AFFA İcraiyyə Komitəsinin iclasından sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev jurnalistlərin suallarını cavablandırdı. Assosiasiya rəhbəri qəbul olunan qərarlardan və millimizin EURO-2016-nın final mərhələsinə vəsiqə qazanmaq şanslarından danışdı.
- Rövnəq müəllim, öz işinizdən razısınız?
- Mən öz işimdən narazıyam. Harada işləmişəmsə, həmişə belə olub. Heç kim adekvat olaraq qoyulmuş tapşırıqlar üzrə nəticə qazana bilmir. Dövlət futbola dəstək verir, ancaq qarşılıq nəticə yoxdur. Sponsorlar azdır. Onları futbola cəlb edə bilmirik.
- Azərbaycan futbolunun inkişafı üçün futbolçularımız legioner həyatı yaşamalıdır. Xüsusilə də, cavan futbolçuları xaricə göndərmək lazımdır. Heç kimə sirr deyil ki, millinin üzvlərinin əksəriyyəti məhz Rövnəq Abdullayevin verəcəyi mükafat üçün oynayır...
- AFFA həmçinin, 21 yaşa qədər futbolçuların məvacibinə limit qoymaq fikrindədir: Son il ərzində gənc futbolçuların sayı 46-dan 106-ya qalxıb. Mən sizə bir şey deyim: biz İK-nın iclasında belə bir qərar qəbul etdik. 22 yaşa qədər oyunçuların maaşına limit qoyulmalıdır. Biz məvacib həddini aşan klubları cəzalandıracağıq. Azərbaycan futbolçuları legioner olmaq istəmirlər. Çünki, burada böyük məvacib alırlar. Bunu açıq deyirəm. Əgər bir futbolçuya 1000 manat maaş verilirsə, həmin futbolçular gedib rayonda da eyni məbləği alırsa, bu, şübhəlidir. Biz bunları araşdıracağıq, belə şeylər ortaya çıxsa, onları sərt cəzalandıracağıq.
- Bakıda Olimpiya stadionunun tikinti işləri davam edir. Bilmək istərdik, stadionun açılışı nə vaxta planlaşdırılır? Millimiz nə vaxt oyunlarını həmin arenada keçirəcək?
- Olimpiya stadionu 2015-ci ildə keçiriləcək I Avropa Oyunları üçün nəzərdə tutulub. Bundan başqa, 16 yaşınadən oğlanlardan ibarət komandalar arasındakı Avropa çempionatı da orada keçirilə bilər. UEFA komissiyası gəldikdən sonra hansı oyunumuzu bu stadionda keçirəcəyimizə qərar verəcəyik.
- Hər kəs gənclərə üstünlük verilməsindən danışır. Digər tərəfdən Almaniyanın aşağı liqalarında "gözdən itən qeyri-azərbaycanlıların” milliyə çağırılması nə dərəcədə düzgündür?
- Klublara baxın. Görün orada azərbaycanlı hücumçu var? Həmçinin dayaq müdafiəçiləri də yoxdur. Berti Foqts belə futbolçuları hardan tapsın? Maksimum cavan oyunçular yığmağa çağırılır. Onu da deyim ki, Almaniyanın 2-ci liqasında oynayan futbolçunun səviyyəsi daha yüksəkdir.
- Futbolumuz azarkeş baxımından əziyyət çəkir. Olanlar da stadionlarda dava-dalaş yaradırlar. Klublara təhlükəsizlik baxımından hansı tapşırıqlar verildi?
- Stadionlara daha çox azarkeş cəlb etmək lazımdır. Bunu İngiltərə, Almaniya və digər ölkələrdə olduğu kimi etməliyik. Futbolun populyarlaşdırılmasına ehtiyac duyulur. Desəm ki, azarkeşlər dostdur, yalan olar. Azarkeşlik o deyil ki, dağıdasan, söyüş söyəsən. Çoxları Türkiyədəki oyunlardan nümunə götürürlər. Yaxşıları qalır qıraqda, pisləri götürürlər. Biz klublarda reformlara başlamışıq. Bütün klublarda müşahidə şurası yaradıldı və komandalarda futbolu bilənlər olacaq. "Klub prezidenti belə deyir” söhbəti olmayacaq. Biz xaricdən mütəxəssislər yığırıq. Bunu elə-belə etmirik. Hər kluba nümayəndəmizi seçmişik. Biz məşqçinin bütün xərcini çəkib, onları kluba qoyuruq. Beləliklə, həm vəziyyəti biləcəyik, həm də uşaq futbolunun inkişafına nail olacağıq.
- "Neftçi” son turlarda uğursuz nəticələrdən sonra həm PFL, həm də AFFA-nı günahlandırır...
- Sən indiyədək görmüsən ki, uduzan getsin kiməsə razılıq etsin? Uduzubsa, şikayət etməlidir. Avropada da hakimlər elə səhvlər edir ki, bizimkilər etsə, onları "güllələyərlər”. Hansısa klub uduzursa, narazılığını bildirir. Kim oynayırsa, meydanda özünü göstərməlidir.
- Millinin oyunları yayımlanmır. Nə vaxtadək azarkeşlər əsas komandamızın oyunlarını sayt vasitəsilə izləyəcək?
- Bu, televiziyaya aiddir. Qarşıdakı ABŞ yığması ilə oyun televiziya vasitəsilə yayımlanacaq. Televiziyalar deyir yayım hüququnu bizə ver. Niyə verməliyəm? Türkiyə Futbol Federasiyası televiziyalardan 450 milyon dollar pul alır.
- Yeni qərara, əsasən, ölkə çempionatında iştirakçıların sayı arta bilər. Buna münasibətiniz necədir?
- Bəli. Qərara əsasən, növbəti mövsümdən Topaz Premyer Liqasında 12 komanda mübarizə apara bilər. Ancaq bu, I Divizion komandalarının səviyyəsinin buna cavab verməsi, zəruriliyi, istək və imkanları daxilində mümkün olacaq. Növbəti mövsümün formatı yalnız turnirdə iştirak edəcək komandaların sayının dəqiqləşməsindən sonra müəyyən ediləcək. Qeyd edim ki, "Sumqayıt” yaxşı layihədir. Bu layihə, gənc oyunçuların yetişdirilməsinə yönəlib. Regionlarda bir neçə "Sumqayıt” layihəsi həyata keçiriləcək. Bu, heyətində xarici futbolçu oynamayan komandadır. Belə komandaları ölkə çempionatında saxlamaq lazımdır.
- EURO-2016-nın təsnifat mərhələsində millimizin şanslarını necə dəyərləndirirsiniz?
- Düşünürəm ki, yığmamızın EURO-2016-nın final mərhələsinə vəsiqə qazanmaq şansı var. Bəxtimizə güclü qrup düşüb. Hətta Malta millisi də asan rəqib deyil. Dünyada 106-cı pillədəyik. Çempionatımız 43-cüdür. Ancaq rəqəmlər hər şeyi həll etmir. Düşünürəm ki, qrupda şanslarımız 50-50-yədir.