Yadigar Sahibəli oğlu Türkel 1951-ci ildə anadan olub. 1975-ci ildə ADTİ-nu (indiki ATU) bitirib. ATU, BDU və 2 saylı Bakı Baza Tibb kollecində dərs deyib. 1999-cu ildən AMEA-nın Milli münasibətlər İnstitutunda, 2003-cü ildən FSHİ-nin politologiya şöbəsində işləyir. 1993-cü ildə namizədlik, 2005-ci ildə doktorluq dissertasiyası müdafiə edib. Elmi jurnallarda 60-dan çox elmi, mətbuatda yüzlərlə elmi-publisistik yazısı çap olunub. O, 14 kitabın, ali məktəblər üçün 2 dərs proqramının müəllifi, 7 kitabın elmi redaktorudur. Yadigar Türkelin idmanla da məşğul olub. O, ümumittifaq, eləcə də, respublika yarışlarının mükafatçısı, beynəlxalq dərəcəli hakimdir.
Yadigar Türkel Azərbaycanın bir sıra görkəmli idman xadimlərindən müsahibələr alıb və "Gənclik” jurnalında dərc etdirib. Yadigar müəllimin bu jurnalda tanınmış futbol hakimləri - Tofiq Bəhramovla (1988-ci il), Eldar Əzimzadə (1989-cu il), o cümlədən əfsanəvi futbolçu Ələkbər Məmmədovla (1990-cı il) müsahibələri yer alıb. Oxucular üçün maraqlı olacağını nəzərə alaraq, "Gənclik” jurnalında 23 il bundan əvvəl Ələkbər Məmmədovdan götürülən müsahibəni olduğu kimi diqqətinizə çatdırırıq.
Polkovnik V.Verxolaşin "Dinamo” kitabında yazırdı:
"Böyük futbolçu Ələkbər Məmmədov səmimi, mehriban insandır. Fikirlərində sanballıdır. Yaxşı ölçüb biçməmiş qərar qəbul etməz”.
"Ələkbər rəqiblərini çox gözəl aldadırdı. Driblinqin məşhur ustası idi və onun ampluasında olan çox az hücumu onunla müqayisə oluna bilərdi”.
Viktor Şustikovun "Bütün ömür üçün futbol” kitabı.
Ələkbər Məmmədovun 60 yaşı tamam olur. Dünən ölkəmizin və dünyanın ən böyük stadionlarında onun adını minlərlə adam çağırırdı: "Ə-lək-bər!”. O isə bizim idi, bu gün də bizimdir.
Azərbaycanın bütün dövrləri üçün ən yaxşı futbolçusu, görkəmli idman xadimi Ələkbər Məmmədovun keçdiyi ömür yolunda qazandıqları, itirdikləri də olub və əlbəttə, narahat günlərimizin qayğıları da.
Mənzilini tapa bilmədim. Küçəyə çıxıb avtomatdan zəng etdim. Tələsik aşağı düşdü. Gileyləndi:
- Məni kim tanıyacaq? Əllinci illər deyil, Maştağadan Florensiyaya teleqram vuralar, gəlib çata.
Sonra mənə bir neçə teleqram göstərəcək - İtaliyaya, İngiltərəyə göndərilmiş teleqramlar: "Dinamo” - Ələkbər Məmmədova
- Mən Azərbaycan futbolunun bütün nəsilləri arasında körpüyəm. Mirmehdi Ağayevdən Nazim Hüseynova, Banişevskidən Səməd Qurbanoa qədər. Mənim yaşıdlarımın hamısı meydanda "döyüşçü” idi. Tank kimi eşərdilər rəqibin səngərini. Simulyasiya-məşqçiyə, tamaşaçıya xoş gəlmək, bal yığmaq xatirinə oynamaq sonradan çıxdı.
- Sonradan çıxsa da, bu gün ölkə futbolunu başına alıb gedir.
- Nələr başlanmadı sovet fubolunda. Qabaqdan ssenarisi yazılmış, hesabı məlum olanlar. Komandalarla hakimlər arasında alver. Bu dəhşətli mənəvi aşınmadır...
- Qəribə də olsa bu bəlaların çoxu SSRİ İdman Komitəsindən, SSRİ Futbol Federasiyasından gəlir.
- SSRİ Dövlət Bədən Tərbiyəsi İdman Komitəsinin futbol idarəsinin Moskva, Kiyev və digər şəhərlərin komandalarının uğurları xatirin tərtib etdiyi təqvimlər, Ponamaryov, Boçarov, Xoxryakov və digər "saray hakimlərinin” ksərli silah kimi əldə hazır saxlanması, vaxtı-vədəsi dəqiq olmayan komandaların məşq, təhsil və bərpa rejimini qıran oyunlar... son bir neçə ilin təqviminə baxın, "Neftçi”nin və bir neçə "özgə” komandanın qabaqcadan, planlı şəkildə necə çətin vəziyyətə salındığını görərsiniz. Çempionatın əvvəlində "Neftçi” kimlərlə görüşür? "Dinamo” Kiyev, "Spartak”, "Torpedo”, "Dinamo” Minsk. Sonunda yenə də qızıl gümüş, bürünc medallar uğrunda "vuruşan” ya da yüksək liqadan çıxmaq təhlükəsi qarşısında qalan komandalarla. Bu günlərdə əsas oyunları adətən "saray hakimlərinə”, ya da "korlamaq” istədikləri hakimlərə tapşırırlar. "Xüsusi tapşırıq” almış bu yazıqlar da qalırlar od ilə su arasında.
- Ələkbər bəy, bəs komandanın özlərində vəziyyət necədir?
- Komanda əməyinin nəticəsi göz qabağında olan, hələ həyat təcrübəsi kifayət qədər cavanlardan ibarət kiçik bir kollektivdir. Cəmiyyətdəki eybəcərliklər bu kollektivin nəbzini asanlıqla poza bilir. Dərd məşqçi ilədir. Bilmir təhlükəni haradan gözləsin. 1971-ci ildə Rostovda OİK-lə oyundan qabaq mənə dedilər: "Neftçi” OİK-in vəziyyətini yüngülləşdirmək üçün mütləq uduzmalıdır. Hətta oyunçularla da danışıldığını bildirdilər. Komandanın o vaxtkı rəisi dedi: "Sənin hirslənməyinin bir mənası varmı? Hakimlə də danışıblar. İstədiyini edəcək. Uşaqları nahaq sıxırsan”. Balıkin, doğrudan da, istədiyini yerinə yetirdi. Qapıçımızı meydandan çıxardı, bir neçə xəbərdarlıq elədi. "Neftçi” ssenariyə görə uduzur. Mən oyundan sonra protest yazdım. SSRİ Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsinin nümayəndəsi Menşikov məni qabaqlamaq üçün ağlagəlməz yalanlar uydurub həmin komitəyə çatdırmışdı. "Neftçi”ni SSRİ çempionatından xaric elədilər. SSRİ çempionatının qurtarmasına üç tur qalmış komandmızın mükafatçılar sırasına çıxacağı görünürdü. "Neftçi” həmin il yeddinci yeri tutdu. Bu "teatrı” OMİK güclülər qrupunu tərk etmək qarşısında olduğuna görə qurmuşdular. Özbaşınalıq respublikada çox böyük həyəcana səbəb oldu. Mərkəzi Komitəyə və digər idarələrə minlərlə teleqramlar vuruldu. Gürcüstandan, RSFSR-dən, Qazaxıstandan da belə teleqramlar vurulmuşdu. İşbazlar tüpürdüklərini yalamağa məcbur oldular.
- Məhz 60-cı illrdə sovet futbolunda işləyən məşqçilərin, hakimlərin və digər işçilərin bir qismi üçün əzablı, bir qismi üçün isə əyləncəli, rahat həyat başlandı. Bu günə kimi yüksək ixtisaslı məşqçilər hazırlanmasının nə hüquqi, nə dərin elmi əsasları nizamlandığından respublikamızda, eləcə də bütün ölkədə yaxşı məşqçi qıtlığı hiss olunur.
- Mən həmişə respublikaya kənardan məşqçi gətirilməyinin əleyhinə olmuşam. Öz məşqçilərimizə güvənməliyik. Əksər hallarda cərimələnmiş, ya işsiz adamlar olan gəlmə məşqçilər qarşısına Azərbaycan futbolunun köklü problemlərini yox, ötəri - gündəlikdə duran məsələləri həll etməyi qoyurlar. Uzunmüddətli strateji planlar hazırlayıb işləmək üçün onların imkanları da yoxdur. Hər gələn özü ilə bir bölük "qoca”, ya da idman rejimini müxtəlif yollarla pozmuş, necə deyərlər, "atılmışlar” gətirir. Solovyov kimi sözünə qiymət qoymayanlar da ağına-bozuna baxmadan başlayır: "Azərbaycanda futbolun ənənələri, nə də futbola professional münasibət vardır” - kimi sayıqlamalarla özünə isti yer qazanmağa. Ancaq Solovyovların boş-boğazlığı sabun köpüyü kimi bir iki ayın içində partlayır və "alçaq dağlar yaradağacına” vəd vermiş qonaqlara "xudahafiz!” deyilir. Son dövrlərdə "Neftçi”də 20-dən çox məşqçi dəyişdirilib, yüksəliş isə görünmür. Olmayacaq da. Strateji məsələləri gündəlik məsələ kimi həll etməzlər.
- Ələkbər bəy, yarımprofissional sovet futbolunda məşqçilərin hüquqi statusunun olmaması bu günə kimi onların başını rəislərin, mesenatların "yumruğunun” altına qoyur. Sizin kimi çox hörmətli, həm də çox bilikli idman mütəxəssisinə də təsir eləmək istəyənlərin olduğunu bilirik.
- Futbol komandalarının çoxlu mesenatları olur. Mesenatlarsız bu gün böyük idman uğurları qazanmağın qeyri-mümkünlüyü şəksizdir. Ancaq bizdə bu mesenatların bəziləri həddini aşıb. Onlara aid olmayan məsələlərə qarışır. Müxtəlif üsullarla istedadsız, tənbəl adamları komandalarda oynatmağa çalışırlar. Mən belələrini çox görmüşəm.
- Bəzən bir mövsüm ərzində "Neftçi”nin məşqçisini iki-üç dəfə dəyişir. Məşqçi-müəllimlərlə belə hörmətsiz münasibət onların yetişməsinə mane olurmu?
- Olur. Özü də necə! SSRİ-nin ən məşhur məşqçilərindən Beskovun idmançılarla sərt rəftarı və müdiriyyətlə yola getməməsi onu hörmətsiz eləmişdi. O, bir dəfə mənə dedi: "Ələkbər, məndən məşqçi çıxmadı”. Onda Beskovun 55 yaşı var idi. O, 6 komandada məşqçi işləmişdi. Starostin qardaşları Beskovun bütün gözəl cəhətlərini duyub dedilər: "Bu istedadlı adamdan isifadə etmək lazımdır”. Qardaşlar Beskovu rəislərdən izolə eləyə bildilər. Azadlıq Beskovun bütün ləyaqətini üzə çıxardı. Ancaq belə yollarla kütləvi şəkildə nailiyyət qazanmaq olmaz. İnsanın cəmiyyətdəki əməyi qanunla, müqavilə ilə təmin edilməlidir. Məşqçiyə müəyyən dövr işləmək üçün imkan verilməlidir. Azad insan əgər istedadlıdırsa, mütləq öz yerini tapacaq. "Neftçi”nin 1966-cı ildəki bürünc medalı göydən düşmədi. O, yalnız Azərbaycanlı məşqçilərin və Azərbaycan futbolunun yetirmələrinin bir neçə illik böyük əməyinin nəticəsi idi, gəlmə məşqçilərin yox. Mən bunu Azərbaycan mütəxəssislərinin zəhmətinin kimlərinsə adına yazmağa çalışanlara cavab olaraq, tam məsuliyyətlə deyirəm...
- Moskvada oynayarkən hansı çətinliklərlə qarşılaşırdınız?
- Mən Moskva "Dinamo”sunda oynayan ilk azərbaycanlı idim. O, illər Stalin, Beriya və başqa bolşevik cinayətkarların ölkə xalqlarının başına açdıqları soyqırımlarının üstünün açıldığı ilk illər idi. Moskvada Qafqaz millətlərinin nümayəndələrini qatilə bənzədirdilər.
30-cu illərin axırlarında millətimizin türk adı dəyişdirilib "Azərbaycanlı” edildiyindən kimliyimiz barədə çox az təsəvvür var idi. Gəlişimlə "Dinamo”da yerlərini dar etdiyim bəzi futbolçular da tamaşaçılar arasında müəyyən təbliğatla məşğul idilər. Ümumiyyətlə Moskvada ölkənin digər xalqlarına nə isə bir ekzotika, dinsə başına bir qapaz vurub, susdurmaq mumkun olan ikinci dərəcəli adamlar kimi baxırdılar. Mən onlara deyirdim, siz bizim xalqımız haqqında düz fikirdə deyilsiniz. Biz nə erməniyik, nə də gürcü. Mən ləyaqətimizi onlara sübut elədim.
- Söz sözü çəkdi. Son vaxtlar respubilka mətbuatında xalqımızın adı, soy-kökü barədə müxtəlif müzakirələr gedir. Ziyalılıarımızın çoxu Azərbaycan SSRİ Ali Sovetindən xalqımıza qarşı aparılmış soyqırım cinayətinə siyasi qiymət verilməsini, xalqımızın tarixi adının qaytarılmasını, millətimizə xas müraciət formalarının yasaqlıqdan çıxarılmasını tələb edirlər.
- Aşkarlıq və demokratiyadan istifadə edib, xalqımıza qarşı törədilmiş cinayətlərə siyasi qiymət verməyi başımıza gətirənlərdən nəticə çıxarmalıyıq. Bu işdə Respublikamızın görkəmli alimləri və digər ziyalıları həlledici sözlərini deməlidirlər. Bəziləri dünyada türk adlı iki xalqın olacağından "qorxurlar”. Neçə min il Şərqin və Qərbin fatehi və hökmdarı olmuş nəhənk bir türk "ağacının” şah budağından birinin adının dəyişdirilməsi xalqımıza qarşı edilmiş ən böyük cinayətlərdəndir. Bir də cidanı çuvalda gizlətmək olmaz. Cənubi Azərbaycanda və İranın müxtəlif yerlərində yaşayan 20-milyondan çox qan qardaşlarımız türk adlarını necə gizlədək.
- Dünyada millətinin adı ərəb olan onlarca dövlət var. Misir, İraq, Səudiyyə Ərəbistanı... Təbrizdən Ərdəbilə, Naxçıvandan Urmiyaya, Biləsuvardan Dərbəndə qədər düşmən gözü çəkən böyük bir torpağın sahibi olan xalqımızın arasına çəkilmiş ayrılıq və həsrət şnurunu siyasi yolla qırmaq, xalqımızın tarixi adını qaytarmaq vaxtı çatıb. Adımız və soyadımızdan bizim Azərbaycan türkü olduğumuzun çətin aydınlaşması çoxlarını narahat edir. XIX əsrin sonu XX əsrin əvvəllərində dünyanın kiçik millətlərinin qraflıqları belə birləşəndə bizim özümüzü tanımağa qoymadılar. Tariximiz yazılmış kitabları yandırdılar. Mifik ideyalar arxasında gizlənən düşmənlər Şimali və Cənubi Azərbaycanda qurulmuş demokratik dövlətlərimizi dağıtdılar. Azadlıq, millət, demokratiya, tərəqqi bağıran dilləri kəsdilər. Xalq yonulmuş kola çevrildi.
Surəti-rəhman buldum, surəti-rəhman mənəm.
Ruhi-mütləq hər kəlamı qafi-vəl Quran mənəm.
- demək səviyyəsinə çatmış xalqımızın varlığına özgə xalqların əxlaq normaları yeridilməyə başlandı.
- Düz deyirsiniz, 60 yaşlı Ələkbər Əmir oğluna Əmiroviç demək mənim babama hörmətsizlikdir. "Dədə Qorqud” kitabına baxsaq babalarımızın ad və soyadlarının necə olduğunu görərik. Ulaş oğlu Salur Qazan, Qazan bəy oğlu Uruz bəy, Dirsə xan oğlu Buğac, Qanlı oğlu Qan Tural, Duxa Qoca oğlu Dəli Domrul.
SSRİ-də yaşayan bütün türk xalqlarının əlifbasının ümumişlək latın qrafikasına keçirilməsi bütün türk aləmində çap olunan dünyəvi mədəniyyət nümunələrin, oxuyub öyrənməyə şərait yaradar. Bu inkişafın böyük açarıdır.
- Ələkbər bəy, bu gün də Şimali Azərbaycanın futbol komandalarının İranda və Türkiyədə keçirilən turnirlərdə sərbəst iştirak edə bilməməsi, ya Cənubi Azərbaycan və Türkiyənin futbol komandalarını hələ də Bakıda və Sumqayıtda Astara, Naxçıvan kimi sunuryanı şəhərlərimizdə keçirilən turnirlərə çağırıla bilməməyimiz ölkədə gedən qaynar demokratikləşmədən geri qaldığımızı göstərmirmi?
- Bu, Respublika Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsinin futbol idarəsinin günahıdır. Yenidənqurma və demokratikləşmə bizim üçün havadır, sudur, məqamdır. Ondan xalqımızın bütün uzaq və yaxın planlarının həyata keçirilməsi üçün istifadə etmək lazımdır. Respublika futbol idarəsi lap yaxınlarda belə turnirlər təşkil etsə respublika futboluna, həm də, dövlətlər arasında mədəni əlaqələrin inkişafına kömək etmiş olar.
- Ələkbər bəy, Türkiyəyə ilk səfəriniz maraqlı olub...
- Türkiyəyə ilk gedişim heç vaxt yadımdan çıxmır. O vaxtlar Türkiyə dövləti türk xalqı Sovetlər İttifaqına 100 minlərlə insanı edam etmiş, Türkiyə hakimiyyətinə torpaq iddiaları edən əcayib bir imperiya kimi baxırdı və ruslarla heç bir mədəni - iqtisadi əlaqə yaratmaq istəmirdi. Mənim Moskva "Dinamo”sunda oynadığımı biləndən sonra "Dinamo”ya torpaqlarına gəlməyə icazə vermişdilər. 50-ci illərdə "Dinamo” çox güclü idi. biz 4:0 hesabı ilə qalib gəldik. İlk topu mən vurdum. İkisini də mənim ötürməmdən sonra Yuri Kuznetsov vurdu. Türklər uduzduqlarını unudaraq, mənim qələbəmi alqışlayırdılar. "İstanbul” Ekspress, "Yeni sabah”, "Axşam” qəzetləri sevinclə yazırdılar: "Biz qapımıza vurulan qolları öz qardaşımızın vurduğundan sevinirik və təsəlli tapırıq”. Bu qəribə məhəbbət idi. Mənim şərəfimə nələr təşkil eləmədilər!..
Türkiyədəki ümumtürk ruhunun böyüklüyü ilə fəxr etməmək olmur. Bizdə belə deyil, biz də türk ruhu basılmışdır...
Haşiyə: Ə.Məmmədovun ayağı sayalı oldu. Türklər sonralar Azərbaycanın basketbol komandasını dostluq görüşləri keçirmək üçün Türkiyəyə çağırdılar. Mədəni əlaqələr də çoxalırdı.
Ələkbər Əmir oğlunun Türkiyəyə axırıncı səfəri Bakı şəhər nümayəndə heyəti tərkibində uydurma Dağlıq Qarabağ məsələsinin təzə başlandığı vaxtlarda olub. Onları çox böyük hörmət və məhəbbətlə qarşılayırdılar. Təntənəli qəbul düzəldilər. İzmirdəki qəbulda şəhərin başqanı Ələkbər Məmmədovun kim olduğunu soruşdu. Onu təqdim etdilər, hərarətlə salamladılar. Həmin günlərdə İzmir qəzetlərdən biri Ələkbər Məmmədovun şəklini çap edib altından yazmışdı: "Qarabağ bizimdir”.
- İnsanın zatı, kökü gec-tez onun əməllərində görünür. Bu yaxınlarda E.Markarovun "Sovetskiy sport” qəzetində verdiyi müsahibədə "Neftçi” barədə qeyri-səmimi danışması mənə qəribə gəldi. Erməni xalqının başına min bəla gətirmiş millətçilər, deyəsən E.Markarova da təsir ediblər. Ya da Ermənistan SSRİ-də və xarici ölkələrdə yaşayan daşnaklar tərəfindən qızışdırılan "Dağlıq Qarabağ” pisixozu Markarovun da içində gizlənən "Böyük Ermənistan” xasiyyətinin oyanmasına səbəb olub. Markarov çətin gündə "Neftçi”ni atıb Yerevana qaçandan sonra Ermənistan "kommunist”ində müsahibə çap etdirib məhz "Neftçi”də Ə.Məmmədov kimi şəxsiyyətlərin qayğısı, müəllimliyi sayəsində əsil futbolçuya çevrilərək cəmiyyətdə yer tutduğunu yazmışdı.
- Markarov kimi bir adamın şəxsən mənim əməyimi qiymətləndirməyinə ehtiyacım yoxdur. E.Markarovun və digər ermənilərin halal çörəyini gen-bol yeyib, sonra şıllaq atdıqları Azərbaycan xalqının yaxşılıqlarını unutmağa haqqı yoxdur. Xalqımız yüz minlərlə erməniyə yurd verib, çörək verib, adam eləyib. Haqqı unutmazlar...
- Ermənilərin bədnam təbliğat aparatının SSRİ və xarici mətbuatın köməyi ilə bütün dünyaya "ermənilərin, məhz erməni olduqlarına görə” azərbaycanlılar tərəfindən öldürüldüyünü car çəkdikləri bir vaxtda, erməni millətindən olanların Bakıda və Azərbaycanın digər yerlərində müxtəlif idman müəssisələrində işləmələrindən, futbol oyunlarına hakimlik etmələrindən heç kəsin xəbəri yoxdur. Respublika boks federasiyasından aldığım məlumata görə son bir ildə bir erməniyə respublikanın əməkdar məşqçisi və ümumittifaq dərəcəli hakim, bir nəfərə ümumittifaq, bir nəfərə beynəlxalq dərəcəli hakim adı verilmişdir.
- Bütün dünya artıq bizim bu düşmənçilik qızışdıranlardan ləyəqətli bir xalq olduğumuzu başa düşür. Vaxt gələr erməni xalqı özü onu psixoz vəziyətinə gətirmiş adamların cəzasını verər. Biz özümüzü qorumalı onların səviyyəsinə enməməliyik.
- Azərbaycan SSRİ Ali Soveti xalqın tələbini nəzərə alaraq suverenlik haqqında qanun edib. Siz respublika idmanın gələcək inkişafını hansı istiqamətdə görürsünüz?
- Tam suverenliyin bütün tələblərinə uyğun dünya Olimpiya Hərəkatına qoşulmaq istiqamətində. Mən özüm Azərbaycan Demokratik Respublikaısının 13-14-cü əsrlər Elxanilər dövlətindən qalma, milli ruhumuzun əsas cəhətlərini göstərən bayrağını Olimpiya oyunlarının keçirildiyi stadionlarda aparmağın həsrətində olmuşam. Sağlıq olsun, bu yaxınlarda Azərbaycan Olimpiya Komitəsi yaradarıq. Bunun üçün Azərbaycan Respublikası BMT-nin üzvü olmalıdır.
- Son vaxtlar Azərbacaynda qadın futbolu inkişaf etdirilir. Bütün yeniliklər kimi, qadın futbolunun da tərəfdarları və əleyhdarları vardır. Ziyalılarımızın çoxunu bu işin bir neçə tərəfi narahat edir. Nə üçün əvvəlki illərdə olduğu kimi, kompaniyaçılığa uyub özgələrin başladığı bir işi əxlaqımızın süzgəcindən keçirmədən xalqımızın taleyinə köçürürük?
"Başım baxtı evim taxtı” dediyimiz qadınlarımızın bu cür çətin idman növləri ilə məşğul olması nə dərəcədə vacibdir? Respublikamızda bədən tərbiyəsi və idmanın nailiyyət qazanan çoxlu növünün maddi çətinlik çəkdiyi vaxtda qadın futboluna, qadın güləşinə pul xərcləməyə dəyərmi?
- Qoy oynasınlar, bu da bir həvəsdir. Ötüb keçəcək. Amma mən sizinlə tam razıyam. Əgər hollandiyalılar, ya moskvalılar qadın futbolunu inkişaf etdirirlərsə, bu, onların öz işidir. Bizim əxlaqımızın öz qanunauyğunluqları vardır və biz əxlaqımızı öz qədim köklərimizin üstündə inkişaf etdirməliyik. Bəzi məşqçilərin qadın futbolçunun hesabına baş girələmək istədiyini bilmək üçün böyük mütəxəssis olmaq lazım deyil.
Müəllifdən: 1970-ci ildə çap olunmuş "Futbol azarkeşinin məlumat kitabı”nda "topun gizlədilməsi texniki fəndin Braziliyada Qarrinça, SSRİ-də isə Ə.Məmmədov çox gözəl bacarırdılar” yazılmışdı. Sovet futbolunda 29 nəfər futbolçu bir oyunda 4 qol vurmuşdu. Bunlardan cəmi üç nəfəri hesab 4:0 olanda edib. Ələkbər Əmir oğlu bu üç nəfərdən biri olmaqla bərabər, xarici ölkə komandalarının qapısına 4 top vuran yeganə futbolçudur. Ələkbərin Milanda vurduğu 4 top İtaliya və bir neçə başqa Avropa ölkələsində futbol dərsliklərinə salınmışdır. Uruqvayın "Elldiyariya” qəzeti bütöv bir səhifəni bu qolların şərhinə həsr etmişdi. Elə bu illərdə "Dinamo”nun rəhbərlərindən biri polkovnik V.Verxolaşin yazırdı: "Ə.Məmmədov nəinki SSRİ-nin eyni zamanda Avropanın ən yaxşı hücumçularındandır”.
- Ömrün müdrik çağında sizin kimi məşhur bir şəxsiyyətdən maddi vəziyyəti barədə soruşmaq hörmətsizlik olsa da məni bağışlayın...
- Yadigar bəy, mən ADBTİ-ni və ADU-un jurnalistika fakultəsini qurtarmışam. Dosent, kafedra müdirinin aldığı əmək haqqı ilə dolanıram. Bir otaqlı mənzilim var. Heç vaxt varlı yaşamamışam. Mənim xarici ölkələrdə yaşayan həmkarlarımın milyoner olduğu, ya da çox varlı yaşadığı məlumdur. Elə Milandakı oyundan sonra italyanlar mənə milyonlar təklif etdilər. Mən Azərbaycansız, başına döndüyüm xalqımsız yaşaya bilməzdim. Onları rədd etdim. Mənim xalqım məni sevib, mənə layiq olduğumdan da artq qiymət verib, sağlığımda əbədiləşdirib. Şərəfimə turnir keçirirlər. Hər yerdə hörmətimi saxlayıb əzizləyirlər. Mən varlanmaq həvəsi ilə ömür sürməmişəm.
Müsahibəni hazırladı:
Yadigar Türkel
("Gənclik” jurnalı, iyun 1990-cı il)