Azərbaycan idmanı öz yüksəliş dövrünü uğurla keçir. İdmanda qazanılan nailiyyətlər bir-birini əvəzləyir. Nəticədə, bütün dünya Azərbaycanı qabaqcıl idman ölkəsi kimi tanıyır. Azərbaycanda keçirilən mühüm idman tədbirləri idmana olan dövlət qayğısının və atletlərimizin beynəlxalq arenalarda qazandığı uğurların tənqidi nəticəsidir. Ölkəmizə beynəlxalq arenalarda uğur qazandıran idman növləri arasında cüdonun müstəsna rolu danılmazdır. Bu idman növündə müxtəlif yaş qrupları arasında Olimpiya, dünya və Avropa çempionlarımız var. Azərbacan Cüdo Federasiyası bu uğurların qazanılması yolunda böyük səylə fəaliyyət göstərir. Federasiyanın həyata keçirdiyi işlər, yarışlara hazırlıq və digər məsələlərlə bağlı daha ətraflı məlumat almaq üçün qurumun vitse-prezidenti Elnur Kələntərovla görüşdük. O, bizi maraqlandıran sualları cavablandırdı.
- Azərbaycan Cüdo Federasiyasının göstərişi ilə yığma komandanın baş məşqçisi dəyişdirildi. Maraqlıdır, bu dəyişikliyin edilməsinin səbəbi nə ilə bağlı idi? Axı komanda keçmiş baş məşqçi Zeyzenbaherin rəhbərliyi altında kifayət qədər uğurlar qazanmışdı.
- Məlumdur ki, son dövrlərə qədər cüdo üzrə milli komandaya yerli məşqçilər korpusu rəhbərlik edirdi. Həmin məşqçilərin rəhbərliyi altında idmançılarımız fərqli nəticələr qazanıblar. Əgər yığma komandanın heyətinə nəzər salsaq, görərik ki, heyətdə heç vaxt legioner idmançının xidmətlərindən istifadə olunmayıb. Bu baxımdan cüdo digər idman növlərindən fərqlənib. Böyük Britaniyanın paytaxtı Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarından sonra cüdo yığmasında bir sıra dəyişikliklər baş verdi. Bu, labüd idi. Cüdoçularımız bu mötəbər yarışda mükafatsız qalmışdılar. Bu uğursuzluqda həm federasiyanın, həm də məşqçilər heyətinin səhvi var idi. Təbii ki, bu uğursuzluqla bağlı federasiyada bir sıra müzakirələr aparıldı. Səbəblər araşdırıldı. Müəyyən olundu ki, komandanın fiziki hazırlığı lazımi səviyyədə deyildi. Həmin ərəfədə cüdoda yeni qaydaların tətbiq olunması da idmançılarımıza mükafat qazanmaqda çətinliklər yaratmışdı. Həmçinin komandada yaranan müəyyən çatışmazlıqlar özünü büruzə verirdi. Vəziyyətdən çıxış yolu kimi qərara aldıq ki, komandaya əcnəbi mütəxəssis cəlb olunsun. Beləliklə, avstriyalı məşqçi Peter Zeyzenbaher milli komandaya dəvət olundu. Onun gəlişi qısa zaman ərzində öz bəhrəsini verdi. Xatırladım ki, Zeyzenbaher ikiqat Olimpiya çempionudur.
Avstriyalı mütəxəssisin baş məşqçi təyin olunması komandamız üçün yeni bir səhifə açdı. Bunun məntiqi nəticəsi olaraq cüdoçumuz Elxan Məmmədov Braziliyada təşkil olunan dünya çempionatında qızıl medal qazandı. O, cüdo tarixində dünya çempionu adına layiq görülən ilk azərbaycanlı idmançı kimi adını tarixə yazdırdı. Peter Zeyzenbaherin Azərbaycan cüdosuna verdiyi töhfə danılmazdır. Onunla müqavilə bağlasaq da, milli komandamızın təcrübəli məşqçilərini kənarda qoya bilməzdik. Yəni Zeyzenbaherin müvəqqəti gəlişi elə ondan ibarət idi ki, komandamıza yeniliklər gətirsin. Komandaya daha bir əcnəbi mütəxəssisin qarşıdakı illərdə də dəvət olunması istisna deyil. Bu işlər komandanın məşq prosesini zənginləşdirmək və dəyişikliklər etmək üçün atılan addımlar idi və bu, çox uğurlu oldu. Zeyzenbaherin komandamıza qazandırdığı təcrübə hələ uzun müddət idmançılarımızın çıxışlarında özünü göstərəcək. Komandamızın yeni baş məşqçisi Hacıağa Hacıəhmədov gənclərdən ibarət yığma komandaya rəhbərlik edib. Yəni o, bu sahədə kifayət qədər təcrübəyə malikdir. 2016-cı ildə Braziliyada təşkil olunacaq XXXI Yay Olimpiya Oyunlarında komandamızın heyətində gənclər əksəriyyət təşkil edəcək. Fikrimcə, Hacıağa müəllim daha əvvəl gənclərdən ibarət yığma komandada çalışdığı üçün Rio-de-Janeyroda uğurlu nəticə əldə edə biləcək.
- Cüdo üzrə yığma komandamız buyaxınlarda Tbilisidə və Samsunda təşkil olunmuş Qran-pri yarışlarında uğurla çıxış etdi. Sizcə, bu, avstriyalı məşqçinin, yoxsa Hacıağa müəllimin əməyinin nəticəsi idi?
- Bunu müqayisə etmək çox çətindir. Hər bir məşqçi idmançı üzərində əziyyət çəkir, təcrübəsini onunla paylaşır. Amma bu, o demək deyil ki, idmançı dərhal uğurlu nəticə qazanacaq. Bunun üçün müəyyən zamana ehtiyac var. Zeyzenbaher komandaya gəldikdən sonra ilk ciddi sınağı Əbu-Dabi Qran-prisi oldu. Həmin yarışda Nicat Şıxəlizadə birinci yerə layiq görüldü. Bu, əcnəbi baş məşqçinin yığma komandamızla ilk yarışının ilk uğuru idi. Bununla belə, biz deyə bilmərik ki, Zeyzenbaher komandaya gəldiyi üçün Nicat çempion oldu. Dediyiniz kimi, komandamız Hacıağa müəllimin rəhbərliyi altında Tbilisi və Samsun Qran-prisində uğurla çıxış etdi. Burada, sözsüz ki, Zeyzenbaherin də xidmətləri var idi. Lakin Hacıağa müəllimin də əziyyətlərini danmaq olmaz. Bizim üçün bu turnirlər çox önəmli idi. Komanda avstriyalı məşqçinin məşq proseslərinə öyrəşmişdi. Bu yarışlar bizim üçün, hər şeydən əvvəl, psixoloji yarış xarakteri daşıyırdı. Qeyd etdiyim kimi, bu, yeni baş məşqçinin ilk rəsmi yarışı idi. Bizim üçün əsas o idi ki, komanda yeni baş məşqçini necə qəbul edəcək və ilk sınaq necə olacaq. Çünki komandanın baş məşqçisi dəyişməklə bütün sistem dəyişdirilmişdi. Hacıağa müəllim peşəkar mütəxəssis kimi öz işinin öhdəsindən yüksək səviyyədə gəldi. İlk iki mötəbər yarışdan sonra komandada böyük ruh yüksəkliyi yaranıb. İnanıram ki, qarşıdakı yarışlarda da bu uğurlar davam edəcək.
- Yığma komandanın düşərgəsində ntzam-intizam hansı səviyyədədir? Bir müddət əvvəl KİV-lərdə bəzi idmançıların məşqlərə bir qədər soyuq yanaşması barədə fikirlər yer almışdı. Federasiya rəsmisi kimi bu barədə nə deyə bilərsiniz?
- London Olimpiadasından sonra bəzi idmançılarda ruh düşkünlüyü yaranmışdı. Bu da uğursuzluqlara gətirib. Bunun nəticəsində idmançılarda özlərinə inam hissi itmişdi. Belə bir vaxtda yeni mütəxəssisin gəlməsi komanda üçün qaçılmaz idi. Zeyzenbaherin idmançılardan ən birinci tələbi nizam-intizam idi. Hətta onun xüsusi jurnalı da var idi. O, jurnalda gündəlik məşqlərə gələn cüdoçular üçün xüsusi cədvəl hazırlamışdı. Nizam-intizama görə, o, hətta komandanın bir sıra üzvlərini cəzalandırmışdı. Bir sözlə, komandada möhkəm nizam-intizamı yaranmışdı. Hazırkı məşqçi Hacıağa müəllimin də komandada böyük hörməti var. O, idmançılar üzərində hər zaman nəzarəti saxlaya bilən məşqçilərdəndir.
- Bu idman növünün inkişafı üçün cüdo mərkəzləri tikilir...
- Cüdoçularımız hazırda Olimpiya növləri üzrə yığma komandaların təlim-məşq mərkəzində məşq keçirlər. Həmin baza tamamilə Cüdo Federasiyasının sərəncamındadır. Cüdoçularımız orada qalır və məşqərini davam etdirirlər. İkinci təlim-məşq bazamız isə İsmayıllıda yerləşən cüdo mərkəzidir. Bu arena bölgədə yerləşən müasir komplekslərdən biri hesab olunur. Növbəti aydan həmin arena da idmançılarımızın istifadəsinə veriləcək. Təlim-məşq toplanışlarında dağlıq ərazi çox mühüm rol oynayır. Ekoloji cəhətdən təmiz, sakit mühitdə məşq etmək daha məqsədəuyğundur.
- İdmançılarımız Beynəlxalq Cüdo Federasiyasının (İJF) reytinq cədvəlində fərqli mövqelərdə qərarlaşıblar. Buna münasibətinizi bilmək istəyirik.
- Reytinq Beynəlxalq Cüdo Federasiyasının qoyduğu qaydalardan biridir. Əvvəllər dünya və Avropa çempionatlarında ilk üçlükdə qərarlaşan idmançılar Olimpiya oyunlarına lisenziya qazanırdılar. Lakin İJF cüdonu bir qədər intensivləşdirmək və populyarlaşdırmaq üçün müəyyən dəyişikliklər etdi. Bu dəyişikliklərdən biri də reytinq sisteminin yaradılması və sistemə uyğun turnirlərin keçirilməsi idi. Milli federasiyaların idmançıları bu sistemə əsasən və reytinqlərinə görə müxtəlif yarışlarda iştirak edirlər. Hazırda bu idman növündə Olimpiya oyunlarına lisenziya reytinq cədvəlinə əsasən verilir. Bunun üçün biz də çalışırıq ki, idmançılarımızı daha çox turnirlərə yollayaq. İdmançı nə qədər çox beynəlxalq yarışda iştirak edirsə, o qədər də çox reytinq xalı toplayır. Bu ilin əvvəlindən milli komandaya yeni məşqçinin gətirilməsi, məşqçilər heyətinin formalaşması və yeni təqvim planının tutulması idmançılarımızın beynəlxalq yarışlarda iştirakına da öz təsirini göstərdi. Yəni cüdoçuların hazırkı reytinq sıralanması bizdə narahatlıq yaratmır. Braziliyada təşkil olunan yarışda Elxan Məmmədovun qızıl, Orxan Səfərovun isə bürünc medal qazanması bizim əsas uğurlarımızdan sayılır.
Qarşıdakı son iki ilin nəticələri bizim üçün çox əhəmiyyətli olacaq. Çünki həmin müddət ərzində Olimpiya oyunlarına lisenziya xalları uğrunda mübarizə başlayacaq.
- İndiyə qədər Olimpiya oyunlarında Azərbaycan cüdoçuları 3 (2 qızıl, 1 bürünc) medal qazanıblar. Bu ənənənin qarşıdakı olimpiadalarda davam etməsi üçün hansısa bir maneə yoxdur ki?
- Cüdo strategiyasına görə digər idman növlərindən xeyli fərqlənir. Olimpiya oyunlarında hər bir idmançı medal qazana bilər. Sadəcə, qələbəni ürəkdən istəmək lazımdır. Bəzi mütəxəssislər deyirdilər ki, Elxan Məmmədov karyerasını başa vuracaq. Lakin Elxan Məmmədovda olan qələbə istəyi, onun əzmkarlığı sübut etdi ki, səylə çalışanda hər bir nəticəni əldə etmək olur. O cümlədən də Orxan Səfərov. Bu idmançımız dünya çempionatının bürünc medalına sahib çıxdı. Bilirsiniz, idmanda proqnoz vermək bir qədər çətindir. Kim düşünərdi ki, Pekin Olimpiya Oyunlarında qızıl medal qazanan Elnur Məmmədli 4 ildən sonra London Olimpiadasında məğlub olaraq yarışlardan kənarda qalacaq. Dediyim kimi, proqnoz vermək çətindir. Lakin komandamızın Rio-de-Janeyro Olimpiadasına yüksək səviyyədə hazırlaşacağına inanıram.
- Yeri gəlmişkən, Elxan Məmmədov dünya çempionu olduqdan sonra bir sıra turnirlərdə iştirak etmədi. Hətta Samsunda təşkil olunan Qran-pri yarışında adı iştirak ərizəsinə daxil edilsə də, son anda yarışda iştirak etmədi. Bunun səbəbi nə ilə bağlıdır?
- Bu, ilk növbədə, idmançının fiziki hazırlığı ilə bağlıdır. Dünya çempionu böyük tituldur və bu titulu daşıyanlara qarşı rəqiblər hər zaman çox ciddi hazırlaşırlar. Həqiqətən, Elxan Məmmədov dünyada sayılıb-seçilən idmançılardan biridir. Onun tatamidə məşqçini eşitmə qabiliyyəti yetərincədir. Bu idmançının məntiqi çox güclüdür. Elxan rəqiblərini də nəzərə alaraq əsas gücünü Avropa və dünaya çempionatlarına saxlayıb. Cüdoçumuz bu müddət ərzində idmançılarla birgə məşqlərini davam etdirirdi. Elxanın Samsun yarışında iştirak etməməsi bilavasitə onun özünün hazırlıq proqramına uyğun olaraq Avropa çempionatında iştirakı ilə bağlı idi. Təəssüf ki, Monpelyedə Elxan gözlədiyimiz nəticəni göstərə bilmədi.
- Yeri gəlmişkən, Avropa çempionatında komandamızın çıxışları Sizi razı saldımı?
- Düşünürəm, bu barədə daha ətraflı söhbətə ehtiyac var. Amma mən idmançılarımızın çıxışlarını qənaətbəxş, baş məşqçi Hacıağa müəllimin fəaliyyətini isə yüksək qiymətləndirirəm. Konkret olaraq deməliyəm ki, bəzi idmançılarımızın çıxışı, xüsusən də finalda Elmarın məğlubiyyəti məni qane etmədi. Medalların sayı, növü daha çox və yüksək ola bilərdi.
- Zeyzenbaherin gəlişindən sonra idmançılarımız daha böyük qüvvə ilə təlim-məşq toplanışlarına və yarışlara yollanırdılar. Lakin sonradan bu heyətin sıraları bir qədər seyrəldi. Bunun səbəbini bilmək istərdik.
- Zeyzenbaher komandanın əsasını hazırlamaq istəyirdi. O, idmançıları düşərgəyə təkcə qazandığı nəticələrə görə çağırmırdı. Hətta o, nəticəsi zəif olan idmançıları da təlim-məşq toplanışlarına aparırdı. Bunun üçün də avstriyalı məşqçi daha böyük heyətlə təlim-məşq toplanışlarına gedirdi və orada özünü yaxşı tərəfdən göstərən idmançıları seçirdi. Lakin əsas heyət formalaşdıqdan sonra idmançıların sayında azalma müşahidə olundu. Zeyzenbaherin dövründə komanda xarici ölkələrə uzun müddətli təlim-məşq toplanışlarına yollanırdı. Bu, onun məşq prosesindən yaranan zərurət idi. Bu cür hazırlıqların davam edib, etməyəcəyi isə Hacıağa müəllimin özünün göstərişi əsasında olacaq.
- Elnur müəllim, yeniyetmə idmançılarımız da Olimpiya festivallarında və bir sıra turnirlərdə uğurlu iştirakları ilə yadda qalıblar. Maraqlıdır, onların əsas yığmaya dəvət olunması necə həyata keçirilir?
- Tam əminliklə deyə bilərik ki, yeniyetmələrdən ibarət yığma komandamız dünyada ən güclü komandalardan biridir. Mayamidə keçirilən dünya çempionatnda Natiq Qurbanlı (50 kq) komandamıza qızıl medal qazandırmışdı. Yeniyetmələrə ayrılan diqqət, sözsüz ki, gələcəkdə özünü göstərəcək. Yeniyetmələr arasında dünya çempionu olan idmançının gələcəkdə gənclər və böyüklər arasında yüksək nəticə göstərmək şansı digər idmançılara nisbətən daha böyükdür. İnanıram ki, yeniyetmələrimiz də uğurlu nəticələri ilə Azərbaycanın cüdo idmanı tarixində iz qoyacaqlar. Həm yaş, həm də potensial baxımından buna böyük imkan var.
- Cüdo Federasiyası keçmiş baş məşqçi Ağayar Axundzadə və digər təcrübəli mütəxəssislərin xidmətlərindən necə yararlanır?
- Ağayar müəllim və digər məşqçilərimiz federasiyaya cəlb olunublar. Onlar milli komanda ilə çalışırlar. Ağayar müəllim klublarla, idmançılarla yüksək səviyyədə iş qurub. Azarkeşlər kənardan, sadəcə, nailiyyətləri görürlər. Bu uğurların arxasında isə məhz həmin şəxslər dayanırlar. Yəni federasiya təcrübəli şəxslərin xidmətlərindən yararlanır.
- Cüdo idman növünün regionlardakı vəziyyəti nə yerdədir? Bölgələrdə cüdoçular arasında seleksiya işləri aparılırmı?
- İstənilən səviyyəli bir idmançını yetişdirmək üçün, ilk növbədə, düzgün məşq prosesi olmalıdır. Burada təkcə fiziki deyil, taktiki hazırlıq da önəmli rol oynamalıdır. Mövlud Mirəliyev bölgədə məşq edən bir idmançı olub. Lakin o, fiziki gücü və taktiki gedişləri sayəsində tezliklə beynəlxalq arenalarda öz sözünü dedi. Bundan əlavə, Azərbaycan birinciliklərində özlərini yaxşı tərəfdən göstərən potensiallı bölgə idmançıları da komandaya cəlb olunurlar.
- Olimpiya çempionu Elnur Məmmədlinin Cüdo Federasiyasının vitse-prezidenti kimi fəaliyyətini necə qiymətləndirirsiniz?
- Elnur Məmmədli yeniyetmələrdən ibarət milli komandamızla işləyir. O, regionlarda gənc nəsil arasında seleksiya işi apararaq, istedadlı və perspektivli idmançıları seçir, aşkara çıxarır. Eyni zamanda, rayonlarda cüdo seksiyalarının fəaliyyətini də müşahidə edir, perspektivli gəncləri seçərək məşqlərə cəlb edir və öz biliklərini onlarla bölüşür. Şübhəsiz ki, Elnur Məmmədlinin populyarlığı yeniyetmə və gənc idmançılar arasında mühüm rol oynayır. Məhz cüdo növünü sevib-seçən insanlar onun uğurlu çıxışından sonra cüdo zallarına üz tutublar. Belə bir şəraitdə Olimpiya çempionumuzun cüdo bölmələrinə gedərək, orada seleksiya işləri aparması yeniyetmə və gənclər arasında, yaxşı mənada, böyük səs-küyə səbəb olur. Elnura bu işdə uğurlar arzulayıram.
- 2015-ci ildə paytaxtımız I Avropa Oyunlarına ev sahibliyi edəcək. Necə düşünürsünüz bu mötəbər yarış cüdoçularımıza nə vəd edir?
- Bizim əsas məqsədimiz cüdo yığma komandasının gələn il təşkil olunacaq I Avropa Oyunlarında yüksək səviyyəli qələbələrini təmin etməkdir. Bunun üçün əlimizdən gələni edəcəyik. Biz həmişə ölkəmizdə təşkil olunan mötəbər yarışlarda mükafat qazanmağı bacarmışıq. İnanıram ki, Avropa oyunlarında layiqli qələbələrlə tarix yazacağıq.
- Ölkəmizdə idmanın hazırkı səviyyəsini federasiya rəsmisi kimi necə qiymətləndirirsiniz?
- Bir vaxtlar Bakıda adi bir yarış keçiriləndə və ölkəmizə 5-6 ölkənin nümayəndələri gələndə bu, bizim üçün böyük uğur hesab olunurdu. Həmin yarışlarda idmançıların səviyyəsi deyil, ölkələrin sayının çoxluğu daha önəmli idi. Lakin indi belə deyil. Azərbaycan hazırda bir sıra mötəbər turnirlərə ev sahibliyi edir. Ölkəmiz daha böyük, nüfuzlu idman tədbirlərinin keçiriləcəyi bir məkana çevrilib. Hazırda ölkəmizdə idman yüksələn xətlə inkişaf edir. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti möhtərəm İlham Əliyevin diqqət və qayğısı nəticəsində idmanın inkişafı üçün xeyli işlər görülüb, bir sıra idman qurğuları gənclərin istifadəsinə verilib. Bu siyasətin həyata keçirilməsi Azərbaycanın idman ölkəsi kimi tanınmasında mühüm rol oynayıb. Ölkə başçısının idmana olan diqqət və qayğısı milli federasiyalarımızın da beynəlxalq aləmdə nüfuzuna böyük təsir göstərir.
Dövlətimizin qayğısı bizi bir daha böyük uğurlara səsləyir.
Aslan Şirəliyev,
Anar Əhmədov