"Bir gündə iki idman növündə medal qazandım”
Sentyabrın 22-dən oktyabrın 2-dək İndoneziyanın Palembanq şəhərində III İslam Həmrəyliyi Oyunları keçirildi. İslamiadada iştirak edən idmançılarımız vətənə 24 medalla (6 qızıl, 9 gümüş, 9 bürünc) qayıtdılar. Azərbaycan medal qazanan ölkələr arasında 7-ci yeri tutdu. Məlumat üçün bildirək ki, medallardan 5-i (2 gümüş, 3 bürünc) ağırlıqqaldıranların payına düşüb. Ağırlıqqaldırma yarışlarında idmançımız Silviya Angelova (48 kq) birdənqaldırmada 73 kq, təkanla qaldırmada 90 kq çəkinin öhdəsindən gələrək, ümumi hesabda 163 kq çəkini başı üzərinə qaldırdı. Bununla da idmançımız yarışların gümüş medalına layiq görüldü. Böyüklər arasında Avropa çempionu Əfqan Bayramov da gümüş medal qazanaraq, birdənqaldırmada 138 kq, təkanla qaldırmada isə 182 kq-ın öhdəsindən layiqincə gəlib. Hər iki hərəkətin cəmində 320 kq nəticə ilə idmançımız yarışı ikinci pillədə başa vurub. İntiqam Zairov da gümüş medal qazanıb. İdmançımız birdənqaldırmada 165 kq, təkanla qaldırmada 200 kq-ın öhdəsindən gələrək, ümumi nəticədə 365 kq-la yarışı ikinci yerdə başa vurub. Bu növ üzrə komandamıza daha bir medalı 62 kq çəki dərəcəsində Zülfüqar Süleymanov qazandırıb. O, birdənqaldırmada 123 kq, təkanla qaldırmada 155 kq çəkinin öhdəsindən gələrək ümumilikdə 278 kq nəticə ilə üçüncü pillədə qərarlaşıb. Ağırlıqqaldıranımız Namiq Cəmilov da yarışların bürünc medalını qazanıb. İdmançımız birdən qaldırmada 151 kq, təkanla qaldırmada 177 kq qaldıraraq, ümumilikdə 328 kq-ın öhdəsindən gəlib.
Qeyd edək ki, III İslam Həmrəyliyi Oyunları ərəfəsində, oyunlar zamanı və oyunlardan sonra "Olimpiya dünyası” qəzeti öz səhifələrində təmsilçilərimizin çıxışları barədə mütəmadi məlumatlar dərc edib. Qəzetimiz bu ənənəyə sadiq qalaraq bundan sonra da medal qazanan idmançılarımız haqqında yazılar və müsahibələr dərc etməyi planlaşdırıb.
III İslam Həmrəyliyi Oyunlarında idmançılarımızın uğurları ilə bağlı məlumat vermək üçün redaksiyamızın ilk qonağı WKF növləri üzrə Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov olmuşdu. İndi isə İslamiadada bürünc medal qazanan ağırlıqqaldıranımız Zülfüqar Süleymanov redaksiyamızın qonağıdır. O, suallarımızı həvəslə cavablandırdı.
- Zülfüqar, istərdik ki, özün haqqında oxucularımıza məlumat verəsən?
- 1982-ci ildə Sumqayıt şəhərində anadan olmuşam. Orta məktəbi də bu şəhərdə bitirmişəm. Ailədə 9 qardaşıq. Onlardan 4-ü ağırlıqqaldırma, 5-i isə yunan-Roma güləşi ilə məşğul olur. Ən kiçik qardaşım yunan-Roma güləşi üzrə gənclər arasında keçirilən dünya çempionatında ikinci yeri tutub. O biri qardaşım Sərdar Süleymanov beynəlxalq turnirlərin dəfələrlə qalibi olub. Düzünü desəm mən də güləşlə məşğul olmuşam. 10 il bu idman növünün sirlərinə yiyələnmişəm. 1989-cu ildən etibarən qardaşımın rəhbərliyi altında güləşlə məşğul olmağa başlamışam.
- Bəs necə oldu ki, güləşlə məşğul olmağınıza baxmayaraq, ağırlıqqaldırma idman növünü seçdiniz?
- Güləş zalında məşq edən zaman böyük qardaşım Elxan Süleymanov həmişə mənim məşqlərimi izləyirdi. O da titullu bir idmançıdır. Zalda, öz çəkimdə heç kimin qaldıra bilmədiyi ağırlığın öhdəsindən gələ bilirdim. Getdikcə onlarda belə bir təəssürat yarandı ki, mən ağırlıqqaldırma idman növündə daha yaxşı nailiyyətlər qazana bilərəm. Eyni vaxtda iki idman növü ilə məşğul olmağa başladım. Güləş idman növündən ayrılmaq istəmirdim. 6 ay bu cür məşqlərimi davam etdirdim. Səhər güləşlə, axşam isə ağırlıqqaldırma idman növü ilə məşğul olurdum. Eyni vaxtda hər iki idman növündə yarışlarda iştirak edirdim. 2009-cu ilin yanvar ayında Sumqayıt şəhərində ağırlıqqaldırma üzrə çempionat keçirilirdi və yarışda üçüncü yeri tutdum. Həmin günün axşamı isə güləş yarışında qüvvəmi sınadım və çempion oldum. Bir gündə iki idman növündə medal qazandım. Bundan sonra güləş üzrə Azərbaycan çempionatı keçirildi. Çəki zamanı vəsiqəmi unutmuşdum. Buna görə çəkiyə məni buraxmadılar və yarışda iştirak edə bilmədim. Bu bir növ məndə ruh düşkünlüyü yaratdı. Ağırrlıqqaldırma idman növünə üstünlük verməyə başladım. Altı aydan sonra yığma komandanın tərkibinə cəlb edildim. 2001-ci ildə Gəncədə keçirilən yarışda qüvvəmi sınadım. Həmin turnirdə dördüncü oldum. Bundan sonra məşqlərimi davam etdirdim. Həmin ildə 56 kq çəki dərəcəsində kişilər arasında Azərbaycan kubokunun sahibi oldum.2004-cü ildə zədə aldığıma görə yığma komandadan uzaqlaşdım. Müalicəmi Moskva şəhərində davam etdirdim. Məşqlərimə də fasilə vermədim. 2006-ci ildə yenidən vətənə qayıtdım və məşqlərimi burada davam etdirdim. Həmin vaxtdan etibarən Azərbaycan yığma komandasının tərkibində çıxış edirəm.
- İdmançı karyeran ərzində hansı nailiyyətlərə imza atmısan?
- 2007-ci ildə Fransanın Strasburq şəhərində keçirilən Avropa çempionatında 8-ci yerlə kifayətlənməli oldum. Bir il sonra yenidən qitə çempionatına yollandım. İtaliya şəhərində keçirilən qitə çempionatında bürünc medal qazandım. Bu mənim üçün böyük nəticə idi. Çünki, bu mənim ikinci yarışım olmasına baxmayaraq, medal qazandım. Həmin ildə Olimpiya oyunlarına lisenziya xarakterli dünya çempionatı keçirildi. Həmin çempionatda 17-ci oldum və yığma komandaya ən yüksək xalı qazandırdım. Buna baxmayaraq, Olimpiya oyunlarına yollana bilmədim. 2009-cu ildə yenidən Avropa çempionatında medal qazandım. Bu dəfə fəxri kürsünün ikinci pilləsində qərarlaşdım. Dünya çempionatında isə 5-ci oldum. Bir il sonra yenidən qitə çempionatında ölkəmizə medal qazandırdım. Komandamızın aktivinə bu dəfə bürünc medal yazdırdım. Bundan sonra mən yarışlarda iştirak hüququndan 4 il məhrum edildim. Amma şükürlər olsun ki, 2 ildən sonra yenidən yarışlarda iştirak etmək hüququ qazandım və yığma komandaya qayıdaraq məşqlərimi davam etdirdim. Bir müddət idmandan uzaqlaşmağıma baxmayaraq yenidən fəxri kürsülərdə yer almaq istəyirdim. Müəyyən fasilədən sonra ilk medalı qazandım. Belə ki, Bakıda keçirilən Qran-Pridə üçüncü oldum. Bu yarşıdan sonra Avropa çempionatında iştirak etdim. Qitə çempionatında da bürünc medala sahib çıxdım. Mənim bu uğurlarımı KİV nümayəndələri də diqqətdə saxlayırdı. Çünki bir il ərzində bu uğura imza atmaq mənim üçün böyük nəticədir. Amma bu nəticələrlə kifayətlənmək fikrim yoxdu. Çalışıram ki, bu nəticələrimi daha da yaxşılaşdırım.
- Hər bir ağırlıqqaldıranın zəif və güclü cəhətləri olur. Bəs səndə?
- Birdənqaldırma yarışlarında zəif nəticə göstərirəm. Təkanla qaldırma yarışlarında isə daha yaxşı nəticəyə nail oluram. Birdənqaldırma yarışlarında 10-cu ola bilərsən. Lakin təkanla qaldırma yarışlarında yaxşı nəticə göstərib medal qazanmaq olar. Çünki bizim yarışlarda medallar hər iki hərəkətin cəminə görə qazanılır.
- Hazırda yığma komandada öz mövqeyinizi necə qiymətləndirirsən?
- Bildiyiniz kimi, London Olimpiadasının bürünc mükafatçısı Valentin Xristov əvvəllər 56 kq çəki dərəcəsində çıxış edirdi. Artıq o mənimlə bir çəkidə çıxış edir. Bu çəkidə bir birimizə rəqibik. Bu bir növ rəqabəti artırır. İdmançılar arasında rəqabət olanda isə inkişafda olur. Valentin gənc bir idmançıdır. Yaxşı göstəriciləri var. Mən də çalışıram ki, öz göstəricilərimi yaxşılaşdırım və nəticə qazanım.
- Valentinlə bir çəkidə yer almağın sənə çətinlik yaratmayacaq ki?
- Bu, idmandır. Güclü olan həmişə qalib gəlir. Kimin güclü olub-olmadığını həmişə yarış göstərir. Ümumiyyətlə, qələbə qazanmaq üçün isə var gücünlə çalışmalısan. Əgər səndə istək, güc yoxdusa, heç vaxt nailiyyət qazana bilməzsən.
- Yeri gəlmişkən, psixoloji hazırlığın barədə nə deyə bilərsən?
- Bəllidir ki,idmançıların qələbə qazanmasında əsas rol oynayan amillərdən biri də psixoloji hazırlıqdır. Psixoloji cəhətdən hazırlıqlı olmayan atletin nailiyyətlər qazanması, eləcə də, gələcəkdə davamlı qələbələrə yol açması mümkün deyil. Psixoloji cəhətdən sağlam olan idmançı hər zaman qələbə qazanmağa qadirdir. Ümumilikdə, psixoloji vəziyyətim yaxşıdır. Məşqçilər də bu baxımdan bizə böyük dəstək olurlar.
- III İslam Həmrəyliyi Oyunlarında digər idman növlərində olduğu kimi, ağırlıqqaldıranlarımız da yaxşı çıxış edərək medal qazandılar. Medalçılar sırasında sən də yer aldın.
- III İslam Həmrəyliyi Oyunları zamanı yarışlar yüksək səviyyədə davam edirdi. Azərbaycan atletlərinin medal sorağının ardı-arası kəsilmirdi. Əldə olunan medallar yarışda iştirak edəcək idmançılar üçün əlavə stimul yaradırdı. Belə ki, karateçilərimiz, üzgüçümüz, eləcə də qadın atletimizin əldə etdiyi medallar bizi ruhlandırırdı.
Məhz buna görə, mən də bu ənənəyə sadiq qalıb, yığma komandamıza daha bir medal qazandırdım.
- Bu yarışda medal qazanacağına inanırdınmı?
- Ümumiyyətlə, III İslam Həmrəyliyi Oyunları mənim üçün gözlənilməz dərəcədə güclü keçdi. Bu yarışa yollanacağımı biləndə çoxları asan qələbə qazanacağımı deyirdilər. Amma tam əksinə oldu. İyun və iyul aylarında zədə səbəbindən məşqlərdə iştirak edə bilmədim. Buna görə bir az hazırlıqsız idim və birinci yerə çıxa bilmədim.
- Amma, buna baxmayaraq medal qazandın...
- Bəli. Bu məni sevindirməyə bilməz. Mübarizə gərgin və maraqlı keçdi. 12 ölkəni təmsil edən idmançılarla mübarizə apardım. Yarışdan əvvəl dərəcə siyahısında 5-ci olduğum üçün ruhdan düşmədim. Çünki, sona qədər mübarizə aparmaq mənim amalımdır. Yarışa başlayanda türkiyəli idmançı ilə birdənqaldırma hərəkətində 3-cü yer uğrunda mübarizə apardım. Birinci cəhdə 120 kq-la başladım. İkinci cəhdimdə isə 123 kq-ı sifariş verdim. Lakin bu çəkinin öhdəsindən gələ bilmədim. Rəqibim 126 kq-ın öhdəsindən gəldiyi üçün mən də bu çəkini sifariş etməli oldum. Lakin bu cəhdim də uğursuz alındı və dördüncü oldum. Təkanlaqaldırma hərəkətində isə medal qazanacağıma inanırdım. Bu hərəkətdə türkiyəli idmançı 136 kq-ı sifariş verəndə, bəxtin üzümə güldüyünü düşündüm. Amma unutmuşduq ki, misirli idmançı təkanlaqaldırmada məni qabaqlamaq istəyir. Məşqçimiz Xanlar Nəbiyevin xəbərdarlığından sonra biz taktiki gediş etmək qərarına gəldik. Sifarişim 145 kq idi. Misirli idmançı isə 155 kq-ı sifariş vermişdi. Belə ki, isinmə hərəkəti zamanı mən artıq podiuma çağrılanda misirli idmançı çox arxayın gözləyirdi ki, qalib gələcək. Biz 155 kq-ı sifariş verəndə onu körpücük üzərinə çağırmalı oldular. O, bu çəkinin öhdəsindən gələ bilmədi. 155 kq-ı rahatlıqla başım üzərinə qaldırdım. Misirli idmançı isə önə keçmək üçün 158 kq-ı ağırlığı qaldırmalı idi. O, ikinci cəhdində bu çəkinin öhdəsindən gələ bilmədi. Mən ağırlığı 160 kq artırdım və yenidən həmin idmançı podiuma dəvət olundu. Onun bu cəhdi də uğursuz alındı. Əvvəlcə 160 kq-ı sinəyə qədər qaldırdım. Artıq bunun öhdəsindən gələcəyimi düşünürdüm. Lakin səhv təkan nəticəsində ağırlığı başım üzərinə qaldıra bilmədim və bürünc medal qazandım.
Bu, məni qətiyyət məyus etmir. Əsas odur ki, mükafat qazanan idmançılar arasında mənim də adım var.
- Medal qazandıqdan sonra sevincini kimlərlə bölüşdün?
- Medal qazandığım üçün çox sevinirdim. İlk növbədə sevincimi yaxınlarımla bölüşdüm. Xüsusilə "Olimpiya dünyası” qəzetinə öz minnətdarlığımı bildirirəm. Çünki yarışdan sonra bu mətbuat orqanı vasitəsi ilə qələbə sevincimi xalqımızla bölüşə bildim.
- Azərbaycan Prezidenti İlham Əliyev III İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançıları, onların məşqçiləri və idman mütəxəssislərini qəbul etdi. Həmin idmançılar arasında sən də var idin. Hansı hissləri keçirirdin?
- Ölkə başçısı cənab İlham Əliyev daima idmançılara böyük diqqət ayırır. Məhz bu qayğının nəticəsidir ki, idmançılarımız ölkəmizin idman şərəfini beynəlxalq yarışlarda layiqincə qoruyurlar. Cənab Prezidentin biz idmançılara göstərdiyi diqqət və qayğıdan hər zaman razıyıq. O ki qaldı, həmin görüşə, bu, çoxlarının arzu etdiyi bir görüş idi və mən həm qürur hissi, həm də həyacan keçirirdim.
Anar Əhmədov,
Zaur Mehtiyev