Ölkəmizin güclü idman potensialına və maddi-texniki bazaya malik olması, təmsilçilərimizin dünya və Avropa çempionatlarında, Olimpiya oyunları kimi mötəbər yarışda misilsiz qələbələr qazanmaları Azərbaycanı dünyada idman ölkəsi kimi tanıdıb, respublikamızı beynəlxalq idman yarışlarının mərkəzinə çevirib. Ölkəmizdə idmana və Olimpiya Hərəkatına dövlət səviyyəsində göstərilən diqqət və qayğının nəticəsidir ki, Azərbaycan beynəlxalq idman aləmində böyük nüfuz qazanıb. Təsadüfi deyil ki, Bakı 2015-ci ildə tarixdə ilk dəfə I Avropa Oyunlarına, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. 2013-cü il Azərbaycan idmanı üçün bir sıra əlamətdar hadisələrlə yadda qaldı. Atletlərimiz ayrı-ayrı idman növləri üzrə müxtəlif mötəbər yarışlarda yüksək nailiyyətlər əldə etdilər. İdmançılarımız Utrextdə keçirilən Avropa Yeniyetmələrinin Olimpiya Festivalı, Kazanda təşkil olunan Tələbələrin Ümumdünya Yay Universiadası, İndoneziyanın Palembanq şəhərində keçirilən III İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışlarda ölkəmizin idman şərəfini layqincə qorudular. Bundan başqa, atletika, boks, cüdo, güləş, gimnastika, taekvondo kimi Olimpiya idman növlərində müxtəlif yaş qrupları üzrə təmsilçilərimiz Avropa və dünya çempionatları və başqa beynəlxalq yarışlarda uğurlar qazandılar.
Bu ilin əlamətdar hadisələrindən biri də Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadənin Avropa Olimpiya Komitəsinin (AOK) İcraiyyə Komitəsinə üzv seçilməsi oldu. Bu qərar noyabrın 22-23-də İtaliyanın paytaxtı Roma şəhərində keçirilən AOK-un 42-ci Baş Assambleyasında öz təsdiqini tapdı. Bu uğurun əldə olunması bir daha onu təsdiqləyir ki, ölkəmizə beynəlxalq idman qurumları tərəfindən böyük etimad göstərilir. Qeyd edək ki, Assambleyada həmçinin Bakı-2015 I Avropa Oyunlarının rəsmi loqosu təqdim olundu və AOK-un növbəti, 43-cü Baş Assambleyasının Bakıda keçirilməsi ilə bağlı qərar qəbul edildi. Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə ilə görüşərək AOK-un İtaliyada keçirilən Baş Assambleyası, 2013-cü ildə Azərbaycan idmanında əldə olunmuş uğurlar, ölkəmizdə təşkil ediləcək Avropa Oyunlarına hazırlıq barədə ətraflı söhbət etdik.
- Çingiz müəllim, əvvəlcə Sizi Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinə üzv seçilməyiniz münasibətilə təbrik edirik. Əlbəttə ki, bu, beynəlxalq idman qurumları tərəfindən ölkəmizə göstərilən etimadın nəticəsidir.
- Olimpiya Hərəkatının aparıcı strukturlarından biri olan Avropa Olimpiya Komitəsi tərəfindən bizə göstərilən etimad bütün Azərbaycanın uğurudur. Avropa qurumunun İcraiyyə Komitəsinə azərbaycanlı nümayəndənin seçilməsi Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin ölkə idmanına göstərdiyi diqqət və qayğıya, respublikamızda bu sahədə əldə olunan uğurlara verilən qiymətdir. Bu, bir daha ölkəmizdə idmanın və Olimpiya Hərəkatının yüksək səviyyədə inkişafını təcəssüm etdirir. Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınıb. Bu baxımdan, ölkəmizin beynəlxalq idman qurumlarında təmsil olunması respublikamızda idmanının inkişafının məntiqi nəticəsidir.
- AOK-un İtaliyada keçirilən Baş Assambleyasında Bakı-2015 I Avropa Oyunlarının rəsmi loqosu da təqdim olunub. Ölkəmizdə təşkil ediləcək mötəbər idman yarışına az müddət qalır. Bununla bağlı hazırlıq işləri necə gedir?
- 2015-ci ildə tarixdə ilk dəfə ölkəmizdə keçiriləcək I Avropa Oyunlarına hazırlıq işləri davam etdirilir. Yarışların keçirilməsi üçün nəzərdə tutulan mövcud idman obyektlərində təmir və bərpa işləri aparılır, yeniləri isə inşa edilir. Qeyd edim ki, gimnastika kompleksi, demək olar ki, hazırdır və orada son tamamlama işləri həyata keçirilir. Hətta gimnastika üzrə yığma komandamız artıq bu idman obyektində məşqlərə də başlayıb. Kompleks gələn ilin əvvəlində təhvil veriləcək. Atıcılıq mərkəzinin inşası böyük sürətlə aparılır. Bu obyekt də gələn il tam hazır olacaq. Su idman kompleksi və Olimpiya stadionunun tikintisi isə 2015-ci ilin əvvəlində başa çatacaq. I Avropa Oyunlarına hazırlıq planına əsasən, idman obyektləri yarışlara bir neçə ay qalmış təhvil verilməlidir. Ondan sonra bu obyektlərdə sınaq yarışları keçirilməlidir.
- Çingiz müəllim, yarışların proqramı tam təsdiqlənib. Ancaq bir neçə idman növü ilə bağlı məsələlərə tam aydınlıq gəlməyib.
- Avropa Oyunlarının proqramında 18 idman növü yer alıb. Yalnız atletika idman növü məsələsində mübahisəli məqamlar var. Bu növün proqrama salınması ilə bağlı müzakirələr davam edir. Atletika idmanın "şahzadəsi”dir. Qədim və müasir Olimpiya oyunlarının proqramında yer alan bu idman növünün Avropa Oyunlarının proqramına salınmaması olimpizm ideyalarına zidd olardı. İnanıram ki, atletika 2015-ci ildə keçiriləcək Avrpopa Oyunlarının proqramına daxil ediləcək. Digər mübahisəli məqam ağırlıqqaldırma ilə bağlıdır. Qeyd edim ki, bu idman növünün proqrama daxil edilməsi şansları çox azdır. Bildiyiniz kimi, idman növlərinin sayı artdıqca yarış iştirakçılarının da sayı artır. Belə olan halda onların yerləşdirilməsi ilə bağlı problemlər meydana çıxır. Sözsüz ki, bu da istər-istəməz oyunların büdcəsinə öz təsirini göstərir. Digər tərəfdən, proqrama nəzərdə tutulduğundan daha çox idman növünün daxil edilməsi əlavə idman obyektlərinin yaradılmasını tələb edir. Ağırlıqqaldırma yarışlarını keçirmək üçün xüsusi idman arenası olmalıdır. Bu növün başqa bir idman növü ilə eyni idman obyektində təşkili mümkün deyil.
- Ev sahibi kimi Azərbaycan hansı idman növlərinin Avropa Oyunlarının proqramına daxil edilməsinə nail olub?
- Təşkilatçı ölkə kimi oyunların proqramına daxil edilən idman növlərinin əksəriyyəti bizim tərəfimizdən təklif edilib. Avropa Oyunlarının keçirilməsi ilə bağlı AOK-la müqavilə imzalanarkən 15 idman növünün proqrama salınması qərara alındı. Bununla bağlı məsələ Avropa Olimpiya Komitəsinin nümayəndələri ilə birgə müzakirə edilmişdi. Azərbaycan proqrama, əsasən, ölkəmizdə yüksək səviyyədə inkişaf edən güləş, boks, cüdo, gimnastika və s.kimi idman növlərinin daxil edilməsini tələb etmişdi. Bununla yanaşı, Azərbaycan tərəfi ölkəmizdə zəif və yaxud inkişaf etməyən idman növləri olan su polosu, triatlon, velosiped və s. idman növlərinin proqrama daxil edilməsinə etirazını bildirməmişdi.
- Olimpiya kəndində hazırlıq işləri necə gedir?
Olimpiya kəndində işlər artıq başa çatmaq üzrədir. Orada təmir işləri aparılır. Gələn ilin iyun ayında Yeniyetmələrin II Yay Olimpya Oyunlarına lisenziya xarakterli atletika yarışı ölkəmizdə keçiriləcək. Bu yarışda 1000 nəfər idmançı iştirak edəcək. Olimpiya kəndini sınaqdan keçirmək məqsədi ilə biz yarış iştirakçılarını orada yerləşdirməyi planlaşdırırıq. Olimpiya kəndində qidalanma, onlara tibbi xidmət və nəqliyyat məsələləri də sınaqdan keçiriləcək. Bundan başqa, gələn il bədii gimnastika üzrə Avropa çempionatı da Bakıda təşkil olunacaq. Qitə çempionatının iştirakçıları da Olimpiya kəndində yerləşdiriləcəklər.
- Avropa Oyunlarında bəzi idman növləri üzrə keçiriləcək yarışlar Rio-de-Janeyro-2016 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Bu hansı idman növlərinə aiddir?
- Proqrama daxil edilən hər hansı Olimpiya idman növü üzrə yarışın lisenziya xarakterli olması ilə bağlı müzakirələr davam edir. Bildiyiniz kimi, elə idman növləri var ki, Olimpiya oyunlarına lisenziya qazanmaq üçün idmançılar reytinq xalı toplamalıdırlar. Bəzi idman növlərində isə lisenziyalar təsnifat yarışlarında qazanılır. Çalışırıq ki, bu və ya digər formada Avropa Oyunlarında yarışlar Olimpiya idman növləri üzrə Rio-de-Janeyroya lisenziya xarakteril olsun. Düşünürəm ki, 10-dək idman növü üzrə yarışların lisenziya xarakterli olması mümkündür.
- Çingiz müəllim, ölkəmizdə təşkil ediləcək IV İslam Həmrəyliyi Oyunlarının proqramında hansı idman növləri yer alacaq?
- 2017-ci ildə ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə hazırlaşmaq üçün kifayət qədər vaxtımız var. Hələ ki, oyunların proqramı təsdiq olunmayıb. Bununla belə 6-ya yaxın idman növü var ki, onların oyunların proqramına salınması mütləqdir. Bu idman növlərinə atletika, üzgüçülük, futbol, basketbol və s. daxildir. Ümumilikdə isə proqrama 15-18 idman növünün daxil edilməsi planlaşdırılır. Biz çalışırıq ki, proqrama daxil ediləcək növlər Azərbaycanda inkişaf etmiş idman növləri olsun. Təşkilatçı ölkə kimi biz proqrama paralimpiya növü üzrə iki növün daxil edilməsini istəyirik. Biz para taekvondo, para cüdo və ya para atletika idman növləri arasında seçim edəcəyik. Bu idman növləri üzrə təmsilçilərimiz beynəlxalq yarışlarda yüksək nəticələr göstərirlər. Qeyd edim ki, ölkəmiz ev sahibi kimi bu yarışda proqrama daxil ediləcək bütün idman növləri üzrə tam heyətlə təmsil olunacaq. Bu, bizə əlavə üstünlük verəcək. Ümid edirəm ki, Azərbaycan yığması IV İslam Həmrəyliyi Oyunlarında ümumi hesabda birinci yerə çıxacaq.
- Ölkəmiz yay Olimpiya oyunları ilə yanaşı, qış Olimpiya oyunlarında da təmsil olunur. Soçi-2014 Qış Olimpiya Oyunlarına çox az qalıb. Bununla bağlı hansı hazırlıq işləri görülür?
- 2014-cü ildə Rusiyanın Soçi şəhərində keçiriləcək XXII Qış Olimpiya Oyunlarına lisenziya yarışları hələ davam edir. Azərbaycan idmançılarının artıq 4 lisenziyası var və lisenziyaların sayının artması gözlənilir. Azərbaycan müstəqil ölkə kimi Olimpiya oyunlarında təmsil olunduğu vaxtdan hər dəfə yay və qış olimpiadalarında iştirak edir. Etiraf edək ki, bu qış olimpiadasında idmançılarımızdan medal gözləmirik. Çünki cənub ölkəsi olduğumuza görə qış idman növləri üzrə hazırlıqla bağlı müəyyən problemlərlə üzləşirik. Amma qış idman növlərinin ölkəmizdə inkişafı üçün dövlət səviyyəsində tədbirlər həyata keçirilir. Bildiyiniz kimi, hazırda Qusarda qış idman növləri ilə məşğul olmaq üçün kompleks tədbirlər görülür.
- Çingiz müəllim, gələn il Çində Yeniyetmələrin II Yay Olimpiya Oyunları keçiriləcək. Bununla bağlı müəyyən işlər görülürmü?
- Yeniyetmələrin Olimpiya oyunlarına lisenziya yarışları böyüklər arasında keçirilən Olimpiya oyunlarından fərqli olaraq, tədbirə 4-5 ay qalmiş keçirilir. Buna görə də bu yarışlar üçün xüsusi hazırlıq proqramı yoxdur. Dünya və Avropa çempionatlarına hazırlaşan idmançılar, eyni zamanda, bu yarışlara da hazırlaşırlar.
- Başa çatmaqda olan ili ölkə idmanı və Olimpiya Hərəkatı üçün necə qiymətləndirirsiniz?
- Hər il olduğu kimi, 2013-cü il Azərbaycan idmanı və Olimpiya Hərəkatı üçün uğurlu olub. Müxtəlif idman növləri üzrə keçirilən dünya və Avropa çempionatlarında, eləcə də beynəlxalq yarışlarda yüksək nailiyyətlər qazanılıb. Bu il idmançılarımız iki mötəbər idman yarışında- Tələbələrin Ümumdünya Universiadası və III İslam Həmrəyliyi Oyunlarında uğurla çıxış etdilər. Komandamız ümumi hesabında da yaxşı nəticə göstərdi. Medallarımızın say çoxluğu baxımından da bu ili uğurlu və nailiyyətlərlə dolu illərdən hesab etmək olar. Bilirsiniz ki, Olimpiya Hərəkatı yalnız idman yarışlarını əhatə etmir. Buraya bir sıra kütləvi tədbirlər, beynəlxalq görüşlər, olimpizm və Olimpiya idealları uğrunda aparılan təbliğat işləri də daxildir. Yola salmaq üzrə olduğumuz ildə Azərbaycanda Olimpiya Hərəkatının inkişafı istiqamətində bir sıra işlər görülüb. 2013-cü il həm də Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq baxımından əhəmiyyətli oldu. Bu mötəbər tədbirlərin ölkəmizdə təşkili ilə bağlı Avropa Olimpiya Komitəsi və İslam Həmrəyliyi İdman Federasiyasında yüksək səviyyəli təqdimetmə mərasimləri keçirilib.
Səadət Hakıyeva,
Aysel Sultanova