Cavid Çələbiyev: “Düşünürdüm ki, bu qədər əziyyət hədər getməsin”

Cavid Çələbiyev: “Düşünürdüm ki, bu qədər əziyyət hədər getməsin”


Qazaxıstanın Almatı şəhərində keçirilən boks üzrə dünya çempionatında mübarizə aparan idmançılarımız uğurlu çıxış edərək üç medala sahib olublar. Boksçularımızdan Cavid Çələbiyev (56 kq) və Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) qızıl, Teymur Məmmədov (91 kq) isə bürünc medal qazanıblar.
Yarımfinalda qazaxıstanlı Kayrat Yaralıyevi mübarizədən kənarlaşdıran Cavid Çələbiyev finalda Rusiya idmançısı Vladimir Nikitini 3:0 hesabı ilə məğlub edib. Dünya çempionatında debüt edən Cavid Qazaxıstanda Azərbaycan millisinə qızıl medal qazandıran ilk boksçu olub.
Dünya çempionu Məhəmmədrəsul Məcidov da öz titulunu qoruyub. Yarımfinalda Roberto Kammarelleyə (İtaliya) qalib gələn təmsilçimiz həlledici qarşılaşmada Qazaxıstan boksçusu İvan Dıçkonu nokauta salaraq ikiqat dünya çempionu tituluna yiyələnib.
Məhəmmədrəsul ilk iki raundda 27:30 hesabı ilə uduzsa da, sonuncu hissədə daha yaxşı döyüşərək yenidən dünyanın ən güclüsü olduğunu sübut edib. Komandamızın digər üzvü Teymur Məmmədov yarımfinalda Klemente Russoya (İtaliya) uduzaraq bürünc medalla kifayətlənib. Beləliklə, millimiz 12 gün davam edən dünya çempionatını iki qızıl və bir bürünc medalla başa vurub.
Qazaxıstanda komandamıza ilk qızıl medalı qazandıran Cavid Çələbiyevlə görüşdük. Dünya çempionu bizi maraqlandıran sualları cavablandırdı.


- Cavid, səni dünya çempionatında qazandığın parlaq qələbə münasibəti ilə təbrik edir, daha böyük uğurlar arzulayırıq. Zəhmət olmasa özün haqqında oxucularımıza məlumat verərdin.
- 1992-ci ildə Qəbələ rayonunda anadan olmuşam. Orta təhsilimi Xırdalan şəhərində yerləşən 1 saylı məktəbdə almışam. 2009-cu ildə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olmuşam. Hazırda həmin akademiyanın IV kurs tələbəsiyəm.



- Boksda hansı nəticələr qazanmısan?
- 2011-ci ildə Respublika çempionu olmuşam. Elə həmin il Rusiyanın Surqut şəhərində keçirilən Neft ölkələrinin dünya kubokunun sahibi olmuşam. 2012-ci ildə isə Rusiyanın Kalininqrad şəhərində təşkil olunan 19-22 yaşlıların Avropa çempionatında bürünc medal qazanmışam. Keçən il Bakıda keçirilən Tələbələrin Universiadasında ikinci yerə layiq görülmüşəm.

- Dünya çempionatına hazırlığın necə keçdi?
- Qazaxıstanda təşkil olunan dünya çempionatına çox yaxşı hazırlaşmışdım. Bir neçə ölkədə təlim-məşq toplanışında iştirak etmişdik. Bu hazırlıqlar da yarışda öz bəhrəsini verdi. Nəticədə, komandamız Qazaxıstandan vətənə üç medalla döndü. İki qızıl və bir bürünc medal qazanmaqla komanda hesabında üçüncü yerə layiq görüldük. Bu göstərici ilə Rusiya kimi ölkəni geridə qoymağı bacardıq. Əldə olunan nəticə ölkə idmanının, boksumuzun uğuru deməkdir. Toplanış çərçivəsində hər gün üç dəfə gərgin məşqlər edirdik. Yarışa hazırlığı Qazaxıstanda keçdim. Burada dünyanın ən güclü boks ölkələri olan Kuba, İrlandiya Qazaxıstan boksçuları ilə birgə hazırlaşırdım. Bu isə bizim həm texniki, həm də taktiki təcrübələrimizin artmasında kömək oldu. Ölkəmizdə isə Qəbələdə təlim-məşq toplanışında iştirak etdik. Burada da yarışa hazırlaşmağımız üçün çox gözəl şərait var idi.

- Yəqin ki, göstərdiyin nəticə məşqçilərinin gərgin əməyi sayəsində əldə olunub...
- Əlbəttə. Dünya çempionatında uğurlu nəticə qazanmağımda məşqçilərimin xüsusi rolu var. Şəxsi məşqçim Yadigar Məmmədova və digər məşçilərə minnətdarlığımı bildirirəm. Onların sayəsində mən qızıl medala layiq görüldüm. Hər dəfə məşqlərdə Yadigar müəllim mənə xüsusi diqqət göstərirdi. Sevinirəm ki, onun da zəhməti bəhrəsiz qalmadı.



- Dünya çempionatında keçirdiyin döyüşləri necə xatırlayırsan? Çətinlik çəkmədin ki?
- Turnir ərzində 6 görüş keçirdim. Qeyd edim ki, bu, indiyə qədər keçirilən dünya çempionatlarında görünməmiş bir hal idi. Yəni bu vaxta kimi ən çox 5 döyüş keçirilib. Mənim mübarizə apardığım 56 kq çəki dərəcəsində idmançılar çox olduğundan 6 görüş keçirməli oldum. Onu da deyim ki, turnirdə dünyanın 130 ölkəsindən ən güclü boksçular iştirak edirdilər. Şükürlər olsun ki, rəqiblərimin çox güclü olmasına baxmayaraq Almatıda qızıl medal qazandım.
Çempionatda ilk rəqibim Tacikistan boksçusu idi. Görüşdə inamlı qələbə qazandıqdan sonra növbəti mərhələyə vəsiqə əldə etdim. Bu mərhələdə isə dünya çempionu, Avropa üçüncüsü və London - 2012 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, monqolustanlı idmançı ilə qarşılaşdım. Bu döyüşdə də rəqibimi məğlub etdim. Üçüncü döyüşümdə isə Keniya idmançısı üzərində 2:1 hesabı ilə qələbə qazandım. Daha sonra Hindistan və Qazaxıstan boksçularına qalib gələrək finala yüksəldim. Yarımfinalda qazaxıstanlı rəqibim Kayrat Yaralıyev üzərində qazandığım qələbə final döyüşünü uğurla keçirəcəyimə inam yaratdı. Həlledici döyüşdə Rusiya idmançısı Vladimir Nikitin ilə qarşılaşdım. Bu görüşdə rəqibimə 3:0 hesabı ilə qalib gəlməklə Almatıda himnimizi səsləndirdim, bayrağımızı yüksəklərə qaldırdım. Bu həm mənim, həm də xalqımızın böyük uğurudur.

- Bildiyimizə görə, finalda qarşılaşdığın idmançı ilə ikinci dəfə idi üz-üzə gəlirdin.
- Bəli. Həlledici mərhələdə döyüşdüyüm idmançı Vladimir Nikitinlə daha əvvəl də görüşmüşdüm. 2011-ci ildə Volqoqrad şəhərində keçirilən çempionada onunla qarşılaşmışdım. Həmin görüşdə də rəqibim üzərində qələbə qazanmışdım.

- Keçirdiyin döyüşlərdə sənə nə stimul verirdi?
- Qeyd etdiyim kimi, yarışa yüksək səviyyədə hazırlaşmışdım. Keçirdiyim gərgin məşqlər məndə çempionluğa özüməinam yaradırdı. Hər dəfə rinqə çıxanda yarışa hazırlığımı, məşqlərdə çəkdiyim əziyyətləri gözümün qabağına gətirirdim. Düşünürdüm ki, bu qədər əziyyət hədər getməsin. Bunlar da mənə qızıl medal qazanmağımda stimul verdi. Etiraf edim ki, yarışdan əvvəl çempion olmağı qarşıma əsas məqsəd qoymuşdum. Şükürlər olsun ki, istəyimə nail oldum.

- Boksla neçə yaşından məşğul olursan?
- 8 yaşımdan idmanla məşğulam. Düzdür, həmin yaş dövrlərimdə döyüşmür, yüngül məşqlər edirdim. 13 yaşımdan rinqə çıxmağa başladım. Ailəmizdə atam boksla məşğul olub. Elə mənə də boksa həvəs atamdan keçib. Kiçik yaşlarımdan atamın boks əlcəkləri ilə məşqlər edirdim. Atam boksçu kimi yetişməyimdə böyük rol oynayıb. Yeri gəlmişkən deyim ki, Qazaxıstanda final görüşünə çıxdığım gün atamın ad gününə təsadüf edirdi. Çempion olmaqla atama gözəl hədiyyə etdim.

- Çempion kimi qayıdanda ölkəmizdə necə qarşılandın?
- Bizi Bakıda çox gözəl qarşıladılar. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında bizi media nümayəndələri və geniş azarkeş kütləsi qarşıladı. Həmin vaxt bir daha dərk etdim ki, çempion olmaq, öz dövlətinin idman şərəfini ləyaqətlə qorumaq, sənə olan etimadı doğrultmaq çox gözəl hissdir.

- Keçirdiyin döyüşlər arasında ən çətini hansı oldu?
- Dünya çempionatında zəif rəqib olmur. Bura dünyanın ən güclü ölkələri ən güclü heyətlə gəlirlər. Mənim iştirak etdiyim çəki dərəcəsində yetərincə güclü idmançılar var idi. Yəni hansısa idmançını zəif saymaq olmaz. Rəqiblərimin hər biri çox güclü və titullu boksçular idi. Buna baxmayaraq öz çəki dərəcəmdə dünyanın ən güclüsü oldum.



- Final döyüşündən qabaq nə kimi hisslər keçirirdin?
- Həlledici döyüşə çıxmazdan əvvəl yalnız qələbə barəsində düşünürdüm. Finala qədər keçirdiyim 5 döyüşdə qələbə qazanmağım məndə özüməinamı daha da artırmışdı. Çempionluğa çox yaxın idim. Heç bir idmançı istəməz ki, çempionluğun bir addımlığında qızıl medalı əldən versin. Mən bu şansı əldən vermədim və soyuqqanlı şəkildə döyüşdüm.

- Artıq dünya çempionusan. Gərgin yarışdan sonra növbəti məşqlərə nəvaxt başlayırsan?
- Bu yarış artıq keçmişdə qaldı. İndi növbəti turnirlər barəsində düşünmək lazımdır. Yaxın zamanda məşqlərə başlayacağam. Əsas məqsədim 2015-ci ildə Bakıda təşkil olunacaq I Avropa Oyunlarında çempion olmaqdır. 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək yay Olimpiya oyunlarının qalibi olmaq üçün də də əlimdən gələni edəcəyəm.

- Bu dünya çempionatında ilk dəfə idi ki, boksçular dəbilqəsiz döyüşürdülər. Bu cür yarışmaq səndə hər hansısa bir çətinlik yaratmadı ki?
- Xeyr. Əksinə, dəbilqəsiz döyüşəndə idmançı üçün rahat olur. Düzdür, dəbilqə döyüş zamanı idmançını zədələrdən qoruyur. Lakin mənim üçün dəbilqəsiz döyüşmək rahat idi. Dəbilqəsiz döyüşəndə rəqibi daha yaxşı hiss edir, zərbələri isə daha effektli vura bilirdim. Dəbilqənin ləğvi boksun gözəlliyini daha da artırır.
Hürrü Abdullayev
Azər Əlizadə