Əzmkar və iradəli Yelena

Əzmkar və iradəli Yelena

İdmanla məşğul olmaq onun ən böyük arzusu idi. Hələ məktəbli olarkən voleybol və idman gimnastikasına həvəs göstərirdi. Valideyinləri qızlarının idmanı nə qədər çox sevdiyini bilirdilər. Ona ən çox dayaq olan isə atası idi. O, qızının idmanla məşğul olmasına hamıdan çox sevinirdi.
On beş yaşında keçirdiyi xəstəlik həyatını dəyişdi... O, əlil arabasında yaşamağa məhkum oldu. Yelena sağalmaq, yenidən idmanla məşğul olmaq istəyirdi. Lakin ayağa qalxmaq, yerimək onun üçün çətin idi. Yelena, əlil arabasında yaşamasına baxmayaraq, yenə də özünü idmandan kənarda təsəvvür etmirdi. Düşünürdü ki, bu vəziyyətdə hansı idman növü ilə məşğul ola bilər? Qərara gəldi ki, çox sevdiyi atıcılıq idman növünü seçsin. İdmana olan sonsuz sevgisi bütün çətinliklərə qalib gəldi. Məşqlərə məsuliyyətlə yanaşması, atıcılığa olan böyük həvəsi və qətiyyəti Yelenanı beynəlxalq yarışların və Paralimpiya oyunlarının mükafatçısı etdi.

Onunla Milli Paralimpiya Komitəsində (MPK) görüşdük. Olduqca səmimi insan olan Yelena xanımla onun həyatı və idmanla bağlı söhbət etdik. " Mən 1961-ci il, avqustun 23-də dünyaya gəlmişəm. 15 yaşımda keçiridiyim ağır xəstəlikdən sonra əlil arabasında yaşamağa məhkum oldum. İdmanı həmişə çox sevmişəm. 1999-cu ildə Milli Paralimpiya Komitəsinə müraciət etdim və o vaxtdan atıcılıqla məşgul oluram. Bu idman növünə böyük marağım var idi. İstəyirdim ki, yaxşı nişançı olum. Beynəlxalq yarışlarda iştirak etmək, qələbə qazanmaq arzusu ilə yaşayırdım” , - Yelena bildirdi.
Atıcılıqla məşğul olmaq onun üçün ikiqat çətin idi. Çünki xəstəlikdən sonra idmançının görmə qabiliyyəti zəifləmişdi. Lakin idmançı özünə inanır, bu çətin işin öhdəsindən gələcəyinə ümid bəsləyirdi. O bilirdi ki, heç bir uğura asanlıqla nail olmaq olmur. Nailiyyətlər qazanmaq üçün mütəmadi məşqlər etmək, yorulmadan çalışmaq lazım gəlirdi. Yelena paralimpiya komitəsinə müraciət etdikdən 8 ay sonra Paralimpiya oyunlarına lisenziya qazanır. Bu uğur ona böyük stumul verir. İdmançı bu möhtəşəm oyunda medal qazanacağına böyük ümid bəsləyirdi. Məşqçisi Vladimir Lunyov da Yelenanın qələbə qazanacağına inanırdı. 2000-ci ildə keçirilən Sidney Paralimpiya Oyunlarında idmançımız gümüş medal qazanır. O günləri heç vaxt unutmadığını deyir idmançımız: "Mən inanırdım ki, qələbə qazanacağam. Məşqlərə başladıqdan 8 ay sonra lisenziya almağım məndə böyük həvəs yaratmışdı. Düzünü deyim ki, qızıl medal qazanmağı da arzu edirdim. Bilirsiniz ki, belə bir mötəbər yarışa lisenziya qazanmaq özü də asan iş deyildi. Hamı deyirdi ki, Yelena, əsas məsələ yarışda iştirak etməkdir. Mən isə nailiyyət əldə etmək, ölkəmizə medalla qayıtrmaq istəyirdim. Belə də oldu. Şükürlər olsun ki, çəkdiyim zəhmətin bəhrəsini gördüm. Ən çox ona görə sevinirdim ki, mənə ümid bəsləyən insanların inamını doğrulda bilmişdim. Paralimpiya oyunlarında medal qazanmaqla özümü təsdiqlədim və mənə inananlara sevinc bəxş etdim”. Qeyd edək ki, o, bu uğuru 50 metr məsafəyə atəş açmaqla qazanıb. İdmançımız Sibney Paralimpiya Oyunlarında qazandığı qələbəni əsl möcüzə adlandırır. İlk dəfə qatıldığı mötəbət yarışdan qələbə ilə qayıtmasına görə Milli Paralimpiya Komitəsinin əməyinin olduğunu bildirir idmançımız. Azərbyacan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən böyük diqqət gördüyünü qeyd edir atıcı. Yelena ölkə rəhbərliyinin ona olan inamını doğrultduğu üçün qürur duyur. "İdmançıların yaxın dostu olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Paralimpiya Oyunlarına yola düşməzdən qabaq bizləri qəbul edir, tövsiyələrini verir. Ölkə rəhbərimiz belə görüşlərdə hər birimizə ayrı-ayrılıqda diqqət göstərir, söhbət edir və qayğılarımızla maraqlanır. Bu isə idmançılarda fərəh, özünəinam, qürur və məsuliyyət hissi yaradır. Hər bir idmançı istəyir ki, beynəlxalq yarışlarda qələbə qazansın, ona ümid bəsləyənlərin etimadını doğrultsun”. Yelena həm də ona görə özünü xoşbəxt sayır ki, o, paralimpiya oyunlarında atıcılıq üzrə ilk medal qazanan idmançımızdır. Nişançımız bu oyunların keçirildiyi Atlanta, Sidney, Pekin və Londonda qələbə uğrunda yarışıb. O, İspaniyada keçirilən beynəlxalq yarışda 10 mert məsafəyə atəş açmaqda 195.7 xal hesabı ilə Avropa və dünya rekordunu təzələyib. Qaydaların dəyişdirilərək daha da çətinləşdirildiyi bu yarışda qələbə qazanmaq onun üçün heç də asan olmayıb. O, güclü iradəsi sayəsində bütün çətinliklərin öhdəsindən gəlib. Bundan sonra da əzmlə çalışacağını bildirən atıcımız gələcəyə böyük inamla baxır. 2016-cı ildə Rio-de-Janeyroda ölkəmizi layiqincə təmsil etmək isə Yelenanın ən böyük arzusudur.
Qazandığı uğurlara və mualicəsinə göstərdiyi köməyə görə MPK prezidenti İlqar Rəhimova minnətdarlığını bildirir idmançı. Müalicələrin sağlamlığına müsbət təsir göstərdiyini deyən Yelena xanım istəyir ki, özünü hər zaman gümrah hiss etsin. Çünki bu, onun uğur qazanması üçün vacibdir. "İspaniyada qazandığım uğuru və yenilədiyim rekordu məhz səhhətimdə baş verən müsbət dəyişikliyə borcluyam. Sanatoriyadan qayıtdıqdan sonra yarışa yollanmağım öz təsirini göstərdi. İstəyirəm ki, özümü yaxşı hiss edim. Səhhətim normal olanda yarışlarda da yaxşı nəticə əldə edirəm. Bu isə ölkəmizə gətirdiyim medalların sayına, paralimpiya oyunlarında əldə etdiyim nəticələrə təsir edir. Atıcılıqla məşğul olan idmançı sakit əsəblərə, təmkinə sahib olmalıdır. Sakit əsəblərə sahib olmaq istəyən insan isə ağrısız yaşamalıdır. Sinir gərginliyi, naratlığı olan adamlar isə səbir tələb edən sənətlə məşğul olanda əziyyət çəkirlər. Atıcılıqla məşğul olarkən əl əsməməli, fikir bir nöqtəyə cəmlənməlidir. Bütün bunlar üçün isə əsəbləri qorumaq lazımdır”, - deyə Yelena vurğulayır.

Qeyd edək ki, 50 saniyə ərzində hədəfi nişan almaq və atəş açmaq olduqca çətin və məsuliyyətli işdir. Atıcılıq idman növünün diqqət, sərrastlıq tələb etdiyini deyən idmançı yarışlara hazırlaşarkən yalnız qalmağa, səsli-küylü yerlərdən uzaq olmağa üstünlük verdiyini deyir. O, yarışqabağı məşqlərlə bərabər, istirahət etməkdən, təmiz havada olmaqdan zövq alır. Masın sürmək, bolinq oynamaq Yelenanın hobbiləri arasındadır. O, psixologiya ilə yaxından maraqlanır. Təbiətdən zövq alan atıcımız üçün bu sənət psixoloji sarsıntılara qalib gəlmək mənasını daşıyır.
Yelena xanım barədə MPK-nin vitse-prezident Şaiq Həmidov da təəssuratlarını bildirdi: "Mənim Yelenaya böyük hörmətim var. O, həm səmimi insan, həm də gözəl idmançıdır. Yelena Milli Paralimpiya Komitəsinə müraciət edəndən 8 ay sonra nailiyyət qazandı. Bu, hər idmançıya nəsib olmur. O, çox istedadlı, iradəli, həssas idmançıdır. Keçiridiyi xəstəlik, ağrı-əzab onun idmana olan həvəsini baltalaya bilmədi. Yelena komitəmizə atıcılıq üzrə ilk medal gətirən idmançımızdır. O, "Neftçi” İSM-in üzvüdür. Tərrəqqi medalı ilə təltif olunub ", - deyir Şaiq müəllim. O, bildirdi ki, bu gün fiziki cəhətdən qüsurlu insanlar arasında idman növlərinə marağın artması təbliğatın və əməyin nəticəsidir. "Bu gün Paralimpiya Hərəkatına yüzlərlə idmançı cəlb olunub. Əvvəllər idmançıları axtarıb tapmaq lazım gəlirdisə, indi onlar özləri bu hərəkəta qoşulurlar”, - deyə Şaiq müəllim əlavə etdi.

P.S: Ölkə rəhbərliyinin idmançılara göstərdiyi yüksək qiqqət və qayğının nəticəsidir ki, bu gün idmançılarımızın sayı, qazanılan nailiyyətlər getdikcə artır. Fəxrlə deyə bilərik ki, paralimpiaçıların qarşılaşdığı problemlər böyük qiqqətlə həll olunur. Bu, öz növbəsində, idmançının uğur qazanmasına, onların psixoloji cəhətdən yarışlara hazır olmasına gətirib çıxarır. Bu gün paralimpiyaçıların sosial problemlərinin həll olunması onlarda böyük həvəs yaradır.
Qeyd edək ki, 2008-ci ildə Pekində keçirilən yay paralimpiya oyunlarından sonra, qolbol, oturaq boleybol, üzgüçülük və kamandan ox atma idman növləri inkişaf etdi. Bundan başqa Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq Paralimpiya Komitəsi də yaradıldı. Dünyada ilk dəfə olaraq Azərbaycanda yaradılan bu komitə fiziki imkanları məhdud olan uşaqların idmana cəlb olunmasında, onların cəmiyyətə intiqrasiyasını təmin etməkdə əvəzsiz rol oynayacaq. Bu da öz növbəsində Paralimpiya Hərəkatının inikişafına xidmət göstərəcək.

Jalə Rzabəyli