Turin-2006

Turin-2006

2006-cı il fevralın 10-da İtaliyanın Turin şəhərində XXI əsrin ikinci Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi keçirilib. Açılış mərasimində 21 ölkənin dövlət başçısı, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqq və yüzlərlə rəsmi qonaq iştirak edib.
35000 azarkeşin stadionda canlı izlədiyi "Ağ olimpiada”nın açılış mərasiminə 2000 idmançı qatılıb. Olimpiadanın açılış mərasimində Azərbaycan bayrağını aparmaq nümayəndə heyətinin şef-de- missionu Mirkamil Rəhimova həvalə olunub. 3 saat davam edən və 2 milyard insanın televiziya vasitəsilə izlədiyi bu təntənəli mərasim 32 telekamera vasitəsilə bütün dünyaya yayımlanıb. Xatırladaq ki, ölkəmizi bu olimpiadada İqor Lukanin və Kristina Freyzerdən ibarət fiqurlu konkisürmə dueti təmsil edib.
Əvvəlcədən qeyd edək ki, idmançılarımız Turində 20-ci pillədə qərarlaşıblar.
11 min 300 km məsafə boyunca 600 şəhəri dolaşan Olimpiya məşəlini Turində 10001-ci doğulan adam - Stefaniya Belmondo yandırıb. Qeyd edək ki, xizək idmanı üzrə 10 dəfə Olimpiya medalına sahib olan Belmondo bu şansı son anda qazanıb. Onunla bərabər, Alberto Tomba və Deboru Kompanoninin adları da hallansa da, son anda bu şərəfli vəzifə adıçəkilən xizəkçiyə həvalə edilib. Maraqlıdır ki, məşəlin 4 nəfərin əlində meydana gətirilməsi də nəzərdə tutulurdu.

Olimpiya tamaşaçıları Turində ilk metronun sakini oldular
Olimpiya oyunları ərəfəsində Turin şəhərində yeni metro xətti istifadəyə verilib. 11 stansiyadan ibarət bu metro səhər saat 7-dən axşam saat 8-dək fəaliyyət göstərib.
Metroda gediş haqqı 90 sent dəyərində qiymətləndirilib. Qeyd edək ki, Turin İtaliyanın metro xətti çəkilmiş dördüncü şəhəridir. Bundan əvvəl Roma, Milan və Neapol şəhərlərində metro xətti istifadəyə verilib.


Olimpiada ərəfəsi xoşagəlməz hadisələr
Turin Olimpiadasına bir neçə gün qalmış Avstriyanın dağ xizəyi üzrə kişilərdən ibarət yığmasının üzvləri xoşagəlməz hadisə ilə üzləşiblər. Komandanın baş məşqçisi Toni Giqerin yaydığı məlumata görə, yığma üzvlərinin bir neçəsi qripə yoluxub. Həmin siyahıda Herman Mayer, Rayner Şonfelder və Kristof Qruberin də adları olub.
İdmançılar dopinq sınaqlarından keçəcəkləri üçün heç bir preparatdan istifadə edə bilməyiblər. Bu isə onların sağalmalarını gecikdirib. Vəziyyətdən yeganə çıxış yolu idmançıların müalicəsində xalq təbabəti üsullarından istifadə edilməsi olub.
İtaliya Olimpiya yığmasına daxil edilmiş 25 yaşlı Stefaniya Santer Davosda keçirilən Dünya kubokunun mərhələ yarışları zamanı ayağını sındırıb. Turin-2006-dan kənarda qalan digər idmançı isə Çexiya Olimpiya yığmasının üzvü Pyotr Pruxa olub. O, təmsil etdiyi "Filadelfiya” klubunun sonuncu matçı zamanı dizindən zədə alıb. Hokkeyçini müayinə edən həkimlər onun tam sağalması üçün ən azı 4-6 həftə vaxt lazım olduğunu deyiblər. Beləliklə, Pyotr Pruxa Olimpiya oyunlarında iştirak edə bilməyib.

ABŞ-da rekord sayda bilet satılıb
Fevralın 10-da start götürən Turin Olimpiya oyunlarının biletlərinin satışından artıq 58,8 milyon avro əldə edilib. Bu isə nəzərdə tutulan rəqəmin 91 faizini təşkil edir.
Maraqlıdır ki, 400 min bilet İtaliya hüdudlarından kənarda satılıb. Satılmış biletlərin sayına görə rekord göstərici ABŞ-a məxsus olub. İkinci və üçüncü yerləri isə, müvafiq olaraq, Almaniya və Fransa tutub.

Ekoloji cəhətdən "ən təmiz” olimpiada
Turin Olimpiadası ilə bağlı vacib məsələlərdən biri də oyunlar zamanı ekoloji təmizliyə riayət edilməsidir.
Təşkilatçıların sözlərinə görə, Turin-2006 ekoloji cəhətdən indiyədək keçirilmiş Qış Olimpiya Oyunlarından "ən təmizi” olacaq. Təşkilatçılar hətta olimpiada qurğularının inşası zamanı da ətraf mühitə xüsusi diqqətlə yanaşdıqlarını bildiriblər. Maraqlıdır ki, bunları nəzərə alaraq, Təşkilat Komitəsinə "yaşıl medal” verilməsi qərara alınıb.

Olimpiya iştiakçılarının sağlamlığı ilə 2 min mütəxəssis məşğul olub
Turin Olimpiya Oyunlarında qonaqların və iştirakçıların sağlamlığı ilə məşğul olmaq üçün 2 min mütəxəssis ayrılıb. Lazımi avadanlıqlarla təchiz olunmuş 90 təcili yardım maşını artıq onların istifadəsinə verilib.
Mütəxəssislərdən 500 nəfəri yalnız dopinqə qarşı keçirilən sınaq-testlərlə məşğul olub. Təcili yardım xidməti ilə yanaşı, təşkilatçılar həm də yanğından xilasetmə işlərinə də xüsusi diqqət veriblər.

Konkisürənlərimiz 20-ci pillədə qərarlaşıblar
"Ağ olimpiada”da ölkəmizi təmsil edən fiqurlu konkisürənlərimiz İqor Lukanin və Kristin Freyzer fevralın 17-də ilk sınağa çıxıblar. Palavala İdman Sarayındakı məcburi rəqslər zamanı təmsilçilərimiz hakimlərdən 27,27 bal alaraq, 20-ci pillədə qərarlaşıblar.

Rəqs cütlüyümüz orijinal rəqslər üzrə yarışlarda da iştirak ediblər. Bu dəfə 43,83 bal toplayan Lukanin-Freyzer cütlüyü 19-cu pillədə qərarlaşıb.
Nəticədə, fiqurlu konkisürənlərimiz iki növün cəminə görə 71,10 bal toplayaraq, 20-ci pillədə yer alıblar. İlk üçlükdə isə Rusiya, ABŞ və Ukrayna idmançıları qərarlaşıblar.

1. Tatyana Navka/Roman Kostomarov (Rusiya) - 99,27
2. Tanit Belbin/Benjamin Aqosto (ABŞ) - 97,89
3. Yelena Qruşina/Ruslan Qonçarov (Ukrayna) - 96,68
...20. Kristin Freyzer/Iqor Lukanin (Azərbaycan) - 71.10

4 olimpiadada 3-cü qızıl medal
Kişilərin biatlon üzrə 10 km məsafəyə sprint yarışlarında 34 yaşlı Almaniya idmançısı Sven Fişer Olimpiya qızılına sahib çıxıb. Karyerası ərzində 4 dəfə - 1992, 1994, 1998 və 2002-ci illər olimpiadalarının iştirakçısı olan Fişer bu məsafəni 26 dəqiqə 11,6 saniyəyə qət edib. Qeyd edək ki, alman biatlonçu 1994 və 1998-ci il oyunlarında komanda yarışları üzrə iki qızıl medal qazanmışdı. Sprint yarışlarının gümüş və bürünc medalları isə, müvafiq olaraq, norveçlilər Halvard Hanevold və Frude Andresenə qismət olub. Fişer mətbuat konfransında karyerasını nə vaxt bitirəcəyi barədə hələ düşünmədiyini bildirib. "Əgər mənim bədənim, yaxud ruhum yorularsa, o zaman idmanı tərk edəcəyəm. Çünki belə olanda, harmoniya pozulur. Hazırda özümü çox xoşbəxt sayıram və yalnız istirahət haqqında düşünürəm”, - deyə Olimpiya çempionu vurğulayıb. O, yarışlar zamanı dəqiq atəş açacağına inanmadığını deyib: "İkinci atəşdən sonra mən özümün dəqiqliyimə təəccübləndim və anladım ki, imkan daxilində tez qaçmaq lazımdır”. Gümüş mükafata sahib çıxan norveçli Hanevold isə bu yürüşü öz həyatının ən yaxşı yürüşü adlandırıb. "Mən cəld və dəqiq atəş açdım. Hesab edirəm ki, yürüşdə düzgün taktika seçmişdim. Etiraf edim ki, Fişerə qalib gəlmək şansım yox idi”, - deyə norveçli qeyd edib.

"Kirşə şahzadəsi” ikiqat Olimpiya çempionudur
Qadınların kirşəsürmə yarışlarında maraqlı nəticələr qeydə alınıb. Almaniyalı kirşəsürənlər bütün azarkeşləri təəccübləndiriblər. Onlar yarışların üç mümkün mükafatını heç kimə güzəştə getməyiblər. Silke Otto ikinci dəfə Olimpiya çempionluğunun sevincini yaşayıb. Qeyd edək ki, zərif cinsin nümayəndəsi hələ Solt-Leyk-Sitidə birincilik qazanan zaman "Kirşə şahzadəsi” ləqəbini almışdır. Xatırladaq ki, həmin il Niderxuber 2-ci, Krazxar isə üçüncü olmuşdular. Otto dörd mərhələnin cəmində 3.07,979 saniyəlik nəticə əldə edib. Maraqlıdır ki, digər iki mükafat da almanlara qismət olub. Silke Kraushaar gümüq (3.08,115), Tatyana Hefner isə bürünc medala (3,08.460) yiyələniblər. Kirşə idmanının "qocamanı” hesab edilən 52 yaşlı Anna Abertani yarışları kənadan izləyib. Belə ki, Virgin adalarının təmsilçisi sağ əlindən zədələndiyinə görə həkimlər onun iştirakına icazə verməyiblər.

Sürprizlər Layceti çempion etdi
Çoxsaylı azarkeşlərin böyük maraqla izlədikləri dağ xizəyi üzrə yarışa dünyanın ən məşhur xizəkçiləri qatılıbılar. Yarış iki mərhələdən ibarət olub: sürətli eniş və slalom. Liderlər sırasında Solt-Leyk-Siti-2002-nin gümüş mükafatçısı ABŞ-lı Bode Miller, olimpiadanın bürünc medalçısı və Dünya kubokunun sahibi avstriyalı Bencamin Rayx, avstriyalılar Mixael Valxofer və Rayner Şonfelder, isveçli Didye Defaqo və sloveniyalı Andrey Sporn yer alıblar. Solt-Leyk-Siti Olimpiadasının çempionu norveçli Ketil Omodt isə zədələndiyi üçün yarışlardan kənarda qalıb. Avstriyalı Rayx sürətli eniş mərhələsinin ən çətin maneəsini dəf edərkən səhvə yol verib. Nəticədə isveçli Defaqo gözlənilmədən liderliyə yiyələnib. Lakin meydana Millerin çıxması göstəricilərin yenidən dəyişməsi ilə nəticələnib. O, bu məsafəni 1,38,36 saniyəyə qət edib. İkinci olan Defaqo ondan 0,32, üçüncülük qazanan italyan Peter Fill isə 0,86 saniyə geridə qalıblar. Beləliklə, ABŞ-lı Miller sürətli eniş yarışlarında ilk pilləni rəqiblərinə güzəştə getməyib. Lakin slalom mərhələsi sürprizlərlə zəngin olub. Belə ki, ən yaxşı nəticəyə malik Miller hədəflərin birindən yan keçib və qaydalara əsasən, mübarizədən kənarlaşdırılıb. Belə olan halda Rayx ilk pilləni tutub. Kosteliç 2-ci, ABŞ-lı Ted Laycet isə 3-cü yerə çıxıblar. Defaqo və Valxofer isə hədəflərdən yan keçiblər. Nəhayət, sonuncu mərhələdə medal öz sahibini tapıb. Qızıl mükafatın bir addımlığında olan Rayx enişin əvvəlini uğurla başa vursa da, sonradan müvazinətini itirib. Bundan istifadə edən Laycet Olimpiya qızılını qazanıb. Xorvat İviça Kosteliç gümüş, avstriyalı Rayner Şonfeld bürünc medala layiq görülüblər.


42 illik hegemonluq davam edib
Turin-2006 Qış Olimpiya Oyunlarının fiqurlu konkisürmə yarışlarında qızıl medallar növbəti dəfə rusiyalı idmançılara qismət olub. Xatırladaq ki, 1964-ci ildən etibarən əvvəlcə keçmiş SSRİ, sonra isə Rusiya fiqurlu konkisürənləri olimpiadalarda heç bir rəqibə məğlub olmayıblar. Beləliklə, Maksim Marinin və Tatyana Totmyanina cütlüyü 42 illik hegemonluğun başa çatmasına imkan verməyiblər. Amma bu qələbə onlara heç də asan başa gəlməyib.
Məcburi və sərbəst rəqslərin cəmində rusiyalılar 204,48 bal toplayaraq, çinli rəqiblərini xeyli geridə qoyublar. Qeyd edək ki, günün son çıxışında Dan Çjan və Xoan Çjan şimal qoşularımızı üstləməyə çalışsalar da, arzularına çata bilməyiblər. Belə ki, riskə gedən "qıyıqgözlülər”in qadın idmançısı havada dövrə vuran zaman yıxılıb. Yenidən çıxışını davam etdirən cütlüyün gücü yalnız ikinci yeri tutmağa çatıb. Olimpiadanın bürünc medalları da Çin təmsilçilərinə qismət olub.
Beləliklə, heç kim Olimpiya oyunlarının fiqurlu konkisürmə yarışlarında rusların 42 illik qələbə ənənəsinə mane ola bilməyib. Qaliblər Marinin və Totmyanina bununla da peşəkar karyeralarını başa vurduqlarını elan ediblər.


Tacikistanı Turin-2006-da bir idmançı təmsil edib
Turin Olimpiadasında Tacikistanı yalnız bir iştirakçısı - 32 yaşlı dağ xizəkçisi Andrey Drıgin təmsil edib.
O, gərgin olimpiada ərəfəsində Sayanoqorskda yerləşən bazada Rusiyanın ən güclü idmançıları ilə təlim-məşq toplanışında iştirak edib. Müstəqillik qazandıqdan bəri Tacikistan ikinci dəfə qış Olimpiya oyunlarında təmsil olunub.


Jak Roqq Olimpiya kəndində qalıb
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqq Turinə yollanmazdan bir müddət əvvəl olimpiada ilə əlaqədar mətbuat işçilərinə verdiyi müsahibəsində Turin-2006-da dopinqə qarşı keçiriləcək sınaq testlərinin əvvəlkilərə nisbətən daha ciddi olacağını deyib.
Onun sözlərinə görə, iştirakçılardan alınan qan nümunələri 8 il müddətində saxlanılacaq. Jak Roqq hesab edib ki, belə olduğu halda yarışlar daha ədalətli keçəcək. BOK prezidenti verdiyi müsahibə zamanı daha bir neçə vacib məqamlara toxunub. O, 4 il bundan əvvəl Solt-Leyk-Sitidə keçirilmiş qış Olimpiya oyunları zamanı idmançılarla hakimlər arasında baş vermiş anlaşılmazlıqların Turində olmayacağına ümid bəslədiyini deyib. Söhbət zamanı BOK-un prezidenti həmçinin idmançıların yerləşdiyi Olimpiya kəndində hər cür şəraitin yaradıldığını vurğulayıb. Maraqlıdır ki, Jak Roqq özü də dəbdəbəli otellərdən imtina edərək, Olimpiya kəndində qalmaq qərarına gəlib. Qeyd edək ki, kəndin inşası təşkilatçılara 145 milyon avroya başa gəlib.



Təşkilatçıların reklam gəlirləri artıb
Turin-2006 təşkilatçılarının reklam sahəsindən əldə etdikləri gəlir 400 milyon avroya çatıb. Qeyd edək ki, fevralın 7-də təntənəli açılış mərasimi keçirilən olimpiadaya 63 şirkət sponsorluq edib.
Onların gəlirlərinin böyük hissəsi isə reklam müqavilələri və oyunların yayım hüququnun satışından əldə olunub. Bu sahələrdən yığılan gəlirlər sərf olunmuş məbləğin 79 faizini təşkil edib.


İlk dopinq qalmaqalları
Sərt bəyanatların verilməsinə və nəzarətin daha da gücləndirilməsinə baxmayaraq, Olimpiya oyunlarında ilk dopinq qalmaqalları olub.
Belə ki, müayinələr zamanı rusiyalı xizəkçi Natalya Matveyevanın orqanizmində hemoqlobinin yüksəldiyi aşkar edilib. Maraqlıdır ki, belə problemin tezliklə üzə çıxacağı heç kəsin ağlına gəlməzdi. Bu azmış kimi, iki gün keçirilən yoxlamalardan sonra 224 xizəkçidən 7-nin də orqanizmində yüksək hemoqlobin aşkarlanıb. Bunlar amerikalılar Rendell və Leyf Çimmerman, kanadalı Şon Kruks, belaruslular Sergey Dolidoviç, Aleksandr Lazutkin, fransalı Jan-Mark Qallar və 2002-ci ilin Olimpiya çempionu almaniyalı Evi Zaxenbakxerdir. Xizəkçilər beş gün müddətində yarışları kənardan izləyiblər. Qeyd edək ki, hemoqlobinlə bağlı problem hər bir insanın orqanizmində üzə çıxa bilər. Ona görə də Beynəlxalq Xizəksürmə Federasiyasının rəhbərliyi idmançıların yarışlardan beşgünlük uzaqlaşdırılmasını dopinqdən istifadəyə qarşı cəza kimi deyil, onların sağlamlığının qeydinə qalınması kimi qiymətləndirib.
Ruslar Solt-Leyk-Siti oyunlarında da bu cür halla qarşılaşmışdılar. Xizəkçi qadınlar arasında estafet yarışlarının startına bir neçə dəqiqə qalmış beşqat Olimpiya çempionu Larisa Lazutinanın orqanizmində yüksək hemoqlobin aşkar edilmişdi. Həmin vaxt bu idmançının mübarizəyə qatılmaması almaniyalı idmançıların çempion olması ilə nəticələnmişdi.
Beynəlxalq Olimpiya Komitəsinin Tibb Komissiyasının nümayəndələri yoxlama zamanı Avstriya idmançılarının qaldıqları otaqdan qəbulu qadağan edilmiş maddə tapıblar. Bununla yanaşı, həm də test-yoxlamaları zamanı 10 nəfər (xizəkçi və biatlonçu) dopinqdən istifadə etməkdə günahlandırılıb. BOK nümayəndələrinin sözlərinə görə, axtarışlar İtaliya qanunlarına əsasən aparılıb. Bu hadisədən sonra Avstriyanın 4 idmançısı xizəksürmə üzrə kişilər arasında estafet yarışlarında sonuncu yeri tutub.

Ən yaşlı Olimpiya çempionu
Turin-2006-da skeleton yarışlarında qalib gəlmiş 39 yaşlı kanadalı Daff Gibson qış Olimpiya oyunları tarixində şəxsi yarışlarda qızıl medal qazanmış ən yaşlı idmançı olub. Ondan əvvəl bu rekordun sahibi 35 yaşlı norveçli biatlonçu Maqnar Solberq idi. Maqnar 1972-ci ildə Sapporoda keçirilən oyunlarda 20 km məsafəyə yürüşdə birinci yerə sahib çıxmışdı. Maraqlıdır ki, Turin Oyunlarında skeleton üzrə gümüş medal da kanadalı idmançıya qismət olub. 35 yaşlı Ceff Peyn həmyerlisi Gipsondan sonra ən yaxşı nəticəni göstərib. Komanda yarışlarında isə bu rekorda 48 yaşlı amerkalı Cey O Brayen 1980-ci ildə Leyk-Plesiddə keçirilən oyunlarda imza atıb.

Hürrü Abdullayev,
Anar Əhmədov
Ardı var