Soçi Olimpiadasının talismanları

Soçi Olimpiadasının talismanları


Rusiyada keçirilən ümumxalq səsverməsi Soçi-2014 Qış Olimpiya Oyunlarının talismanlarının adına aydınlıq gətirib. Olimpiya oyunlarına üç talisman seçilib: "Barsik” adlı bəbir, "Polyus” adlanan ağ ayı balası və "Strelka” ləqəbli dovşan balası.
Olimpiya və paralimpiya oyunlarının talismanları ilə bağlı ümumrusiya müsabiqəsinə 2010-cu il sentyabr ayının1-də start verilib. Dekabrın 21-dək davam edən müsabiqəyə 24048 yaradıcı iş təqdim olunub. Dekabrın 21-də müsabiqənin münsiflər heyətinin iclası keçirilib. Təşkilat Komitəsinə daxil olan layihələr ekspertlər tərəfindən ciddi şəkildə araşdırılıb. Nəticədə, ən yaxşı layihələr rusiyalıların seçiminə verilib.
Fevralın 26-da keçirilən səsvermə bəbir, ağ ayı və dovşan balasını Soçi-2014-ün simvoluna çevirib. Ümumxalq səsverməsində 1 milyondan artıq rusiyalı iştirak edib. Son nəticədə, leopard 28 faiz səslə birinci yerə layiq görülüb. 18 faiz səs alan ağ ayı balası ikinci pillədə yer alıb. Dovşan balası isə 16 faiz səslə ücüncü yerdə qərarlaşıb. Soçi-2014 Qış Olimpiya Oyunlarının Təşkilat Komitəsi 3 talismanın seçilməsini qanunauyğun hesab edib.
Xatırladaq ki, 1994-cü ildə Norveçin Lillehammer şəhərində təşkil edilən qış olimpiadasının talismanı Hokon və Kristin adlı bacı-qardaş tərəfindən hazırlanıb. Elə həmin dövrdən başlayaraq qış olimpiadalarına bəzən iki, bəzən isə dörd talisman seçilib. Məsələn, Naqano (1998) Olimpiya oyunlarının simvolu 4 bayquş balası idi. Solt Leyk Siti (2002) Olimpiadasında dövşan balası, çaqqal və ayı balasına üstünlük verilmişdi. Turində (2000) isə qar qız və buzdan hazırlanmış oğlan olimpiadanın personajları idi. 2010-cu ildə Kanadanın Vankuver şəhərində təşkil edilən Olimpiya oyunlarında Kanada xalqının mifologiyasından götürülən qəhrəman olimpiyaçıları salamlayırdı.
Soçi-2014 Olimpiadasının simvolunu hazırlayan iddiaçıların ilk "onluğu” 2010-cu il fevralın 8-də məlum olub. İxtisaslı mütəxəssislərdən təşkil edilmiş münsiflər heyəti müsabiqə iştirak edən minlərlə namizədin arasından ən layiqlilərini seçib. Müsabiqəyə təqdim edilən ağ ayı balası, adamcığaz, delfin, günəş, ayı, matryoşka, qar dənəcəyi, dovşan balası və şaxta baba talismanları səsvermənin ikinci raunduna buraxılaraq, ümumxalq səsverməsinə çıxarılıb. Bu talismanların hər birinə televiziyada 30 saniyə vaxt verilib ki, həmin vaxt ərzində talismanlar özləri barəsində ən vacib keyfiyyətləri nümayiş etdiriblər. 18 gün ərzində televizorda nümayiş etdirilən "Talismanomaniya” adlı şou proqramda namizəd talismanlar öz həyatları barədə geniş məlumat veriblər.

Bundan sonra rusiyalılar öz seçimlərini ediblər. Fevralın 26-da isə Rusiyanın birinci kanalı ilə canlı yayımda ilk "onluq” ümumxalq səsverməsinə çıxarılıb. Müəlliflər və qonaqlar səsvermədən əvvəl Təşkilat Komitəsinin prezidenti Dmitri Çernışenko ilə görüşərək, onun "Olimpiya oyunlarının tarixi: Afinadan Çinə kimi” adlı əsəri ilə tanış olublar.
"Talismanomaniya.Soçi-2014.Final” proqramı bir saat 30 dəqiqə davam edib. Bu müddət ərzində tamaşaçılar namizədləri təmsil edən şou-biznes, kino, mədəniyyət və idman ulduzları ilə ünsiyyətdə olublar. Müsabiqənin final mərhələsinə həsr olunmuş konsertdə Lev Leşenko, Nikolay Tsiskaridze, Alsu, Sergey Lazerev, "İvanuşki” qrupu, Yuliya Kovalçuk, Viktoriya Daynenko və başqları çıxış ediblər. Talismanlığa namizədləri tanınmış müğənnilər Dima Bilan və Diana Qurtskaya da dəstəkləyiblər. Həmin gün bütün namizəd talismanlar televiziya ekranında xalqla canlı ünsiyyətdə olub. Yalnız şaxta babadan başqa. "Bədbəxt” şaxta baba son anda siyahıdan çıxarılıb. Yeni ilin simvolu olan şaxta babanı milad bayramında öz vəzifəsini yerinə yetirməyə "göndəriblər”. Nəticədə, rusiyalılar ən yaxşı talismanı 9 iddiaçının arasından seçməli olublar. Qeyd etdiyimiz kimi, bəbir, ağ ayı balası və dovşan Soçi-2014 Qış Olimpiya Oyunlarının rəsmi talismanları elan edilib.
Səsvermə başa çatdı, talismanlar seçildilər. İlk baxışdan hər şeyin çox asanlıqla sona çatdığı görünür. Amma belə deyil. Rusiyalıları başqa bir sual düşündürüb: "İlk üçlük ən layiqli namizədlər arasından seçildimi?”
Məlum olub ki, "Soçi üçlüyü” Solt Leyk Siti Olimpiadasının talismanları (dövşan balası, çaqqal və ayı balası) ilə eynilik təşkil edir. Bu oxşarlığı aradan götürmək istəyən rusiyalılar yalnız çaqqalı bəbirlə əvəz ediblər. Qeyd edək ki, bəbirin namizədliyi Rusiyanın baş naziri Vladimir Putin tərəfindən dəstəklənib. Təşkilat Komitəsinin fikrincə, seçilən personajlar Olimpiya oyunlarının əsas devizinə (cəld, yüksək, güclü) uyğundur.
Talismanların hər üçü ağ rənglə bəzədilib. Bu, qarı, qışı özündə əks etdirir. Televiziyada canlı nümayiş etdirilən "Barsik”, "Strelka” və "Polyus”un şəxsi arxivləri bir daha sübut edib ki, onların həyatı təkcə idmanla bağlı deyil.

"Barsik”
Müəllif - Vadim Pak (1977-ci il. Naxodka şəhəri)

"Xilaskar-alpinist” Qafqaz dağlarının ən hündür zirvəsində yaşayır. O, özünə meteoroloq peşəsini seçib. Buna səbəb bəbirin uşaq vaxtı igidlik göstərərək bir kəndi yaxınlaşmaqda olan qar tufanı barədə əvvəlcədən xəbərdar etməsi olub. "Barsik” təkcə havanı müşahidə etməklə kifayətlənmir. O, boş vaxtlarında snoubordla da məşğul olur. "Barsik” snoubord növünü qonşularına da öyrədib. Şən və təklikdə yaşamağı sevməyən bəbir, həm də yaxşı rəqqasdır.

"Polyus”
Müəllif - Oleq Serdeçnı
(1957-ci il, Soçi şəhəri)

"Polyus” "uşaq vaxtı” qütbçülərlə birlikdə xizək səyahətinə çıxıb, gənclik dövrlərində isə daha çox qaçışla məşğul olub. Daha sonra o, ayrıca evlə təmin edilib və elmi işlə məşğul olmağa başlayıb. Qütbçülər "Polyus”un xizəklə etdiyi "qəhrəmanlıqları” xatırlayır və hesab edirlər ki, bu ayı balasını "möcüzə-idmançı” adlandırmaq olar.
"Polyus” buzdan hazırlanmış evdə yaşayır. Onun çarpayısı, kompyuteri, hətta trenajorları da buzdan hazırlanıb. Ağ ayı balası lap körpəlikdən qütbçülüyü sevib. O, xizəkdə və konkidə sürüşməyi, kerlinq onamağı da xoşlayır.

"Strelka”
Müəllif - Silviya Petrova
(1994-cü il, Çuvaş Respublikası, Yantsikovski rayonu, Novoye Buyanovo kəndi)
"Strelka” fəaliyyətdə olan idmançıdır. Çətinə düşənləri xilas etmək onun arzusudur.
Fiqurlu konkisürməyə həvəs göstərən dovşan balası restoran biznesi ilə məşğul olan anasına da kömək edir. Onun dostları təəccüblənirlər ki, "Strelka” bütün bu işləri görməyə necə vaxt tapır. Dovşan balası isə dostalarını əmin edir ki, burada heç bir sirr yoxdur. Bu işləri görmək üçün, sadəcə, idmanla məşğul olmaq lazımdır.

"Luçik” və "Snejok” paralimpiyaçıları dəstəkləyəcək
Soçi Paralimpiya Oyunlarının talismanlarının seçilməsi rusiyalı paralimpiyaçılara həvalə edilmişdi. Rusiya Paralimpiya Komitəsinin (RPK) baş katibi Mixail Terenetyev, paralimpiya çempionu və Soçi -2014-ün səfiri Olesya Vladıkina və digər paralimpiya çempionları qısa müzakirədən sonra "Luçik” (günəş saçağı, oğlan) və "Snejok”u (qar dənəciyi, qız) Soçi -2014 Qış Paralimpiya Oyunlarının talismanı seçiblər. "Paralimpiya oyunlarının simvolunun seçilməsi kimi şərəfli bir vəzifənin bizə tapşırılması qürurvericidir. Paralimpiya oyunları milyonlarla əlil insanların həyatında müsbət dəyişikliyə təkan verir. Biz istəyirik ki, dünyanın bütün fiziki qüsurlu insanları həyatın davam etdiyinə, heç nəyin itirilmədiyinə, həyatda hər şeyin mümkün olduğuna əmin olsunlar. Fiziki göstəricilərinə görə əks tərəflərlə dayanan insanların bir yerə toplaşması olimpiadaya ikiqat enerji verir. İnanıram ki, "Luçik” və "Snejok” Soçi Paralimpiya Oyunlarında mübarizə aparacaq paralimpiyaçıları coşduracaq. Onlara ruh verəcək. Eyni zamanda, Rusiyada paralimpiya idmanının inkişafı üçün əlavə stimul yaradacaq”, - deyə Mixail Terentyev bildirib.

"Soçi Olimpiadasının talismanlarının seçimi olimpizm prinsiplərinə uyğun şəkildə həyata keçirildi”
Soçi-2014-ün Təşkilat Komitəsinin prezidenti Dmitri Çernışenko səsvermənin nəticələrini şərh edərkən deyib: "Olimpiya Hərəkatı tarixində ilk dəfədir ki, talismanlar bütün xalq tərəfindən səsvermə yolu ilə seçilir. Soçi Olimpiadasının talismanlarının seçimi olimpizm prinsiplərinə uyğun şəkildə həyata keçirildi. Xalqımız ağ ayı balası, dovşan balası və bəbiri Olimpiya oyunlarının simvolu olmağa layiq gördü. Qeyd etdiyim bu üç personaj Olimpiya Hərəkatı tarixinin bir hissəsinə çevrildi. Mən əminəm ki, talismanları seçərkən fəallıq göstərən rusiyalılar Olimpiya oyunlarının da xoş əhval-ruhiyyədə keçməsi üçün əllərindən gələni əsirgəməyəcəklər”.

Bəbir, yoxsa "Bars”?
Olimpiadanın simvollarının seçilməsində bir milyondan artıq rusiyalı iştirak etsə də, bu proses müəyyən tənqidlərə məruz qalıb. Rusiya mətbuatı hesab edib ki, "Barsik” bəbir deyil. Bu heyvan Qafqaz dağlarında yaşayan bars adlı yırtıcı bəbirin qarışığıdır. Mətbuat yazıb ki, rusiyalılar olimpiadanın simvolu kimi qəbul edilən "Barsik”in əslində hansı yırtıcını təmsil etdiyini aydınlaşdıra bilməyiblər. "Moskovskiy komsomolets” qəzeti yazıb ki, bu qəribə məxluq Vladimir Putinin telekanallara verdiyi müsahibədən sonra meydana çıxıb. "Bəbir mənim çox xoşuma gəlir. Bu yırtıcı çox güclü, çevik və qorxmazdır. Qafqazda yaşayan bəbirin nəsli kəsilmək üzrədir. Biz təbiətin bu qorxmaz məxluqunu yenidən gündəmə gətirməklə onun sayını artırmaq fikrindəyik” , - deyə Putin müsahibədə bildirib. Maraqlıdır ki, Olimpiadanın simvollarından birinin Qafqaz dağlarında yaşayan bars və ya pars (bu yırtıcı öz gücünə, çevikliyinə görə bəbirdən fərqlənir, eyni zamanda, zahiri görünüşünə görə də bəbirə bənzəmir) adlı yırtıcının olacağı planlaşdırılmışdı. Lakin Vladimir Putinin bəbirlə bağlı dediyi sözlər məhz bu heyvanın simvola çevrilməsinə səbəb olub. Nəticədə, Qafqazın ən güclü yırtıcısı olan barsın əvəzinə bəbir simvol seçilib. Qeyd edək ki, "Barsik”in müəllifi rəssam Vadim Pak da tənqid edilib. Rəssam hesab edib ki, bəbir şimali Qafqazda yaşayan yırtıcıdır və o, Rusiyanın simvolu olmağa layiqdir. Rusiyalı mütəxəssislər rəssamın bu fikrini istehza ilə qarşılayıblar. Ümumdünya Təbiəti Mühafizə Fondunun Rusiya şöbəsinin direktoru İqor Çestin deyib ki, bəbirlər, əsasən, Afrika, Pakistan, Hindistan və İndoneziyada yaşayırlar. "Qafqaz dağlarının ən uca zirvələrində, daima qar olan yerlərdə yaşayan yırtıcı bars adlanır. O, bəbir deyil. Olimpiadanın simvolu seçilən bəbir barədə qəribə sözlər işlədilir: guya ki, o, xilaskar-alpinistdir, snoubordla məşğul olur, ən uca zirvələrdə olan ağacların başında yaşayır. Buradan görünür ki, barsla bəbir səhv salınıb. Doğrudan da, bars uca dağların zirvəsində yaşayan yırtıcıdır. O, qayalıqlarda çox rahat hərəkət edir. Amma heç vaxt ağaca dırmaşmır. Bəbir isə ağaclarda yaşayır, qardan uzaq qaçır. Bəbir adlandırılan talisman rənginə, dərisinin üzərində olan xallara görə daha çox barsa oxşayır. Bu yırtıcı heç vaxt Qafqazda məskunlaşmayıb”, - deyə İqor Çestin bildirib.
Maraqlı cəhətlərdən biri də budur ki, Şimalı Osetiya muzeyinin direktoru Elbrus Kantemirov Vladimir Putinin televiziya kanallarına verdiyi müsahibədən doğan mübahisəyə faktlarla son qoymaq istədiyini deyib. Kantemirovun dediyinə görə, osetin xalqının "Nart” adlı eposunda Şimali qafqazda yaşayan bəbir barədə məlumat verilib. Qədim xalq dastanında deyilir ki, ağ rəngli "batraz” adlı bəbir osetinləri əsirlikdən xilas edib. "Xalq eposunda haqqında söhbət açılan bəbir bizim dağların ən qədim yırtıcılarından biridir. Dastandan da göründüyü kimi, bəbir və ya bars eyni heyvandır”, - deyə Kantemirov bildirib.
Soçi-2014 Olimpiadasının səfiri, məşhur alpinist, "qarda yaşayan bars” ləqəbli Kazbek Hamitsayev Olimpiya oyunlarının talismanı seçilən yırtıcının bəbir yox, qarda yaşayan bars olması ilə razılaşmır: "Sübut edə bilərəm ki, bars Qafqaz dağlarında yaşayan yırtıcılardan biridir. Mən bununla bağlı istənilən alimlə mübahisə etməyə hazıram. 1979-cu ildə Suqansk dağ yamacının Doppax adlanan zirvəsində barsla - təbiətin möhtəşəm yırtıcısı ilə rastlaşmışam. Olimpiadanın simvolu seçilən "Barsik”, doğurdan da, bəbirdir və o, bizim dağların daimi sakinidir. Təcrübəmə əsaslanaraq deyə bilərəm ki, bəbirin simvol seçilməsi idmançıları qələbələrə ruhlandıracaq. Çünki bəbir əzəmət, vüqar, çeviklik və cəldlik simvoludur. Rusiyalı alpinistlərin emblemində "qarda yaşayan bars” şəkli əks olunub. Təbiətin nadir heyvanlarından olan bars bizi qələbələrə ruhlandırır”.

"Mişka” 31 ildən sonra "Polyus”a çevrildi?
Soçi Olimpiadasının simvolları hamının ürəyincə olmayıb. Belə ki, keçən əsrin 80-ci ilində Moskvada təşkil edilən Olimpiya oyunlarının talismanının ("Mişka”) yaradıcısı və ideya müəllifi Viktor Çijikov yeni talismanları tənqid edib. Məşhur "Mişka”nın müəllifi daha çox, ağ ayı balasını bəyənməyib. Çijikov hesab edir ki, ağ ayı "Mişka”nın oxşarıdır. "Soçi Olimpiadasının talismanlarından biri olan ağ ayı balası "Mişka” ilə eynidir. Gözlər, ağız, təbəssüm, bir sözlə bütün cizgilər mənim yaratdığım talismanı xatırladır. Bilirsiniz, mənim əsərlərimi oğurlayanda özümü narahat, aldadılmış hiss edirəm. Hər bir müəllif öz əsərinin cizgilərini daha tez tanıyır, hiss edir. Ağ ayı balasını görən kimi "Mişka”ya aid cizgiləri tanıdım. Dediyim kimi, mənim hazırladığım "Mişka” ilə Soçi Olimpiadasının talismanı seçilən "Polyus” arasında heç bir fərq yoxdur. "Polyus”un müəllifi mənim "Mişka”mın üzərində azacıq estetik əməliyyat aparıb. Ümumiyyətlə, hesab edirəm ki, Soçi Olimpiadasının simvolları qeyri peşəkarlar tərəfindən hazırlanıb. Talismanların heç birində ciddiyyət hiss olunmur”, - deyə Çijikov "Exo Moskva” radiosuna bildirib.

Hazırladılar:
Hürrü Abdullayev
Anar Əhmədov