Çempionlar 2013-cü ili necə xatırlayırlar?

Çempionlar 2013-cü ili necə xatırlayırlar?

Azərbaycanda idman və Olimpiya Hərəkatı yüksək sürətlə inkişaf edir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Son illər ərzində paytaxtda, eləcə də ölkəmizin müxtəlif regionlarında Olimpiya idman kompleksləri, meydançalar və digər idman qurğuları inşa edilərək, xalqın istifadəsinə verilib. Ayrı-ayrı idman növlərinin inkişafı istiqamətində Azərbaycan Milli Olimpiya Komitəsi, Azərbaycan Gənclər və İdman Nazirliyi, eləcə də federasiyalar tərəfindən əməli işlər görülür, tədbirlər həyata keçirilir. Bu tədbirlər ölkəmizdə uşaq və gənclərin fiziki və mənəvi inkişafına, onların sağlam ruhlu vətəndaş kimi böyüməsinə yönəldilib.
Ölkəmizin nüfuzunu günbəgün artıran, onu dünyaya geniş miqyasda tanıtdıran amillərdən biri də idmançılarımızın mötəbər beynəlxalq turnirlərdə qazandıqları nailiyyətlərdir. Ümumiyyətlə, idman ölkələrin tanınmasında önəmli sahələrdən biridir. Əldə edilən qələbədən sonra dövlət bayrağının qaldırılması, himnin səsləndirilməsi bu və ya digər ölkənin daha yaxından tanınmasına zəmin yaradır. Şübhəsiz, müstəqil Azərbaycan bu gün dünyanın bütün ölkələri tərəfindən tanınır, respublikamız ən nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunur. Dövlətimizin iqtisadi və siyasi gücü Azərbaycanın ən iri dövlətlərlə eyni səviyyədə dayanmasına imkan verir. İdman sahəsində atılan addımlar, beynəlxalq aləmdə qazanılan nüfuz, atletlərimizin idman arenalarında ciddi rəqibə çevrilməsi də ölkəmizin şöhrətini ucaldan amildir. Yola saldığımız 2013-cü il də ölkəmizin idman həyatı üçün uğurlu oldu. Beynəlxalq yarışlarda 700-dən artıq medal qazanılması bunu təsdiqləyir.
Bəs görəsən, ötən il tanınmış idmancılarımızın xatirində necə qaldı? Müxtəlif səviyyəli yarışlarda ölkəmizi ləyaqətlə təmsil edən atletlərimizlə söhbət zamanı bu suala ətraflı cavab aldıq.


Olimpiya çempionu Zemfira Meftahətdinova:
 - İdman mənim həyatımdır. Atıcılıqla məşğul olmaq mənim həm sənətim, həm də stimulumdur. Ötən il idman karyeram üçün o qədər də yaddaqalan olmadı. Bildiyiniz kimi, atıcılıq mərkəzimiz təmirdədir. Müvəqqəti olaraq başqa məkanlarda məşqlər edirik. Şəxsi həyatımda isə 2013-cü il oğlumun məktəbə getməsi ilə yadımda qalıb. Onun dərsləri ilə məşğul olmağa çalışıram. Bu baxımdan, vaxtımın çoxunu oğluma sərf edirəm. İdmana olan məhəbbətim isə mənim ruhuma hopub. Bildiyiniz kimi, qızım da atıcılıqla məşğul olur. Bütün ailəmiz idmanı sevir. Ümumiyyətlə, idmanla hamı məşğul olmalıdır. Çünki bu məşguliyyət insanı xoşbəxt edir. Biz həm də ona görə xoşbəxtik ki, ölkə başçımız tərəfindən idmana və idmançılara yüksək səviyyədə diqqət və qayğı göstərilir. İdmançıların bütün problemləri dövlət tərəfindən həll olunur. Bu da bizim vaxtımızı və diqqətimizi yalnız məşq prosesinə yönəltməyə imkan verir. Bütün bunlar hər bir idmançı kimi, məni də yeni qələbələrə və Azərbaycanı dünyada daha layiqli səviyyədə təmsil etməyə ruhlandırır. Bu gün idmançılarımızın ən vacib məqsədi 2016-cı ildə Braziliyada keçiriləcək Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında ölkəmizi uğurla təmsil etməkdir. İstəyirəm ki, idmançılarımızın qazandıqları uğurlar bundan sonra da artsın, bayrağımız yüksəklərə qalxsın .

Olimpiya cempionu Fərid Mansurov: 
- Ötən il mənim xatirəmdə Azərbaycan idmançılarının beynəlxalq yarışlarda uğurlu iştirakı ilə qalıb. 2013-cü ildə çox sayda yarışlar və idman tədbirləri keçirildi. III İslam Oyunlarının və Avropa Yeniyetmələrinin Olimpiya Festivalı ötən il oldu. Bundan başqa, idmançılarımız bir çox idman yarışlarında öz güclərini sınadılar. Qazanılan yüksək nailiyyətlər sübut edir ki, ölkəmizdə idman kütləvi hal alıb. İdmanın yüksək inkişafı üçün ölkəmizdə hər bir şərait var. Ötən il respublikamızda bir çox idman qurğuları tikilib istifadəyə verilib. Bildiyiniz kimi, 2015-ci ildə Bakıda I Avropa Oyunları keçiriləcək. Bu mötəbər yarışın yüksək səviyyədə keçirilməsi üçün hazırlıq işləri gedir. Gimnastika Kompleksinin, Respublika İdman Tibb Mərkəzinin, Su İdman Sarayının, 65 min tamaşaçı tutumuna malik Olimpiya Stadionunun tikintisi ölkəmizin idman sahəsində yüksək səviyyədə inkişafından xəbər verir. Bu inkişaf bölgələrimizdə də müşahidə olunur. Rayonlarda inşa olunan Olimpiya kompleksləri idmanın kütləviləşməsinə, inkişafına xidmət edir. Ümid edirəm ki, yeni qədəm doyduğumuz 2014-cü ildə də idman sahəsində qazandığımız uğurların sayı çox olacaq .

Olimpiya cempionu Toğrul Əsgərov: 
- 2013-cü il yaddaşımda idman komplekslərinin açılması və çox sayda idman tədbirlərinin keçirilməsi ilə qaldı. Hər il olduğu kimi, ölkə rəhbərimiz idmançılarla görüşdü, onlara mənzillər təqdim edildi. Ötən il maraqlı yarışlar keçirildi. İslam Oyunlarında, Avropa Yeniyetmələrinin Olimpiya Festivalında idmançılarımız çox sayda medallar əldə etdilər.

Çox xoşbəxtəm ki, Londonda keçirilən yay Olimpiya oyunlarında qızıl medal qazanaraq Olimpiya cempionu adına layiq görüldüm. Bu uğuru bütün idmançılara arzu edirəm. Ümid edirəm ki, 2014-cü il yaddaşımızda böyük idman uğurları və nailiyyətlərlə qalacaq. Məqəsdimiz ilk dəfə vətənimizdə keçiriləcək I Avropa Oyunlarında ölkəmizi layiqincə təmsil etməkdir. Bu mötəbər yarışda iştirak etmək və qələbə qazanmaq hər idmançı kimi, mənim də istəyimdir. Əminəm ki, idmançılarımız bu mötəbər yarışda yüksək nəticələr əldə edəcəklər. 2013-cü ildə güləş üzrə keçirilən yarışlarda iştirak edə bilmədim. Bu, sağlamlığımla əlaqədar idi. İndi özümü daha yaxşı hiss edirəm və istəyirəm ki, bu il beynəlxalq yarışlarda mübarizə aparım. Buyaxınlarda Dubayda, Türkiyədə təlim-məşq toplanışlarında olumuşuq. Bu toplanışlar növbəti yarışlara hazırlıq xarakteri daşıyır. Ümid edirəm ki, bu əziyyətin bəhrəsini yenə görəcəyəm və Azərbaycanımızı layiqincə təmsil edəcəyəm. Bütün idman ictimaiyyətinə və idmansevərlərə 2014- cü ildə uğurlar, sağlamlıq və ruzi-bərəkət arzulayıram.

Paralimpiya cempionu İlham Zəkiyev: 
- 2013-cü ili uğurlu illərdən hesab edirəm. Ötən il eşitdiyim ən yaddaqalan xəbərlərdən biri növbəti İslam Oyunlarının 2017-ci ildə məhz Bakıda keçirilməsi xəbəri oldu. I Avropa Oyunlarının ilk dəfə paytaxtımızda keçiriləcəyi xəbəri də məni çox sevindirdi.

Ötən il 5-ci dəfə Avropa çempionu adına da layiq görüldüm. 3-cü dəfə ata olmağım da 2013-cü ilin mənə verdiyi böyük hədiyyələrdən biri idi. İdmandan çox danışmaq olar. Ən əsası odur ki, idmançılarımız beynəlxalq yarışlarda, Olimpiya oyunlarında ölkəmizi ləyaqətlə təmsil etsinlər. Qarşıda idmançılarımızı böyük sınaqlar gözləyir. Lakin qələbə qazanmaq heç də asan deyil. Bunun üçün idmançıda dözüm, səbir və cəsarət olmalıdır. Bu xüsusiyyətləri özündə birləşdirən idmançı mütləq uğur qazanacaq. İdman ölkəsi kimi sürətlə inkişaf edirik.

Olimpiya mükafatçısı Emin Əhmədov: 
- İdman ölkəmizdə sürətlə inkişaf edir. Bu vasitə ilə ölkəmiz diğər ölkələr arasında tanınır, nüfuz qazanır. İdmanla məşğul olan hər bir idmançı həm öz sağlamlığına, həm də Vətəninə xidmət edir. Bu şərəfli işlə məşğul olan insanlar sağlam ruhla yaşayırlar. İdmana, idmançılara olan dövlət qayğısı, onlara göstərilən diqqət isə göz qabağındadır. Ötən il mənim yaddaşımda məşqlərlə qalıb. Belimdə zədə olduğuna görə yarışlarda iştirak etmədim. Lakin bu il keçiriləcək turnirlərdə mübarizə aparmağı düşünürəm. Yığma komandanın üzvləri ilə bir neçə ölkədə təlim-məşq toplanışında olmuşam. Özümü qarşıdan gələn yarışlara hazır hiss edirəm. Şəxsi həyatımda isə ciddi bir dəyişiklik yoxdur. Ümid edirəm ki, 2014-cü il bütün idmançılar və mənim üçün daha da uğurlu olacaq. Ötən il idman sahəsində baş verən bütün nailiyyətlər məni çox sevindirir .



Paralimpiya çempionu Ramin İbrahimov: 
- 2013-cü il mənim uğurlu illərimdən olub. Arzu edirəm ki, qarşıdakı illər xalqımız üçün də uğurlu olsun. Biz idmançılar Azərbaycan dövlətinin diqqət və qayğısını hər zaman hiss edirik. 2012-ci ildə Londonda keçirilən paralimpiya oyunlarında qazandığımız qələbələr ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirildi. Ötən il Prezidentimiz tərəfindən mənzillə təmin olmağım bu qayğının bariz nümunəsidir. İdmançıların məişət problemləri heç vaxt dövlət rəhbərimizin diqqətindən yayınmayıb.


Göstərilən qayğı idmançılarda böyük həvəs yaradır. Bu həvəs bizi beynəlxalq yarışlara daha yaxşı hazırlaşmağa və qalib adını qazanmağa səsləyir. Öz çıxışlarında idmançıların yaxın dostu olduğunu vurğulayan Prezidentimiz biz idmançılara böyük etimad göstərir. Bu etimadı doğrultmaq, beynəlxalq arenalarda Azərbaycanımızın bayrağını ucaltmaq hər bir idmançı kimi, mənim də borcumdur. Çalışacağam ki, göstərilən etimadı bundan sonra da doğruldum.

P.S. 2013-cü ilin önəmli idman yarışlarından biri 6-17 iyulda keçirilən Tələbələrin XXVII Ümumdünya Yay Universiadası, diğəri isə ötən ilin 22 sentyabr -1 oktyabr tarixlərində İndoneziyanın Palembanq şəhərində təşkil olunan III İslam Həmrəyliyi Oyunları oldu. Məlumat üçün bildirək ki, Beynəlxalq Universitet İdmanı Federasiyası tərəfindən Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilən Tələbələrin XXVII Ümumdünya Yay Universiadasında ölkəmiz tarixi uğura imza atıb. Universiadada ölkəmiz 78 idmançı ilə təmsil olunub. Yarışlar 27 idman növündə keçirilib və respublikamızın tələbə-idmançıları 12 idman növündə (şahmat, atletika, ağır atletika, cüdo, boks, sambo, kəmər güləşi, idman gimnastikası, qılıncoynatma, sərbəst güləş və yunan- Roma güləşi) mubarizə aparıblar. Komandamız 8 idman növündə 16 medal (4 qızıl, 5 gümüş, 7 bürünc) qazanmaqla ümumkomanda hesabında 162 ölkə arasında 15-ci yerə layiq görülüb. Azərbaycan islam dövlətləri arasında 1-ci, MDB ölkələri arasında 4-cü, Avropa ölkələri arasında isə 9-cu olub. Xatırladaq ki, 2011-ci ildə Çin Xalq Respublikasının Şenjen şəhərində keçirilmiş XXVI Ümumdünya Yay Universiadasında respublikamız 6 idman növündə 22 idmançı ilə təmsil olunmuşdu. Yarışlarda 2 gümüş medal qazanaraq, 167 ölkə arasında 46-cü yerə layiq görülmüşdük.
Ötən ilin yaddaqalan yarışlarından olan III İslam Həmrəyliyi Oyunları 13 idman növü üzrə keçirilib. Oyunlarda 3 qitənin 46 ölkəsi 1586 idmançı ilə təmsil olunub. Azərbaycan komandası 9 idman növündə 53 idmançı ilə mübarizə aparıb. 7 idman növündə (karate, üzgüçülük, atletika, kamandan oxatma, ağırlıqqaldırma, taekvondo və uşu) 24 medal (6 qızıl, 9 gümüş, 9 bürünc) qazanan komandamız yekunda 7-ci yeri tutub. Komanda yarışlarında karate növündə qızıl, kamandan oxatmada isə gümüş medal qazanılıb. Üzgüçülük idman növündə əldə olunmuş qızıl medal (200 m) və kamandan oxatma üzrə komanda hesabında gümüş medal müstəqillik dövründə bu idman növləri üzrə ilk nailiyyətimiz sayılır.
Xatırladaq ki, 2005-ci ildə Səudiyyə Ərəbistanı Krallığının 4 şəhərində (Məkkə, Mədinə, Taif, Ciddə) keçirilmiş I İslam Həmrəyliyi Oyunlarında 14 idman növü üzrə 55 ölkə iştirak edib. Azərbaycan bu yarışda 12 idman növündə 103 idmançı ilə təmsil olunub, 5 idman növündə (karate, ağırlıqqaldırma, basketbol, qılıncoynatma, taekvondo) yüksək nəticə əldə edərək 15 medalla (4 qızıl, 4 gümüş, 7 bürünc) 8-ci yeri tutub.

Jalə