Bu gün Azərbaycan dünyanın ən aparıcı güləş ölkələri sırasındadır. Statistik rəqəmlərə nəzər salsaq görərik ki, dünyanın ən möhtəşəm idman tədbiri olan Olimpiya oyunlarında əldə etdiyimiz qələbələrin əksəriyyəti məhz güləş növünün payına düşür. Azərbaycan idmançılarının qatıldıqları Olimpiya oyunlarının tarixinə nəzər yetirsək, bunu daha aydın görə bilərik. Pəhləvanlarımız son yay Olimpiya oyunlarında uğurla çıxış edərək yüksək nailiyyətlər qazanıblar. Güləş yığmamızın üzvləri 7 medala (2 qızıl, 2 gümüş və 3 bürünc) sahib çıxıblar. London Yay Olimpiya Oyunlarında qadın güləşi üzrə yarışlarda ölkəmizin idman şərəfini qoruyan idmançılardan biri də Mariya Stadnik (48 kq) oldu. Xanım güləşçimiz Londonda uğurla çıxış edərək, olimpiadanın gümüş medalını qazandı. Mariya Stadnik idman və şəxsi həyatı, qazandığı nailiyyətləri ilə bağlı təəssüratlarını bizimlə bölüşdü.
"Uşaqlıq illərində ən böyük arzum tanınmış güləşçi olmaq idi"
- Güləş idman növünə, adətən, kişilər daha çox həvəs göstərirlər. Yəni bu növdən söz düşəndə insan istər-istəməz kişilər barədə düşünməli olur. Şübhəsiz ki, adlı-sanlı qadın güləşçilər də az deyil. Səni də onlardan biri hesab etmək olar. Maraqlıdır, necə oldu ki, həyatını idmana, daha doğrusu, güləşə həsr etdin?
- Bilirsiniz ki, idman, o cümlədən güləş müxtəlif təbəqələrdən olan insanları əhatə edir. Bu sahədə yaş həddi və cins fərqi yoxdur. Bu gün dünyanın bütün ölkələrində qadın idmançılar var və onlar müxtəlif idman növlərində öz sözlərini layiqincə deyiblər. Uşaqlıq illərində ən böyük arzum tanınmış güləşçi olmaq idi. Televiziya vasitəsilə qadın güləşçilərin yarışlarını izləyəndə bu arzum daha da güclənirdi. Güləşə olan həvəsim məni bu növə bağladı. Əlbəttə, qazandığım uğurlar heç də asan başa gəlməyib. İllər ərzində çəkdiyim əziyyətin, zəhmətin bəhrəsini görmüşəm.
- Harada anadan olmusan, uşaqlığın necə keçib?
- Ukraynada kənddə anadan olmuşam. Çox fəal uşaq idim. 11 yaşımda güləşlə məşğul olmağa başladım. Elə ilk gündən məşqçinin verdiyi bütün tapşırıqlara dəqiq əməl etməyə çalışırdım.
"Mənim ən güclü rəqibim elə özüməm"
- Çıxış etdiyin ilk yarışı və qazandığın medalı xatırlayırsanmı?
- Əlbəttə. Mübarizə apardığım ilk turnir doğulduğum kənddə keçirilmişdi. Yarışa çox böyük həvəslə hazırlaşmışdım. Qalib gələcəyimə çox inanırdım. Belə də oldu. İlk qızıl medalı məhz doğulduğum kənddə qazandım. Bu medal mənim üçün uğurlu oldu. Nailiyyətlərim biri-birini əvəz etdi.
- Yəqin ki, kənddə keçirilən turnir səviyyə baxımından o qədər də yüksək olmazdı. Bununla belə, həmin yarışda birinci yerə layiq görülmüsən. Bəs, ilk rəsmi yarışın hansı olub?
- 2003-cü ildə yeniyetmələr arasında Avropa çempionatı keçirilirdi. Mən də həmin turnirdə iştirak etdim. Karyeramın ilk rəsmi yarışında qızıl medal qazandım.
- Deyirsən ki, 11 yaşından güləşdəsən. Əgər iştirak etdiyin yarışları, qarşılaşdığın güləşçiləri bir-bir xatırlasa idin, kimi özün üçün ciddi rəqib sayardın?
- Düşünürəm ki, mənim ən güclü rəqibim elə özüməm.
- İndiyə qədər iştirak etdiyin yarışlarda sənin üçün ən çətini hansı olub?
- Ümumi halda danışsaq, bütün yarışlar çətin olur. Bunun qarşısını almaq üçün ciddi məşq etməlisən. Amma mən 2011-ci ildə keçirilən Avropa çempionatını karyeramın ən çətin turniri kimi xatırlayıram. Qitə çempionatına analıq məzuniyyətindən sonra qatılmışdım. Etiraf edim ki, yarış ərzində çox əziyyət çəkdim.
- Mütəxəssislərin fikrincə, istənilən yarışda psixoloji amil mühüm rol oynayır. Yəni idmançı psixoloji cəhətdən hazır deyilsə, o, qələbə qazana bilməz. Bu barədə sən necə düşünürsən?
- Deyilənlərlə razıyam. Psixologiya istənilən sahədə, o cümlədən idmanda özünü daha qabarıq göstərir. İdmançı hər bir yarışa psixoloji baxımdan hazır olmalıdır. Mən yarışlara hazırlaşarkən, ilk növbədə, nə qədər zəhmət çəkdiyimi hesablayıram. Düşünürəm ki, güclü hazırlaşmışam və rəqiblərim məndən zəifdirlər. Özümü yarışlara psixoloji cəhətdən bu cür kökləyirəm.
- Boş vaxtın olur, yoxsa bütün gününü idman zalında keçirirsən?
- (gülür). Əlbəttə, boş vaxt tapıram. İdmanla məşğul olmaq bütün gününü idman zalında keçirməkdən ibarət deyil. Asudə vaxtlarımda ailəmlə birlikdə olmağa çalışıram.
- Gələcək planların barədə nə deyə bilərsən?
- Hələlik doyunca istirahət etməyi düşünürəm.
"Əsl dost etibarlı,sadiq olmalıdır"
- Hobbin var?
- Parça üzərində muncuqlarla müxtəlif bəzəklər vurmağı xoşlayıram.
- Musiqiyə necə, qulaq asırsan?
- Bütün insanlar kimi, mən də musiqiyə biganə deyiləm. Amma bu, əhval-ruhiyyəmdən asılı olur.
- Mariya Stadnikin əsl dostlarını bir yerə yığsaq, orada neçə nəfər görə bilərik?
- Bilirsiniz, "dost" məfhumu böyük məna ifadə edir. Hər kəsi dost adlandırmaq mümkün deyil. Əsl dost etibarlı, sadiq olmalıdır. Əgər mənim bu keyfiyyətlərə malik olan dostlarımı bir yerə toplasaq, orada həyat yoldaşımı və bacımı görmək olar.
- Həyatda və ya idmanda pərəstiş etdiyin kimsə varmı?
- Xeyr.
"Bu dəfə, bəlkə də,bəxtim gətirmədi"
- Mariya, bir az da Londondan danışaq. Sən dörd il əvvəl Pekində üçüngü olmuşdun. Londonda isə bir pilə irəlilədin. Necə düşünürsən, Olimpiya oyunlarının ən yüksək pilləsindən çoxmu uzaq idin?
- Olimpiya oyunlarında fərqlənmək heç də asan deyil. Bilirsiniz ki, dünyanın ən güclüləri məhz bu yarışda qalib gəlməyə çalışırlar. Qeyd etdiyiniz kimi, Pekində bürünc medala layiq görüldüm. Bu, böyük uğur idi. Londona isə daha ciddi hazırlaşmışdım. Fikirləşirdim ki, bu dəfə Olimpin zirvəsini fəth edəcəyəm. Amma alınmadı. Fəxri kürsünün birinci pilləsi, məncə, o qədər də uzaqda deyildi. Bu dəfə, bəlkə də, bəxtim gətirmədi.
"Gümüş medal qazandığım üçün təəssüflənmirəm"
- XXX Yay Olimpiya Oyunlarında keçirdiyin bütün görüşləri hamımız diqqətlə izləyirdik və inanırdıq ki, Mariya Stadnik Bakıya qızıl medalla dönəcək...
- Bayaq dediyim kimi, olimpiada güclülərin toplaşdığı bir yarışdır. Bununla belə, Londonda qızıl medal qazanacağıma inanırdım. Yarışlara 1/8 finaldan qoşuldum. Bu mərhələdə ABŞ təmsilçisi Lonq Çuni lə qarşılaşdım. Hər iki hissədə rəqibimdən üstün oldum -2:0, 3:0. Növbəti mərhələdə polşalı İvona Matkovskanı 2:0, 4:1 hesabı ilə məğlub etdim. Yarfmfinalda ukraynalı İrini İerleni ilə qarşılaşdım. Bu dəfə də rəiqibimdən üstün oldum (1:0, 3:0). Həlledici qarşılaşmada yaponiyalı Hitomi Obara ilə gücümü sınadım. Birinci hissəni 4:0 hesabı ilə qalib başa vursam da, sonradan qələbəni əldən verərək olimpiadanın gümüş medalına sahib çıxdım (0:1,0:2).
- Londondakı çıxışlarını özün necə dəyərləndirirsən?
- Düşünürəm ki, əldə etdiyim nəticə qənaətbəxşdir. Gümüş medal qazandığım üçün təəssüflənmirəm. Elə idmançılar var ki, karyerası ərzində Olimpiya oyunlarının mükafatçısı olmaq arzusu ilə yaşayırlar. Bu uğur isə hər idmançıya nəsib olmur. Sağlıq olsun, 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya oyunlarından sonra "Olimpiya dünyası" qəzetinə Olimpiya çempionu kimi müsahibə verəcəyəm.
- London-2012-də hakim ədalətsizliyi ilə üzləşmədin ki?
- Düzünü desəm, belə halla qarşılaşmadım. Hakimlər bütün qarşılaşmalarda ədalət nümayiş etdirdilər. Məncə, onlar idmançılara fərq qoymurdular. Hesab edirəm ki, idmançının əldə edəcəyi nailiyyət nadir hallarda hakimlərdən asılı olur. Yarışa tam hazır olan idmançı görüşün taleyini özü həll edir.
- "Dumanlı Albion" da səni birinci kim təbrik etdi?
- Düzünü desəm, ilk təbriki kimdən aldığımı xatırlamıram. Əslində, ətrafımda olanların hamısı məni təbrik edirdi.
"Dolma və plovu çox sevirəm"
- Mətbəxlə aran necədir?
- Yaponiya mətbəxi daha çox xoşuma gəlir. Şübhəsiz ki, Azərbaycan mətbəxi də ürəyimcədir. Dolma və plovu çox sevirəm.
- Uzun müddətdir ki, idmandasan və xeyli medal qazanmısan. Bu medallardan hansını daha üstün tutursan?
- Mənim üçün bütün medallarım qiymətlidir. Çünki onların hər birini qazanmaq üçün gərgin əmək sərf etmişəm. Medallar elə-belə verilmir.
- Səncə, güləşin digər idman növlərindən fərqi nədədir?
- İdmanın bütün növləri fiziki sağlamlıq üçün dəyərlidir. Güləş isə digər növlərdən fərqlənir. Burada idmançının bütün orqanizmi - dırnağından tutmuş başının tükünə qədər hərəkətdə olur. Məncə, güləş sağlamlıq üçün ən yaxşı vasitədir.
- Mariya, hər şeydən danışdıq. Amma heç demədin ki, orta məktəbi necə oxumusan?
- Orta məktəbdə bütün fənlər üzrə yaxşı qiymət almışam. Hazırda ali təhsilliyəm. İxtisasca, pedoqoqam.
- İdman karyeranı başa vurduqdan sonra məşqçi kimi işləmək istərdinmi?
- Bu barədə düşünməmişəm. Mən hələ idmandayam. Əsas məqsədim Olimpiya çempionu tituluna yiyələnməkdir.