Hər il olduğu kimi, 2013-cü ildə də idmançılarımız qazandıqları uğurlarla azarkeşləri sevindiriblər. Təmsilçilərimizin müxtəlif idman növləri üzrə əldə etdikləri nailiyyətlər respublikamızın beynəlxalq aləmdə nüfuzunu yüksəltməklə yanaşı, ölkəmizin idman tarixində də özünəməxsus iz buraxıb. Bu ilin yaddaqalan idman nailiyyətlərindən birinə boksçularımız imza atıblar. Bugünlərdə Qazaxıstanın Almatı şəhəridə keçirilən boks üzrə dünya çempionatında dəri əlcək ustalarımız tarix yazıblar. Belə ki, yığmamızın üzvlərindən Cavid Çələbiyev (56 kq) və Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) qızıl, Teymur Məmmədov (91 kq) isə bürünc medal qazanıblar. Qeyd edək ki, bu, boksçularımızın indiyədək dünya çempionatlarındakı ən böyük uğurudur. Xatırladaq ki, 2003-cü ildə keçirilən dünya çempionatında bir qızıl, iki bürünc medal əldə olunmuşdu. Bu il boksçularımız Belarusun paytaxtı Minskdə keçirilən Avropa çempionatında da onlara bəslənilən ümidləri doğruldaraq 1 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıblar. Yeniyetmə və gənc boksçularımız da beynəlxalq arenalarda ölkəmizin idman şərəfini ləyaqətlə qoruyublar.
Avqust ayında Hollandiyada gənclər arasında keçirilən Avropa birinciliyində 2 qızıl, 1 gümüş, sentyabrda yeniyetmələr arasında Ukraynada keçirilən dünya birinciliyində 2 gümüş, 2 bürünc medal qazanılıb.
Bugünlərdə Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Abiyevlə görüşərək, dünya çempionatında əldə olunan möhtəşəm uğur, 2013-cü ildə boksçularımızın qazandıqları nailiyyətlər, son illərdə ölkəmizdə boksun inkişafı və gələcək planlar barədə söhbət etdik.
- Ağacan müəllim, boksçularımız dünya çempionatında möhtəşəm qələbə qazandılar. Dəri əlcək ustalarımızın iki qızıl medal əldə edəcəyini gözləyirdinizmi?
- İlk növbədə onu deyim ki, Qazaxıstanın Almatı şəhərində keçirilən dünya çempionatında qazanılan uğur ölkəmizdə boksun yüksək səviyyədə inkişafını bir daha nümayiş etdirir. Etiraf edim ki, çempionatda iki boksçumuzun qızıl medal qazanacağını gözləmirdim. Əsasən, komandamızın üzvləri Məhəmmədrəsul Məcidov, Teymur Məmmədov və Elvin İsayevin uğurlu çıxış edəcəyinə ümid bəsləyirdim. Çempionatda boksçumuz Elvin İsayevə qarşı hakimlər tərəfindən ədalətsizlik edildi. İtaliyalı rəqibi ilə döyüşdə ona qarşı haqsızlıq olmasa idi, Elvin, ən azı, gümüş medal qazana bilərdi. Düzü, Cavid Çələbiyevin qızıl medal əldə etməsi gözlənilməz oldu. Ona ümid bəsləsək də, dünya çempionu olacağını düşünmürdük. Cavid çempionat ərəfəsində keçirilən son seçimlərdə rəqibindən üstün oldu və biz onun dünya çempionatında iştirak etməsinə qərar verdik. Qazaxıstanda Məhəmmədrəsul Məcidov yüksək səviyyəli döyüş nümayiş etdirərək, ikiqat dünya çempionu tituluna yiyələndi. Həlledici qarşılaşma çox gərgin keçdi. Birinci və ikinci raundda boksçumuzun üstünlüyünə baxmayaraq, hakimlər hesabı rəqibin xeyrinə verdilər. İkinci raundda hakimlərin üçü də xalları qazaxıstanlı idmançıya verdilər. Artıq qələbə əldən getmişdi. Qeyd edim ki, hazırkı boks qaydalarına görə hakimin hansı boksçuya xal verdiyini görmürsən. Qaydaya əsasən, ümumiyyətlə, yan hakimin qərarı dəyişilməzdir. Bu baxımdan, xalların verilməsi zamanı hakimlər açıq-aşkar tərəfkeşlik edə bilirlər. Məhəmmədrəsulun çıxışı zamanı hakimlər iki raundda rəqib idmançıya üstünlük verdikləri üçün üçüncü raundda xal hesabı ilə qazanılan qələbə idmançımıza heç nə verməyəcəkdi. Burada yeganə çıxış yolu rəqibi nokauta salmaq idi. Üçüncü raundda Məhəmmədrəsul artıq rəqibini noqdauna salmışdı. Bu vəziyyətdə hakim görüşü dayandırmalı idi. Çünki həmin zərbə güclü olduğundan rəqib boksçu özünə tam gələ bilməmişdi. Buna görə də boksçumuzun rəqibə endirdiyi daha bir güclü zərbə onu nokauta saldı. Mən deyərdim ki, bu, əsl qələbə idi. Çünki hakimlərin rəqib boksçuya üstünlük verməsinə baxmayaraq, boksçumuz elə döyüşün əvvəlindən liderlik edirdi. Xatırladım ki, Məhəmmədrəsul Bakıda keçirilən dünya çempionatında da həmin rəqibini noqdauna salmışdı və ona xal hesab ilə qalib gəlmişdi. Məncə, Qazaxıstanda keçirilən dünya çempionatında hakimlərin yerli boksçuya bu dərəcədə tərəfkeşlik etmələri böyük ədalətsizlikdir.
Cavid Çələbiyevin çıxışına gəlincə, boksçumuz yüksək səviyyəli döyüş nümayiş etdirdi. Qeyd edim ki, indiyədək boks tariximizdə 6 döyüş keçirərək dünya çempionu titulunu qazanan boksçu olmayıb. Cavidin çıxış etdiyi çəki dərəcəsində 50-dən çox idmançı mübarizə aparırdı. Maraqlıdır ki, boksçumuz 6 döyüş keçirməsinə baxmayaraq, bu görüşlərdən sonra üzündə heç bir zədə izi yox idi. Bu onu göstərir ki, Cavid rəqiblərinə aman verməyərək döyüşüb. Boksçumuzun üç raund ərzində yorulmadan döyüşməsi onun yüksək səviyyəli hazırlığından xəbər verir. O, zəhmətsevər və sadə idmançıdır. Tanrı onun əziyyətini bəhrəsiz qoymadı. Bu cür yüksək mənəvi keyfiyyətlərə malik idmançının qələbə qazanması bizi çox sevindirir. Düzü, Cavidin birdən-birə dünya çempionatında qızıl medal qazanması çoxlarını təəccübləndirir. Bununla belə, qeyd olunmalıdır ki, bu idmançı asanlıqla bu səviyyəyə gəlib çatmayıb. O, indiyədək ölkəmizdə keçirilən beynəlxalq səviyyəli yarışlarda uğurlar qazanıb. Keçən il Rusiyada keçirilən Neft ölkələrinin kubokunda birinci olan idmançı gənclərin Avropa çempionatında da fərqlənib. O, böyüklər arasında Azərbaycan çempionudur. Cavidin hələ 21 yaşı var. İnanıram ki, gənc boksçu gələcəkdə daha da böyük uğurlar əldə edəcək.
Boksçumuz Teymur Məmmədov dünya çempionatında imkanlarından aşağı səviyyədə çıxış etdi. Bir boksçu kimi Teymurun imkanları Cavid Çələbiyevdən qat-qat üstündür. Xatırladım ki, Teymur London Yay Olimpiya Oyunlarında bundan yaxşı çıxış etmişdi. Budəfəki dünya çempionatında 91 kq çəki dərəcəsinin mütləq çempionu hesab olunan ukraynalı idmançı iştirak etmədiyindən Teymurun dünya çempionu olmaq şansları daha çox idi. Düzdür, yarışdan qabaq Teymur qolundan və çiynindən zədə almışdı. Görünür, bu amillərin də boksçumuzun çıxışına təsiri oldu. Digər bir məsələ isə, Teymurun yarışlarda artıq çəkidə çıxış etməsidir. Xatırladım ki, o, 82 kq çəkiyə malik olsa da, 91 kq çəki dərəcəsində qüvvəsini sınayır.
- Bugünlərdə Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov dünya çempionatında uğurlu nəticə qazanan və il ərzində fərqlənən bir qrup boksçu ilə görüşərək, onları mükafatlandırıb. Bu, bir daha nümayiş etdirir ki, boks idman növü ölkəmizdə diqqət və qayğı ilə əhatə olunub.
- Qeyd edim ki, son illərdə boks ölkəmizdə yüksək səviyyədə inkişaf etdirilir. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev digər idman növləri ilə yanaşı, respublikamızda boksun inkişafına xüsusi diqqət və qayğı ilə yanaşır. Boks idman növündə əldə olunan uğurlar bu sahəyə dövlət səviyyəsində göstərilən diqqət və qayğının nəticəsidir. 2009-cu ildə Azərbaycan Boks Federasiyasının rəhbərliyinə Kəmaləddin Heydərovun gəlişindən sonra bu sahədə irəliləyişlər əldə olunub. Bu gün federasiya rəhbərliyi tərəfindən paytaxtla yanaşı, respublikamızın bölgələrində də bu idman növünün inkişafına yüksək səviyyəli diqqət və qayğı göstərilir. Bölgələrimizdə müasir standartlara cavab verən boks zalları tikilərək idmançıların istifadəsinə verilib. Boksun son dövrlərdə ölkəmizdə inkişafında federasiya prezidentinin çox böyük rolu var. Federasiya rəhbərliyinin bu növə göstərdiyi diqqət və qayğı öz bəhrəsini verir. İl boyu idmançılarımız ölkə daxilində və beynəlxalq təlim-məşqlərdə iştirak edirlər. Onların qazandıqları nailiyyətlər yüksək səviyyədə qiymətləndirilir.
- Ağacan müəllim, dünya çempionatı kimi nüfuzlu yarışda məhz gənc idmançımızın nəticə qazanmasını ölkəmizdə perspektivli yeniyetmə və gənc boksçular nəslinin yetişməsinin göstəricisi hesab etmək olarmı?
- Bu gün biz Azərbaycan boksunun gələcəyinə inamla baxırıq. Əldə olunan nəticələr əsas verir ki, qarşıdakı yarışlarda da idmançılarımızdan yüksək nailiyyətlər gözləyək. İstedadlı gənc boksçularımızın ən mötəbər yarışlarda öz sözlərini demələri bir daha təsdiqləyir ki, ehtiyat qüvvə yetişir. Bu gün yeniyetmə və gənc idmançılarımız Avropa və dünya çempionatlarında komanda hesabında ilk üçlüyə daxil olurlar. Müqayisə üçün deyim ki, SSRİ dövründə gənclərimiz 8-ci, böyükyaşlı idmançılarımız isə 10-cu, 11-ci pillələrdə qərarlaşırdılar.
- Ümumiyyətlə, 2013-cü ili Azərbaycan boksu üçün necə qiymətləndirirsiniz?
- 2013-cü ili Azərbaycan boksu üçün rekord il hesab etmək olar. Bu il boksçularımız hər yaş qrupu üzrə ən mötəbər yarışlarda uğurlu nəticələr qazanıblar. Böyükyaşlı idmançılarımız Avropa çempionatında bir qızıl, bir gümüş, iki bürünc medal əldə ediblər. Komandamız Avropada 3-4-cü pillələri bölüşdürüb. Azərbaycan kimi kiçik ölkə üçün Avropada dördüncü olmaq böyük nəticədir. Kişilər arasında dünya çempionatında əldə olunan nəticə ölkəmizin boks tarixində qazanılan ən böyük uğurdur. Xatırladım ki, komandamızın bundan əvvəlki dünya çempionatlarında ən yaxşı nailiyyəti 2003-cü ildə qazanılmışdı. Həmin yarışda 1 qızıl, 2 bürünc medal əldə olunmuşdu. Boksçularımız bu dəfə də üç medal əldə etdilər. Amma budəfəki nəticə keyfiyyətcə qat-qat üstündür və komandamız ilk dəfə dünya çempionatında komanda hesabında üçüncü olub.
- Dünya çempionatında yüksək nəticə qazanan idmançılarımızı 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək yay Olimpiya oyunlarında medal əldə etməyə namizəd idmançılar sırasında görürsünüzmü?
- Bu idmançılarımızın, sözsüz ki, Olimpiya oyunlarında iştirak edərək, medal qazanmaq şansları böyükdür. Məhəmmədrəsul Məcidov, Teymur Məmmədov, Cavid Çələbiyevlə yanaşı, bir neçə gənc idmançımız da olimpiadaya lisenziya qazana bilər. Həmin idmançılar sırasında Ermənistanda gənclər arasında keçirilən dünya çempionatında bürünc medal qazanmış Pərviz Bağırovun da adını qeyd edə bilərəm.
Ən böyük məqsədimiz boksçularımızın I Avropa Oyunları və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında uğurla çıxış etməsidir. Yarışlara hazırlaşmaq üçün kifayət qədər vaxtımız var. Qeyd edim ki, hər il Azərbaycan çempionatı keçirilir. Bu yarışda birinci yeri tutan idmançılar yığma komandanın heyətinə cəlb olunurlar. 2014-cü ildə keçiriləcək Azərbaycan çempionatı Avropa Oyunlarına idmançıların seçimi baxımından böyük əhəmiyyət daşıyacaq. Ölkə çempionatında yüksək yerləri tutan idmançılar Avropa Oyunlarına hazırlığa başlayacaqlar. Məlumat üçün bildirim ki, 2014-cü ilin əsas yarışlarından biri gələn il Çində keçiriləcək Yeniyetmələrin II Yay Olimpiya Oyunları olacaq. Ümidvaram ki, bu olimpiadada boksçularımız onlara bəslənilən ümidləri doğruldacaqlar. Qeyd edim ki, gələn ilin aprel ayında gənclər arasında keçiriləcək dünya çempionatı Çində keçiriləcək Olimpiadaya lisenziya xarakteri daşıyacaq.
- Hazırda boksun regionlarda inkişafı hansı səviyyədədir?
- Azərbaycan Boks Federasiyasının rəhbərliyi tərəfindən bölgələrdə boksun inkişafı üçün hər cür şərait yaradılıb. Qəbələdə boks üçün hərtərəfli təlim-məşq bazası yaradılıb. Sumqayıt, Dəvəçi, Gəncə, Şəmkir, Astara, Lənkəran və Şirvanda boksçularımız üçün ideal şərait var. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin iştirakı ilə bu il Masallıda boks mərkəzinin açılışı oldu. Qeyd edim ki, bölgələrdə yaradılan şəraitin nəticəsidir ki, yarışlarda bölgə təmsilçiləri də fərqlənirlər.
- Ağacan müəllim, gələn il ölkəmizdə boks üzrə hansı yarışların keçirilməsi planlaşdırılır?
- 2014-cü ildə ölkəmizdə boks üzrə ənənəvi beynəlxalq turnirlər keçiriləcək. Mart ayında beynəlxalq "İpək yolu” turniri, may ayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnir, dekabrda isə Abbas Ağalarovun xatirəsinə həsr olunmuş yarış keçiriləcək. AİBA və EUBC-nın hələ təsdiq olunmamış çempionatlarından birinin Azərbaycana həvalə olunması da istisna deyil. Beynəlxalq qurumların məhz ölkəmizə etimad göstərməsi respublikamızın ən mötəbər yarışlar keçirmək sahəsində yüksək təcrübəyə malik olduğunu nümayiş etdirir. 2015-ci ildə Azərbaycan birinci Avropa Oyunlarına ev sahibliyi edəcək. 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunları respublikamızda keçiriləcək. İnanıram və əminəm ki, ölkəmiz hər iki yarışa yüksək səviyyədə ev sahibliyi edəcək.
Aysel Sultanova