Ölkəmizdə paralimpiya oyunlarından söhbət açılanda ilk növbədə İlham Zəkiyev yada düşür. İkiqat paralimpiya çempionumuz iştirak etdiyi bütün yarışlarda medal qazanır. London Paralimpiya Oyunlarında çıxış edən İlham orada bürünc medala layiq görüldü. Bugünlərdə redaksiyamızın qonağı olan tanınmış cüdoçumuz keçdiyi idman yolu, əldə etdiyi nəticələr və Londondakı çıxışı ilə bağlı suallarımızı cavablandırdı.
- İlham, idmana gəlişini necə xatırlayırsan?
- İdmana marağım kiçik yaşlarımdan olub. 11 yaşımdan 14 yaşımadək sərbəst güləşlə məşğul olmuşam. Bu illər ərzində şəhər çempionu olmağla yanaşı bir neçə yarışda mükafatalayiq yerlər tutmuşam. Respublika çempionatında 83 kq çəki dərəcəsində üçüncü yeri qazandım. Sonra qardaşımın sayəsində cüdo ilə məşğul olmağa başladım. Sumqayıtda Mehdi Hüseynzadə adına stadionda Əhməd Rəcəblinin rəhbərliyi altında cüdo üzrə ilk məşqlərimi etdim. Çox qısa müddət ərzində respublikadaxili yarışlarda uğurlarım oldu. Dəfələrlə şəhər çempionu və respublika mükafatçısı olmuşam. 1998-ci il iyun ayında Azərbaycan kuboku uğrunda turnirdə çıxış etdim. Bundan bir ay sonra həqiqi hərbi xidmətə çağrıldım. İdmançı olduğum üçün məni kəşfiyyat taboruna seçdilər. 1999-cu ili fevral ayının 4-də isə Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndi istiqamətində döyüş tapşırığını yernə yetirərkən düşmən snayperinin gülləsinə tuş gəldim. Güllə sol gicgahımdan daxil oldu sağ gicgahımdan çıxdı. 3 gün koma vəziyyətində qaldım. Həkimlər sağ qalacağıma ümüd etmirdilər. Sonra anamın səsinə koma vəziyyətindən ayıldım. Ayılanda hər tərəf qaranlıq idi. Görmə qabiliyyətimi itirmişdim. Beləliklə, evə I qrup Qarabağ müharibəsi əlili kimi döndüm. 2002-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Moskvada müayinə olunmaq üçün mənə şərait yaratdı. Təəssüf ki, həkimlərin cəhdi nəticəsiz qaldı. Bundan sonra Gənclər və İdman Nazirliyinin şöbə müdiri Tağı Tağıyev mənə paralimpiya ilə məşğul olmağı məsləhət gördü. Həmin ilin noyabr ayından Mehdi Hüseynzadə adına stadionda Əhməd Rəcəblinin başçılığı altında yenidən məşqlərə başladım. Lakin bu dəfə paralimpiyaçı kimi. O cür zədədən sonra ilk günlər tatamiyə alışmaq bir qədər çətin idi. Amma bütün çətinliklərə baxmayaraq, bunu bacardım. 2003-cü ilin avqust ayında Kanadada keçirilən dünya çempionatında iştirak etdim. Bu dünya çempionatı Afina-2004 Yay Paralimpiya Oyunlarına lisenziya verən yeganə yarış idi. Həmin yarışda birinci, onuncu yeri tutan idmançılar Afina Paralimpiya Oyunlarına lisenziya qazanırdılar. Bu yarışlarda bürünc medal qazanaraq Afina Paralimpiya Oyunlarına lisenziya əldə etdim. Afina-2004 Yay Paralimpiya Oyunlarında isə qızıl medal qazanaraq ilk dəfə paralimpiya çempionu tituluna layiq görüldüm. Mən öz işimlə fəxr edirəm. Hər dəfə Azərbaycanın bayrağı yüusəklərə qalxanda, himni səslənəndə qürur hissi keçirirəm.
- Etiraf edək ki, hamı səndən Londonda qızıl medal gözləyirdi. Amma üçüncü oldun. Öz çıxışını necə qiymətləndirərdin?
- London Paralimpiya Oyunlarında daha yaxşı nəticə əldə edə bilərdim. Amma bu, idmandır. Ən əsası odur ki, vətənə medalla qayıtdım. Çəkilən zəhmət hədər getmədi. Yəni demək istəyirəm ki, öz çıxışımdan razıyam.
"Paralimpiya oyunlarında qazanılan hər bir medal qələbədən xəbər verir"
- Hansı görüşlər sənin üçün daha çətin oldu?
- London Paralimpiya Oyunlarında keçirdiyim bütün görüşlər çətin keçdi. Püşkatmadan sonra dəqiqləşdi ki, ən güclü idmançılar məhz mənim yer aldığdm qrupda mübarizə aparacaqlar. Onu da qeyd edim ki, digər qrupdan finala Pekin Paralimpiya Oyunlarının finalında məğlub etdiyim çinli idmançı yüksəldi. Birinci görüşümdə püşkatmanın nəticəsinə əsasən rusiyalı cüdoçu Qaydar Qaydarovla qarşılaşdım. Mən artıq altıncı dəfə idi ki, onunla görüşürdüm. Rusiyalı rəqibimi bu görüşdə də məğlub etməyi bacardım. İkinci qarşılaşmada yaponiyalı idmançı Masaki Kyento ilə üz-üzə gəldim. Həmin idmançıya eçən il Dünya kubokunun finalında məğlub olmuşdum. Təəssüf ki, bu dəfə də yaponiyalıya uduzdum və bürünc medal uğrunda təsəlliverici görüşlərdə mübarizəmi davam etdirdim. Təsəlliverici görüşdə kanadalı Toni Valbeylə üz-üzə gəldim. Həmin idmançını ippon fəndi ilə məğlub etdim. Sonuncu görüşdə isə braziliyalı Uliams Silva ilə qarşılaşdım. Qeyd edim ki, bu idmançı ilə ilk dəfə idi ki, üz-üzə gəlirdim. Braziliyalı idmançı və məşqçilər mənə qarşı çox ciddi hazırlaşmışdılar. Hətta mənim görüşümü izləyib, icra etdiyim fəndləri yaxşı təhlil etmişdilər. Amma bütün bu hazırlıqlar rəqibimin köməyinə çatmadı. Yekunda həmin idmançını da ippon fəndi ilə məğlub edərək London Paralimpiya Oyunlarının bürünc medalına sahib oldum. Bununla da iştirak etdiyim üçüncü paralimpiya oyunlarından vətənə medalla qayıtdım. Düzdür, Azərbaycan xalqı həmişə məni qızıl medalla qarşılamağa öyrəşib. Amma Paralimpiya oyunlarında qazanılan hər bir medal qələbədən xəbər verir.
- London Paralimpiya oyunlarına yola düşməzdən əvvəl zədəli idin. Bu zədələr paralimpiya oyunlarında çıxışına təsir etmədi ki?
- Aldığım zədə də keçirdiyim görüşlərdə öz təsirin göstərdi. Amma yaponiyalı idmançını zəif cüdoçu hesab etmək olmazdı. Söhbətin əvvəlində də qeyd etdiyim kimi, həmin idmançı ilə keçən il Dünya kubokunun finalında da qarşılaşmışdım və məğlub olmuşdum. Bundan əlavə, həmin idmançının görmə qabiliyyəti də mənim görmə qabiliyyətimdən yaxşı idi. Təsəvvür edin ki, paralimpiya oyunlarında 4 görüş keçirirsən və həmin dörd idmançıdan üçünün görmə qabiliyyəti səninkindən daha yaxşıdır. Qeyd edim ki, gözdən əlillər üçün 3 kateqoriya var. B1 - heç görməyən, B2 - ondan bir az yaxşı görən, B3- normal görənlər. Həmin bu üç kateqoriyaya daxil olan idmançıların hamısı eyni qrupda mübarizə aparırdılar. Bu idmançıların arasında yaponiyalı idmançının görmə qabiliyyəti nisbətən yaxşı idi. İdmançı qalib gəlməyi də, məğlub olmağı da bacarmalıdır. Şükür Allaha ki, zədəli olsam da Azərbaycan paralimpiya yığmasına bürünc medalı qazandıra bildim.
- Özün də qeyd etdin ki, Azərbaycan xalqı səni qızıl medalla qarşılamağa öyrəşib. Bəs, sən bürünc medal qazandığın üçün təəssüf hissi keçirirsənmi?
- Xeyr. Bu idmandır. İdmanda hər şey olur. Bürünc medal qazandığım üçün heç də təəssüflənmirəm. Əsas odur ki, vətənə medalla qayıtdım. İnşallah, 2016-cı ildə Rio-de-Janeyroda təşkil olunacaq XV Yay Paralimpiya Oyunlarından üçqat paralimpiya çempionu kimi dönərəm.
"Hakimlərin köməyi ilə hansısa bir idmançıya nə qalib gəlmişəm, nə də məğlub olmuşam"
- Paralimpiya çempionu olduqdan sonra səni ilk təbrik edən kim oldu?
- Qələbə qazandıqdan sonra məni ilk dəfə tataminin kənarında dayanan məşqçim təbrik etdi. Sonra rəhbərlik və ailə üzvlərim.
- Hakimlərlə bağlı narazılığın olmadı ki?
- Xeyr. Düzdür, ədalət təmsilçiləri komanda yoldaşlarıma qarşı ədalətsiz qərarlar verdilər. Amma mənim mübarizə apardığım görüşdə belə hallar müşahidə olunmadı. Bundan əlavə, mən heç vaxt hakimlərə arxayın olmamışam. Yəni hakimlərin köməyi ilə hansısa bir idmançıya nə qalib gəlmişəm, nə də məğlub olmuşam. Necə deyərlər, hər zaman çalışmışam ki, görüşün taleyini özüm həll edim.
"Uşaqların gözündə ata həmişə çempiondur"
- Mötəbər yarışlardan sonra istirahətini necə keçirirsən?
- İstirahət deyəndə ki, artıq məşqlərə başlamışıq. Yarışlara hazırlaşırıq. Çalışıram ki, Braziliyada keçiriləcək paralimpiya oyunlarında Azərbaycanı yenidən təmsil edim. Afina və Pekin Paralimpiya Oyunlarındakı uğurlarımı təkrarlayaraq medal kolleksiyamı artırmaq istəyirəm. Bizim işimiz hər zaman məşq etməkdir. Məşq etməsək yüksək nailiyyət əldə etmək mümükün olmaz.
- Bakıya qayıdanda hava limanında ailə üzvlərin də səni qarşıladılar...
- Onlar çox sevinirdilər. Uşaqlar üçün o qədər də fərqi yoxdur: medal qızıl və ya bürüncdür. Uşaqların gözündə ata həmişə çempiondur. Oğlum İlkin məktəbə gedir. Qızım Aynurun isə hələ 4 yaşı var.
- Gələcəkdə övladlarının idmanla məşğul olmasını istərdinmi?
- İlkin tez-tez mənimlə məşqlərə gedir. İnşallah, 8-9 yaşına çatandan sonra sərbəst məşq edəcək. Düzdür, onun Avropa, dünya və Olimpiya çempionu olacağını iddia etmirəm. Əlbəttə, belə alınsa lap yaxşı olar. İdman sağlamlıqdır. Yəni İlkinin imanla məşğul olması, ilk növbədə, onun sağlamlığının qorunmasına xidmət edəcək.
- Afina, Pekin və London Paralimpiya Oyunlarında iştirak etmisən. Bu üç paralimpiya oyunlarını müqayisə etdikdə hansı fərqli cəhətlərlə üzləşirsən?
- Afina-2004 Yay Paralimpiya Oyunlarında ilk dəfə idi ki, Azərbaycan Respublikası cüdo idman növü üzrə təmsil olunurdu. Həmin yarışda məsuliyyət mənim üzərimə düşürdü. Çünki cüdo komandasında tək mən mübarizə aparırdım. 2004-cü il sentyabrın 20-də qədim Ellada torpağında Azərbaycanın himni səsləndi, bayrağı qalxdı. London Paralimpiya oyunları da digər paralimpiya oyunlarından üstün cəhətləri və çatışmazlıqlarına görə fərqlənirdi. Məsələn, bizim yaşadığımız otaqlar çox kiçik idi. Şərait normal deyildi. Nəqliyyatın işi də çox aşağı səviyyədə təşkil olunmuşdu. Fikrimcə, London Paralimpiya Oyunlarını Pekinlə müqayisə etmək düzgün olmazdı.
- Hansı ölkənin milli mətbəxi sənin üçün daha əzizdir.
- Mən bir çox xarici ölkələrdə yarışlarda olmuşam. Bu səbəbdən də deyə bilərəm ki, Azərbaycan mətbəxində bişirilən yeməklərə heç yerdə rast gəlməzsən. Hər dəfə yarışdan evə qayıdanda anama zəng edib plov və dovğa bişirməsini xahiş edirəm. Ən sevdiyim yemək mətbəximizin şahı olan plovdur.
- Digər paralimpiyaçılarımız da qeyd edirlər ki, İlham Zəkiyevin uğurlu çıxışından sonra Paralimpiya Hərəkatına qoşulmuşuq. Səncə, buna səbəb nədir?
- Çünki paralimpiya oyunlarında cüdo üzrə Azərbaycan yığma komandasını ilk dəfə mən təmsil etmişəm. Bu səbəbdən də ilk "pioner" mən olmuşam. Azərbaycan paralimpiya cüdosunun yaranması məhz noyabrın 1-nə təsadüf edir. İnşallah, bu il noyabrın 1-də Azərbaycan paralimpiya cüdosunun yaranmasının 10 illlik yubileyi qeyd ediləcək. Bu 10 il ərzində Azərbaycan paralimpiyaçıları 8 qızıl medal əldə ediblər. Bunlardan ikisi mənim, biri Ramin İbrahimovun, digəri isə Afaq Sultanovanın hesabındadır. Bundan əlavə, komandamız iki gümüş və iki bürünc medal da qazanıb.
- Londondan qayıtdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Tərəqqi" medalına layiq görüldün.
- Azərbaycan Prezidenti bizə yüksək səviyyədə diqqət və qayğı göstərir. Cənab Prezidentimizin "Tərəqqi" medalı ilə təltif etməsi məni yeni qələbələrə ruhlandırır. Onu da qeyd edim , 2008-ci il dekabr ayında 26-da Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə mənə "Şöhrət" ordeni verilmişdi.
- Üç dəfə paralimpiya oyunlarının iştirakçısı olmusan. Qazandığın medallardan sənin üçün ən dəyərlisi hansıdır?
- Təbii ki, Afina-2004 Yay Paralimpiya Oyunlarında qazandığım medal. Afinada ilk dəfə mötəbər yarışda iştirak etdiyimə görə, burada qazandığım medal mənim üçün daha dəyərlidir. Pekin Paralimpiya Oyunlarına isə titulumu qorumaq üçün yollanmışdım və bunu da bacardım. Londonda qazandığım bürünc medal isə mənim üçün qızıl medala bərabərdir. Bundan əlavə, mənim üçün fərəhləndirici bir hadisə də odur ki, Pekin və Londonda komandanın bayraqdarı mən idim. Mən bununla fəxr edirəm.
- Londona yollamazdan əvvəl təlim məşq-toplanışlarını harada keçirmisən?
- Londona yollamazdan əvvəl bir neçə dəfə milli Olimpiya komandası ilə birlikdə təlim-məşqlərdə iştirak etdim. Bunun üçün də Cüdo Federasiyasının rəhbərliyinə təşəkkürlərimi bildirirəm. Biz Çexiya, Antalya və İspaniyanın Barselona şəhərində təlim-məşq toplanışlarında iştirak etdim. Həmin məşq toplanışlarında olimpiyaçılarla birgə məşqlər etdim və hazırlıq səviyyəmi artırdım. Azərbaycanda isə İsmayıllı Olimpiya İdman Kompleksində təlim- məşq oldum. Hazırlıqlarımız çox yüksək səviyyədə keçdi. Məşqçi-müəllimlərimizi Əhməd və İbrahim müəllimin zəhmətini qeyd etmək istəyirəm. Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimova təşəkkürlərimi bildirirəm. Bizə hər zaman yardımçı olduqları üçün Neftçi İdman Sağlamlıq Mərkəzinə, "BP-Azərbaycan" və "Azərcell" şirkətinə minnətdaram.
- Psixoloji baxımından yarışlara özünü necə hazırlamışdın?
- Psixoloji baxımından hər şey çox əla idi. Mən heç vaxt psixoloji cəhətdən əziyyət çəkməmişəm. Rəqiblərim bilirdilər ki, ikiqat paralimpiya, dörtqat Avropa və ikiqat dünya çempionu ilə görüşürlər. Bu baxımdan onlar psixoloji cəhətdən çətinlik çəkirlər.
- Ölkəmizdə cüdonun inkişafı ilə bağlı nə deyə bilərsən?
- Ölkəmizdə cüdonun inkişafı göz qabağındadır. Bunu qazanılan medallardan da görmək olar. Azərbaycan paralimpiya yığması London Paralimpaiya Oyunlarında 7 cüdoçu (6 kişi, bir qadın ) ilə təmsil olunurdu. 7 idmançıdan 2-si iki qızıl medal qazandı. Mən isə bürünc medalı komandanın aktivinə yazdırdım. Dünya ölkələri arasında ümumilikdə komanda hesabında Azərbaycan cüdo üzrə paralimpiya yığması dördüncü yeri tutdu.
- Paralimpiya oyunlarında komanda yoldaşlarının hansından medal gözləyirdin?
- Azərbaycan yığmasının hər bir üzvü medal qazanmağa layiq idi. Fikrimcə, bütün Azərbaycan xalqı Oluxan Musayevdən medal gözləyirdi. Amma alınmadı. Oleq Panyutin də yüksək hazırlıq keçmişdi. Təbii ki, Oleqdən də medal gözləyirdim. Cüdoçulardan Ramin İbrahimov və Afaq Sultanovanın medal qazanacağına inanırdım. Üzgüçümüz Natali Proninadan 4 qızıl medal gözləyirdim. Təəssüf ki, o, 4 gümüş və1 qızıl medal qazandı.Təbii ki, bu nəticəni də istənilən halda uğurlu nəticə hesab etmək olar.
- Hobbin varmı?
- Boş vaxtlarımı ailəmlə, dostlarımla birgə keçirməyə çalışıram. Musiqiyə qulaq asıram. Xarici ölkədə olanda Azərbaycan mahnılarını, xüsusilə də, Tünzalə Ağayevanın "İgidlər", Samirənin "Qələbə" mahnısına qulaq asmağı xoşlayıram. Bu musiqilər məni qələbəyə ruhlandırır.
- Şəxsi həyatında ən böyük arzun nədir?
- Ən böyük arzum Olimpiya oyunlarında mübarizə aparmaqdır.
- Kumirin varmı?
- Kumirim qardaşımdır. Mənim idmana gəlişimdə onun müstəsna rolu olub.