşqçinin sənin uğurlarında hansı rolu var?
- Hikmət müəllim mənə təkcə idmanda deyil, həyatda da çox böyük dəstək olub. Etiraf edim ki, günümün çox hissəsini valideynlərimdən çox məşqçimin yanında keçirmişəm. Qazandığım nailiyyətlərə görə Hikmət müəllimə borcluyam. Bundan başqa, Azərbaycan Kikboksinq Federasiyası tərəfindən də bizim yüksək səviyyəli təlim-məşq və yarışlarda iştirakımız üçün hər cür şərait yaradılır. Fürsətdən istifadə edib Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyevə biz idmançılara göstərdiyi diqqət və qayğıya, yaradılan şəraitə görə minnətdarlığımı bildirirəm. Qeyd edim ki, Adil müəllim daim yarışlarda bizə dəstək olur, problemlərimizlə mütəmadi maraqlanır, bizim yüksək nəticələr qazanaraq mötəbər yarışlarda ölkəmizi layqincə təmsil etməyimiz üçün hər bir şərait yaradır.
"Mənim döyüş üslubum Mayk Taysonun döyüş üslubuna çox yaxındır”
- Peşəkar yarışlara "Lord” ləqəbi ilə çıxırsan. Bu ləqəbi sənə kim verib?
- "Lord” ingilis zadəganlarına verilən ən yüksək tituldur. Bu ləqəbi mənim üçün Hikmət müəllim seçib. Çalışıram ki, bu titulu doğruldum. Xatırladım ki, 2011-ci ildə əməliyyat olundum və buna görə idmana fasilə verməli oldum. 2012-ci ildə yenidən məşqlərə başladım. Həmin vaxtdan indiyədək bütün yarışlarda çempion olmuşam. Yalnız ötən il Avropa çempionatında gümüş medalla kifayətləndim. Həmin yarışda hakim ədalətsizliyi ilə üzləşdim. Düzdür, idmanda udmaq da olar, uduzmaq da. Əgər kimsə məndən çox əziyyət çəkibsə, yəqin ki, yarışda da qalib o olacaq.
- Sənin üçün örnək olan idmançı varmı?
- Dünya şöhrətli Mayk Tayson mənim ən sevdiyim döyüşçüdür. Çoxları boksçu Məhəmməd Əlini dünya boksunun kralı hesab edirlər. Amma məncə, Mayk Tayson daha güclü idmançıdır. Onu da deyim ki, mənim döyüş üslubum Mayk Taysonun döyüş üslubuna çox yaxındır. Yəni döyüş zamanı ağıllı gedişlərdən daha çox, ağır zərbələrdən istifadə etməyə üstünlük verirəm. Əlbəttə ki, bu mənim yüksək fiziki hazırlığımdan irəli gəlir.
- Qələbə qazanmağın sirri nədədir?
- Mən çalışıram ki, məşqlərə fasilə verməyim və daim formada qalım. Həftənin bütün günləri məşq edirəm. Ciddi yarışlardan qabaq gündə iki dəfə məşq edirəm.
"Yazıçı jurnalist Varis Yolçiyevin əsərlərini oxuyuram”
- Yəqin ki, daim məşqlərdə olmağın səni bir çox istəklərindən məhrum edir.
- Mən belə deməzdim. Məncə, məşqlə yanaşı, istirahətə, mütaliəyə də vaxt tapmaq olar. Sadəcə, hər hansı işi həyata keçirmək üçün istək lazımdır.
- Yeri gəlmişkən, deyəsən, mütaliəni də sevirsən.
- Yazıçı jurnalist Varis Yolçiyevin əsərlərini oxuyuram. Onun əsərləri mənim çox xoşuma gəlir. Varis Yolçiyev həm də mənim yaxın dostumdur.
- Yəqin ki, bir peşəkar döyüşçü kimi musiqiyə də biganə deyilsən.
- Musiqi dinləməkdən zövq alıram. Adətən, maşında yol gedərkən müxtəlif musiqilərə qulaq asmağı xoşlayıram. Musiqi sədaları altında məşq etməyə üstünlük verirəm. Əgər diqqət yetirmisinizsə, peşəkar yarışlara milli musiqimiz "Ruhani döndərməsi”nin sədaları altında çıxıram. Bu, mahnı milli musiqi alətimiz sazla ifa olunur.
- Peşəkar döyüşlərə çıxarkən, adətən, rinqə rəqs edə-edə yaxınlaşırsan.
- Mənim digər döyüşçülərdən elə əsas fərqim bundadır. Döyüşə oynaya-oynaya çıxmağımla rəqibimə sübut etməyə çalışıram ki, özümə daha çox inanıram.
"Yarışa bir həftə qalmış döyüş haqqında ümumiyyətlə fikirləşmirəm”
- Yarışlar qabağı xüsusi psixoloji hazırlıq metodun varmı?
- Bir çox idmançılar rəqibin döyüş üslubuna, zəif-güclü olmasına əhəmiyyət vermirlər. Məncə, bu, düzgün deyil. Mən hər bir rəqibimi qiymətləndirirəm. Buna görə də rəqiblərimin əvvəlki çıxışlarını məşqçimlə birgə təhlil edirəm. Rəqib harada zəiflik nümayiş edirirsə, mən ona qarşı əks döyüş takikası hazırlayıram. Əsas psixoloji hazırlıq metodlarımdan biri də budur ki, yarışa bir həftə qalmış döyüş haqqında ümumiyyətlə fikirləşmirəm. Rinqə ayaq basan kimi, isə hər şeyi unudur, bütün gücümdən istifadə edərək yalnız qələbə barədə düşünürəm.
- Hansısa döyüş filminə çəkilmək istərdinmi?
- Əgər belə bir təklif gəlsə idi, məşqçimin məsləhəti ilə bu təklifi dəyərləndirərdim. Amma mən istəyirəm ki, sırf idmanla tanınım. Filmə çəkilmək insandan peşəkar aktyorluq bacarığı tələb edir. Əgər filmə çəkilsəm, idman yarımçıq qalacaq. Məncə, gördüyün işin peşəkarı olmaq və onu sonna çatdırmaq lazımdır.
- Bugünlərdə ölkəmizdə ümümmilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş peşəkarlar arasında beynəlxalq turnirdə çempion oldun. Rəqibini elə ilk dəqiqədə nokauta saldın.
- Rəqibim əslən Rusiyadan olan Ukrayna idmançısı Vitali Farhuttinov idi. 25 yaşlı idmançı 2012-ci ildə Avropa çempionu olub. Əvvəllər boks, indi isə kikboksinq üzrə peşəkar yarışlarda çıxış edir. Peşəkar yarışlarda yüksək reytinqə malikdir. Bu yarışda 75 kq çəki dərəcəsində döyüşdüm. Rəqibimi birinci raundun birinci dəqiqəsində əl zərbəsi ilə nokauta saldım. Qeyd edim ki, məndə sağ əllə arxadan zərbə endirmək çox yaxşı alınır. 2012-ci ildən etibarən iştirak etdiyim yarışlarda çempion olmuşam. Yalnız Avropa çempionatının finalında xorvatiyalı idmançıya hakimlərin səhvi üzündən məğlub olmuşam. Hakimlərin mənə qarşı ədalətsizliyinin hamı şahidi olub. Hətta yarış vaxtı hesabı göstərən tablodada nəticə mənim xeyrimə 29:27-i idi. Bu il ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş peşəkar döyüşlərin üçündə də qalib adını qazanmışam. Bu yarışlardan biri mayın 10-da, ümummilli liderimizin doğum günündə Avstriyanın Vyana şəhərində keçirildi. Həmin yarışda rəqibim rumıniyalı Kristian Milea idi. O, super kombat döyüşlərinin iki dəfə qalibi olub. Onu xal hesabı ilə məğlub etdim. Etiraf edim ki, o, rəqiblərim arasında ən güclü idmançı idi. Ümummili lider Heydər Əliyevin xatirəsinə Cənubi Afrikada keçirilən yarışda isə rəqibimi böyük xal fərqi ilə üstələdiyim üçün döyüş dayandırılaraq, qələbə mənə verildi. İndiyədək yeddi dəfə Azərbaycan çempionu olmuşam. 2008-ci ildə İtaliyanın Neapol şəhərində gənclər arasında keçirilən dünya çempionatında WAKO versiyası üzrə üçüncü yeri tutmuşam. 2009-cu ildə İspaniyada gənclər arasında dünya çempionu adını qazanmışam. Ötən il Almaniyanın Düseldorf şəhərində 65 kq çəki dərəcəsində peşəkarlar arasında dünya kəmərinin sahibi olmuşam. Həmin yarışda əslən ərəbistanlı olan Almaniya idmançısı Bihes Barakatı ikinci raunda nokauta salmışam. Əlbəttə ki, əldə etdiyim uğurlarla kifayətlənmək niyyətində deyiləm. Bundan sonrakı yarışlarda da ölkəmizin idman şərəfini layiqincə qorumaq, himnimizi səsləndirmək, bayrağımızı yüksəklərə qaldırmaq istəyirəm.
- Qarşıdakı planların nədən ibarətdir?
- İndiyədək yarışlarda Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin şərəfini qorumuşam. Bundan sonra da ən böyük arzularımdan biri daxili işlər orqanlarında çalışmaqdır. ADBTİA-nı bitirdikdən sonra Polis Akademiyasına daxil olmaq istəyirəm.
Aysel