Futbol "milyonların" oyunudur

Futbol "milyonların" oyunudur

   Avropa yığmaları üçün hansı yarış daha sərfəlidir?

Futbol üzrə dünya çempionatının başlanmasına 40 gün qalır.
Xəbər verdiyimiz kimi, Qətər dövləti mundialın təşkili üçün təxminən 208 milyard avro vəsait xərcləyib. Ərəblər bununla da tarixdə ən bahalı dünya çempionatına ev sahibliyi etməklə yeni bir rekorda imza atmağa çalışırlar. 
Beynəlxalq Futbol  Federasiyası (FİFA) da iştirakçı komandalar üçün yüksək məbləğdə mükafat fondu təsis edib. Belə ki, dünya çempionatının mükafat büdcəsi 1 milyard avro təşkil edəcək. Tarixdə ilk dəfədir ki, DÇ iştirakçıları üçün mükafat fondu bu qədər məbləğə çatıb. "Olimpiya dünyası" qəzeti budəfəki sayında 1982-ci ildən 2018-ci ilə qədər keçirilən mundiallarda iştirakçı komandalar üçün nəzərdə tutulan pul mükafatlarını araşdırıb.

 

32 komandanın hər biri mundialdan qazancla qayıdır 

Dörd il əvvəl Rusiyada təşkil olunan dünya çempionatında FİFA tərəfindən 791 milyon dollar vəsait xərclənmişdi. Belə ki, mundialda birinci yerə layiq görülən Fransa millisi 38 milyon dollar pul mükafatına layiq görülmüşdü. Yalnız finalda məğlub olaraq gümüş medalla kifayətlənən Xorvatiya millisi 28 milyon dollar əldə etmişdi. Yarımfinalda uduzaraq üçüncü yeri tutan Belçika millisi 24, üçüncü yer uğrunda matçda məğlub olan İngiltərə millisi isə 22 milyon dollar qazanmışdı. FİFA tərəfindən 5-8-ci yeri tutan yığmalar da mükafatsız qalmamışdır. Onların hər biri üçün 16 milyon (ümumilikdə 64 milyon) dollar pul ödənilmişdi. Qeyd edildiyi kimi dünya çempionatına vəsiqə qazanan hər bir komanda müəyyən məbləğdə pul mükafatı əldə etmişdi. Belə ki, 9-16-cı yerləri tutan yığmalar hərəyə 12 milyon (ümumilikdə 96 milyon) dollar, 17-32-ci yerlərin sahibləri isə hərəyə 8 milyon (ümumilikdə 128 milyon) ABŞ dolları qazanmışdı. Bundan əlavə, komandaların hazırlığı üçün hər bir federasiyaya 1,5 milyon (ümumilikdə 48 milyon) dollar ödənilmişdir.
DÇ-də çıxış edən yığma komandaların təmsil etdiyi klublar üçün 209 milyon dollar vəsait ayrılmışdı. Qalan məbləğ isə yəni 134 milyon dollar çempionat ərzində zədələnən yığma komandaların futbolçularının tibbi sığortasına (bu təkcə final mərhələsinə aid deyil) yönəldilmişdi.


Çempion komanda 35 milyon əldə edir

 
2014-cü ildə Braziliyada keçirilən dünya çempionatında Almaniya komandası tarixində 4-cü dəfə mundialın qalibi adına sahib çıxdı. Dünya kubokunun baş mükafatına layiq görülən "bundestim" eyni zamanda FİFA-nın ayırdığı mükafat fondundan 576 milyon dollar vəsaitdən 35 milyon dollar qazanc əldə etmişdi. Final qarşılaşmasında məğlub olan Argentina millisi 25 milyon dollarla kifayətlənmişdi. Bürünc mükafatçı Niderland yığması cənubi amerikalılardan cəmi 3 milyon dollar az pul əldə etmişdi. Çempionatı 4-cü yerdə başa vuran ev sahibləri - Braziliya yığması 20 milyonla təskinlik tapmışdı. FİFA-nın DÇ üçün ayırdığı büdcədən 5-8-ci yerlər üçün 14 milyon (ümumilikdə 56 milyon), 9-16-cı yerlər üçün 9 milyon (ümumilikdə 72 milyon), 17-32-ci yerlər üçün 8 milyon (ümumilikdə 128 milyon) dollar ödənilmişdi. Rusiyada olduğu kimi Cənubi Amerikadakı mundialda da komandaların hazırlığı üçün hər bir federasiyaya 1,5 milyon (ümumilikdə 48 milyon) dollar ödənilmişdi.


70 milyon dollar isə hansı klubun futbolçusu DÇ-də çıxış edirsə, həmin komandaya yönləndirilmişdi.
2012-ci il sentyabrın 1-dən, 2014-cü ilin dekabrın 31-nə qədər DÇ-yə vəsiqə uğrunda mübarizə aparan yığmaların heyətində çıxış edən və zədələnən futbolçular üçün sığorta fonduna 100 milyon avro ayrılmışdı.


Büdcənin ən çox hissəsi qalibin payına düşür

2010-cu ildə Cənubi Afrika Respublikasında (CAR) keçirilən dünya çempionatı üçün FİFA 420 milyon dollar vəsait ayırmışdı. Bu məbləğin ən çox hissəsi, yəni 30 milyon dollar qalib komanda olan İspaniya yığması üçün nəzərdə tutulmuşdu. Finalda "Qırmızı Furya"ya məğlub olan Niderland millisi 24 milyon, üçüncü yeri tutan Almaniya komandası isə 20 milyon qazanc götürmüşdü. DÇ-ni dördüncü pillədə başa vuran Uruqvay millisi isə 18 milyon dollar gəlir əldə etmişdir. DÇ-2010-da 5-8-ci yerlərin sahibi 14 milyon (ümumilikdə 56 milyon), 9-16-cı yerlərin sahibi 9 milyon (ümumilikdə 72 milyon), 17-32-ci yerlərin sahibi 8 milyon (ümumilikdə 128 milyon) dollar qazanmışlar. Budəfəki yarışda da komandaların hazırlıq prosesinə 1,5 milyon, çempionatda iştirak edən futbolçuların çıxış etdiyi klublara isə 4 milyon dollar ödəniş edilmişdir.

Almanlar öz vətənlərində yüksək məbləğ əldə edə bilməmişdilər

2006-cı ildə Almaniyada keçirilən dünya çempionatında FİFA büdcəni İsveçrə frankı ilə müəyyənləşdirmişdi. 347 milyon İsveçrə frankı nəzərdə tutulan çempionatda (həmin vaxt üçün 282 milyon dollar) İtaliya yığması qalib olaraq, 24,5 milyon İsveçrə frankı əldə etmişdir. Finalda ikinci yerlə kifayətlənən Fransa 22,5, ev sahibi olan Almaniya yığması 21,5 milyon İsveçrə frankı ilə büdcəsini zənginləşdirmişdi. Turniri dördüncü yerdə başa vuran Portuqaliya yığması da 21,5 milyon əldə etmişdi. Digər iştirakçılardan 5-8-ci yerlərin sahibi 11,5 milyon (ümumilikdə 46 milyon), 9-16-cı yerlərin sahibi 8,5 milyon (ümumilikdə 68 milyon), 17-32-ci yerlərin sahibi isə 6 milyon (96 milyon) İsveçrə frankı qazanmışdılar. Komandaların hazırlıq prosesinə 1 milyon (ümumilikdə 32 milyon) vəsait ayrılmışdı. Final mərhələsində zədələnmiş futbolçuların sığorta xərclərini ödəmək üçün 15 milyon İsveçrə frankı nəzərdə tutulmuşdu.

    
Üçüncü yer Türkiyə futbolunda hərtərəfli dönüş yaratdı 

2002-ci ildə dünya çempionatı həyəcanı Asiya qitəsinin iki dövlətində - Cənubi Koreya və Yaponiyada təşkil edildi. Sayca 17-ci dəfə keçirilən mundial ilk dəfə idi ki, eyni vaxtda iki ölkəyə həvalə olunmuşdu.  FİFA-nın turnir üçün ayırdığı 232,75 milyon (həmin vaxt 156 milyon) isveçrə frankı 32 komanda arasında bölüşdürüldü. Həmin çempionatda qalib komanda üçün cəmi 12,4 milyon nəzərdə tutulmuşdu ki, bu mükafata da 5 qat çempionluğunu bayram edən Braziliya yığması layiq görülmüşdü. Onların bu qələbəsi FİFA tərəfindən 22,4 milyon İsveçrə frankı ilə dəyərləndirilmişdi. Almaniya millisi çempionluğun bir addımlığında büdrədiyi üçün gümüş medal və 12,15  milyon İsveçrə frankı ilə kifayətlənmişdi.  Futbol tarixində ən böyük zəfərini qazanan Türkiyə millisi yarımfinalda çempionatın qalibinə uduzaraq, milyonların rəğbətini qazanmışdı. Bu nailiyyətin dəyəri isə 11,9  milyon İsveçrə frankı ilə qiymətləndirilmişdi. Mundiala ev sahibilyi edən ölkələrdən birinin - Cənubi Koreyanın 4-cü yeri tutması onları mükafatsız qoymadı.


Digər iştirakçılardan 5-8-ci yerlərin sahibi 7,9 milyon (ümumilikdə 31.60 milyon), 9-16-cı yerlərin sahibi 6,1 milyon (ümumilikdə 48,8 milyon), 17-32-ci yerlərin sahibi isə 4,5 milyon (96 milyon) İsveçrə frankı qazanmışdılar.
İştirakçı komandaların hazırlıq prosesinə 1 milyon (ümumilikdə 32 milyon) vəsait ayrılmışdı.


XX əsrin mundiallarında büdcə dövrə görə müəyyənləşmişdi?

Rəqəmləri müqayisə edərkən görürük ki, ötən əsrin mundiallarında mükafat fondu daha az idi. XX əsrin son çempionatı Fransada təşkil olunmuşdu. 1998-ci ildə təşkil olunan, ev sahiblərinin qalib olduğu yarış üçün ali futbol qurumu 157 milyon (103 milyon ABŞ dolları) İsveçrə frankı ayırmışdı. Həmin məbləğin 1,038 milyonu hər bir iştirakçı komandaya təqdim olunmuşdu. Komandaların hazırlığı üçün 24 milyon (hər komandaya 750 min) İsveçrə frankı ayrılmışdı. 
1994-cü ildə ABŞ-da keçirilən, Braziliyanın çempion olduğu mundial üçün ayrılmış büdcənin 94,1 milyon (71 milyon ABŞ dolları) İsveçrə frankından hər bir federasiya üçün 835,701 min, komandaların hazırlığı üçün 300 min (ümumilikdə 7,2 milyon) vəsait nəzərdə tutulmuşdu. 
1990-ci ildə FİFA-nın mükafat fondu daha az idi. Almaniyanın çempion olduğu çempionat üçün cəmi 76 milyon İsveçrə frankı (54 milyon ABŞ dolları) nəzərdə tutulmuşdu. Qaliblərlə nə qədər məbləğ ödənildiyi məbləğ barəsində məlumat olmasa da, hər bir iştirakçı komanda 677,127 min, komandaların hazırlığına isə 250 min (ümumilikdə 6 milyon) İsveçrə frankına sahib olmuşdu. 
1986-cı ildə Argentina yığması Meksikada təşkil olunan DÇ-də çempion tituluna yiyələndi. Qalmaqallı turnirlərdən biri sayılan həmin mundialın mükafat fondu 50 milyon (26 milyon ABŞ dolları)  İsveçrə frankı təşkil edirdisə, hər bir iştirakçı komandanın nəticədən asılı olmayaraq, payına 481, 539 min İsveçrə frankı düşürdü. 1982-ci ildə FİFA tərəfindən ayrılan  42 milyon (20 milyon ABŞ dolları) mükafat fondunda hər iştirakçı komandaya 1 milyon İsveçrə frankı ayrılmışdı. 

 

UEFA FİFA-dan daha səxavətlidir

Dünya çempionatı ilə bağlı bu yarışdan danışırıqsa, Avropa çempionatı ilə fərqləndirmək maraqlı olmazdımı? Araşdırmalar göstərir ki, qitə çempionatında iştirak edən komandaların qazancı daha yüksəkdir. Görünür, UEFA daha imkanlı və səxavətli bir futbol qurumudur. Belə ki, qitənin ali qurumu təkcə iştirakçı komandaya deyil, həmin komandanın çıxış etdiyi matçın nəticəsinə görə də mükafat fondundan pul ayırır. Təkcə qələbə üçün yığma komandalara 1 milyon, heç-heçə üçün 500 min avro ödənilir.          
Bundan başqa əgər DÇ-2014-ün qalibi FİFA-dan 11,2 milyon qazanmışdısa, UEFA AVRO-2016-da final mərhələsinə vəsiqə əldə edən hər yığmanı 12,5 milyon avro (14,1 milyon ABŞ dolları) ilə mükafatlandırmışdı. Qeyd edək ki, təkcə Fransada keçirilən qitə çempionatının mükafat fondu 301 milyon avro (340 milyon ABŞ dolları) təşkil edirdi. Həmin vaxt Avropa çempionu tituluna yiyələnən Portuqaliya yığması 25 milyon avro (29 milyon ABŞ dolları) qazanmışdı.
Buradan sual yaranır ki, yığma komandalara Avropa çempionatında çıxış etmək sərf edir, yoxsa dünya çempionatında?  

 

Hazırladı: 
Anar Əhmədov