Hərbi vətənpərvərlik mahnılarının gənc nəslin milli mənlik şüurunun formalaşmasında rolu böyükdür

Hərbi vətənpərvərlik mahnılarının gənc nəslin milli mənlik şüurunun formalaşmasında rolu böyükdür


"Azərbaycanın Levitanı" -
Şəmistan Əlizamanlı ilə müsahibə



O, 1986-cı ilin may ayından müsabiqə yolu ilə Azərbaycan radiosunun aparıcısı seçilib. Ecazkar səsi ilə hərbi mahnıların unudulmayan ifaçısı kimi yadda qalan Şəmistan Əlizamanlı Türkiyə Dövlət Televiz
iyası TRT-nin Azərbaycan bürosunda çalışıb.Şəmistan Əlizamanlı 1959-cu ildə Gürcüstanın Marneuli (Borçalı) bölgəsində doğulub. İndiyə qədər "Çağırır vətən", "Qalx, Azərbaycan", "İgid əsgər, möhkəm dayan", "Vətən əmanəti", "Öncə vətəndir", "Can Azərbaycan", "Birinci batalyon", "Cənab leytenant", "Çırpınırdı Qara dəniz", "Dağlar", "Azərbaycan-Türkiyə", "Ana yurdum", "Tanrı türkə yar olsun", "Heyran türkün bayrağına", "Qafqaz dağı, yol ver bizə" və sairə mahnıları ifa edib.
Gəncliyində gəmi kapitanı olmaq istəsə də, tale onu zəhmli, qeyri-adi səs tembrinəticəsində heç gözləmədiyi bir sahilə gətirib çıxarıb... O sahilə ki, orada müharibənin dəhşətli tufanlarının, enişli-yoxuşlu həyat yolunun şahidi olub...
Redaksiyamıza elə dəvət olunduğu gün gələn, olduqca mədəni, alicənab, vətənpərvər insan olan hərbi diktor Şəmistan Əlizamanlı ilə səmimi söhbətimizi "Olimpiya dünyası”nın oxucularının diqqətinə çatdırırıq.


Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsində bir çox amillər mühüm rol oynayır. Ölkəmizdə idmanın inkişafına, gənc nəslə göstərilən qayğı bu məsələdə önəmli yer tutur. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsində vətənpərvərlik mövzusunda olan mahnıların da rolu danılmazdır. Belə mahnılar gənclərə vətən sevgisi aşılayır.


- Şəmistan müəllim, vətənpərvərlik mövzusundan söz düşərkən, sizin adınızı çəkməmək mümkün deyil...

- İnsan özünü, kim olduğunu dərk etdikdən sonra vətənpərvərlik hissləri də çoxalır. Məncə, hər bir insanın daxilində belə hisslər var. Xalqımızın üzləşdiyi ağrılı problemlər mənə də çox dərindən təsir edir. Hisslər hər insanda eyni dərəcədə olmur. Mənim xoşbəxtliyim, bəlkə də, ondadır ki, vətənimizə, torpağımıza olan sevgim daha çoxdur.

- Sizcə, bu hisslərin kökü haradan başlanır?

- Mənim babam Cənubi Azərbaycandan, Nadir şahın sülaləsindəndir. Özümü dərk edəndən bizim evimizdə Azərbaycanın bölünməsi, parçalanması barədə söhbətləri gedib. Xalqımızın üzləşdiyi haqsızlıqları, hamı kimi, mən də görürdüm və bu mənə pis təsir edirdi. Mən kənd mühitində böyümüşəm. Kəndimizdə meyvə ağaclarına baxa-baxa düşünərdim ki, görəsən, Təbrizdə də alma ağacları buradakı kimidirmi? Bilirsiniz, hər bir insan müəyyən qədər valideynlərinə bənzəyir, onların xüsusiyyətlərini daşıyır.

- Yeri gəlmişkən, uşaqlığınızı necə xatırlayırsınız?

- Mənim uşaqlığım maraqlı keçib. Doğulduğum Borçalı mahalı sazlı-sözlü yer olub. Gözəl təbiət qoynunda, at belində keçib uşaqlığım. Atam təbiətin vurğunu idi. Bəlkə də bir zamanlar meşəbəyi işləməsi təbiətə olan vurğunluğundan irəli gəlib. Onun gəncliyi çətin dövrə düşdüyündən ali təhsil ala bilməmişdi. Lakin əmimin ali təhsil almasının səbəbkarı atam olmuşdu. II dünya düharibəsi zamanı əmim müharibədən qayıtmadı. O, 6 ay idi ki, ailə qurmuşdu... Bu hadisənin özü də ailəmizə sarsıdıcı zərbə oldu. Babam da, dayım da bu müharibənin qurbanıdır. Müharibə mənim yaddaşımda ağrısı-əzabı ilə qalıb... Zənnimcə, vətənpərvərlik hissləi mənə də gendən keçib. Vətənimizlə bağlı baş verən hadisələrə biganə qala bilmirəm.

- Yəqin ki, biganə insanları da sevmirsiniz?

- Bəli. Ümumiyyətlə, ətrafımda laqeyd, vətənini sevməyən və nankor insanlara yer yoxdur. Təsadüfən tanış olduğum insanlarda müsbət keyfiyyətlər görməsəm, onlarla bir daha görüşmürəm. İnsanın mənəviyyatı, səmimiliyi və sadəliyi mənim üçün çox vacibdir. Mən demirəm ki, bütün günü vətəndən danışımaq lazımdır. Əsas odur ki, vətən məhəbbətini qəlbində, canında yaşadasan və bu hiss, harada olmağından asılı olmayaraq, səni tərk etməsin. Əgər müharibədə bir əsgərimiz şəhid olursa və sən o əsgəri doğman hesab etmirsənsə, bax, bu, bağışlanmazdır. Düşmən hücum edəndə bizi bir-birimizdən seçmir. Burada millətin taleyindən söhbət gedir. Belə məqamlarda şəxsi taleyimizi necə düşünə bilərik? Bu, mənim xarakterimdir və başqa cür yaşamağı bacarmıram... Biz bir millət olaraq cəsur, ürəkli və mərd xalqıq. Əsrlər boyu əzilsək, parçalansaq da, bu xüsusiyyələri bizə unutdura bilməzlər. Biz təkcə Qarabağ müharibəsində minlərlə şəhid verdik. Onların arasında milli qəhrəmanlar, igid oğul və qızlarımız var. Vətənpərlik hissləri yalnız mübarizə aparan, torpağını, milllətini qoruyan insanlarda olur. Bu hisslər, məncə, bizim xalqımızda daha çoxdur.

- Yəqin ki, təbliğatın da burada rolu böyükdür...

- Əlbəttə, vətənpərvərlik hisslərinin formalaşmasında təbliğatın böyük rolu var. Təəssüf ki, indi televiziya və radiolarda milli vətənpərvərlik hissini aşılayan verilişlər çox azdır. Mətbuatda da bu səpkidə olan yazılara az rast gəlirik. Bu baxımdan, qəzetinizin işini dəstəkləyir və uğurlar arzu edirəm. Hər bir mətbuat orqanı, hər bir televiziya kanalı bu mövzunu diqqətdə saxlamalı, marş və vətənpərvərlik ruhunda olan mahnılara, filmlərə üstünlük verməlidir. Şou verilişləri, mənasız teleseriallar baş alıb gedir, vətənpərvərlik ruhunda olan verilişlərə isə az yer ayrılır.

- Efirlərdə daha çox hansı səpkidə olan verilişləri görmək istərdiniz?

- Yaxşı olardı ki, Milli Qəhrəmanlarımız barədə filmlər, verilişlər çox çəkilsin. Bu, maraqlı olardı. Əgər Mübariz İbrahimov haqqında yaxşı bir film çəkilsə, bu, əsl əfsanəyə, qəhrəmanlıq dastanına çevrilər. İdmançı, igid, yaraşıqlı və vətənpərvər bir oğlan - Mübariz barədə çəkilən film gənc nəslin vətənpərvərlik ruhunun tərbiyəsində atılan ən uğurlu addımlardan ola bilər. Mübariz İbrahimov öz igidliyi ilə bütün gəncliyə çağırış etdi. O göstərdi ki, Azərbaycanın igid əsgərləri var, olub və olacaq.Vətən üçün nə etmək lazım olduğunu Mübariz etdi. Mübariz idmançı idi. Onun böyük gələcəyi var idi. Amma o, gələcəyini özü seçdi və əbədi yaşamaq üçün şəhidlik zirvəsinə ucaldı. Mübariz cənc nəsil üçün bir örnəkdir. Onun şəhidlik zirvəsinə qalxması xalqımızda, cəmiyyətimizdə vətənpərvərlik hisslərini daha da artırdı. Hamı Mübarizin qəhrəmanlığından danışır. Belə qəhrəmanlıq nümunələri gənclərimizi daha da ruhlandırır.

- Siz hərbi xəbərləri oxuyarkən tamaşaçılarda vətənpərvərlik hissləri, qələbə ruhu, mübarizə hissləri oyanırdı. Əksər evlərdə sizin çıxışınızı, verəcəyiniz xəbərləri kirpik qırpmadan izləyirdilər. Təsadüfü deyil ki, sizi "Azərbaycanın Levitanı" adlandırırdılar. Şəmistan müəllim, bəs indi vətənpərvərlik ruhunda veriliş aparmaq təklifi alsanız yenidən aparıcı kimi efirdə görünmək istəyərdinizmi?

- Belə təkliflər bir neçı dəfə olub. Lakin ssenari və təklif olunan işin səviyyəsi məni qane etməyib. Efir insanlara, cəmiyyətə yalnız müsbət tərəfdən təsir etməlidir. İndi bu amilləri nəzərə almırlar. Xalqa milli ruhda olan filmlər, tamaşalar, mahnılar təqdim etmək lazımdır. Qeyd etdiyim kimi, Milli Qəhrəmanlarımız barədə, vətənpərvərlik ruhlu filmlərə bu gün böyük ehtiyac var.

- Yeri gəlmişkən, Milli Qəhrəmanlarımız barədə film çəkilərsə, həmin filmdə baş rolda çıxış etmək istəyərdiniz?

- Əlbəttə, istəyərdim. Mən aktyorluq fakültəsini bitirmişəm. İnanıram ki, bunu yaxşı bacarardım.

- Bəs hansı qəhrəmanımızı canlandırmaq istəyərdinizmi?

- Mən qəhrəmanlarımızı bir-birindən ayırmıram. Onlar hamısı igidlik, cəsurluq, mərdlik nümunəsidir. Ölkəmizi, torpağımızı onlar qədər sevməyi bacarmaq lazımdır. Qəhrəmanlıq yeganə əməldir ki, onu öyrətmirlər. Bu gərək insanın qanında, canında olsun... Mən belə igidləri gördüyüm, onlarla çiyin-çiyinə vuruşduğum üçün fəxr edirəm. Elə xatirələr var ki, onları sözlə ifadə etmək olmur, mütləq yaşamaq lazımdır. Şəhid oğullarımızın qəhrəmanlığı gənc nəslin milli şüurunun oyanmasına, onların vətən sevgisi ilə böyüməsinə imkan yaradır. Milli şüur gənc nəslin qanına hopmalıdır. Onlarda bu hissləri hərbi janrda olan musiqilərlə, şeirlərlə yaratmaq mümkündür.

- Siz ifa etdiyiniz bir neçə mahnının həm də bəstəkarısınız.

- Bəstələdiyim mahnılar var, ilham gəldikcə yazıram. Bir zamanlar mahnı oxuyacağım heç ağlıma da gəlməzdi. İndi isə musiqi həyatımın ayrılmaz hissəsinə çevrilib.

- Yəni mahnı ifa etməyiniz təsadüfən alınıb?

- Bəli. Mən insanların yaddaşında daha çox hərbi diktor kimi qalmışam. Vətənpərvərlik mövzusunda oxuduğum mahnıları yaradıcılığımın bir qolu hesab edirəm. Etiraf edim ki, heç vaxt mahnı oxumaq arzusunda olmamışam. Diktorluq fəaliyyətim nəticəsində müharibədə iştirak etdim və mahnı oxumağım bir təsadüflə başladı. Bunun maraqlı tarixi var. 1993-cü ildə Ağdərədə Çıldıran əməliyyatında mühasirəyə düşdük. Lakin bu hal uzun çəkmədi və böyük səylə mühasirədən çıxdıq. Mühasirəyə düşərkən üst-başımız tamam palcığa batmışdı. Məni Yusif adlı bir nəfərə tapşırdılar ki, əyin-başımı dəyişim. Həmin Yusif arxa cəbhə üzrə komandir müavini idi. Mən o zamana qədər Yusif Mirzəyevi tanımırdım. O, mənə elə mehribanlıq, qayğıkeşlik göstərdi ki, elə bildim Yusifi lap çoxdan tanıyıram... O gündən sonra çox yaxın dost olduq. Yusif Naxçıvandan idi. Ağdərəyə könüllü getmişdi. Çətin döyüşlər, müharibənin ağır şərtləri bütün əsgərlər kimi Yusifdən də yan keçməmişdi. Onun sənədləri hələ sağlığında Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülməsi üçün təqdim olunmuşdu. Böyrəklərində yaranan xəstəlikdən, kəskin ağrılardan əziyyət çəkirdi. Onu məcbur etdik ki, xəstəxana şəraitində müalicə olunsun. Yusif xəstaxanada qalarkən, mən də yanına gedib baş çəkirdim. Çıldıran əməliyyatı zamanı yanımızda partlayan mərmilərdən mən də payımı almışdım. Odur ki, məni də dostumun müalicə olunduğu xəstəxanaya göndərdilər. Biz orda bir otaqda qalırdıq. Xəstəxananın həkimi Şahin Musaoğlu bizə tez-tez baş çəkirdi. Onunla aramızda isti münasibət yaranmışdı. Bir dəfə bizə dedi ki, bir mahnı yazmışam, istəyirəm qulaq asasınız. Şahin zümzümə edərək yazdığı mahnını ifa etdi. Bu mahnı "İgid əsgər, möhkəm dayan" adlanırdı. Mahnı Yusifin çox xoşuna gəldi, hətta o qədər bəyənmişdi ki, dilindən düşmürdü. Bir dəfə ona dedim ki, bu mahnını bu qədər bəyənirsənsə, mən də bir gün oxuyub, sənə ithaf edərəm. Yusif müalicədən sonra Ağdərəyə, mən isə Müdafiə Nazirliyinə qayıtdım. Sonra biz yenə görüşdük. O, mahnını nə vaxt ifa edəcəyimi səbirsizliklə gözlədiyini dedi. Düzü, mən də bəhanələr gətirib işi ləngidirdim. Deyirdim ki, mahnı ifa etmək məndə alınmaz. Sonra öyrəndim ki, Yusif əsgərlərə "İgid əsgər, möhkəm dayan" mahnısını əzbərlədib oxutdururmuş. Bu hadisə məni bir az həvəsləndirdi. Düşündüm ki, bəlkə bu mahnı mənim ifamda yaxşı alınacaq? Mahnının sözlərini çap edib, vərəqin yuxarısında "Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevə ithaf edirəm" sözlərini yazmışdım. O, axırıncı dəfə Bakıya gələndə həmin vərəqi Yusifə göstərdim və dedim ki, bax, yazmışam ki, "Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevə ithaf edirəm". Bu görüşümüzdən bir neçə gün sonra Yusif Ağdərə uğrunda gedən döyüşlərin birində şəhid oldu... O, mənim dostum idi. Yusifin həyatımda qoyduğu boşluq omrümün sonuna qədər dolmayacaq...

- Bəzi insanlar əvəzolunmaz insanların olmadığını iddia edirlər. Bu fikirlə razısınız?

- Bu fikirlə razı deyiləm. Məncə, əvəzolunmaz insanlar da, dostlar da var... Onların yerini heç kim doldura bilməz. Mən Yusifə qibtə edirdim. O, çox namuslu, həyalı-abırlı, olduqca vətənpərvər, igid oğul idi. Yusif Mirzəyev erməni qoşununun qarşısında 14 nəfər əsgər ilə 1 gün dayana bilmişdi. Bu qəhrəmanlığına görə ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı adı verildi.
Yusifə verdiyim sözü tutub, mahnını ifa etdim. İlk dəfə mahnı ifa etməyim belə oldu... Sonra bu mahnı çox hörmətli insanlar tərəfindən də bəyənildi. Onlar da təklif etdilər ki, vətənpərvər mahnıları oxumaqda davam edim.

- Oxuduğunuz mahnıları qitara və fit səsinin müşayiət etməsi fikri necə yarandı?

- Bunu oxuduğum mahnılara yaraşdığı üçün etdik. Mahnılarda eşidilən fit səsini mən səsləndirirəm. Məncə, vətənpərvərlik mövzusunda oxunan mahnılara o zaman daha böyük ehtiyac var idi. Elə indi də var... Yusif Mirzəyev şəhid olduqdan sonra biz "Vətən sənə oğul dedi" adlı 30 dəqiqəlik film hazırladıq. Film efirə verildi və ona ithaf etdiyimiz mahnı da filmin sonunda səsləndirildi. Bu, izləyicilər tərəfindən çox bəyənilmişdi. Amma mahnının kimin ifa etdiyini heç kəs bilmirdi. Çünki o filmdə yalnız səsim eşidilirdi, özüm görünmürdüm.

- Şəmistan müəllim, yaradıcılığınız indi də davam edirmi?

- Yaradıcılığım davam edir, yeni mahnılar ifa edirəm. Lakin efirlərdə əvvəlki qədər səslənmir...

- Sizcə, bunun səbəbi nədir ?

- Bilirsiniz, indi efirdə səslənən mahnılar daha çox şou xarakterli mahnılardır. Vətənpərvərlik mövzusunda olan verilişlər isə, qeyd etdiyim kimi, çox azdır. Mən bu mahnıları xalqımızın milli vətənəpərvərlik ruhunun artması, əsgərlərimizə ruh, qol-qanad vermək üçün oxumuşam. Hesab edirəm ki, belə mahnılar radiolarda, efirlərdə təmənnasız səsləndirilməlidir.

- Şəmistan müəllim, yeri gəlmişkən, mahnıların yazılmasında sizə kömək edənlər varmı?

- Mahnıları öz gücümlə yazdırıram. Bunun üçün göstəriş və yaxud ciddi bir tapşırıq, hələ ki, yoxdur. "Mənim mahılarımı efirdə səsləndirin", - deyə kimlərdənsə xahiş etməməliyəm. Hərbi vətənpərvərlik ruhunda olan musiqilərə televiziyalar özləri maraq göstərməlidirlər. Bu, mənim üçün yox, cəmiyyətimiz üçün lazımdır... Təəssüf ki, bu gün daha çox biganəliklə qarşılaşıram. Öz gücümlə yüksək keyfiyyətli mahnı yazdırmağım çox çətindir. Bilirsiniz ki, yaradıcılıq işləri, studiya çalışmaları, mahnının aranjimanı və s. proseslər var ki, bunun üçün maddi vəsaitə ehtiyac duyulur. Heç bir dəstək olmadan, tək başına bütün bunların öhdəsindən gəlmək çox çətindir. Bizim vətənpərvərlik ruhunda çəkilən kliplərimiz də çox azdır. Bu barədə bir çox qurumlara müraciət etsəm də, müsbət cavab almamışam. Maraqlı ideyalarım var. Köməklik olunarsa, onları həyata keçirmək olar. Bu biganəlik, düşünürəm ki, aradan qalxacaq. Gənc nəslin vətənpərvər böyüməsində, tərbiyə olunmasında axı belə mahnılara ehtiyac var. Gənc nəsil vətənpərvərlik mövzusuna aid mahnılardan mütləq qidalanmalıdır. Əsgərlərimiz də bundan həvəslənməlidir. Onların psixologiyasına müsbət təsir etməliyik: bayağı, mənasız mahnılarla yox, hərbi vətənpərvərlik ruhunda yazılan, milli süura təsir edə biləcək mahnılar ilə. Bu, həm də vicdan, milli təəssübkeşlik məsələsidir. Bunun üçün vətəni, sadəcə sevmək, onun gələcəyini düşünmək lazımdır. Unutmaq olmaz ki, musiqi insanların ruhu ilə daim təmasdadır. Mahnılar bizim ruhumuzu həm canlandıra, həm də öldürə bilər...

- Şəmistan müəllim, siz əsgərlərlə görüşlərdə, konsertlərdə iştirak edirsiniz. Yəqin ki, belə görüşlər yaradıcılığınıza stimul verir...

- Əlbəttə, elə görüşlər olur ki, insan oradan böyük ruh yüksəkliyi ilə qayıdır. Elə bu yaxınlarda Naxçıxanda verdiyim konsert də məni çox ruhlandırdı. Tamaşaçılar mahnıları mənimlə birgə ifa edirdilər. Konsertin sonunda məni ayaq üstə alqışladılar. Belə dəvətlərdə, görüşlərdə hər zaman iştirak etməyə hazıram. Naxçıvandakı dövlət rəsmiləri məni çox gözəl qarşıladılar və bir neçə mahnıma klip çəkdirməyi təklif etdilər. İnşallah, bir neçə aydan sonra bu planı həyata keçirəcəyik. Bu qədim torpaqda konsert vermək ürəyimdən oldu.

- Təzəcə qədəm qoyduğumuz 2013-cü ildə hansı planlarınız var?

- Bu yaxınlarda mahnılarımdan ibarər " Vətən əmanəti" adlı yeni albom işıq üzü görəcək. Daha sonra, inşallah, klip çəkdirməyi düşünürəm.

- Bu albomda öz bəstələdiyiniz mahnılar da yer alacaqmı?

- Bu diskdə mənim bəstələdiyim bir mahnı olacaq. Qeyd edim ki, yeni mahnılarla bərabər, lap əvvəllər ifa etdiyim mahnılara da albomda yer verilib. Düşünürəm ki, "Vətən əmanəti" dinləyicilərin zövqünü oxşayacaq və vətənpərvər insanların sevərək dinlədiyi mahnılar olacaq.

-Şəmistan müəllim, ifa edəcəyiniz mahnını seçərkən daha çox hansı xüsusiyyətlərə diqqət yetirirsiniz?

- Mahnı, əsasən, ruhuma, zövqümə uyğun olmalı, bir-birini təkrar etməməlidir. Mahnıların səmimi və yaddaqalan olması da əsas şərtdir. Bəyənmədiyim sözü, musiqini heç vaxt ifa edə bilmərəm. Bu baxımdan, bəzən təqdim olunan mahnının sözlərinə düzəliş də etməyə məcbur oluram. Çalışıram ki, gördüyüm iş səviyyəli olsun və tənqidə məruz qalmasın. Ümumiyyətlə, hər kəs gördüyü işin məsuliyyətini dərk etməlidir. Oxuduğum mahnıdan, gördüyüm işdən, ilk növbədə, özüm zövq almalıyam. İnsan sevdiyi işlə məşğul olanda ondan yorulmur.

- Bəs, yorğun zamanlarınızda necə dincəlir, nədən zövq alırsınız?

- Təbiətin qoynunda olmağı sevirəm. Biz rayon adamlarıyıq, vətənin hər guşəsi bizə zövq verir. Mən təbiət vurğunuyam. Təklikdə gəzməyi, düşünməyi sevirəm. Özüm-özümlə qalanda rahatlıq tapıram.

- Hobbiniz necə, varmı?

- Hobbim saatlarla, yorulmadan tilov atıb balıq tutmaqdır. Əslində, məqsəd balıq tutmaq deyil, zamanı mənalı keçirməkdir. Bəlkə də tutacağım balığı təzədən suya buraxaram... Ümumiyyətlə, təbiəti, heyvanları, quşları çox sevirəm.

- Təbiəti seyr edərkən hansı mahnıları zümzümə edirsiniz: vətənpənvərlik mahnılarını, yoxsa...?

- Bəzən sevdiyim xalq mahnılarımızdan, aşıq havalarından zümzümə edirəm. Məncə, insan təbiət qoynunda hansı hissləri keçirirsə, həmin hisslərə uyğun mahnılara müraciət edir. Aşıq mahnılarına da böyük məhəbbətim var. Çünki göz açdığım Borçalı eli aşıq musiqisinin, sazın, sözün diyarıdır. Bununla bərabər, muğamatı da çox sevirəm. Çünki bütün bu musiqilərdə təmiz məhəbbət, vətənpərvərlik ruhu, milli özünüdərk hissləri var. Qədim tariximizi, musiqimizi və mədəniyyətimizi sevmək, vətənimizi sevmək deməkdir.

- Səmimi müsahibə üçün təşəkkür edirik.

- Sağ olun.