2013-cü ili Azərbaycan taekvondosu üçün uğurlu illərdən hesab etmək olar. Məhz bu ildə taekvondoçularımız müxtəlif yaş qrupu üzrə keçirilən rəsmi yarışlardan vətənə möhtəşəm uğurlarla dönüblər. Ötən ilin sonunda federasiyanın məşqçilər korpusunda aparılan kadr dəyişikliyi bu sahənin daha da canlanmasına, uğurların artmasına, bu növdə kütləviliyin təmin olunmasına gətirib çıxarıb. Məqsədyönlü fəaliyyətin, görülən ciddi işlərin nəticəsidir ki, bu il taekvondoçularımız iştirak etdikləri təkcə Avropa və dünya çempionatı, eləcə də qitə birinciliklərində 18 medal qazanıblar. Bundan başqa, böyüklərdən ibarət yığma komanda İndoneziyada keçirilən III İslam Həmrəyliyi Oyunlarında da möhtəşəm uğurlara imza atıblar. Bugünlərdə taekvondo üzrə qadınlardan ibarət yığmanın baş məşqçisi, kişilərdən ibarət yığmanın böyük məşqçisi Gunduz Abdullayevlə görüşərək, son bir ildə bu sahədə görülən işlər, təmsilçilərimizin iştirak etdikləri yarışlar və qazandıqları nailiyyətlər, Azərbaycan taekvondosunun gələcək perspektivi barədə müsahibə aldıq.
- Gündüz müəllim, taekvondo ölkəmizdə populyar idman növüdür. Son bir neçə il ərzində yığma komandamız müxtəlif yarışlarda özünü lazımi səviyyədə doğrultmurdu. Londonda keçirilən Olimpiya Oyunlarından sonra federasiya rəhbərliyi tərəfindən məşqçilər heyətində bir sıra dəyişikliklər edildi. Bu yeniliklər əsasən nədən ibarət idi?
- 2012-ci ilin sonunda Azərbaycan Taekvondo Federasiyasının rəhbərliyi tərəfindən federasiya daxilində bir sıra dəyişikliklər edildi. Hər bir yaş qrupu üzrə məşqçilər korpusu yenidən təyin edildi. 2013-cü il yarışların sıxlığı baxımından gərgin il idi. Bundan başqa, yenicə təhvil aldığımız komandada bir sıra problemlər mövcud idi. İdmançıların fiziki, psixoloji, taktiki, texniki hazırlığı ilə yanaşı, komandada gözəl ab-havanın yaradılmasına ehtiyac duyulurdu. Bir sözlə, yığmanın yenidən hərtərəfli formalaşması üçün gərgin əmək sərf olunmalı, sistemli iş aparılmalı idi. Böyüklərdən ibarət yığmanın baş məşqçisi Ələkbər İmaməliyev və komandanın böyük məşqçisi Elnur Amanovla birgə bu problemləri aradan qaldırmağı qarşımıza məqsəd qoyduq. Bizim əsas işimiz 2013-cü ilin yanvar ayından başladı. Əvvəlcə istedadlı, perspektivli idmançılardan ibarət böyük bir heyət yığdıq. Həmin heyətə ölkə çempionları ilə yanaşı, yarışda rəqibinə az xal fərqi ilə uduzan, yüksək potensiala malik idmançıları da cəlb etdik. Qeyd edim ki, son üç il ərzində taekvondoda kütləvilik aşağı düşmüşdü. Əlbəttə ki, bu təəssüfləndirici məqam idi. Komandaya cəlb olunan əcnəbi mütəxəssislər tərəfindən əvvəllər yalnız fərdi idmançılara üstünlük verilirdi. Taekvondo idman növündə isə həm kişi, həm də qadınlar üzrə 8 çəki dərəcəsi mövcuddur. Əlbəttə ki, komandada yalnız bir-iki çəkidə idmançıların yetişdirilməsi yarışlarda medal qazanmaq şansını azaldır. Bizim məqsədimiz hər çəkidə güclü, yarışlarda nəticə qazana biləcək idmançılardan ibarət optimal heyət yaratmaq, eləcə də ehtiyat idmançıları hazırlamaq idi. Məlumdur ki, rəqabət olmayan yerdə inkişaf da olmur. Əgər təlim-məşq prosesində idmançının öz səviyyəsində rəqibi yoxdursa, o zaman idmançı inkişaf etməyəcək. İşə başladığımız ilkin dövrlərdə müəyyən çətinliklərlə üzləşdik. Hətta elə vaxtlar oldu ki, həftələrlə, aylarla, evə gedə bilmirdik. Bütün bunlar isə işin xeyrinə oldu. Nəticə özünü çox gözlətmədi.
- Sizin məşq üsulunuz nə ilə fərqlənir?
- Təcrübə göstərir ki, yaxşı idmançını hazırlamaq üçün aylarla, illərlə vaxt lazımdır. Əlbəttə ki, qısa müddət ərzində yüksək nəticəyə nail olmaq çox çətindir. Qeyd etdiyim kimi bizim əsas məqsədimiz hər çəkidə güclü idmançı hazırlamaq idi. Əsasən kütləviliyin təmin olunmasına çalışırdıq. Taekvondo idman növündə idmançının zədə alma ehtimalı böyükdür. Buna görə də hər çəkidə ehtiyat idmançının hazırlanmasına ehtiyac var. Olimpiya Oyunlarındakı son yenilikləri nəzərə alaraq taktiki, texniki hazırlıqda müəyyən dəyişikliklər etdik. Xarici ölkə komandaları ilə birgə təlim-məşq toplanışınlarının keçirilməsinə üstünlük verdik. Yeni qaydalar fərqli rəqiblərlə təcrübə mübadiləsinin aparılmasını tələb edir. Məlumat üçün bildirim ki, sentyabrda Portuqaliyada keçirilən gənclərin son Avropa çempionatında Beynəlxalq Taekvondo Federasiyası tərəfindən daha bir yenilik nümayiş olunub. Bu yarışda elektron qoruyucu papaqlar sınaqdan keçirilib. Bu cür yeniliklərin tətbiqi, məşqlərin yeni qaydalarla keçirilməsinə gətirib çıxarır. Məşqçilər yeni taktika, fəndlər, variantlar düşünməyə vadar olurlar. Əvvəlki qaydalar idmançıdan fiziki cəhətdən güclü, sürətli olmağı tələb edirdisə, indi idmançı əsasən ağıllı, elastik və dözümlü olmalıdır. İndi yarışda fiziki hazırlıq bir qədər arxa plana keçir. Son dünya çempionatında bir sıra sürətli Olimpiya çempionları nəticə qazana bilmədilər. Yarışda daha çox ağılını işlədən idmançılar medal qazandılar. Həttə müxtəlif beynəlxalq turnirlərdə üç ay öncə taekvondoçularımıza böyük hesabla uduzan idmançılar dünya çempionatında böyük hesabla qalib oldular. Əminliklə demək olar ki, bu qaydalara əsasən təcrübəsiz idmançı belə, 4 qat dünya çempionuna qalib gələ bilər.
Sözsüz ki, idmançının qələbə qazanması onun psixoloji durumundan da asılıdır. Bəzən idmançı yarış günü özünü o qədər də yaxşı hiss etmir. Necə deyərlər, həmin gün onun günü olmur və o uğursuzluğa düçar olur. Elə idmançı var ki, məşqlərdə çalışır, yüksək döyüş nümayiş etdirir, amma yarışlarda özünü doğrulda bilmir. Bəzən isə əksinə olur. Hətta idmançının adi sözdən belə əhvalı korlana bilər. Bəzən rəqibin zəifliyi belə güclü idmançıya stres yaşadır və o məğlub olur.
- Yeri gəlmişkən, deməli, həm də, komandaya xüsusi idman psixoloqunun cəlb olunmasına ehtiyac duyulur.
- Təcrübəli məşqçi kimi deyə bilərəm ki, idman psixoloqu bir-iki günün ərzində idmançıya kömək edə bilməz. Taekvondo üzrə yığma komanda ilə müxtəlif vaxtlarda psixoloq işləyib. Amma bu özünü doğrultmayıb. Psixoloq idmançı ilə mütəmadi işləməli, ünsiyyət qurmalıdır ki, onlar arasında qarşılıqlı inam yaransın. Heç bir insan birdən-birə yeni bir insana öz daxili dünyasını aça bilməz. Psixoloq idmançının nailiyyətlərini, fərdi xüsusiyyətlərini, psixoloji durumunu yaxşı bilməli, xasiyyətinə bələd olmalıdır. Onun hər bir idmançıya fərdi yanaşma metodu olmalıdır. Bu səbəblərdən düşünürəm ki, psixoloqlarlar yeniyetməlik, gənclik dövrlərindən idmançılarla işləməlidirlər. Adətən, məşqçilər öz yetirmələrinin psixoloji zəifliklərini daha yaxşı bilirlər. Elə idmançı var ki, onu tərifləyəndə yaxşı sözlər deyəndə qələbəyə daha da ruhlandırır. Amma elə idmançı var ki, onu tənqid etdikcə, öz üzərində daha da məsuliyyətlə çalışır. Elə idmançı var ki, onu məşqlərdə bir müddət diqqətsiz saxlamaq lazımdır ki, daha da yaxşı məşq etsin. Bu baxımdan idmançının psixoloji cəhətdən hazırlıqlı olması çox vacib məqamlardandır.
- Bu il taekvondo üzrə yığma komanda bir sıra mötəbər yarışlarda çıxış edərək uğurla nəticələr qazanıblar.
- Bu il komandamızın iştirak etdiyi ilk beynəlxalq turnir Misirdə keçirilən A kateqoriyalı yarış oldu. Qeyd edim ki, Qran-pri turniri hesab olunan həmin yarış Olimpiya Oyunlarına 10 lisenziya xalı verirdi. Bu yarışda böyük heyətlə təmsil olunduq. Turnirdə hər çəkidə üç idmançımız qüvvəsini sınadı. İdmançılarımız yarışda 5 qızıl, 6 gümüş, 9 bürünc medal qazandılar. Komandamız ümumi hesabda birinci oldu. Qeyd edim ki, bu ildən etibarən Beynəlxalq Taekvondo Federasiyası tərəfindən Olimpiya oyunlarına lisenziya verən Qran-pri yarışları keçirilməyə başlayıb. Həmin yarışlarda reytinq cədvəli üzrə ilk 36-lıqda yer alan idmançılar iştirak etmək hüququ qazanırlar. Qran-pri yarışlarının yekununda reytinq xalına əsasən ilk 6 yeri tutmuş idmançılar olimpiadaya birbaşa vəsiqə qazanacaqlar.
Mart ayında Almaniyada keçirilən beynəlxalq turnirdə kiçik heyətlə təmsil olunduq. Bu yarışda 1 qızıl, 1 gümüş, 3 bürünc medal əldə etdik. Burada Ramin Əzizov qızıl, Fəridə Əzizova gümüş, Xəyalə Quliyeva, Samir Aydınov, Günay Ağakişiyeva bürünc medallar qazandılar. Aprel ayında Moldovanın Kişinyov şəhərində keçirilən 21 yaşlıların Avropa çempionatında Hüseyn Mehrəliyev (68 kq) və Fəridə Əzizova qızıl medal qazandılar. İspaniyada keçirilən turnirdə 58 kq çəki dərəcəsində Maqomedyasin İbrahimov bürünc medal qazandı. Daha sonra idmançılarımız ilin əsas yarışı olan dünya çempionatında qüvvələrini sınadılar. Çempionatda Fəridə Əzizova və Radik İsayev bürünc medallara yiyələndilər. Xatırladım ki, 2003-cü ildə Almaniyada keçirilən dünya çempionatında dörd bürünc medal əldə olunmuşdu. 2005-ci ildə komanda ümumiyyətlə medal qazanmamışdı. Taekvondoçularımız 2007-ci ildə 1 gümüş, 2009 və 2011-ci illərdə isə 1 bürünc medala sahib çıxmışdılar. Budəfəki dünya çempionatına komanda güclü heyətlə qatılmışdı. İdmançılarımızdan hər çəkidə medal gözləyirdik. Dünya çempionatında 5 idmançımıza hakimlər tərəfindən haqsızlıq edildi. Mən deyərdim ki, yarımfinalda idmançılarımızın məhz qızıl medalları əllərindən alındı. Fəridə Əzizovanın son saniyələrdə Tayvan idmançısının başına vurduğu zərbəni hakimlər qeydə almadılar. 87 kq-da çıxış edən Radik İsayev rəqibinə 5:2 hesabı ilə qalib gəldiyi halda xalı əlindən alındı.
- Bu il komanda III İslam Həmrəyliyi Oyunlarında da böyük uğur qazandı.
- Dünya çempionatından sonra iştirak etdiyimiz mötəbər yarışlardan biri də İndoneziyada keçirilən III İslam Oyunları oldu. Bu yarışda 8 idmançı ilə təmsil olunduq-5 kişi, 3 qadın. Etiraf edim ki, İslam Həmrəyliyi Oyunlarının bu dərəcədə güclü rəqabət şəraitində keçəcəyini düşünmürdüm. Düzdür, İslam ölkələri arasında İran, Türkiyə, Misir, İordaniya, Malaziya, İndoneziya kimi taekvondonun güclü inkişaf etdiyi ölkələr var. Komandamızın üzvləri dörd - bir gümüş, üç bürünc medal qazandılar. Taekvondoçularımız bu yarışlarda rəqiblərini düzgün qiymətləndirmədilər. Məncə, taekvondoçularımız daha çox medal qazana bilərdi.
Vətənə döndükdən sonra Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev III İslam Həmrəyliyi Oyunlarında iştirak edən idmançıları qəbul etdi. Ölkə başçısı çıxışı zamanı Azərbaycan idmançılarının ünvanına xoş sözlər dedi. Əlbəttə ki, bütün bunlar bizi yeni-yeni qələbələrə ruhlandırır. Fəxr edirik ki, qazanılan medallarda Azərbaycan taekvondoçularının da payı var. Qeyd edim ki, İslam Həmrəyliyi Oyunlarında bizi Azərbaycan Gənclər və İdman Nazirliyinin, Azərbaycan Milli Olimpiya Komitəsinin nümayəndələri dəstəkləyirdilər.
Ümumilikdə builki yarışların nəticələrini uğurlu hesab etmək olar. Bu il idmançılarmız 5 rəsmi yarışın hər birindən vətənə medallarla dönüblər. 21 yaşlılar arasında keçirilən Avropa çempionatında 2 qızıl, dünya çempionatında 2 bürünc, yeniyetmələr arasında keçirilən Avropa birinciliyində 2 qızıl, 1 gümüş, 2 bürünc, gənclər arasında keçirilən Avropa birinciliyində 1 qızıl, 1 gümüş, 3 bürünc medal və komanda hesabında üçüncü yeri qazanmışıq.
- Gündüz müəllim, sizcə nə üçün əcnəbi mütəxəssislərin məşq sistemi özünü doğrultmadı?
- Bir-iki idmançını məşqlərə cəlb edərək yalnız onlardan nəticə gözləməklə inkişafa nail olmaq mümkün deyil. Biz yeniyetmə və gənclərə diqqət yetirməsək, kütləviliyi yaddan çıxarsaq, Azərbaycan taekvondosunun gələcəyi barədə düşünə bilmərik. Elə yerli məşqçilərimiz var ki, yeniyetməlik dövründən hazırlayaraq dünya səviyyəli idmançı yetişdiriblər. Əcnəbi mütəxəssislər bir neçə hazır idmançının üzərində işləyərək nəticə qazanmağa çalışırdılar. Bu isə taekvondoda durğunluğun yaranması ilə nəticələndi. Məncə, yerli məşqçilərimiz kifayət qədər bacarığa malikdirlər və nəticəyə çatmaq yollarını daha yaxşı bilirlər. 8-9 ay ərzində komanda ilə işlədik. Nəticə göz qabağındadır. Ümid edirəm ki, 2015-ci ildə keçiriləcək Avropa Oyunlarında və 2016-cı ilin Olimpiya Oyunlarında da da taekvondoçularımız medal qazanacaqlar. Bu gün qarşımızda dayanan əsas məqsəd taekvondo üzrə Olimpiya medalını qazanmaqdır. İnanıram ki, növbəti illər ərzində komandanın üzərində daha da ciddi işləyərək Olimpiadadan da medal qazanacağıq.
- Gündüz müəllim qeyd etdiniz ki, yarış qaydalarında bir sıra yeniliklər tətbiq olunub. Bu yeni qaydalar hakim haqsızlığının aradan qaldırılmasına nə dərəcədə kömək olur?
- Son dünya çempionatında bizim qarşılaşdığımız problemlər videorepleylə bağlı oldu. Görüntülərin yenidən nümayişi zamanı tamaşaçılara zərbə anı deyil, tamamilə başqa kadrlar nümayiş olunurdu. Buna görə də biz idmançımızın rəqibə həqiqətən də zərbə endirdiyini sübut edə bilmirdik. Əlbəttə ki, bu məsələ bir çox məşqçiləri, idmançıları narazı saldı. İndi daha bir yeni qaydanın tətbiqi nəzərdə tutulur. Bu elektron qoruyucu papaqlarla bağlıdır. Düzdür, bu yenilik başa dəyən zərbələrin obyektiv qeydə alınması baxımından əhəmiyyətlidir. Amma bu zaman ayaqla üzə dəyən zərbələrin qeydə alınmasında problemlər meydana çıxa bilər. İstənilən halda tam şəffaflığa nail olmaq çətin məsələdir. Buna görə də yarışlarda hakim faktoru həmişə özünü göstərir.
- Bildiyimizə görə komandaya bir neçə legioner də cəlb olunub.
- Legioner idmançıları əsasən Türkiyə və Dağıstandan dəvət etmişik. Qadınlarda 49, 62, 73 kq, kişilərdə 58 və 87 kq çəki dərəcələrində 5 əcnəbi idmançı komandaya dəvət olunub. Bu idmançıları komandaya hazır idmançı kimi cəlb etməmişik. Sonuncu dəfə keçirilən açıq respublika çempionatında həmin idmançılar da iştirak etmişdilər. Biz həmin yarışda uğurla çıxış edən idmançılar arasından 5 əcnəbi taekvondoçunu seçərək komandaya cəlb etdik. Seçim zamanı idmançıların fiziki hazırlığına və elastikliyinə üstünlük verdik. Qeyd edək ki, 9 ay içərisində 5-idmançıdan 2-si nəticə verib. Bunlar 87 kq-da Radik İsayev və 49 kq-da Patimat Abakarovadır.
- Bölgələrimizdə taekvondonun inkişafı nə yerdədir? Bu sahədə hansı işlər görülür?
- Bu il ən böyük uğurlarımızdan biri də o oldu ki, 8 bölgədə yeniyetmə və gənclər üçün yarışlar təşkil edildi. Bu yarışlar perspektivli idmançıların üzə çıxarlıması və onların təcrübə əldə etmələri baxımından böyük əhəmiyyət kəsb edir. Biz bu yarışların bəhrəsini iki-üç ildən sonra görəcəyik. Bu yarışlarda qüvvələrini sınayan idmançılar bir neçə ildən sonra öz sözlərini deyəcəklər. Bu gün müxtəlif yaş qrupları üzrə yığmalarda nəticə qazanan idmançılarımız arasında bölgə idmançıları da var. Lənkəran, Masallı, Quba, Tovuz Qusar, Gəncə və s. zonaların idmançıları ölkə çempionatlarında yığma üzvlərinə güclü müqavimət göstərirlər. Qeyd edim ki, bu il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Masallıda Regional Taekvondo Mərkəzinin açılışını etdi. Bu cür mərkəzlərin açılışı bölgələrdə taekvondonun inkişafı üçün böyük stimuldur.
- Məşqçi kimi karyeranızın ən böyük uğuru hansıdır?
- 1998-ci ildən milli komandada işləyirəm. 2001-ci ildən gənclər yığmasında baş məşqçi, böyüklər yığmasında isə böyük məşqçi kimi çalışıram. Məşqçi kimi karyeram əsasən milli komanda ilə bağlıdır. Əgər milli komandanın üzvləri Avropa, dünya çempionatlarında qələbə qazanırsa, Azərbaycana medal gətirirsə, bu mənim üçün ən böyük uğurdur. Şəxsi yetirmələrim arasında Avropa çempionu, Avropa və dünya çempionatlarının mükafatçıları var. İşlədiyim hər il mənim üçün uğurlu olub. 2001-dən indiyədək hər il yetirmələrim yarışlarda nəticə qazanıblar.
- Gündüz müəllim, siz həm də qadınlardan ibarət yığma komandanın baş məşqçisisiniz. Taekvondo üzrə qadınlardan ibarət yığma komanda yarışlarda o qədər də yüksək nəticə göstərə bilmir. Sizcə bu nə ilə bağlıdır?
- Məncə, bu sahədə iş düzgün aparılmalıdır. Bu il biz qadınlardan ibarət yığmanın məşqlərinə xüsusi diqqət yetirmişik. Sevindirici haldır ki, bu il qadınlardan ibarət yığmamızın üzvləri ilk dəfə Avropa və dünya çempionatlarında uğurlu nəticələr qazanıblar. İlk dəfə olaraq İslam Həmrəyliyi Oyunlarında 3 qadın idmançımız nəticə əldə edib. İnanıram ki, növbəti yarışlarda da zərif cinsin nümayəndələri onlara bəslənilən ümidləri doğruldacaqlar.
- Azərbaycan taekvondosunun gələcək perspektivini necə görürsünüz?
- Əlbəttə ki, çalışdığım sahənin gələcəyini parlaq görürəm. İdmançının, məşqçinin qayğıya ehtiyacı var.
Məşqçi cəmi 20 gün öz ailəsinin yanında olur. Məşqçinin rahat məşq keçməsi, idmançının rahat məşq etməsi üçün ailəsində problemi olmamalıdır ki, gözü arxada qalmasın.
Bu gün Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov taekvondo idman növünə çox böyük diqqət və qayğı göstərir. Dünya taekvondo aləmi Azərbaycan taekvondosu üçün yaradılan şəraitə heyrandır. Qəbələdə fəaliyyət göstərən Dünya Taekvondo Reabilitasiya Mərkəzi haqqında əcnəbi qonaqlar indiyədək danışırlar.
Bu gün ölkəmizdə idmanın bütün növlərinə dövlət səviyyəsində diqqət və qayğı göstərilir. Taekvondo üzrə yalnız Olimpiya Oyunlarında medal əldə olunmayıb. Düzdür, hər Olimpiya oyunlarından sonra idman ictimaiyyəti taekvondoya bir qədər küskün münasibət bəsləyir. Bu o deməkdir ki, biz diqqətdən kənarda qalmırıq və hamı bizdən medal gözləyir.
Bu gün idmançılarımız çox böyük ruh yüksəkliyi ilə məşq edirlər. Federasiyada qızğın iş gedir. İdmançılara hər zaman deyirəm ki, öz işinizin qulu olun ki, uğurun ağası olasınız. Obrazlı dildə desək, məşqdə tökülməyən tər, yarışda göz yaşı şəklində idmançının üstünə qayıdar. İdmançı gərək məşqə borcunu yerinə yetirirmiş kimi gəlməsin. Əsl idmançı odur ki, məşqdən sonra öz üzərində işləsin. İdman sədaqəti, etibarlılığı, bağlılığı sevir. Çəkilən hər bir zəhmətin bəhrəsi var. Sadəcə, öz istedadına güvənən idmançıdan yaxşı idmançı idmançı olmaz. Yaxşı idmançının uğuru təsadüfi olmamalıdır.
Aysel Sultanova