Ötən ilin Azərbaycan idmanı üçün yaddaqalan hadisələrindən biri Avropa Oyunları kimi mötəbər yarışın ölkəmizdə keçirilməsi ilə bağlı qəbul edilən qərar oldu. Bu tarixi qərarın ölkəmiz üçün xüsusi əhəmiyyəti var. Sözsüz ki, belə böyük miqyaslı tədbirin Azərbaycanda keçirilməsi beynəlxalq qurum nümayəndələri tərəfindən ölkəmizə göstərilən etimadın nəticəsidir. Avropa Oyunlarının Bakıda təşkil olunması ilə ölkəmiz dünya idmanı tarixində özünəməxsus iz buraxacaq, paytaxtımız Avropa Oyunlarının vətəni kimi yaddaşlarda qalacaq. Bugünlərdə Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, ADBTİA-nın rektoru, Avropa Oyunlarının Təşkilat Komitəsinin üzvü Ağacan Abiyevlə görüşərək 2015-ci ildə Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ilə bağlı müsahibə aldıq.
- Ağacan müəllim, 2015-ci ildə Avropa Oyunları ölkəmizdə keçiriləcək. İlk dəfə təşkil olunacaq belə bir mötəbər idman tədbirinin respublikamızda təşkilini necə qiymətləndirirsiniz?
- Ölkəmizdə Avropa Oyunları kimi mötəbər yarışın keçirilməsi ilə bağlı qərarın verilməsi onu göstərir ki, Azərbaycan yüksək səviyyədə inkişaf edib. Əlbəttə ki, Avropa Olimpiya Komitəsi bu qərarı elə-belə verməyib. Avropa Olimpiya Komitəsinin rəhbərliyi Azərbaycanda idmanın inkişafı ilə bağlı geniş təsəvvürə malikdir. Bildiyiniz kimi, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkey bir neçə dəfə Bakıda olub və bir neçə Olimpiya Kompleksinin açılış mərasimində iştirak edib. Avropa qurumunun rəhbəri ilk dəfə 2000-ci ilin oktyabrında Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqqla birgə ölkəmizdəki ilk Olimpiya Kompleksinin açılış mərasimində iştirak etmişdi. Xatırladım ki, 2007-ci ildə ölkəmizə növbəti səfəri zamanı AOK prezidenti Masallı Olimpiya Kompleksinin açılış mərasimində çıxış edərək Azərbaycanda idmanın inkişafını yüksək qiymətləndirmişdi. Patrik Hikey Azərbaycanın Avropada Olimpiya Mərkəzlərindən birinə çevirildiyini vurğulamışdı. Beynəlxalq qurum nümayəndələrinin Azərbaycan haqqında belə yüksək fikirdə olmaları Avropa Oyunlarının Azərbaycanda keçirilməsi qərarının heç də təsadüfi olmadığını deməyə əsas verir. Sözsüz ki, belə böyük miqyaslı tədbirin Azərbaycanda keçirilməsi üçün təkcə idmanın inkişafı azdır. Bunun üçün ölkədə olan siyasi sabitlik, iqtisadiyyatın, mədəniyyətin, şəhər infrastrukturunun inkişafı, böyük idman yarışlarının keçirilməsində ölkənin təcrübəsi kimi vacib məqamlar da nəzərə alınır. Qeyd olunan amillər ölkəmizdə yüksək səviyyədədir. Biz nəinki Avropa, həm də dünya səviyyəsində inkişafa nail olmuşuq. Məhz bu amilləri nəzərə alaraq, deyə bilərəm ki, Azərbaycan Avropa Oyunlarını yüksək səviyyədə keçirməyə qadir və hazırdır.
- Yəqin ki, Avropa Oyunlarına ev sahibliyi etməklə ölkəmiz dünya idmanı tarixində özünəməxsus iz buraxacaq.
- Əlbəttə ki, Avropa Oyunlarının Bakıda keçirilməsi ilə ölkəmiz dünya idmanı və Olimpiya tarixinə düşəcək. Adətən, sadə vətəndaşlar müxtəlif olimpiadaların neçənci ildə, harada keçirilməsini yadda saxlamırlar. Amma onlar ilk Olimpiya oyunlarının vətəninin hansı şəhər olduğunu bilirlər. Yəni hər hansı yarışın ilk dəfə keçirildiyi yer yaddaşlara həkk olunur. Bu baxımdan, deyə bilərik ki, Bakı da Avropa Oyunlarının vətəni kimi yaddaşlarda qalacaq.
- Ağacan müəllim, artıq ölkəmizin müxtəlif mötəbər yarışlara ev sahibliyi etmək sahəsində böyük təcrübəsi var. Paytaxtımız Bakının yay Olimpiya oyunlarına ev sahibliyi etməsi üçün iki dəfə namizədliyi irəli sürülüb. Yəqin ki, Avropa Oyunlarının paytaxtımıza həvalə olunması Bakının növbəti yay Olimpiya oyunlarına ev sahibliyi etmək şanslarını da artıracaq.
- Belə bir mötəbər yarışa ilk dəfə ev sahibliyi etməyimiz bizim üçün böyük şərəfdir. İndiyədək ölkəmizdə boks, güləş, bədii gimnastika kimi idman növləri üzrə dünya və Avropa çempionatları, Dünya kuboku, beynəlxalq səviyyəli yarışlar təşkil edilib. Ötən il Bakıda futbol üzrə qızlar arasında dünya çempionatı keçirildi. Həmin vaxt paytaxtımıza gələn qonaqlar çempionatın təşkilindən razı qaldılar. Sözsüz ki, bütün bu tədbirlərin yüksək səviyyədə təşkili ölkəmizin dünyadakı nüfuzunu yüksəldir və beynəlxalq qurum nümayəndələrinin bizə olan etimadını artırır. Bu oyunların təşkili bizim üçün böyük məktəb olacaq. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin göstərişi ilə Bakının iki dəfə yay Olimpiya oyunlarına ev sahibliyi etməsi üçün namizədliyi irəli sürülüb. Hesab edirəm ki, 2015-ci ildə Avropa Oyunlarının ölkəmizdə təşkili Bakının yay Olimpiya oyunlarını keçirmək şanslarını da artıracaq. Məhz Avropa Oyunlarının təşkili ölkəmizdə idmanın, idman infrastrukturunun inkişafına böyük təkan olacaq.
- Necə düşünürsünüz, Avropa Oyunlarının ölkəmizdə təşkili digər sahələrdə bizə nə verəcək?
- Ölkəmiz idman sahəsində dünyada kifayət qədər tanınıb. Azərbaycan idman ölkəsidir. Sözsüz ki, daim inkişafda olan bir ölkə kimi, respublikamızın şan-şöhrətini artırmaq üçün daha böyük uğurlar qazanmaq niyyətindəyik. Avropa Oyunlarının təşkili ölkəmizin Avropada nüfuzunu daha da artıracaq. Bu gün Avropanın bütün aparıcı ölkələri Azərbaycanı tanıyır. Bəzi ölkələr isə Azərbaycan haqqında eşitsə də, ölkəmizdəki inkişaf barədə geniş təsəvvürə malik deyil. Azərbaycan böyük ölkədir, müstəqil gəncləri, mədəniyyəti, dünya şöhrətli idmançıları var. Bu gün respublikamızın gəncləri bizim idmanımızı inkişaf etdirir, dünyaya tanıdırlar. Avropa Oyunlar bütün dünyada nüfuzumuzu bir daha artırmaqla yanaşı, idmanımızın maddi-texniki bazasının güclənməsinə şərait yaradacaq. Qeyd edim ki, hazırda paytaxtda böyük Olimpiya stadionu yoxdur. Ölkəmizdə Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin, eləcə də bəzi idman növləri üzrə yarışların keçirilməsi üçün 65 min nəfər tamaşaçı tutumuna malik yeni stadion inşa olunur. Bununla yanaşı, yeni gimnastika, su idman növləri üçün qurğular inşa edilir. Bütün bunlar, sözsüz ki, Oyunlar başa çatdıqdan sonra Azərbaycana qalacaq, xalqımızın istifadəsinə veriləcək. Əlbəttə ki, ev sahibi kimi, biz bu Oyunların təşkilinə maliyyə vəsaiti xərcləyərək müəyyən gəlir də əldə edəcəyik. Azərbaycan dövləti Avropa Oyunlarına xərclədiyi maliyyə vəsaitinin təxminən yarısını geri alacaq. Sözsüz ki, növbəti dəfə belə oyunları təşkil etsək, xərclənilən vəsaitin 80 faizini geri ala bilərik. Oyunlar zamanı ölkəmizə müxtəlif Avropa ölkələrindən təqbirən 20 min insan gələcək. Bu, ölkəmizdə turizmin inkişafına da təkan verəcək. Şübhəsiz, Bakıya qonaq qismində gələn insanlar vətənlərinə əliboş qayıtmayacaq, xatirə hədiyyələri alacaqlar. Bu da, birbaşa olaraq, ölkəmizin ticarətinə xeyir verəcək. Vacib məqamlardan biri də bu oyunların insanların psixologiyasına təsiri ilə bağlı olacaq. Xalqımız bu hadisənin içərisində yer alacaq, bu oyunlar onların dünyagörüşünə də böyük təsir göstərəcək. Avropa Oyunları zamanı bütün Avropanın diqqəti Azərbaycana yönələcək.
- Ağacan müəllim, Avropa Oyunlarının proqramında boks idman növü də yer alıb. Bu sahəbə böyük təcrübəsi olan insan kimi, necə düşünürsünüz, bu növ üzrə təsnifat yarışlarının hansı sistem üzrə keçirilməsi məqsədəuyğundur?
- Bu gün boks idman növünə bütün dünyada böyük maraq var. Bu növ müxtəlif qitələrdə təşkil olunan oyunların, eləcə də Olimpiya oyunlarının proqramında yer alıb. Avropa Oyunlarının proqramına salınan idman növləri sırasında boks da var. Təsnifat yarışlarının hansı sistem üzrə keçirilməsi Avropa Olimpiya Komitəsi ilə Avropa Boks Konfederasiyası arasındakı razılaşmaya əsasən müəyyənləşəcək. Əlbəttə ki, təsnifat yarışlarının keçirilməsi iştirakçıların sayından da asılı olacaq. Hazırda boks Avropanın 41 ölkəsində inkişaf edib. Əgər Avropa Oyunlarında 150 boksçunun iştirakına icazə verilərsə, müxtəlif ölkələrin boksçuları bu növ üzrə Avropa miqyasında tutduqları yerə görə iştirak hüququ əldə edə bilərlər. Yəni idmançıların yarışlarda tam komanda ilə və ya daha az idmançı ilə iştirakı reytinq əsasında müəyyənləşdirilə bilər. Boks üzrə müxtəlif dünya yarışlarında belə bir təcrübədən istifadə olunub. Qeyd edim ki, Azərbaycan boksu bu gün Avropada ikinci pillədədir. Dünya üzrə isə idmançılarımız ilk onluqda yer alırlar.